İnsan amilinə verilən dəyər, məmur-vətəndaş

münasibətlərində yenilik: “ASAN xidmət”

 

Bakının Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzi bu ilin 15 mayından fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə vətəndaşların işini xeyli asanlaşdıran “ASAN xidmət” mərkəzlərinin sayı 6-ya çatıb. Son açılan mərkəzdə - Sabunçu bölməsində olub vəziyyəti öz gözümüzlə görmək istədik və gördük də...

 

Elə giriş qapısından içəri daxil olduqda nizam-intizam, işgüzar şərait, müsbət atmosfer, əməkdaşların vətəndaşla xoş ünsiyyəti diqqətimizi cəlb etdi. Müraciətimizdən sonra bizi məmnunluqla sözügedən ünvanda müşayiət edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovun sözlərinə görə,  Sabunçudakı mərkəzin açılmasından sonra Bakı şəhəri 100 faiz “ASAN xidmət”lə təmin olunub: “İlk ”ASAN xidmət" mərkəzi 2013-cü ilin 15 yanvarında Nərimanovda pilot layihə çərçivəsində fəaliyyətə başlayanda gündəlik 1500 - 2 min arası vətəndaşa xidmət göstərirdi. İndi isə sistemi elə qurmuşuq ki, gündəlik hər mərkəzdə 2 mindən artıq vətəndaşı da qəbul etmək mümkündür". Hazırda bütün Bakını əhatə edən 4, bölgələrdə isə 20-yədək rayonun əhalisinə xidmət göstərən 2 (Sumqayıt, Gəncə) “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir".

 

Vətəndaş məmnunluğu...

 

Vətəndaş Şəhla Mehrəliyeva deyir şəxsiyyət vəsiqəsinin vaxtı artıq iki il öncə bitsə də, Sabunçuda “ASAN xidmət” mərkəzi açılandan sonra yeni vəsiqə almağa gəlib. Şəxsiyyət vəsiqəsini müvafiq qurğuya yaxınlaşdırmaqla xidmət növünü seçən və növbə götürən vətəndaş sənədlərini təqdim etmək üçün 3-cü mərtəbəyə qalxır və dərhal da növbəsi çatır. İki dəqiqəyə hazırlanan anketi imzaladıqdan sonra üç gün ərzində vəsiqəni almağa görə tələb olunan 10 manatlıq rüsumu ödəmək üçün kassaya yaxınlaşır. Burada da üç dəqiqə vaxt sərf edir və ona iyulun 8-də gəlib vəsiqəsini götürməsi tövsiyə olunur. “Burda başqa ab-hava gördüm, düzü görməsəydim, inanmazdım”-deyib Ş.Mehrəliyeva məmnun halda “ASAN”-ı tərk edir...

“ASAN xidmət”də yeni doğulan körpələr doğum haqqında şəhadətnamə alınandan onlar üçün şəkilsiz şəxsiyyət vəsiqəsi və ardınca isə pasport almaq da mümkündür. Vətəndaş Araz Aslanlı da 7 və 9 yaşlı uşaqlarına pasport almaq üçün gələnlərdəndir: “Uşaqlara şəxsiyyət vəsiqəsi almaq və həyat yoldaşımın şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün müraciət etmişdim. Sənədləşmə prosesi yarım saat çəkdi. Bu gün artıq hazır olan şəxsiyyət vəsiqələrini aldım və xarici pasport almaq üçün müraciət etdim. ”ASAN xidmət" eşitmişdim, amma düzü, belə asan olduğunu gözləmirdim". Onu da deyir ki, “ASAN” Azərbaycan cəmiyyətinin standartını da dəyişəcək.

 

*  *  *

İlk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayanda 9 dövlət qurumu tərəfindən 23 xidmət həyata keçirilib. Prezident İlham Əliyevin 18 mart 2013-cü il tarixli fərmanına əsasən 2 hüquqi xidmət, həmçinin 22 yardımçı funksional xidmətlər də əlavə edilib. Bu ilin fevralında imzalanan növbəti  fərmanla daşınmaz əmlakla bağlı xidmətlər də “ASAN xidmət”ə verilib. İndi artıq “ASAN xidmət”ə verilən dövlət qurumlarının sayı 10-a çatdırılıb və Hərbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları da mərkəzdə oturub və artıq o xidmət burdaca həyata keçirilir. Artıq “Azərsu”, “Azəriqaz”, “Bakıelektrikşəbəkə” və Mərkəzi Bankın xidmətlərindən də “ASAN xidmət” çərçivəsində yararlanmaq mümkündür.

ASAN-ın müasir texnoloji avadanlıqlarla, internetlə, faksla təchiz olunan, məlumat bazalarına çıxış əldə edən iki avtobusu var ki, onlar şimal və cənub istiqamətində hərəkət edərək vətəndaşlara səyyar xidmət edir. 2013-cü ildə 21 məntəqədə 37 rayonun, bu il isə 14 məntəqədə 16 rayon sakinlərinə səyyar xidmət göstərilib. Bu da ümumilikdə 95-100 min vətəndaşa xidmət deməkdir. Ümumilikdə isə yarandığı gündən “ASAN xidmət”ə 2 mln. 120 min müraciət daxil olub. 

 

Könüllü "ASAN"çılar

 

ASAN xidmət”də Avropada geniş yayılan könüllülük fəaliyyətindən də istifadə olunur. İki ay ərzində uğurlu fəaliyyət göstərən könüllülərə sertifikat verilir. İndiyədək 1500-dən artıq könüllü fəaliyyətini uğurla başa vurub. Masalarına yaxınlaşdığımız könüllülər xüsusi zövqlə vətəndaşlara ərizə-anket doldurmaqda kömək edirlər. 4 gündür könüllülərə qoşulan Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Tofirə Hüseynova deyir təcrübə topladıqdan sonra dövlət qulluğuna imtahan verib “ASAN”da işləmək niyyətindədir. Yeri gəlmişkən, indiyədək "ASAN"da uğurla fəaliyyət göstərmiş gənclərin bazası - “kadr bankı” da yaradılıb. 

 

Bir düymə ilə canlı əlaqə...

 

“ASAN xidmət”in facebook-da, tvitterdə, instoqramda, youtube-də də səhifələri var. A.Hüseynov deyir ki, facebook-da gün ərzində azı 300 müraciət cavablandırılır. Asan.gov.az səhifəsindəki online bölməsi vasitəsilə vətəndaş sualını ünvanlayır və cavab alır. Həmçinin "ASAN"ın bütün mərkəzlərində elektron müraciət köşkü vasitəsilə vətəndaşa 108 Çağrı Mərkəzi ilə videobağlantı imkanı yaradılıb. Biz də müvafiq düyməni basmaqla mərkəzdə yerləşən Çağrı Mərkəzi ilə canlı bağlantı qurub iki aydır burada çalışan Aynurə Quliyeva ilə həmsöhbət olduq. 

Bir çoxları hesab edir ki, “ASAN xidmət”də çalışanlar bu qurumun öz işçiləridir. Ancaq öyrənirik ki, hər mərkəzdə “ASAN”a aid olan cəmi 20-25 işçi çalışır, digər əməkdaşlar isə aidiyyəti orqanların bura ezam olunan nümayəndələridir. A.Hüseynov deyir ki, indiyədək “ASAN xidmət” mərkəzində əməkdaşlarla bağlı hər hansı neqativ hala rast gəlinmədiyi üçün kimsə cəzalandırılmayıb: “Əməkdaşlara etik davranış, vaxtın, konfliktli halların idarə olunması, məsuliyyət, nəzarətlə bağlı yerli və xarici mütəxəssislər tərəfindən təlim keçilir. Həmçinin dövlət qulluğu ilə bağlı müəyyən olunmuş maaşdan əlavə, ”ASAN xidmət" mərkəzi çərçivəsində toplanmış rüsumların 30 faizi əməkdaşların məvacibinə yönəldilir. “ASAN”da nağd ödəniş sistemi olmadığından hər hansı rüşvət və korrupsiya hallarına da rast gəlmək mümkün deyil. Sənədləri toplayan vətəndaş banka ödəniş edir və qəbzi ilə birgə müvafiq orqanın təmsilçisinə yaxınlaşır".  

 

*   *   *

"ASAN özünəxidmət" guşəsindən istifadə etmək üçün də xüsusi qurğular var. Vətəndaş evindən mobil telefon vasitəsilə bu qurğuya daxil olmaqla real rejimdə hansı mərkəzdə nə qədər vətəndaşa xidmət göstərildiyini və növbədə duranların sayını öyrənə bilər. Necə ki, biz öyrəndik ki, şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi ilə bağlı 4 saylı "ASAN"da 279 nəfərə xidmət göstərilib, 9-u isə növbədədir.  2 saylı Mərkəzdə isə bu rəqəmlər müvafiq olaraq 363-89 nisbətində idi. 

 

Əcnəbilər üçün də asan olacaq

 

ASAN xidmət” mərkəzində yeni innovasiyaların tətbiq edilməsi istiqamətində də işlər görülür. Sabunçudakı "ASAN"ın açılışı zamanı dövlət başçısına bir sıra yeni layihələr təqdim olunub. Bu yeniliklərdən biri "ASAN mobil tətbiqetmə"dir. Artıq vətəndaşlar son model telefonlara müvafiq proqram yükləməklə internet çıxışı olan yerlərdən "ASAN"la bağlı bütün xidmətlərdən məlumatlı ola, məsələn, vətəndaş telefon üzərindən online əlaqə yarada, növbə tuta, xidmət mərkəzlərinin yerləşmə ünvanlarını öyrənə bilərlər. 

Paytaxtın ayrı-ayrı ünvanlarında qoyulacaq müvafiq qurğunun köməyi ilə şəhərdəki teatr, hotel, restoranlar və s. yerləşdiyi ünvanları dəqiqləşdirmək mümkün olacaq. İlkin olaraq 12 dildə məlumat verəcək xidmət daha çox 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı gələcək qonaqlar üçün nəzərdə tutulub. Yəni bu innovasiyalar təkcə vətəndaşların deyil, əcnəbilərin də işini asanlaşdırmağa yönəlib.

Vətəndaşlar üçün "ASAN"ın mərkəzləri ilə asan telefon əlaqəsinin yaradılması da nəzərdə tutulur. Həmçinin yeni ideyaları, layihələri olan şəxslərə də öz işlərinin davamı üçün "ASAN"da yer təklif olunacaq. Vətəndaş ən minimal şərtlərlə ofis şəraitində özünə mini iş quracaq. 

Barəsində ev dustaqlığı seçilmiş vətəndaşın üzərinə yerləşdiriləcək müvafiq avadanlıq onu nəzarətdə saxlamağa imkan verəcək. 

ASAN xidmət” mərkəzlərinin gələcəkdə günəş, külək enerjisi ilə təminatı, yağış sularının təmizlənməsindən sonra istifadəyə verilməsi də gələcək layihələrdəndir.  

"ASAN"ın xeyriyyə aksiyaları da olub. Qarabağ əlillərinə və uşaq evlərinin sakinlərinə ödənişsiz əsaslarla ümumvətəndaş pasportunun verilməsi, qanvermə aksiyaları kimi... 

"ASAN"ın Bakı şəhəri üzrə də səyyar xidməti fəaliyyət göstərir. Gözdən əlillərə də ödənişsiz qaydada VİP xidməti göstərilib. “ASAN xidmət” mərkəzlərinin giriş hissəsində gözdən əlillər üçün brayl əlifbası ilə lövhə qoyulub və bölmələrə doğru hərəkət etmələrindən ötrü döşəmə üzərində xüsusi cığırlar açılıb. 

 

*    *   *

“ASAN xidmət”də uşaqlar üçün də şəhərcik yaradılıb. Başı oyunlara qarışan balacaların üzərinə nəzarətçi də qoyulub. Uşaqlarına şəxsiyyət vəsiqəsi və pasport almaq üçün gələn Rüqəyya Məmmədova münasibətdən razıdır: “Uşaqlar pul-parasız oynayır, üstlərində nəzarət var, özümüz də sənədləşmə ilə məşğuluq”. Yeri gəlmişkən, burada BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən Uşaq Hüquq Mərkəzi də yaradılıb. Pilot layihə olan bu mərkəzdə valideyn-uşaq münasibətləri ilə bağlı maarifləndirici görüşlər keçirir. 

"ASAN"ın balacalar üçün digər bir maraqlı layihəsi mərkəzin həyətindəki Uşaq Avtoşəhərciyidir. 4 saylı "ASAN Xidmət" mərkəzinin baş məsləhətçisi Elxan Abdullayev deyir könüllülərin nəzarəti altında uşaq avtomobillərindən istifadə etməklə balacalara qaydalar öyrədilir.

 

Ölkəboyu ASAN...

 

2014-cü ilin sonuna kimi "ASAN"ın əlavə 4 regional - Sabirabad, Bərdə, Masallı və Qəbələ mərkəzi istifadəyə veriləcək. Maketləri bizə göstərilən həmin mərkəzlər həm də ətrafdakı rayonlara xidmət göstərəcək. A.Hüseynov deyir ki, ilin sonuna kimi ölkə üzrə qeydiyyat məhdudiyyətinin aradan götürülməsi planlaşdırılır. “Ancaq cənab prezident deyib ki, gələcəkdə hər bir rayonda ”ASAN xidmət" mərkəzinin yaradılması nəzərdə tutulur. Artıq Sabirabad və Bərdədəki “ASAN xidmət” mərkəzlərində çalışmaq istəyənlər üçün dövlət xətti ilə vakansiyalar elan edilib və iyulun 14-nə kimi sənəd qəbulu həyata keçirilir". 

Ekspertlər də “ASAN xidmət”in işinə böyük dəyər verir. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədova görə, vaxt itkisinin minimum səviyyədə olması ən müsbət amildi: “Üstəlik, bu xidmət vətəndaş-məmur təmasını minimuma endirməsi baxımından da ciddi əhəmiyyətə malikdir. İndiki xidmət neqativ halların, rüşvət və korrupsiyanın qarşısını alır. Ancaq bu xidmətin fəaliyyətini genişləndirmək lazımdır ki, regionlarda da vətəndaşların işi asanlaşsın”. Deputat hesab edir ki, icra hakimiyyətlərinin, Gömrük Komitəsinin və digər qurumların sənədləşmə ilə bağlı səlahiyyətinin "ASAN"a verilməsi daha yaxşı olardı. Rəsmi qurumlardan isə bu məsələnin prezidentin səlahiyyətində olduğunu bildirirlər.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da “ASAN xidmət”in fəaliyyətini təqdir edənlərdəndir: “Özüm də bir necə dəfə həmin xidmətdən istifadə etmişəm. Bu xidmətin fəaliyyətə başlaması sübut etdi ki, azərbaycanlılar heç də deyildiyi kimi korrupsiyaya tolerant deyillər. Onlar korrupsiya olmayan xidmətlərdən lazımi qaydada bəhrələnmək mədəniyyətinə malikdirlər. İkincisi da sübut olundu ki, korrupsiyaya qarşı mübarizədə idarəçilik və sistem dəyişikliyi çox vacibdir. Bu xidməti idarə edənlər göstərdilər ki, dövlət orqanları rüşvətsiz də fəaliyyət göstərə bilər”.

 

Elşad PAŞASOY

Fotolar müəllifindir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar  elan etdiyi müsabiqəyə təqdim etmək üçün.

 

Yeni Müsavat.- 2014.- 8 iyul.- S.13.