Bu gün Xocalı faciəsinin 22-ci ildönümüdür

 

Soyqırım törədənlər üçün xüsusi tribunal yaradılması təklif edildi;

erməni əsirliyində olan xocalılı sakinin tükürpədən hekayəti

 

Bu gün XX əsrdə insanlığa qarşı baş verən ən dəhşətli Xocalı faciəsinin 22-ci ildönümüdür. İşğal zamanı ermənilər dinc əhaliyə qarşı vəhşi soyqırım həyata keçirilib. Nəticədə 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Bu gün təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrinə Xocalı qırğınının qurbanları yad ediləcək. Azərbaycan prezidenti və hökumərt üzvləri səhər “Xocalı abidəsi”ni ziyarət edəcəklər. Milli Şura saat 12:00-da, Müsavat Partiyası isə saat 12.30-da faciə qurbanlarını anacaq. 

Fevralın 25-də qardaş Türkiyədə Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər keçirilib. 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında Xocalı faciəsinin ildönümünə toxunub. APA-nın xəbərinə görə, R.T.Ərdoğan hadisə zamanı ölən, yaralanan və itkin düşənlərlə bağlı rəsmi rəqəmləri millət vəkillərinin diqqətinə çatdırıb: “Xocalıda həlak olanlar Azərbaycanın övladları olduğu qədər, bizim də övladlarımızdır. Azərbaycanlı qardaşlarımızın bu acısını bölüşür və ölənləri bir daha rəhmətlə anırıq”.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 26 fevral - Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı bəyanat yayıb. APA-nın məlumatına görə, partiya sədri bəyanatında bildirib ki, CHP tarixin bu üzüntülü və acılı səhifəsini unutmayacaq və unutdurmayacaq. 

O, soyqırım faktını pisləyərək, Azərbaycan və onun xalqına dəstək etdiyini vurğulayıb: “22 il öncə bu gün Azərbaycanda insanlığa sığmayan bir hadisə yaşandı. Xocalı qətliamı bizim yaddaşlarımızda yaşamağa davam edir. CHP olaraq biz bu hadisəni unutmayacağıq və unutdurmayacağıq, azərbaycanlıların haqlı mübarizəsinə dəstək verəcəyik. CHP bu cür hadisələrin təkrarlanmaması və regionda sülh və əmin-amanlığın  bərqərar olunması üçün əlindən gələni etməyə davam edəcək. Soyqırım zamanı həlak olanlara Allahdan rəhmət diləyir, Azərbaycan xalqına sevgi və salamlarımızı çatdırırıq”.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

O, Xocalı soyqırımını insanlıq tarixinə vurulan böyük bir ləkə olaraq qiymətləndirib.

C.Çiçək qeyd edib ki, XX əsrin ən böyük qətliamlarından biri Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda törədilib: “Azərbaycan torpaqlarının 20 faizini işğal altında tutan Ermənistan yüz minlərlə Azərbaycan türkünü dədə-baba torpaqlarından uzaqda yaşamaq məcburiyyəti ilə üz-üzə qoyub. Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər beynəlxalq ədalət mühakiməsi qarşısına çıxarılmalı və onlardan hesab sorulmalıdır. Qafqazda daimi sülh və sabitliyin təmin edilməsi üçün Ermənistan Azərbaycan torpaqlarının işğalına son verməlidir. 22 il öncə Xocalıda baş verən qətliamı bir daha qınayır, soyqırıma məruz qalan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm”.

“Xocalıda soyqırım törədənləri cinayət məsuliyyətinə cəlb etmək üçün xüsusi tribunal yaradılmasının vaxtı çatıb”.

Bunu Azərbaycan Ombudsman Aparatında Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Moldovanın parlament ombudsmanı Aureliya Qriqoriu deyib.

A. Qriqoriu bildirib ki, tribunal Yuqoslaviyadakı soyqırımla bağlı yaradılmış tribunala bərabər bir orqan olmalıdır: “Hələ şahidlər sağ və faktlar ortadaykən Azərbaycan belə bir tribunalın yaradılması təşəbbüsü ilə çıxış etməlidir. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Serj Sarkisyan bu əməli ilə qürrələnir, internetdə etirafları var, onu cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Mən soyqırımın öyrənilməsi üzrə Qubada tədbir keçirilməsini də təklif edirəm. Qoy ekspertlər və hüquq müdafiəçiləri orada iştirak etsin, hər kəs ermənilərin 1905-ci ildən başlayaraq Azərbaycanda törətdiklərini  bilməlidir”.

 

Erməni əsirliyində olan xocalılı

sakinin tükürpədən hekayəti

 

Xocalı faciəsinin 22-ci ildönümü ərəfəsində “Azərbaycan” qəzeti 5 gün əsirlikdə qalmış Yaşar Əliməmmədovun dəhşətli hekayətini dərc edib. Yaşar Şahmalı oğlu Əliməmmədov 1956-cı il noyabrın 5-də Xocalı kəndində anadan olub. Xocalının işğalı zamanı rayonun “Aqroprom” İstehsalat Birliyində tikinti üzrə baş mühəndis imiş. Atası Şahmalı kişi isə 50 il Xocalıda müəllim işləyib:

“Əsgəranda baş verən hadisələrdən sonra hiss edirdik ki, növbəti hədəf Xocalıdır. Fevralın 25-i günü tankların, zirehli texnikanın səsi eşidilirdi. Axşam idi. Saat 22:00 radələrində həm aeroport, həm də alma bağı deyilən ərazidən hücum başladı. Piyada erməni dəstələri şəhərə irəliləməyə başladı. Başqa çıxış yolu yox idi, hər tərəfdən güllə yağışı gəlirdi. Postdan tez evə yollandım. Gecədən xeyli keçmiş evdən çıxdıq.

İnsanların yarısı meşəyə, yarısı isə Qarqar çayının sahili boyu qaçırdılar. Mən atamı çaydan keçirdim, amma o dedi ki, getmirəm. Çünki qardaşın Namiq yox idi. Namiq başqa postda idi. Xeyli gözlədik, Namiq gəlib çıxmadı. Bir az keçmiş bacımın həyat yoldaşı gəldi və dedi ki, camaat gəlir. Atam da bacımgili gözlədi. Qərara gəldik ki, böyük kütlə ilə yox, bölüşüb gedək. Gölün bir tərəfi ilə mən ailəmlə bərabər və bir neçə nəfər, o biri tərəfi ilə isə atamgil getdilər. Gölün başında birləşməli idik. Birləşəndə gördüm ki, atam yoxdur. Dedilər ki, atan bacını, qardaşını gözlədiyi üçün bizimlə gəlmədi. Hava soyuq, qar isə dizdən idi.

Təxminən 60-70 nəfər qarın içərisində meşə boyu yuxarı irəlilədik. Xeyli qalxdıq və birdən ermənilərlə rastlaşdıq. Atəş açmağa başladılar, bir neçə nəfər həlak oldu, yaralandı və qalanları meşəyə səpələndi. Oğlum Sirac başqa tərəfə, mən başqa tərəfə yuvarlandıq. Qalxdım ayağa, bir az qabağa getdim ki, ailəmi tapım. Sirac qardaşım Faiqlə idi. Gördüm ki, qarda ləpirlər var, amma insanların səsi gəlmir. Çağırdım, heç kim hay vermədi. Bərk qışqırdım. Onda atəş açmağa başladılar. Bu zaman mən və yanımdakılar üzü aşağı yuvarlanmağa başladıq. Xeyli geri düşməli olduq. Yenə ölənlər, yaralananlar oldu. Mən dözə bilmədim. Tək bir balam üçün onlardan ayrılıb yenə üzüyuxarı irəlilədim. Dedim ki, heç olmasa 6 yaşlı balamın meyitiniolsa götürüm. Sağ qalsam bu əzabla yaşaya bilmərəm.

Qalxdım üzü yuxarı, gördüm iki ayaq izi var. Qan izləri çox idi. Xeyli getdim, birdən qulağıma səs gəldi. Yaxınlaşdım ki, 3 nəfər Xocalı sakinidir. Birlikdə meşədən çıxdıq. Qarşımızda kənd var idi. Bir qadın bizi gördü, erməni dilində “türklər-türklər” deyə qışqırmağa başladı. Biz geri qayıtdıq, arxamızca atəş açdılar. Qar dizdən yuxarı qalxmışdı və bu vəziyyətdə biz gecə 5 kilometrə yaxın yolu qət etdik.

Azmışdıq, yolu da tanımırdıq. Acından qar yeyirdik. Bir az gözlədim, sonra ayaq izləri ilə bu istiqamətə doğru gəlməyə başladım. Yoldaşımın ayağında ayaqqabı da yox idi. Qarın içi ilə bu qədər yol gəlmişdi. Jiletimi çıxarıb bıçaqla kəsib ayaqlarına doladım.

Yolumuza davam etdik. Gəlib bir təpənin yanında oturduq. Səhərə qədər ayağımızı yerə döydük ki, donmayaq. Səhər açıldı. Baxdıq ki, aşağı istiqamətdə gedənlər olubbiz də üzüaşağı düşməyə başladıq. Bir az getmişdik ki, gördüm bir təpənin arxasında 2 nəfər dayanıb. Biri bizi görən kimi gizləndi. O biri isə qayıtdı ki, gəlin bura, Ağdama yol bu istiqamətdədir. Dedim ki, onlar ermənilərdi, getməyək. Kamil isə mənim fikrimə zidd olaraq bizimkilərin olduğunu iddia etdi. Bir az irəliləmişdik ki, hər tərəfdən ermənilərin gəldiyini gördük.

Yenə özümüzü verdik meşəyə. Nə qədər qaçdıqsa xeyri olmadı. Bizi gətirib fermada tövləyə saldılar. Gördüm ki, atam, qayınatam, qardaşlarım Faiq, Namiq, oğlum Sirac da burdadır. Onları bizdən qabaq tutublar. Xeyli insan var idi. Paltarlarımızı soyundurub yoxladılar. Sonra dəstə-dəstə erməni əsgərləri gəlib bizə işgəncə verməyə başladılar. Müsibət idi. Gözümün önündə insanlar öldürülür, başının dərisi soyulur, yandırılırdı. Əllərimiz bağlı köməksiz halda bu səhnələri görmək dəhşət idi. Onu da deyim ki, ayaqları don vurmuş, ölümcül halda olan qadınları yığdılar bir maşına ki, aparın bunları dəyişin. Onların içərisində mənim həyat yoldaşım da var idi. Oğlum Siracı da anası ilə göndərmək istədilər, amma uşaq ata-ata deyərək o qədər ağladı ki, axırda məcbur qalıb mənə verdilər. Anası ilə getmədi.

Orada mənə çox əzab verdilər. Avtomatın qundağı, dubinka, dəmir parçası ilə elə vururdular ki, huşumuzu itirirdik. Hər dəfə mənə işgəncə verəndə oğlum qaçıb ağlaya-ağlaya üstümə uzanırdı ki, atama dəyməyin, vurmayın. Heç veclərinə də almırdılar. Burnumu vurub qırdılar, qolumu yandırdılar, barmaqlarımı sındırdılar. Ayaqlarımızı isə don vurmuşdu. Avtomatı tuşlayıb 4 saat 1 ayaq üstə saxlayırdılar. Başımdan yerə basıb deyirdilər ki, torpaq istəyirdin bu da torpaq, indi ye torpağı. Gözümün önündə 2 əkiz məshəti türkü qardaşlarını öldürdülər.

İki gün orada qaldıq. Siracı əlimdən almaq istəyirdilər. Mən isə onu bərk-bərk qucaqlayıb vermək istəmirdim. O qədər vurdular ki, axırda halım qalmadı və məcbur olub uşağı buraxdım. Bir nəfər Siraca baxıb ermənicə dedi: "Nə yaxşı uşaqdır bu. Yaxşısı budur bunu İrəvana yollayaq". Onlar bilmirdilər ki, mən ermənicə bilirəm. Uşağı ağlada-ağlada apardılar. Durub arxasınca getmək istədim. Arxadan necə vurdularsa, yerə yıxıldım və çarəsiz halda ağlamağa başladım.

Bu halda Samvel adlı erməni içəri girdi. Bu erməni Əsgəranda yaşayırdı. Maşın ustası idi. Mən maşınımı həmişə ona düzəltdirirdim. Məni gördü yaxınlaşdı. Dedi, qorxma, səni burdan çıxardacam. Siracı da gətirib sənə verəcəm. Üz-gözümə baxıb ağladı bayıra çıxdı. Bir qədər keçməmiş Siracı qucağında gətirdi. Oğlumun sanki bağrı çatlayırdı mən özümü saxlaya bilmirdim. Onu bağrıma basıb hönkür-hönkür ağlayırdım. Çarəsiz bir atanın düşdüyü vəziyyət çox dəhşətli səhnə yaratmışdı. Bir neçə saatdan sonra Samvel gəldi dedi ki, uşağı da götür gəl, sizi aparıram dəyişməyə. Dedim, axı qardaşlarım, qohumlarım burdadır. Dedi ki, mən səni apara bilərəm, vəssalam. Bizi UAZ markalı maşına mindirdilər. İçəridə çoxsaylı qadın, uşaqlar var idi.  

Samvel bizi Əsgəran istiqamətinə apardı. Postun yanında bizi saxlatdılar. Xeyli rus əsgərləri var idi. Dedilər ki, sizi burada qıracaqlar. Birdən gördüm ki, yoldaşım erməni Qarik ordadır. Yaxınlaşıb mənə dedi ki, Yaşar, bəs deyirdin Qarabağ bizimdir. oldu, görürsənmi bu torpaqlar kimindir? Sənin evin mənə qaldı. Hər şey bizimdir. Yenidən bizi UAZ-a mindirib apardılar. Xocalının içərisindən keçdik. Bütün yol boyu insan cəsədləri idi. Yollarda qan su kimi axırdı. Ermənilər Xocalını talan edirdilər.

Bizi aparıb Əsgəranda Ərminəvan deyilən ərazidə uşaq bağçasına yığdılar. Sirac məndən ayrılmaq istəmirdi. Uşağa necə sillə vurdusa, 2-3 metr kənara yuvarlandı huşunu itirdi. Tapançanı çıxarıb başıma dayadı. Həmin anda ölmək istəyirdim. Bu qədər işgəncəyə dözməkdənsə ölmək daha rahat idi. Deyirdim ki, uşağı da gözümün qabağında öldürəcəklər mən buna dözə bilməyəcəm. Yanında yekəpər bir erməni vardı. Boynumun arxasından necə vurdusa yerə sərildim. Yıxılanda saçımdan tutub kürəyimin arxasına vurmağa başladı. Sonra dubinkanı götürüb 50-60 zərbə endirdi. Huşumu itirdim. Mən pis vəziyyətdə olanda içəri bunların komandiri Vitali Balasanyan daxil olar görər ki, yerdə uzanan mənəm. Vitali ilə mən birgə restoranda işləmişik. Bir yerdə böyümüşük (Deyirlər ki, hazırda Ermənistanda general rütbəsindədir). O, Karoya deyər ki, Yaşarı öldürməyəcəksən. Məni sürüyə-sürüyə digər otağa keçiriblər. Sirac da həmin otaqda imiş.

Birdən atəş səsləri gəldi. Sən demə, Karo əsəbindən keçib o biri otaqda qardaşım Faiqə işgəncə verib. Sonra boğazından ürəyindən tapança ilə vuraraq qətlə yetirib. Faiqin 23 yaşı vardı. Tələbə idi. Səhəri gün Vitali gəlib mənə dedi ki, sizi dəyişməyə aparırlar...

 

Yeni Müsavat.- 2014.- 26 fevral.- S.7.