M.Ə. Rəsulzadənin Polşadakı fəaliyyəti

 

Polşanın görkəmli dövlət xadimi, Marşal Pilsudski Polşanın müstəqilliyinin qorunmasında daxili təhlükələri aradan qaldırmaqla yanaşı, xaricdən, xüsusən bolşevik Rusiyasından, 1922-ci ilin dekabrından isə SSRİ adlanan imperiyadan həmişə ehtiyatlanırdı. Və bundan ötrü o, bolşevik işğalına məruz qalan ölkələrin mühacirətdə yaşayan təmsilçilərinin gücündən faydalanmağa çalışırdı. Onun məqsədi bu təmsilçilərin vasitəsilə bolşeviklərə qarşı siyasi-hərbi güc mərkəzləri yaratmaq və mübarizə aparmaq idi.

Bu məqsədlə də Polşa dövlətinin Xarici İşlər Nazirliyinin Şərq departamenti bilavasitə bu işlərlə məşğul olurdu. Həmin departamentin 1920-ci illərdən başlayaraq mühacirlərlə yazışmaları bu ideyanın təsdiqini tapır.

Departament Ukrayna, Britaniya mühacirləri ilə yanaşı Qafqazdan olan siyasilərlə də ciddi əməkdaşlıq edirdi.

1921-ci ildə baş vermiş Rusiya-Polşa savaşından sonra Pilsudski və silahdaşları Şərqi Avropa xalqları ilə bolşevik Rusiyası əsarətindəki xalqlar arasında ortaq bir əlaqə qurumu yaratmaq haqqında düşünürdülər. Rusiya ilə baş verə biləcək savaş perspektivi daxilində Polşa SSRİ-yə düşmən olan qüvvələrə önəmli yardımlar etməyə başlamışdı.

Polşa dövləti  getdikcə mühacirlərlə əlaqələr şəbəkəsini genişləndirir, SSRİ-nin rus olmayan millətlərindən könüllüləri öz ordusuna qəbul edir, döyüş təlimləri keçir, silahlandırırdı. Artıq 1920-ci illərin ortalarından Polşa ordusunda müəyyən sayda mühacir əsgər və zabitlər fəaliyyət göstərirdi. Polşa dövlətinin müəyyən yardımları ilə Azərbaycan mühacirət mətbuatı orqanları da fəaliyyətini gücləndirirdi (1, s. 81).

Hələ 1920-ci illərin əvvəllərindən başlayaraq M.Ə.Rəsulzadə Polşa rəsmiləri ilə məktublaşırdı.

Polşa dövlətinin arxiv sənədlərində M.Ə.Rəsulzadənin Polşanın Xarici İşlər NazirliyiMarşal Pilsudski ilə şəxsi yazışmaları qorunub saxlanır. Həmin məktubların biri azərbaycanlı zabitlərin Polşa ordusunda hərbi xidmətə cəlb edilməsi ilə bağlıdır. Bu məktub Türkiyənin İstanbul şəhərindən 1923-cü ilin 31 mar-tında Jozef Pilsudskiyə ünvanlanıb.

Bundan əlavə, M.Ə.Rəsulzadənin Polşanın Xarici İşlər Nazirliyinin digər rəsmiləri olan Tadeuş Qolubko, Edmund Xaraşkeviç, Tadeuş Şetsel ilə də müxtəlif mövzularda yazışmaları vardır.

1926-cı ildə Fransada - Parisdə “Prometeyklubu yaradıldıqdan sonra 1928-ci ildə Varşavada J. Pilsudskinin dəstəyi ilə “Prometey” cəmiyyəti yaradıldı və azərbaycanlılar da burada təmsil olundular. 1929-cu ildə  isə Varşavada Polşanın Xüsusi Xidmət İdarəsi SSRİ-yə qarşı kəşfiyyat fəaliyyəti aparmaq üçün 2 saylı ekspozituranı - Polşa Baş Qərargahının II Şöbəsinin kəşfiyyat bölməsini yaradır və M.Ə.Rəsulzadə Varşava qrupunun rəhbəri olur.

1930-cu ildə M.Ə.Rəsulzadə “Prometey” təşkilatının fəaliyyəti ilə bağlı Polşaya gedir,  bir müddət burada yaşayır.

1931-ci ildə mühacirlərin fəaliyyəti Türkiyədə qadağan edildikdən sonra digər azərbaycanlı mühacirlər də  M.Ə.Rəsulzadə ilə birgə Varşavada yaşayır. Almaniyada isə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə “İstiqlal” qəzeti (1932-1934), “Qurtuluş” jurnalı (1934-1939) nəşr edilir.

Polşada yaşadığı dövrdə M.Ə.Rəsulzadə “PanturanizmQafqasya problemi” kitabını rus dilində nəşr etdirir.

1936-cı ildə isə Polşa dövləti rəsmilərinin razılığı ilə Varşavada Müsavat Partiyasının konfransını keçirir (2, s. 201).

Varşavada yaşadığı müddətdə o, burada nəşr edilən “Vsxod” (“Şərq”), “Roçnik Tatarski” (“Tatar illiyi”) məcmuələrində məqalələr çap etdirir.

1938-ci ildə M.Ə.Rəsulzadənin Varşavada polyakca “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabı çap edilir. Kitaba giriş sözünü Polşanın tanınmış ictimai xadimi, senator, Şərq İnstitutunun direktoru Stanislav Sedlitski yazmışdı. S.Sedlitski M.Ə.Rəsulzadənin polyak dilində nəşrə hazırladığı kitabı yüksək qiymətləndirirdi.

Bundan əlavə, M.Ə.Rəsulzadənin Polşa ilə bağlı çox dəyərli məqalələri də var. 1933-cü ilin noyabrın 20-də Berlində nəşr edilən “İstiqlal” qəzetində, 46-cı sayda  o, Çexoslovakiyanın və Polşanın milli bayramları haqqında məqalə çap etmişdir. M.Ə.Rəsulzadə yazırdı: “Heç bir xalqda polyaklardakı kimi üsyan ruhu olmamışdır. 1794-cü il üsyanının qəhrəman oğlu Kostyuşkonun adı Polşada müqəddəslərin adı ilə birgə çəkilir” (3).

M.Ə.Rəsulzadənin “Qurtuluş” jurnalının 1935-ci ilin may-iyun aylarının 7-8-ci sayında çap edilən Jozef Pilsudski haqqındakı məqaləsi də maraqlıdır.

Bu məqaləsində o, öz xalqının azadlığı uğrunda yorulmadan mübarizə aparmış bir şəxsiyyətin maraqlı obrazını yaratmış, onun mənalı həyatı ilə bağlı maraqlı məqamları əks etdirə bilmişdir.

M.Ə.Rəsulzadənin “Qurtuluş” jurnalının 1935-ci ilin avqustunda nəşr edilən 10-cu sayında  Yeni Leh Konstitusiyası” məqaləsində və həmin jurnalın 13-14-cü saylarında (1935-ci il) çap olunmuşLehistan müsəlmanları” yazısında maraqlı məlumatlar vardlr.

M.Ə.Rəsulzadə “Prometeyklubunun Varşavada keçirilən əksər tədbirlərində əsas məruzəçi, müəyyən hallarda isə çıxışçı-dinləyici olaraq iştirak edirdi.

1938-ci ilin fevralında “Prometey” təşkilatına mənsub olan millətlərin mühacirətdəki milli təşkilatları Varşavada tədbir keçirdilər. Tədbir idil-Ural Millət Məclisi açılışının 20 illiyinə həsr edilmişdi. M. Ə. Rəsulzadənin bu tədbirdəki çıxışı böyük marağa səbəb olmuş, alqışlarla qarşılanmışdı.

1938-ci il aprelin 7-də “Prometeyklubu daha bir tədbir keçirdi. Tanınmış polyak alimi V. BonçkovskiYeni çağların ruhu haqqındamövzusunda məruzə etmişdi. Müzakirədə çıxış edən M.Ə.Rəsulzadə əsaslı fikirlər irəli sürmüşdü.

Qeyd edək ki, M.Ə.Rəsulzadənin həyat yoldaşı Vanda xanım (M.Ə.Rəsulzadə ona həm Leyla xanım deyə müraciət edirdi) əslən polyak idi bəziləri onun Marşal Pilsudski ilə, bəziləri isə Polşanın Xariciyyə Vəkili polkovnik Beklə qohum olduğunu deyir. M.Ə.Rəsulzadə onunla ailə həyatı qurmuş, ömrünün sonrakı illərini birgə yaşamışlar. Vanda xanım 1974-cü ildə Türkiyədə - Ankarada vəfat edib buradaCəbəçiməzarıstanlığında dəfn olunub.

 

Nəsiman YAQUBLU

 

Yeni Müsavat.- 2014.- 4 fevral.- S.10.