Din və dövlət
münasibətləri
milli maraqlar kontekstində
Din və mənəviyyat müasir dövlətçiliyin
təməl şərtlərindən olaraq qalır; Azərbaycanın
qüdrəti və dünyadakı pozitiv imici həm də bu
münasibətlərin düzgün tənzimlənməsi ilə
ölçülür...
Yaşıl rəng dövlət
bayrağımızın üçüncü müqəddəs
rəmzi sayılır. Bu reallıq Azərbaycan toplumunun əsasən
İslam dininə tapındığını göstərməklə
bərabər, ölkədə ümumən vətəndaşların
etiqad azadlığına, dini tolerantlığa verilən
önəmin təzahürüdür. Təməl insan
haqlarından olan vicdan azadlığı konstitusiyamızda da
birmənalı şəkildə təsbit edilib.
Din, etiqad məsələsi mənəvi-ruhani
kateqoriyaya aid anlayış olduğundan, zaman-zaman bu sahəni
maddi qanunlarla tənzimləmək həmişə problemlər
yaradıb.
Dini sahəni sərt üsullarla, qadağa və
məhdudiyyətlərlə nəzarətə götürmək
cəhdləri çox vaxt uğursuzluğa, hətta toplum
üçün böhran və faciələrə gətirib.
Zira, yasaq olunan daim maraq doğurub. Uzağa getməyə
lüzum yox, sovet totalitar dövlətinin aqibəti
görkdür.
Məsələ də ondadır ki, məscid
və kilsələri yerlə-yeksan edib, ən yaxşı
halda anbarlara çevirən, səmavi kitabları yandıran,
inanclı insanlara elementar dini ayinləri belə yerinə
yetirməyi qadağan edən sovet ateist rejiminə elə gəlirdi
ki, bu yolla “xalqlar üçün tiryək olan” (Lenin) dinin,
İslamın axırına çıxıb. Fəqət,
özünün axırına çıxdı - İslam
yaşayır və yenə milyonlarla fərdin inanc, iman
yeridir, şər imperiyası isə cəmi 70 ildən sonra
süqut edərək tarixə gömüldü.
Azərbaycançılığın
təməl sütunlarından biri
SSRİ dünyəvi dövlət idi. Yəni
orada din dövlətdən ayrı idi. Lakin ayrı olsa da,
sovet hökuməti inanclı kəsimə, onun mənəvi
dünyasına kobud müdaxiləni sanki özü
üçün prioritetlərdən birinə
çevrilmişdi. Çünki şəxsiyyətin
azadlığına aparan sağlam və saf etiqadın
gücünə bələd idi.
Gənc Azərbaycan dövləti də
dünyəvidir. Lakin ciddi bir fərqlə: o, dini düşmən
elan eləməklə özünü onun hədəfinə
gətirməyib. Tam əksinə, dövlət
bayrağımızda, onun “Əsas Qanunu”nda İslama layiqli yer
ayrılıb, inanc azadlığına verilən dəyər
konstitusional olaraq təsbitlənib. Bizim hətta gerbimizdə
“Allah” sözü təsvir olunub.
Din faktoruna yeganə doğru yanaşma yəqin
ki, belə olardı: onunla müttəfiq kimi qalmaq, “dinc
yanaşı” yaşamaq. Yaddan çıxarmaq olmaz ki,
din-dövlət münasibətləri tarixində birinci
ikincinin taleyinə daha çox təsir edib, nəinki tərsinə.
Müqayisə qüsurlu olsa da yazaq: necə ki, “Bıçaq
cərrahın əlində bir, quldurun əlində ayrı
anlam daşıyır”, dövlət və cəmiyyət səviyyəsində
dinə yanlış münasibət də həmin
yanlışın müəlliflərinə yaxşı nəsnə
vəd edə bilməz.
Obrazlı ifadə
eləsək, dinin xeyir-duasını almayan, mayası ateizmdən
yoğurulan dövlətçiliklərin sonu yaxşı
olmayıb, olmayacaq. Bu mənada din-dövlət münasibətləri
çağdaş dövrümüzdə də öz
sanbalını saxlayır. Bəs konkret olaraq Azərbaycan
çapında, Dağlıq Qarabağ, işğal kimi
ağır problemlərimizin mövcudluğunda bu münasibətlər
necə tənzimlənməli, dövlətin din siyasəti
necə olmalıdır ki, sinxronluq kəsb eləsin?
Yəni həm inanclı kəsim razı
qalsın, həm də milli maraqlar zədə almasın? Məsələdə
ruhaniyyətin üzərinə düşən missiya nədən
ibarət olmalıdır bəs? Burdaca vurğulayaq ki, azərbaycançılığın
təməl sütunlarından biri İslamdır. Söhbət
əlbəttə ki, hər cür ekstremizmdən uzaq tutulan,
modern və saf İslamdan gedir.
Elə isə dövlətin, onun sabitliyinin təməl
qarantlarından sayılan bu faktoru - tolerantlıq amilini
güclü, dayanıqlı eləməyin hansısa resepti
varmı? Onu da nəzərə alanda ki, Azərbaycan iki
böyük sivilizasiyasının - müsəlman və
xristian dünyasının qovşağında yerləşir
və ölkəmizdə bir sıra qlobal və regional
güclərin geosiyasi maraqları toqquşur, o zaman toxunulan
mövzunun önəmi qat-qat böyük görünər.
Suriyadakı savaşda gənc azərbaycanlı
dindarların ölüm xəbərlərinin gəlməsi
fonunda mövzu xüsusilə aktuallıq kəsb edir. Söhbət
Azərbaycanın genofondunu təmsil edən vətəndaşlarımızdan,
onların burdakı ailə üzvlərinin taleyindən gedirsə,
o zaman aşağıdakı sual bir daha
çılpaqlığı ilə gündəmə gəlir:
DİN
dövlətdən ayrıdırmı, ayrı
olmalıdırmı?
Başqa sözlə, dövlət artıq
onun milli maraqlarına birbaşa təsir edən məsələyə,
din-dövlət münasibətlərinin böhranlı təzahürünə
qarşı hansı gərəkən addımları
atmalıdır? Ölkənin ictimai, o sırada dini təsisatları,
digər vətəndaş institutları, habelə nüfuzlu
din xadimləri, siyasi və ekspert dairələri məsələ
ətrafında nə düşünür?
Bu mövzuda fikirlərini öyrəndiyimiz
ilahiyyatçı-alim, Dini Etiqad və Vicdan
Azadlıqlarının Müdafiəsi Mərkəzinin (DEVAMM)
rəhbəri Hacı İlqar İbrahimoğlu dövlət-din
münasibətlərinin düzgün qurulmasında ilk öncə
BMT-nin İnsan Haqları Bəyannaməsinə, Avropa İnsan
Haqları və Əsas Azadlıqlarının Müdafiəsi
Konvensiyasına riayət olunmasını, vicdan
azadlıqlarının təmin edilməsini zəruri
sayır. Çünki onun qənaətincə, insan
haqlarının pozulması din sahəsində də
çoxlu problemlər yaradır və cəmiyyətdə
radikalizmi artırır.
“Təəssüf
ki, bu sahədə spekulyasiya və deformasiyalar çoxdur. Təbii
ki, hər məsələnin həlli olduğu kimi, bu problemi
də çözmək asandır. Sadəcə, siyasi iradə
tələb olunur” - deyir hüquq müdafiəçisi.
Atılacaq addımlara gəlincə, DEVAMM rəhbəri
ən əvvəl dövlətin İslam maarifi
üçün geniş imkanlar yaratmasını zəruri
sayır: “İlahiyyatçılar üçün KİV-lərdə
təbliğat imkanları təmin edilməli,
başlıcası, inanclı insanlara ögey, bolşevik
sayağı yanaşma aradan qalxmalıdır”.
Hacı İlqar eyni zamanda dünya praktikasını
nəzərə almağı tövsiyə edir: “Diqqət edək,
dünyanın əksər dövlətləri, xüsusən
də supergüclər din və mənəviyyatı dövlətçiliyin
ayrılmaz hissəsi olaraq təqdim edir. Böyük Britaniya
kimi ölkədə dövlətin başçısı
olan kral (kraliça) həm də anqlikan kilsəsinin rəhbəridir.
Rusiyanın prezidenti inauqurasiyadan sonra pravoslav kilsəsinin
patriarxından xeyir-dua alır, təntənəli moloben mərasimi
keçirilir. Bu, protokolladır, rəsmi mərasimdir.
ABŞ-da ateist insanın prezident olması qeyri-mümkün
olan məsələdir. İnternetdə axtarış versək
görərik ki, birincidən sonuncuyadək bütün
ABŞ prezidentlərinin mənsub olduqları konfessiya göstərilib.
Bunun əksi ağlasığmaz məsələdir”.
İlahiyyatçı inanclıların
marginallaşdırılmasını və ictimai həyatdan təcrid
edilməsini də milli maraqlar baxımından düzgün
hesab eləmir: “Din dövlətdən ayrıdır prinsipini
yanlış qavrayanlar, hüquqdan xəbərsiz olanlar
demaqogik çıxışlar edirlər”. Teoloqun qənaətincə,
ölkədə vicdan azadlığının tam
oturuşması üçün din insanların
şüuruna hansısa problemli kateqoriya olaraq yeridilməməli,
inanclı kəsimin mənfi obrazı
yaradılmamalıdır.
Hacı İlqar insanı fədakarlığa
motivləndirən məfkurənin məhz din, inanc
olmasını da unutmamağı məsləhət
görür: “İşğal bizim mental kodumuzu zədələyən
virusdur. Bunun müalicəsi isə dini-mənəvi dəyərlərə
qayıdışdan, İmam Hüseyn (ə) məktəbini
yaşatmaqdan keçir. Sözsüz ki,
ilahiyyatçıların da bu mövzuda üzərinə
böyük məsuliyyət düşür. Vətənpərvərliyin,
fədakarlığın, prinsipiallığın,
dürüstlüyün təbliğini məhz
ilahiyyatçılar aparmalıdır. Amma bunun
üçün müvafiq şəraitin olması şərtdir.
Bu, nə qədər tez baş versə, Xankəndində
keçiriləcək hərbi paradımızın təntənəli
sədaları da bir o qədər tez eşidilər”.
Maariflənmə,
dini dözümlülük və bir də...
Siyasi şərhçi Azər Rəşidoğlu
öz növbəsində din-dövlət münasibətlərinin
milli maraqlar zəminində tənzimlənməsi
üçün maariflənmənin rolunu önə çəkir.
O hesab edir ki, ayrı-ayrılıqda nə dini, nə də
milli maraqlar təmin oluna bilməz: “Odur ki, məsələyə
kompleks yanaşmaq lazım gəlir. Dini müstəvidə
radikallığın qarşısını almaqdan
ötrü dövlət maarifçiliyə geniş yer verməlidir.
Ölkədə dövlət-din müstəvisində yaranan
problemin kökündə dini maarifin aşağı səviyyədə
olması durur”.
Azərbaycan dindarının başqa dini cərəyanlara
qarşı tolerant olduğunu xatırladan şərhçi
eyni zamanda inanclı vətəndaşlarımızın
ateizmi yad saymasına da diqqət yönəldir: “Dünyada
islamofobiyanin inkişaf etdiyi zamanda Azərbaycanda ateist-dindar
qarşıdurması olduqca zəif təsir
bağışlayır ki, bu da insanımızın
tolerantlığının göstəricisidir”.
Son vaxtlar yaşanan mənfi proseslərə isə
Azər Rəşidoğlunun yanaşması belədir: “Bu
proseslər dövlət-din qarşıdurması kimi təqdim
oluna bilməz. Bu, bir marjinal prosesin tərkib hissəsidir. Digər
tərəfdən, ölkənin orta statistik insanı eyni
düşüncə tərzinə malikdir. Ən böyük
problem isə Dağlıq Qarabağın hələ də
işğalda olmasıdır. Bu hal hamımızı aqressiv
edib. Bunun qıcığını bir-birimizdən almaq istəyirik.
İşğal edilmiş torpaqlarımız azad olunduqdan,
demokratik vətəndaş cəmiyyəti prosesi başa
çatdıqdan sonra dini və milli maraqlar yalnız dövlət
maraqları ilə uzlaşdırılacaq”.
Analitik həmçinin inanclı insanın
dini ayinləri sərbəst şəkildə həyata
keçirmək istəyini ciddiyə almağın tərəfdarıdır.
Onun qənaətincə, Azərbaycan dindarının siyasi
iddiası mövcud deyil: “Yetər ki, vətəndaşımız
öz dini həyatını istədiyi kimi yaşaya bilsin -
heç kəsin şəxsi həyatına müdaxilə etməməklə
özünü toplumun normal üzvü saysın. Heç kəs,
o cümlədən dünyəvi həyat tərzi keçirənlər
ona ”ikinci növ" insan kimi yanaşmasın. Bu haqqı əlindən
alındıqda inanclı insanımız radikallaşmağa
meylli olur".
Rəşidoğlu dini müstəvidə
maarifçiliyin aparılmasının dövlətin
maraqlarına xidmət etdiyinə əmindir. Əks təqdirdə,
onun fikrincə, radikal və az bilikli insanlar inanclı kəsimi
öz siyasətlərinə qurban edə bilərlər...
* * *
Bu qurbanlar əslində neçə
vaxtdır Suriya olayları fonunda özünü göstərməkdə,
baş verənlər cəmiyyəti və dövləti gərginlikdə
saxlamaqdadır. Suriyadan gələn gənc vətəndaşlarımızın
ölüm xəbərləri bir daha dövlətin, onun
elektron təbliğat vasitələrinin, ələlxüsus
TV-nin əvəzsiz imkanları fonunda dini maariflənmə
işinin gecikməsinin doğura biləcəyi ağır fəsadlar
haqda toplumumuzu xəbərdar edir; Azərbaycanın “Kərbəlası”
Qarabağda ikən, şəhidlik üçün
ünvanın niyə uzaqlarda axtarılması barədə
suala təcili cavab axtarışı tələb edir.
Yekun yerinə:
Bir neçə il öncə 22 yaşlı
Mübariz İbrahimov gerçək bir mömin olaraq, ən əvvəl
öz imanının diktəsi ilə, Allah və mənəviyyat
adına şücaət göstərdi, ərazi
bütövlüyümüz uğrunda döyüşə atılaraq
şəhidlik zirvəsinə yüksəldi. Deməli, Vətən
sevgisinin, din-dövlət münasibətlərinin milli
maraqlarımız müstəvisində formalaşmasında
ailənin, məktəbin, tərbiyənin rolu da
danılmazdır.
Bu rolu gücləndirmək vəzifəsi yenə
ən əvvəl dövlətin aidiyyəti strukturlarının,
o cümlədən Dini Komitənin üzərinə
düşür. Şəksiz ki, məsələdə
nüfuzlu və savadlı xadimləri də öz
sözünü deməlidir - ən azından Silahlı
Qüvvələrimizdə MÜBARİZ
qıtlığı yaşanmaması üçün...
Zahid
SƏFƏROĞLU
P.S.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün.
Yeni
Müsavat.- 2014.- 11 mart.- S.15.