Qədr gecəsi - qarşıdakı ildə taleyin

müəyyən olunduğu gecədir

 

Bismilləhir-Rahmənir-Rahim!

 

Bir neçə günə Qədr gecəsinin birinci əhyasına qədəm qoyacağıq. Əslində, çox önəmli bir gecəyə yaxınlaşırıq. Çox təəssüf ki, insanlar arasında hələ də Qədr gecələri ilə bağlı lazımi maariflənmə işləri getməyib. Bunun səbəblərindən biri də öz yanaşmamızdır. İnsan özü üçün hər bir şeyi adiləşdirə bilən bir varlıqdır. Bəzən avtomatik olaraq, o qədər Qədr gecələri kimi nemətlərin içində oluruq ki, tam sürətdə bu gecələrin, saatların, dəqiqələrin dəyərini dərk etmirik. Gözümüzü açandan bu nemətlərin içində olduğumuz üçün, bizim üçün adiləşdiyi üçün tam surətdə bu gecələrin, bu günlərin, bu saatların nə olmasını unuduruq. İlk dəfə eşitdiyimiz zaman, ilk dəfə yaşadığımız zaman qəlbimizdə olan o həyəcan indi olmur. İllər keçdikcə həm Ramazan ayının, həm də Qədr gecələrinın formaca zənginləşməsinə baxmayaraq, məzmunca bir azalma, daralma baş verir. Biz bu gecələrə xüsusi önəm versək də, onu keçirsək də, gecə əhya saxlasaq da, onun tam mahiyyətini, dəyərini verə bilmirik. Toplumda da Qədr gecəsinin mahiyyəti, dəyəri ilə bağlı bilgi zəifdir.

 

Qədr gecəsi ilə bağlı ən

mühüm sözü Allah özü deyir

 

Varlıq aləmində müxtəlif hadisələrin, müxtəlif baş verənlərin ayrı-ayrılıqda çəkisi və dəyəri var. Qədr gecələri ilə bağlı vəziyyət o qədər ciddidir ki, bu gecədə baş verənlər o qədər önəmlidir ki, bu gecədə olacaqlar Allah qatında o qədər fövqəladədir ki, Allah Təala Özü bu barədə insana xəbər verir. Bəzən bu sözləri, mövzuları o qədər eşitmişik, o qədər oxumuşuq ki, bizim üçün adiləşib, öyrəşmişik, məna, mövzu özü bir qıraqda qalıb, mətn özü kənarda qalıb, amma biz onun təfərrüatlarında dolaşırıq. Onun əhəmiyyətinə diqqət etmirik. Qədr gecəsi ilə bağlı ən mühüm sözü Rəbbimiz özü deyir: “Həqiqətən Biz onu (Quranı) Qədr gecəsində nazil etdik (Quran bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin (s) mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə tədriclə birinci Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin (s) mübarək qəlbindən də ümmətə çatdırıldı). Sən nə bilirsən ki, Qədr gecəsi nədir?” Göründüyü kimi, Rəbbimiz insan hidayəti üçün bənzəri olmayan, alternativi olmayan bir hidayət kitabı haqqında məlumat verir. Qurani-Kərimə etiqadı olan biri üçün bu, çox önəmlidir ki, Allah Təala Qurani-Kərimi məhz bu gecə nazil etdiyini bildirir.

 

“Sən nə bilirsən ki, Qədr gecəsi nədir?”

 

Surənin davamında Allah Təala gecənin əhəmiyyətini, mahiyyət və əzəmətini çatdırmaq üçün sual edir: “Sən nə bilirsən ki, Qədr gecəsi nədir?” Allah Təala bu sualla insanın diqqətini cəlb etmək istəyir. Ayədən aydın olur ki, insanın özü-özünə Qədr gecəsi ilə bağlı bilgisi yoxdur. Qədr gecəsinin nə olması, özündə nələri ehtiva etməsi hansısa elmləri öyrənməklə əldə olunmur. Bu, hansısa vasitələrlə əldə edilən və ya təlim keçməklə formalaşan bilgi deyil. Əgər Allah Təala Qədr gecəsi barəsində məlumat verməsə, insan üçün bununla bağlı hansısa maarifləndirici bir iş görməsə, insan Qədr gecəsi ilə bağlı bir yerə çata bilməz. Qədr gecəsinin dəyərini müəyyən etmək üçün bircə bu kifayətdir ki, Allah Təala Qurani-Kərimi, yəni Qiyamət gününə qədər hər birimizin mövcudiyyətini həll edə bilən bir kitabı, insanlığın hidayət çırağı olan bir kitabı məhz bu gecə nazil etdiyini bizə çatdırır. Ardınca Rəbbimiz bizim tutumlarımıza uyğun olaraq, bizə bu mövzu ilə bağlı anlaya biləcəyimiz bir məlumat verir: “Qədr gecəsi min aydan daha xeyirlidir”. 

Bu gecədəki xeyir və bərəkət, faydalanma Rəbbin qatında min ayın içində ola bilən xeyir və bərəkətlərin hamısından daha xeyirlidir. Çünki Qədr gecəsi nəinki min gecədən, min aydan daha üstün bir dəyərə sahibdir. Biz bu ayələrə diqqət etsək, görəcəyik ki, Qədr gecələri ilə bağlı artıq üçüncü bilgi veriləndə Allah Təala bizimlə bəşərin öyrəşdiyi, anladığı, bəşərin dərk etdiyi, vərdiş etdiyimiz məntiqdən fərqli bir məntiqlə danışır. Allah Təala bizim baxışlarımızı dünyada din adına təqdim olunandan kənara çıxardır və bizi ayrı məntiqlə tanış edir. Bir gecənin min aydan üstün ola biləcəyini bizim diqqətimizə çatdırır. İnanan, diqqət edən, səmimi qəlblə hiss edən, bunu yaşadan insan üçün Qədr gecəsi adi insandan tamam ayrı mənaları kəsb edir və ya etməlidir. Bəzən toplumda insanlar öz sözünü əsaslandırmaq üçün deyirlər ki, bu, Quranda da yazılıb. Bəli, bu, həmin Quranda yazılan məsələlərdəndir, amma insanlar o qədər xəbərsizdirlər, o qədər maarifçilik işləri getməyib ki, bilmirlər, ildə bir neçə gecə var ki, onların bütün il boyu müqəddəratı, vəziyyətlərii, durumları tənzimlənir, müəyyən olunur. Yalnız namazlarının, oruclarının necə olacağı tanzimlənmir, həm də maddi və mənəvi ruzilərin hamısı, tutum və qabiliyyətlərin, istedadların, həyatının bütün çalarlarının taleyi burada həll olunur. İnsanlar bundan ona görə qəflətdədirlər ki, dünyada hər şey insanın Allahla bağlı bu bağlantısını yığışdırmağa hesablanıb. Müxtəlif məşğuliyyətlərlə, əyləncələrlə, maddi illüziyalarla 365 gün çalışılır ki, insanın Allahla rabitəsi kəsilsin, insan Rəbbin dərgahında olmasını unutsun. Amma ildə bir gün var, Allahın bir inayəti var və əgər insan bu günə, bu inayətə diqqət etsə, ruhi, fiziki, əxlaqi, psixoloji hər nəyi varsa, Rəbbi ilə təmasa girər və Allah bəndəsi olar.

 

124000 peyğəmbər (ə)

insanı ayıltmaq üçün gəlib

 

İnsan gərək bu gecənin qədrini bilsin. Bu gecə varlıq aləmində bizim öyrəşmədiyimiz hadisələrin baş verdiyi gecədir. Məsumlardan (ə) buyurulur: “Mələklər  Qədr gecəsi Yerə enirlər və Yer üzünə yayılırlar; möminlərin məclislərinə baş çəkirlər, onları salamlayırlar və onların duaları üçün ”Amin!" deyirlər. Və bu vəziyyət dan yeri sökülənədək davam edir". Şeytan lənətliyin ən böyük uğuru budur ki, bütün günü, həftəni, ili, bütün ömrü boyu insanı məşğul edir. Sanki insan üçün bir yaşayış rəsmi cızır, bir norma müəyyənləşdirir ki, hər kəs həyatını buna uyğunlaşdırsın. Müasir dönəmin də bütün məsələləri məhz buna hesablanıb. Peyğəmbərlər (ə) də məhz buna qarşı söz demək üçün, insanı ayıltmaq üçün gəliblər. Allahın yüz iyirmi dörd min peyğəmbəri (ə) bunun müqabilində gəlib. O tərəfdən insanı qəflətə aparıblar, peyğəmbərlər (ə) gələrək deyiblər ki, Allah “Mən səni buna görə yaratmamışam”, - deyir. Sanki insan bir zombi həyatı yaşayır. İnsan hər kəsə, hər şeyə xidmət edir, özündən başqa. Axı insan 16-17 saat yeməyib, içməyib, yaşaya biləcək bir varlıqdır. Ramazan ayı bizə bunu xatırladır. Ramazan ayı insanın təkcə yemək-içmək üçün dünyaya gəlmədiyini xatırladan aydır. Bugünkü dünya buna hesablanıb ki, insan qəflətdə olsun, özündən başqa, varlığından başqa hər bir şeyin xidmətində dursun, amma özü ilə məşğul olmasın. Buna vaxtı çatmasın. İnsan qəflətdədir. Quran ona başqa cür yaşamasını bildirir, amma o, fərqli cür yaşayır. Nə bağçasında, nə məktəbində, nə universitetində, nə televizorda,  toplumda, nə ictimai rəydə Allahın insanla bağlı nə dediyi çatdırılmır.

 

Niyə bu gecə Qədr adlanır?

 

Ayənin davamında Allah Təala bunun bir qədər detallarını, təfərrüatlarını açır: “O gecə mələklər və Ruh (Cəbrayıl, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən (hər bir işin təqdir, tənzim və sabit edilməsindən) ötrü yerə enər. O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir”. Deməli, Qədr gecəsinin dəyərini anlamaq baxımından, ayələrdə də keçdiyi kimi, Quranın bu gecədə nazil olması, bu gecənin ibadətinin və əhyasının min aydan üstün olması, bəndələr üçün İlahi xeyir və bərəkətlərin bu gecədə nazil olması, mələklər və Ruhun bu gecədə yerə enməsi, Allahın xüsusi rəhmətinin bəndələrinin halına şamil olması çox mühümdür. Bütün bunlarla yanaşı, Allah Təala bu bilgini bizdən əsirgəməyib, bizim başa düşə biləcəyimiz dildə bunu bizim diqqətimizə çatdırıb. Bircə bizim bundan feyz apararaq, faydalanmağımız qalır. Bu gecənin də Qədr adlandırılmasının səbəbi budur ki, mələklər təqdir və talelərin müəyyən edilməsi üçün, xeyir və bərəkətin gətirilməsi üçün bu gecədə nazil olur.

 

 

“Bu, mənim təqdiratımın müəyyən

olduğu gecədir” qənaətinə gəlmək

 

Bəli, ümumilikdə götürəndə bütün toplumda bu gecənin əhəmiyyəti hələ də oturuşmayıb. Toplumun böyük bir hissəsi var ki, bu gecənin nə olduğunu bilmir, anlamır, o maarifçilik dalğası gedib onlara çatmayıb. Nə üçün çatmayıb? Bizlər Qədr gecəsinə “bu, mənim təqdiratımın müəyyən olduğu gecədir” kimi baxmırıq. Bizlər, “bu, o gecədir ki, Allah Təala bu gecədə Quranı nazil edib və mənə xəbər verib ki, sən nə bilirsən bu gecə nədir?!”, - deyə düşünmürük. “Sən nə bilirsən, Qədr gecəsi nədir?!” ayəsindən anlaşılan budur ki, əslində Allah Təala burada bizlər üçün maraq qıcığı yaradır. Ağlı olan normal bir insanın intellektual qıcığı olmalıdır ki, Allah Təala ona: “Sən nə bilirsən ki, Qədr gecəsi nədir?” kimi sual verir. Bundan sonra damcı-damcı, mərhələ-mərhələ məlumat verir ki, bu gecə min aydan üstündür, bütün ruzilər, bərəkətlər, xeyirlər bu gecədə həll olunur. Allah Təala xəbər verir ki, mələklərin və Ruhun bu gecə Rəbbin izni ilə missiyaları, məmuriyyətləri var ki, gələn ilin Qədr gecəsinə qədər hər bir işin təqdir, tənzim və sabit edilməsi üçün yerə ensinlər. Bütün il boyu bizim təqdiratımızın nə olacağı bu gecə müəyyənləşdirilir və Allah Təala buna müdaxilə edə bilməyin yolunu bizə göstərib ki, o da tövbə və bağışlanmadan keçir. Allah Təala bizlərə həqiqi tövbə nəsib etsin, inşallah.

 

Yatmaq ayıbdır, çünki

mələklər sənə görə yerə enib

 

Ayədə keçən bir mühüm nöqtə də bundan ibarətdir ki, Allah Təala o gecə dan yeri sökülənə qədər hər kəsin salamatlıqda, Allahın rəhmətində olacağını və o gecə mələklərin yer üzündəki Məsumu (ə) və saleh bəndələri salamlama gecəsi olduğunu bizim diqqətimizə çatdırır. Əhya saxlamağın da bir çaları buradan başa düşülür. Belə ki, mələklər bizə görə yerə enib, ayıbdır ki, yataq. 

Bu gecə - bağışlanma və tövbə gecəsidir. Bu gecədə bağışlanmasaq, deməli, bizlər acizlik göstərmişik. Bu gecədə bağışlanmasaq, deməli, bizdən fərasətsiz adam yoxdur. Bu gecə hər bir şey hazırdı ki, bizlər tövbə edək və bağışlanaq. Göylər açıq, gecələr uyğun, ruhiyyə uyğun, vəziyyət uyğun. Bu gecələrdə hər bir şey həll olunur. Xüsusən aqibətlərimizin həll olunmasına diqqət etməliyik. Qüruru, mənəm-mənəmliyi kənara qoyub, həqiqi tövbə etməliyik. “Allahım, mən çox pis vəziyyətdəyəm, Sən inayət etsən, bəlkə düzəldim”, - deyən insan, xilas olmaq, qurtulmaq baxımından əməli ilə öyünən insandan daha şanslıdır. Tarix göstərib ki, “hər şey qaydasındadır, namazımı qılıram, orucumu tuturam və s”, - deyən, əməlinə arxayın olan insan bir də ayılır ki, ilkin imtahanlarda ayağı büdrəyib və bədbəxt olub. Amma durumundan narahat olan, öz vəziyyətindən narazı qalan, bu mənada bir gərginliyi olan adam daha diqqətli olar, həyatın mahiyyətinin fərqində olar, gözləmədiyi yerdə, dərk etmədiyi yerdə, hazır olmadığı yerdə imtahanların gəlib insanı haqlamasının fərqində olar. 

İnsanın həmin o imtahanlardan çıxa bilməsi bu gecə həll olunur. Tutumumuzun vəziyyəti bu gecə həll olur. O imtahanlarda səbəblərin, faktorların, müqəddimələrin vəziyyəti bu gecə həll olunur. Allah Təala Özünə aid nə varsa - edib, rəhmətini inayət edib. Gecə - ən mübarək gecədir və bütün şərait də var ki, bizlər gəlib, tövbə edək və bağışlanaq. Allaha bağlı nə varsa, O, təmin edib. Ay - ən mübarək aydır, gecə - ən mübarək gecədir. Əhya saxlayanlara xüsusən inayət edib ki, bu gecə əhya saxlasınlar.

 

İslamda özünə arxayınlıq dindarlığı yoxdur

 

Bəzən insanlar bu müvəqqəti dünyada uğursuzluqlara o qədər peşman olur ki, adam dəhşətə gəlir. Dünyada başına gələn uğursuzluğu o qədər böyüdür ki, o qədər faciəyə çevirir ki, adam məəttəl qalır. Amma özünün gerçək aqibətinin müəyyənləşdiyi bir gecə barəsində heç düşünmür. Düşünmür ki, bəlkə də mənim üçün bir daha Qədr gecəsi olmayacaq. Hər birimiz adicə telefonlarımızın yaddaşına baxsaq, hər il zəng vura bilməyəcəyimiz adamların  çoxaldığını görərik. Sən o adama bir il əvvəl desəydin ki, bu gecə Qədr gecəsidir, gəl ibadətə və s., o, deyərdi ki, hələ qabaqda bir ömür var, imkanlar var. Amma həmin adam artıq həyatda yoxdur. Bu, hər kəsə aiddir. Heç kəs arxayın olmamalıdır. İslamda özündən, əməllərindən razı olan, özünə arxayın olan dindarlıq yoxdur. Düzdür ki, bizlər Allahın rəhmətinə ümidliyik, amma öz əməllərindən arxayın olmaq - gerçək qəflətdir və bunun Allahın rəhmətinə ümid  bağlamağa heç bir aidiyyəti yoxdur.

 

Allahım, bizləri Qədr gecələrinin fəzilətindən fayda aparanlardan qərar ver. 

Allahım, təqdiratımızı Öz xeyrinlə bəzə.

Allahım, bizə bu gecələrdə tövbə və bağışlanma nəsib et. 

Allahım, bizlərə Qədr gecələrində üzərimizə düşənləri icra etməyi nəsib et. 

Allahım, Zəmanə Sahibinin (ə.f) zühurunu təcil et. Amin!

 

Yeni Müsavat.- 2014.- 11 iyul.- S.14.