Yayın arzuedilməz aksesuarı - qalstuk

 

Yaponiya yayda qalstuku qadağan edib,

dünyada isə vəziyyət başqadır...

 

Yay aylarında insanları ən çox düşündürən bu istilərdən maksimum az əziyyət çəkməyin yollarıdır. Kondisioner, sərin atmosfer, rahat geyim tərzi... Qadınların sonuncu punktla bağlı şansları çoxdur. İstər iş həyatında, istərsə məişətdə sərin və rahat geyim seçimi hər zaman aktualdır. Amma güclü cinsin nümayəndələri üçün bu məsələ bir qədər qəlizdir.

 

Ən azı ona görə ki, iş həyatında qalstuk vacib prioritet sayılır. Toya, iş görüşünə, toplantıya.... gedəndə qalstuk taxmaq az qala normaya çevrilib. Nazik materialdan hazırlanmasına baxmayaraq, dəst kostyum geyinmək də vacib şərtlər arasındadır.

Amma biz bu sayımızda Azərbaycan kişilərini az qala əsir alan qalstuklardan danışacağıq. Universitetdən tutmuş, mətbuat konfransına, rəsmi tədbirlərə qədər hər yerdə qalstuklu gənclərə, yaşlılara rast gəlmək mümkündür. Bəlkə də Azərbaycan yeganə ölkədir ki, burada kişi jurnalistlər mətbuat konfranslarına, tədbirlərə, toplantılara qalstuk geyinərək gedirlər. Yəni azadlığı ilə fərqlənən söz əhli belə qalstuk kultuna tabedir. Amma dünya ölkələrində vəziyyət xeyli fərqlidir.

 

Qalstuk taxmaq ziyandır, çünki...

 

Öncə bu günlərdə qalstukla bağlı yayılmış ilginc araşdırmanın nəticəsindən başlayaq. Qalstuk taxmaq kişilərin səhhətində ciddi problemlər yarada bilər. Mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, günün ən az 8 saatını qapalı yerlərdə qalstuk taxaraq çalışan adamlar daha əsəbi olurlar. Xüsusi ilə bərk bağlanan qalstuklar baş ağrısı və diqqətsizlik kimi problemlərin yaranmasına gətirir.

Günün çox hissəsini qalstukla keçirmək beyində və boyunda xəstəliklərin yaranmasına da səbəb ola bilir. Belə ki, qalstuk bərk bağlandıqda beyinə qan ötürən damarlarda ciddi problemlər yaranır və beləliklə də beynin fəaliyyəti zəifləyir.

Kişilərdə yaranan baş, sinir xəstəliklərinin səbəbi bir çox hallarda qalstukla əlaqələndirilir. Uzun illər istifadə edilən qalstuk şah damarda tutulmalara və damar sərtliyinin yaranmasına gətirib çıxar bilir. Stressi artıran qalstuk kişilərin tez əsəbiləşməsinə, boğaz xərçənginə də gətirə bilər.

 

Qalstuk qılınc zərbəsindən

qorunmaq üçün yaradılıb

 

Yaxşı, hardan yaranıb bu aksesuar?  İlk dəfə kim, harada istifadə edib ondan? Qalstuk sözü “Kroatdan” əmələ gəlib. Çox keçmədi bu moda İngiltərəyə sıçradı. O vaxtlar qalstuklar o qədər möhkəm  bağlanmışdı ki, insanlar boyunlarını döndərmədən ətrafa baxa bilmirdilər. Amma onlar qılınc zərbəsindən boynu qoruyurdu. 1960-cı illərdə qalstuklar bir az gözdən düşsə də, 1970-ci illərdə populyarlığı artdı. Qalstuk barədə ilginc məlumatlardan bir neçəsini yada salaq: məsələn, bir qalstuku ən azı 85 cür bağlamaq olar. 19-cu əsrdə Londondakı avtobus sürücüləri də qalstuku elə bizim kimi bağlayırdılar. Eramızdan əvvəl 3-cü yüzillikdə Çin imperatoru Huanq Tinin əsgərlərinin də boyunlarında qalstuka bənzər yaylıqlar var idi.

 

İranda qalstuka qadağa

 

İranda 1979-cu il İslam inqilabından sonra Qərb dekadensinin simvolu hesab edilən qalstukun satışına qadağa qoyulmuşdu. Ancaq bir çox hallarda bu qadağa məhəl qoyulmurdu. Keçmiş islahatçı prezident Məhəmməd Hatəminin hakimiyyəti dövründə isə böyük şəhərlərdəki dükanlarda və butiklərdə qalstukların satışı bərpa olunmuşdu.

İran hökuməti bir neçə il öncədən başlayaraq yenidən qalstukların satılmasına qarşı “hücuma keçib”. Din polisi bundan sonra çox vaxt məhəl qoyulmayan qalstuk qadağasına əməl edilməsinə nəzarət edəcək. Polis bütün dükanlara qalstukları vitrindən götürmək barədə xəbərdarlıq edib. Əgər qalstukların satışına davam etsələr, həmin dükanlar polis tərəfindən bağlanıla bilər.

 

Qalstukun ilginc tarixi “səyahət”i

 

1660-cı ildə Fransız Kralı XIV Luinin ordusunda döyüşən əsgərlər arasında bir qrup əsgər vardı ki, paltarlarındakı bir detal səbəbiylə digər əsgərlərdən rahatlıqla fərqlənə bilirdilər. Orduda xidmət edən xorvat əsgərlərini fərqli edən boyunlarına taxdıqları şallar idi. Döyüşə gedən xorvat əsgərlərini yola salan yoldaşları, anaları başlarından çıxartdıqları örtükləri sevdikləri adamların boyunlarına bağlayır və bir düyün atırdılar. Bir tərəfdən evlərindən uzaqda olduqları müddətcə bu örtükləri hər gördüklərində özlərini və evlərini xatırlamalarını istəyir, bir tərəfdən də atdıqları xüsusi düyünlərin kişiləri pisliklərdən qoruyacağına inanırdılar.

Fransızlar taxdıqları bu örtüyə “Ala Croate- Xorvat Üsulu” adını verdilər. Amma biz bu addan deyil, qalstuk adından istifadə edirik. Qalstuk alman dilində “halstuck” kimi səslənir, tərcüməsi isə  boyun yaylığı” deməkdir. Bu söz bizə almanlardan gəlib. Qalstuk XVII  əsrdə  Fransız aristokratları arasında dəbə çevrilib. Onun kişilərin həyatına daxil olması ilə bərabər, problemlər də meydana gəldi. Səhər oyanan kişilər artıq paltarlarına uyğun bir qalstuk seçmək məcburiyyətində idilər. Digər bir çətinlik isə qalstukun doğru uzunluqda bağlana bilməsi idi. Bu iki yeni problemi ilk yaşayanlardan biri Fransız Kralı XIV Lui oldu. Kral səhər oyandığında xidmətçiləri onun qarşısına rəngarəng və müxtəlif naxışlı qalstuklar düzürdülər. Doğru qalstuku seçmək üçün xərclənən zamandan bəlkə daha da çoxu qalstukun doğru bir şəkildə bağlanmasına ayrılırdı. “Qalstuku düzgün bağlama bir sənətdir” deyən məşhur şəxsiyyət Balzak, doğru qalstuk bağlama dərsliyinin müəllifidir.

Roma İmperatorluğu dövründə cəmiyyətdə olan təbəqələrin nümayəndələrini bir-birindən fərqləndirmək üçün boyuna bağlanan rəngli parçalar XVII əsrdə başqa istiqamətdə istifadə olunmağa başlandı. İngilis dövlət adamı və siyasətçisi Oliver Kromvell boynuna bağladığı sadə bir parçası ilə əsilzadələrə olan etirazını bildirdi.

Rəngi, forması, hətta düyünləmə biçimi dəyişsə də, qalstuk bu gün də onu taxan insanın həm xasiyyətini, həm cəmiyyətdə tutduğu mövqeyini göstərən bir atributdur.

Həqiqətən də qalstuk, sahibinin daxili dünyasına səyahət etmək üçün əla fürsətdir. Qalstukun rəngləri, biçimi və naxışları sahibi haqqında ətraflı məlumat verir.

Qalstukun bu xüsusiyyəti çoxdan kəşf olunub. Roma İmperatorluğu dövründə yalnız əsilzadələrin boyunlarına bağladıqları gözəl ipək parçalarına baxdıqda bu xüsusiyyət daha aydın görünür. O zamanlar boyuna bağlanan parça nə qədər enli və bəzəkli olardısa, sahibinin bir o qədər zəngin olduğunu bildirirdi.

Patrisilər ilə Plebeylər dövründən qalan, fərqin boyunlara bağlanan parçadan bilinməsi adətini XVII əsr İngiltərəsində Oliver Kromvell aradan götürmək fikrinə düşdü və balanslaşdırılmış bir qərar verdi.

 

Dünyada 650 milyon adam qalstuk taxır

 

Dünyada qalstuk taxanların təxmini sayı 650 milyon, ildə satılan qalstuk sayı isə 950 milyondur. Hazırda rəng baxımından geyiminə uyğun düzgün qalstuk seçə bilən kişi zövqlü hesab olunur. Doğru seçilmiş bir qalstuk çox da yaxşı olmayan bir paltarın havasını bir anda dəyişdirə bildiyi kimi, pis bir seçim də çox yaxşı bir paltarın bütün gözəlliyini itirə bilir. İndiyədək qalstukun forması dəfələrlə dəyişdirilib, amma dövrümüzdə qalstukun eni 7.5-10 sm, uzunluğu 140 sm olmalıdır. Artıq XX əsrdə qalstuku ipək, atlas və.s. parçalardan hazırlamağa başladılar. Bəzi materiallı və rəngli qalstuklar matəm günlərində, bəziləri rəsmi görüşlərdə istifadə olunurdu.

 

Yaponiyada qalstuk qadağası

- elektrik enerjisinə qənaət üçün...

 

Amma bizim girişdə haqqında danışdığımız yayda qalstukun ziyanını Yaponiya hökuməti daha yaxşı dərk edib və bununla bağlı bir neçə il öncə “Qalstuksuz iş” milli kampaniyasına start verilib. Kampaniya çərçivəsində dövlət işçiləri payıza qədər işdə, ofisdə qalstuk taxmamaq, həmçinin pencək geyməmək hüququna malikdirlər. Yaponiyanın ekologiya naziri şəxsən kampaniyaya start verib. Start verilən bu aksiya işçilərin yay geyiminə keçməsinin ilk mərhələsi olub. Xarici görünüş barədə bu qaydalardan həmçinin Yaponiya parlamentinin deputatları da istifadə edəcək. 1 iyundan etibarən onlar da işə cins şalvarla, futbolkalarla gəliblər.

“Fukusima-1" Atom Elektrik Stansiyasında (AES) baş verən qəzadan sonra ölkədəki AES-lərin demək olar ki, hamısı bağlandı. İndi yaxın aylarda ölkədə elektrik enerjisi ilə bağlı çox ciddi problemlərin olacağı gözlənilir.

Yaponiyanın yerli metereoloqlarının bildirdiyinə görə, bu yayda Yaponiyada görünməmiş istilər olacaq. Yayda dövlət işçilərinin yüngül paltarlar geyinməsinə də məhz buna görə icazə verildiyi bildirilir.

 

“Qalstuk diqqət çəkməmək üçündür...”

 

Bizim siyasilərin də qalstukla bağlı fərqli fikirləri var. Məsələn, deputat Fazil Mustafa Milli Məclisə qalstuk taxıb gəlməyin tərəfdarıdır. Modern.az-a açıqlamasında deputat deyib ki, bunun səbəbləri var: “O baxımdan ki, Milli Məclis rəsmi yerdi. Bəzən görürsən ki, televiziyalar açıqlama alanda xahiş edirlər qalstuk taxaq. Avropa Şurası Parlament Assambleyasında elə deputatlar var ki, qalstuk taxmırlar, köynəyin üstündən kostyum geyinirlər. Bu, bir az sərbəstliklə bağlıdı. Görünür bizdə kompleks var. Amma mən rəsmi geyimə sovet dövründən qalan bir atribut kimi baxmıram. Belə geyimə sadəcə, kənardan kiminsə diqqətini cəlb etməmək üçün üstünlük verirəm. Bax şəxsən mən Milli Məclisə ona görə qalstuk və kostyumda gəlirəm. Sərbəst geyimlə dərhal diqqət cəlb edirsən. Başqa geyim geyinəndə hamı baxır, maraqlanır ki, görəsən deputat niyə bu cür geyinib. Diqqət çəkməmək üçün qalstuk taxıb kostyum geyinirik”.

Deputatın sözlərinə görə, qanunverici orqan olan Milli Məclis daha çox rəsmi müzakirələrin aparıldığı yer olduğundan rəsmi geyimdə olmağı adi qarşılamaq lazımdır. “Hesab edirəm ki, buna irad bildirmək doğru deyil. Milli Məclisə müğənni kimi geyinib gəlmək doğru olmaz. Amma insanların geyiminə qarışmaq, xüsusilə də jurnalistlərin geyiminə qarışmaq doğru deyil. Deputatlarımız geyimlərilə bir-birinə oxşayırlar. Bu da yaxşı hal deyil. Görünür, bizim siyasi sistemimizin xarakterindən irəli gəlir. Çünki bütün partiyalar bir-birinə oxşayırlar, bu da rəngarəngliyin olmamasıyla əlaqədardır”.

 

SEVİNC

 

Yeni Müsavat.- 2014.- 30 iyun.- S.13.