“Əlimi üzüb oturmuşam...”
- Yataqxanada yaşayan
əfsanə qadın
Məryəm
Həsənova: “Bir uşaq əlindəki 20 qəpiyi mənə
verdi ki, müəllimə, bunu verin meydandakılara xərcləsinlər...”
Onun
həyatı Azərbaycanda zamanında demokratiya, dövlətçilik
üçün mübarizə aparmış bir
çoxlarının hekayəsi ilə oxşardır. Ən
oxşar cəhət odur ki, onların çoxu kimi 76
yaşlı Məryəm Həsənova da layiq olduğu qiyməti
almayıb. Məryəm xanım bu barədə söhbət
edəndə ondan daha çox iş görmüş şəxslərin
adını çəkir və deyir ki, onlar bu vəziyyətdədirsə,
mən nə gözləyə bilərəm?
Məryəm xanım 14 mart 1991-ci ildə
SSRİ-nin saxlanması ilə bağlı referenduma dair
müzakirələrdə Azərbaycanın müstəqil
olmasına səs verən 43 nəfər deputatdan biri və
onların içərisində həyatda olan yeganə
qadın deputatdır. İndi o da müstəqillikdə rolu
olmuş bir çoxları kimi gözdən uzaqda, Siyəzəndəki
Gənclik qəsəbəsində, bir otaqlı yataqxanada
yaşayır...
Onun yaşadığı yeri tapmaq çətin
olmadı. Yola düşəndə bizə demişdilər
ki, qəsəbədə onu kimdən soruşsanız tanıyacaq.
Məryəm xanım bizi mehribanlıqla qarşıladı. Mənzilə
girəndə ilk olaraq diqqətimizi üzərində
Müsavat Partiyasının emblemi olan fincan çəkdi.
Keçmiş deputat dedi ki, bu fincanı ona partiyanın
başqanı İsa Qəmbər bağışlayıb.
Paytaxtda baş verənlərə aid müxtəlif
informasiyaları bizdən alandan sonra “Yeni Müsavat” qəzetinin
ona gec çatdırılmağından şikayətləndi.
Dedi ki, abunə yazılmağına baxmayaraq poçt ona qəzeti
gec-gec, bir neçə nömrəsini birdən
çatdırır.
Məryəm xanımın
uşaqlığı Bakıda, “Sovetski”də keçib.
BDU-nun filologiya fakültəsini bitirəndən sonra onu təyinatla
Siyəzənə işləməyə göndəriblər.
- Siyasi proseslərə nə zamandan qoşuldunuz?
- 1982-ci ildə məni
əvvəllər Dəvəçi
(indiki Şabran) rayonu tərkibində olan Siyəzən-Zarat kənd məktəbinə
direktor göndərdilər.
Hərəkat başlayandan sonra
isə mitinqlərdə
aktiv iştirak etməyə başladım,
direktor olduğum məktəb şagirdlərinə,
xidmətçilərinə qədər bu prosesə qoşulmuşdu.
O vaxt biz hətta Biləcəriyə qədər
yürüş etmişdik,
Milli Ordunun yaradılmasını tələb
etmişdik.
- Bəs necə oldu deputat seçildiniz?
- Əhalinin rəğbəti var idi. Bir şərt qoydular
ki, Siyəzəni Dəvəçidən ayırmalısan,
bunu platformanda qeyd eləməlisən.
Mən də bu sözü
verdim və seçildim, 1992-ci ilin aprelində Siyəzən rəsmi olaraq Dəvəçidən ayrıldı.
-
SSRİ-nin saxlanılması
ilə bağlı referendumu necə xatırlayırsınız?
- 1992-ci il 5 və 6 martda əhali Milli Məclisi əhatə eləmişdi, gərgin vəziyyət var idi. Hətta mən dəhlizə
çıxanda şüşəni
döyüb dedilər
ki, əgər buradan biz istəyən nəticə çıxmasa,
sizi öldürəcəyik.
Demokratik
Blokun 25 üzvü onsuz da müstəqilliyə
səs verəcəkdi,
yerdə qalanlardan isə SSRİ-nin saxlanmasına səs verənlər də oldu, əksini edənlər də.
Müstəqilliyin əleyhinə səs
verənlərin hamısı
indi yaxşı yerlərdə işləyir,
müstəqilliyə səs
verənlər isə
mənim kimi yaşayır.
- Siz bunları görəndə nə düşünürsünüz?
- Düşünürəm ki, onlarda
şəxsi mənafe
həmişə yüksəkdə
durub. İndi müstəqilliyin dadını çoxları
anlamır. Biz o vaxtı tələb edirdik ki, əgər
bu dövlətin ADR zamanından qalma atributları bərpa olunubsa, dövlət də müstəqil olmalıdır. Rus ordusunun
Azərbaycandan çıxarılması
fövqəladə bir
hadisə idi, qəhrəmanlıq idi.
Bizim əksimizə olanlar 70 illik bir imperiya
sisteminin mənəvi
daşıyıcılarıdır.
Əlbəttə, onlar bu psixologiyadan əl çəkə bilməyəcəkdilər.
Düzdür, indi pis vəziyyətdə yaşayan
istiqlalçı deputatlardır,
həmin dövrdə
fədakarlıqlar etmiş
insanlardır. Mən o vaxtı
cəbhələrə gedirdim,
görürdüm ki,
rəsmi şəxslər
xalq üçün nələr edir. Eldar Bağırov vardı, bizim Demblokun üzvü, öldürüldü.
Qardaşı Allahverdi Bağırov
da öldürüldü.
Cəbhəyə gedəndə Sərdar
Həmidovu görürdüm,
yarıyuxulu halda əsgərlərin yanından
qayıdırdı. Bəyəm
İsgəndər Həmidov
balaca adam
idi? Ya Firudun Cəlilov,
digərləri layiq olduqlarını alıblarmı?
İndi onlar hansı vəziyyətdədirlər? Mən hansı vəziyyətdəyəm,
özünüz görürsünüz.
Nə etmək olar, təki Azərbaycan yaşasın. Mən açıq
deyirəm, əgər
ya rəhmətlik Əbülfəz Elçibəy
qalsaydı, ya İsa Qəmbər dövlət başçısı
olsaydı, Azərbaycan
bu gün tam fərqli dövlət olacaqdı. Onların daxili silahları
çox güclü idi, bu şəxslərin
mənəvi silahı
müsavatçılıqdır, müsavatçılığa istinadən onlar dövlət idarə edirdilər.
- Həmin dövrdəki siyasi prosesləri necə xatırlayırsınız?
- O vaxtkı siyasi vəziyyəti indi bir çoxları
danır, inkar eləyir. Guya hərc-mərclik olub, küçəyə
çıxmaq mümkün
olmayıb. Bunlar əlbəttə
ki, boş-boş söhbətlərdir. Bunları deyənlər
acıqlıdırlar, qıcıq
duyurlar həmin dövrə. Rəhmətlik Elçibəyin üzünə
dururdular, amma o keçirdi çox şeyi, bağışlayırdı.
Əhalinin özündə isə başqa bir ruh var
idi. Bir dəfə bir uşaq əlindəki 20 qəpiyi mənə verdi ki,
müəllimə, bunu
verin meydandakılara xərcləsinlər. Demək, körpələrə
qədər hər kəs dərk eləyirdi ki, hansı proseslər gedir. Amma indi o fəallıq
yoxdur əhalidə.
Elə bil hər kəs
pessimizm yaşayır.
Bunların hamısının səbəbi odur ki, bizim milli
hakimiyyətimiz tez devrildi. Hökumətin böyük planları,
nəzərdə tutduğu
işlər var idi, onların heç biri baş tutmadı deyə ölkə bu vəziyyətə qaldı.
- Tez-tez cəbhə bölgəsinə getdiyinizi
dediniz. Gedəndə nələrlə qarşılaşırdınız,
nə görürdünüz?
- Bir dəfə mən cəbhəyə gedəndə gördüm
ki, bir kişi telefon köşkündə evlə
danışır. Ağlaya-ağlaya
dedi ki, uşağın qəbrini
hazırlayın, paltarını
tapmışam. Demək, əsgərin
meyiti tanınmaz hala düşmüşdü,
atası isə onu paltarından tanıyıb bilmişdi ki, bu, onun
oğludur. Bir dəfə
isə direktor işləyəndə gecə
məktəbdə qalmışdım.
Qubadlının işğal olunduğu
vaxtlar idi, bir də gördüm
qapı döyülür,
otuzdan çox qadın-uşaq pis vəziyyətdə dayanıb
qarşımda. Dedilər ki,
biz qubadlı qaçqınlarıyıq,
sizi deyib gəlmişik, bizə kömək edin. Əlbəttə ki, mən edilməsi lazım olanı etməliydim, onlara məktəbdə yer hazırladım, bir müddət orda yaşadılar. Həmin ailələrdən
birinin uşağı
- İlkanə
bir dəfə ağlaya-ağlaya üstümə
gəldi ki, mənə qaçqın
deyiblər. Bütün bunları mən
onlarla birgə yaşamışam, ağrılarını
ürəyimdə hiss eləmişəm.
- Sizə deputat təqaüdü verilirmi?
- Yox. Məhkəməyə də müraciət
etmişdim, amma bir nəticəsi olmadı. Neçə illərdir bu
mübahisə gedir, əgər əvvəldən
bilsəydim ki, belə olacaq, müraciət etməzdim.
Keçmiş deputatlara aid olan
güzəştlər təkcə
bizə şamil olunmur. Haqqını ala bilməyənlərin əksəriyyəti istiqlalçı
deputatlardır. Nə nəticə
çıxır burdan?
Demək,
razı deyildiniz Azərbaycanın müstəqilliyinə?
Həmin
müstəqilliyin dadını
bu gün siz görürsünüz,
niyə istiqlalçı
deputatlar layiq olduqlarını almırlar?
Mən bu məsələ ilə bağlı məhkəmələrə dəfələrlə
getdim, indi deyirlər yeganə yol Avropa Məhkəməsidir.
Amma mən belə məsələ ilə bağlı o məhkəməyə müraciət
edə bilmərəm,
ölkənin adına ayıbdır.
Ona görə də əlimi üzüb oturmuşam, təqaüd-filan
gözləmirəm. Bu
mənzili də özüm almışam,
öz puluma.
Məryəm xanım
tək yaşadığından
o qədər də narahat olmadığını,
əksinə, bunun yaradıcılıq üçün
yaxşı hal olduğunu dedi. Ailə məsələlərindən
danışmağı isə
sevmədiyini söylədi:
- Hər kəsin
bir xarakteri var, mənə də elə əvvəldən kişi xarakterli deyiblər. Anamın xahişi ilə
ailə həyatı qurdum. Gözəl insan idi, amma Allah onu məndən tez aldı. Uşaqlarına,
gəlinlərinə dərs
demişəm, gedib-gəlirlər,
sağ olsunlar.
Məryəm Həsənova
sonda qəzetimizi daim izlədiyini dedi:
- Ən çox İsa Qəmbərlə olan müsahibələri və
Azər Rəşidoğlunun
köşələrini gözləyirəm. Onların dediklərinin çoxu doğru çıxır,
hadisələri gözəl
izah edirlər. Sonra Xalid Kazımlının,
Hüseynbala Səlimovun
köşələrini də
oxuyuram. İri məmurlar haqqında
olan xəbərləri
oxumuram, çünki
məni pessimizmə aparır, onsuz da bilirəm ki, onlar hansı
yuvanın quşudur.
Bir də çox pessimizə qapılanda Zamin Hacının köşələrini oxuyuram,
məni çox güldürür. Xəstələnəndə Məhəmməd Füzulinin kitabı, bəd xəbərlərdən
yorulanda Zamin Hacının köşələri
dadıma çatır.
Ümumiyyətlə, qəzetinizin bütün
səhifələrini oxuyuram.
Araz
BAYRAMOV
Yeni
Müsavat.- 2014.- 14 iyul.- S.6.