“Ölkədə
sazı daha çox hədiyyə
alırlar”
Usta Murad Kövrək: “Son illər saza maraq artıb”
Onlar
hər toxunuşda bir qeyri-adilik yaradırlar. Ən adi
əşyalara sevgi ilə yanaşır, yaratdıqlarına qayğı
göstərir və qoruyurlar. Gördükləri işlərlə tarixi yaşadır, keçmişimizi bu günümüzə gətirir
və sabaha çatdırmaq ümidi ilə çalışırlar.
Onlar keçmişi əsərlərində
yaşadan sənətkarlardır.
“Sənətkar” rubrikasında elə həmin sənətkarlardan
bəhs edəcəyik.
Budəfəki
müsahibimiz saz ustasıdır- sazbənd
Murad. Onu bir vaxtlar aşıq Murad, Murad Kövrək
deyə çağırıblar,
ancaq indi aşıqlıq etmir, sadəcə saz düzəldir. Emalatxanası paytaxtın Nizami rayonunda, gözdən uzaq bir yerdədir,
təmirsiz, kiçik
bir otaq. Usta burada 20 ildən çoxdur ki, saz düzəldir. Usta deyir ki, bura
kirayə deyil, sənəti sevən biri hədiyyə edib ona bu
yeri: “İşıq pulunu da onlar
ödəyirlər, sənətə
görə hörmət
edirlər. İndi bu
yerlər təmir olunur, bu otağı
da edəcəklər”.
Usta deyir ki,
qırx ildir sazbəndliklə məşğuldur
və bu müddətin iyirmi ili Bakının
payına düşür:
“Sazı təmir də edirəm. Adətən
üzü və telləri xarab olur, dəyişirik”.
Usta hazırladığı sazları
müxtəlif qiymətə
təklif edir-150 manatdan
400 manata qədər.
Yüz əlli manata kiçik sazlardır və daha çox uşaqlar üçün
nəzərdə tutulub:
“Qiymət materialdan asılıdır, ağac
bahadır, tapılmır.
Ağacı Borçalıdan gətirirəm, tut ağacıdır.
Buradakı ağaclar yaxşı
səs vermir”.
Murad usta deyir
ki, əvvəllər
aşıqlıq da edib və əla
toy aparıb, amma indi yaş o yaş deyil: “Aşıq Hüseyn Saraclı mənim ustadımdır. Əvvəl aşıqlıq da etmişəm, indi sazbəndlik sənəti ilə məşğulam. Elə ustadımdan
öyrəndim, sazbənd
deyildi, amma bacarırdı işləməyi.
Mən də ağac ustası idim, tez götürdüm bu sənəti”.
Hazırda ustanın
tələbələri var,
həm saz düzəltməyi, həm
də saz çalmağı öyrənirlər:
“Öyrənirlər, gedib
özləri sazbəndliklə
məşğul olurlar.
Mənə çətin deyil
bu sənət, bu toza öyrənmişəm,
qırx ildir. Ancaq çox deyil tələbələrim, var,
özləri sərbəst
ustalıq edənləri
də var. Əsas tələbələrim Gürcüstandadır,
daha çox orada işləyirlər.
Bura mərkəzdir, ona görə Borçalıda
qalmadım, işləməyə
bura gəldim. Şagirdlərim davam etdirirlər
işimi orada. Borçalı toyları sazsız
keçməz, burada elə deyil. Saz çalmağı hazırda
iki uşağa öyrədirəm- 9-10 yaşlarında.
Hazırda ancaq dost, qohum toyuna gedib
saz çalıram, oxuyuram, yad toya
getmirəm”.
Ustanın hazırladığı
sazların müştəriləri
isə az
deyil: “Əsas hədiyyə alırlar. Uşaqları üçün saz düzətdirənlər
var, özləri üçün alanlar da var, kiməsə
hədiyyə alanlar da. Daha çox hədiyyə
alırlar. Saza maraq
artıb son illər.
İrandan, Türkiyədən müştərilərim olur”.
Usta təmirə gətirilən
sədəfli sazı
da göstərir: “Bax, sədəfli saz təmirə gəlib. Köhnə, qədim sazdır,
yüz yaşı olar. Sədəfləri tökülüb, ciddi təmirə ehtiyac var, təmir
yarım ay çəkər”.
Murad usta deyir
ki, kiçik uşaqlar üçün
qaz hazırlamasının
səbəbi keçmişi,
sənəti yaşatmaq
istəyidir: “Belə ustalar azdır.
Bunun
üçün gərək
sənətdə böyük
zəhmət çəkəsən. Mən cavanlıqdan zəhmət çəkmişəm.
Keçmişi, bu sənəti
yaşatmaq istəyirəm. Dədə-babalarımız
ağac ustası olub.
Qaşıq, çömçə, xəmir təknəsi kimi əşyaları o zaman ağacdan düzəldirdilər.
Mən uşaqlar üçün kiçik
saz düzəldirəm ki,
sənətə uşaqlıqdan həvəs yaransın, bu sənət yaşasın. Çox
usta belə etmir, çünki kiçik
sazın hazırlanması da böyük saz kimi çox vaxt aparır. Saz almağa gələnləri də başa düşməyə
çalışıram, birinin pulu az olur,
birinin çox.
Razılaşıram. Tələbələrim də nə
versə, razılaşıram, nəyə gücü
çatır, hörmət edir”.
Son olaraq ustadan soruşuruq: “Sazla çörək qazanmaq
olurmu?”. “Olur, əlbəttə,
olur”,- deyir,-
“Min bərəkət. Başqa gəlir
yerim yoxdur. Hər işim sazdan aşır. Rəhmətlik Hüseyn Arifə deyirdim ki, itim
pişiyim də saza baxır. Yəni əlimizdən düşən
çörəyi də
onlar yeyir. Şükür olsun”.
Röya
RƏFİYEVA
Müsavat .- 2014.- 15 mart.- S.14.