Trabzon – masmavi, yamyaşıl vadi
Türkiyə insanı ilə Azərbaycan
insanını fərqləndirən
ən başlıca səbəb gələcəyə
münasibətlə bağlıdır
(II hissə)
Ötən reportajda Trabzonun
tarixinə qısa ekskurs etmişdik. Onu da deyək ki, bu torpaqlarda sadaladığımız
tarixi olaylara aid yüzlərlə nişanələr var.
Xristianlığının ilk yayıldığı ərazilərdən
olan Trabzonda Santa Maria Kilisəsi, Sümela Manastırı,
Kaymaklı Manastırı, Kızlar Manastırı, Gregorios
Peristera (Hızır İlyas) Manastı xristian tarixinin ən
önəmli abidələri kimi bu gün də qorunur.
Ümumiyyətlə şəhər və çevrəsində
saysız tarixi abidələr var. Trabzon qalası, Paşa
hamamı, Səkkiz dirəkli hamam, Abdullah Paşa
çeşməsi, Gülbahar Hatun Türbəsi, Zagnos
Paşa körpüsü, Akça Kale, Musa Paşa Camesi,
Tavanlı Came, Orta Hisar evləri bu abidələrdən
yalnız bir neçəsidir.
Ülküçülərin toplantı keçirdiyi
“Cephanelik” də tarixi abidədir. Buradakı İrene
qülləsi də xristian abidəsidir. Trabzon
imperotriçəsi İrene qülləni 1340-1341-cü illərdə
Trabzon aristokratiyasının toplantı yeri kimi tikdirib. Osmanlı-rus savaşında silah anbarı kimi istifadə
edildiyindən xalq arasında bura “Cəbhanəlik” – silah
anbarı deyilib. Bu gün toplantı,
toy-nişan salonu kimi istifadə edilsə də adı dəyişdirilməyib.
Dünyanın ən məşhur manastırlarından
biri Sümela Manastırı, Trabzonun Maçka ilçəsindədi. Qaradağin ətəklərində
sərt, şiş qayalar üzərində tikilər
Sümela Manastırına xalq arasında Məryəm Ana
deyilir. Turizmçilər deyir ki, Çal
Mağarasını, Sera Gölünü, Altındərə
Vadisini, Akçaabatı, Maçkanı görmədən
Trabzondan getmək günahdı. İnşallah
yazana da, oxuyana da yamyaşıl vadidə yerləşən bu
təkrarsız mənzərələri görmək qismət
olsun.
Qara dəniz sahilində kilometrlərlə uzanan bulvar
salınıb.
Dənizin sahili sal qayalarla, balıqqulağı
ilə əhatəlidir. Qara dənizin
masmavi rəngi, dalğaların nəhəng yosunlu qayalara
çırpılaraq yaratdığı səs,
görüntü bir neçə dəqiqəyə aylarla
yığılıb qalan stresi atmağa yetir. Dənizə dönüşdə
xırçınlanan, xırda köpüklərə dönən
sular beyindəki ağırlığı da yuyub aparır
sanki. Bələdçim Anıl deyir ki,
bir ay sonra çimərlik sezonu başlayacaq, əhali sərinləmək
üçün sahilə axışacaq. Qara
dənizin sahilləri Xəzərinkindən tam fərqlidir.
Burada qum anlayışı yoxdur. Sal qayalar sahildən dənizə girişə imkan
vermir. Buna görə də sahilboyu dənizə
girişi mümkün etmək üçün yüzlərlə
kiçik süni buxta salınıb. İnsanlar
dənizə buradan baş vurur. Xəzərdəki
kimi suya addım-addım dalmaq mümkün deyil, mütləq
suya baş vurmalısan. Dənizin insan
üçün təhlükəsiz dərinliklərinə qədər
uzanan bu çınqıllı buxtalarda Türkiyə
insanının bayraq sevgisi də yer alıb. Bütün buxtaların dənizə birləşən
son ucunda dövlət bayraqları dirəkləri var.
Allahın rəng məsələsində lütfünü əsirgəmədiyi
bu yerlərdə dənizin mavisi ilə Türkiyə
bayrağının qan qırmızısı rənglərin
ən gözəl buluşma mənzərələrindən
birini yaradır.
Bu nəhənglikdə dənizin Trabzon mətbəxi
üzərində etkisi də təbii, elə dənizin
özü qədər böyükdü. İldə
yüz minlərlə ton çıxarılan Qara dəniz
hamsisindən bu yörənin mətbəxində nələr
hazırlanmır ki? Qızartmadan,
sırdaq dediyimiz göyərtili, turşulu buğlamaya qədər
ürəyiniz nə istəsə. Pendir-çörək
Azərbaycan kəndlisi üçün nə anlama gəlirsə,
Qara dəniz insanı üçün balıq-çörək
o anlamı daşıyır. Çörəyi
burada həm də qarğıdalı unudun bişirirlər.
Ola bilər bu, ərazidə tarix boyu yaşanan
buğda problemi ilə də bağlıdır. Nəm torpaqlar buğda yetişdirmir. Qarğıdalı unundan hazırlanan şah yemək
isə quymaqdır. Bu yemək vizual olaraq
bizim bildiyimiz quymağa heç bənzəmir. Şəkər yerinə içərisində
xüsusi pendir var. Qaşığı quymağa vurmaq hələ
o demək deyil ki, bir saniyədən sonra quymağın
dadını biləcəksiz. Pendirin
yaratdığı saqqızvari özəlliyə görə
quymaq asanlıqla “təslim” olmur. Bunun
üçün bir əlinizdə qaşıq, bir əlinizdə
bıçaq ciddi mübarizə aparmalısız.
Türk mətbəxinin
ən yayğın şorbalarından olan mərcimək
şorbası burda az yeyilir. Trabzonunku
qara kələm şorbasıdır. Qarayaçalan
bənövşəyi rəngdə olan kələm
şorbası ukraynalıların borşunu xatırladır.
Trabzonlular şənlik sevəndir. Qara dəniz
bölgəsinin adı çəkiləndə ağla həm
də tuluğ, qaval, kamança, iri davul, zurna, horon,
kolbasdı gəlir. Xalq rəqsi olan horonun
bu yerlərdə saysız çeşidləri var. Bu gün də
bölgədəki şənlikləri, toyları Qara dəniz
yallısı – horon olmadan təsəvvür etmək mümkün
deyil. Toy demişkən,
ülküçülərin toplantı keçirdiyi məkanda
2 saat sonra Mərvə ilə Həsənin toyu
başlayacaqdı. Trabzonun yeni
toylarının özəlliyi odur ki, bəy günorta
saatlarında gəlini bir neçə yaxın qohumu, dostu ilə
evindən alıb gəzməyə çıxır. Şəhər turundan, fotosessiyadan, fotonun yeni
üsulu selfie-dən (özçəkim) sonra gəlinlə bəy
toy zalında qonaqları qəbul etməyə başlayır.
Hər halda biz gördüyümüz toyda elə
idi. Mərvə ilə Həsənə
xoşbəxtlik arzulaya bilsək də toyda iştirak
mümkün olmadı. Toy başlayan
saatlarda Trabzon uçağı bizi alıb sultanlar şəhəri,
şəhərlər sultanı İstanbula yol alacaqdı.
Yoxsa, kolbastıya olmasa da, horona qoşulmaq
şansımızı sınaqdan keçirəcəkdik.
***
Zaman keçdikcə adətlərə yeniliklər gəlsə
də, yörə xalqı gələnəklərə sədaqətlidi. Gəlinxanım
deyir ki, ötən gecə xınayaxdı, Anadolulu
qardaşlarımızın təbirincə desək xına
gecəsi olub. Qızlar onun başına
toplaşıb “uçan quşlara da malum olsun, bən annemi
özlədim” oxuyub Mərvəni o ki var ağladıblar.
Kişilər isə bəy evində toplaşıb
yeyib içib şadlanıblar. Anadolu
toylarında canlı musiqi olsa da müğənni olmur. Bizim ağız büzdüyümüz “cansız”
musiqi burada sıradan toy olayıdır. Davul-zurnadan
yoruldunmu, bir bilgisayarı internetə qoş, toyda Qara dənizin
ünlü müğənnisi Volkan Konak yox, lap Sibel Can, ya da
Castin Biber oxusun. Seçim sərbəstdi.
Seçim demiş, Trabzonlularla imkan daxilində
qarşıdan gələn 10 avqust seçkilərindən də
danışdıq. Əhali AKP iqtidarının hələ
qarşıdakı illərdə də Türkiyəyə
hakimlik edəcəyini düşünür. Sonuncu 30 mart bələdiyyə seçkilərində
ana müxalifət Cümhuriyyət Xalq Partiyası bələdiyyə
başqanlığını hakim AKP-yə qapdırıb.
Trabzonlular “qapdırmaq” məsələsinin arxasında CHP-nin zəifliyini yox, AKP-nin
seçki saxtakarlığının
dayandığını deyir. Söhbət
etdiyimiz bir neçə nəfərin sözlərinə
görə, seçkiləri müşahidə etmək istəsələr
də AKP-lilər buna mane olub. Xüsusən
səslərin sayılması zamanı. Hətta
seçkidə AKP-nin səs ala bilməyəcəyi məhəllələrdə
bir neçə seçki qutusunun tamamilə dəyişdirildiyini
deyənlər var. Vətəndaş deyir ki,
gözünün qarşısında seçki qutusunu səsvermə
keçirilən binanın başqa bir otağına aparıb
onun yerinə “hazır” qutu gətirib qoyublar. Yəni
anlayacağınız AKP YAP kimi qutuya saxta bülleten doldurmur,
qutunun özünü dəyişdirir. Hakim
partiyanın “Ağanəzərəm, belə gəzərəm”
davranışları əhalini siyasətdən soyudub. Bir zamanlar ülküçü cameənin ən
güclü dayaq nöqtələrindən olan Trabzonda bu
gün durum elə Azərbaycan müxalifətinin durumuna bənzəyir.
Müxalif liderlərin fikirləri insanların
könlündəkini ifadə etsə də insanlar fəal
mübarizəyə meylli deyil. Söhbət
etdiyimiz insanlar deyir ki, baş nazir Rəcəb Tayyib
Ərdoğan Qaradənizli, Rizəli olduğu
üçün hakim AKP-nin hər nə yolla olur-olsun bu
bölgədə partiyanın qələbəsini təmin etməsi
şərtdir. Yerlilərinin dəstək vermədiyi
siyasətçini kim dəstəkləyər
ki?
Amma bütün siyasi gərginliklərə,
açıq və qapalı çəkişmələrə
baxmayaraq insanlarda gələcəyə bir ümid var. Azərbaycan
cəmiyyəti ilə Türkiyə cəmiyyəti
arasındakı əsas fərq də deyəsən elə
budur. Kəndlisi olsun, şəhərlisi olsun,
insanların hamısının öz ölkələrinin gələcəyinə
inamı sonsuzdur. Kürd məsələsində
isə qaradənizlilər çox prinsipialdırlar. Kürdlərin Türkiyəni parçalamaq cəhdlərinin
qarşısında canlarını sipər etməyə
çəkinməyəcəklərini deyirlər.
Fikrini soruşduğum yaşlı bir trabzonlu yerdən bir qəmbər
götürüb dedi ki, “Türkiyədən heç bunu da
qopara bilməzlər”. İstəməyən,
kor olsun.
***
Bir qədər də şəhərin bugünündən
danışmaq istəyirik. Bura çox gözəl coğrafi
mövqedə yerləşsə də problemləri də az deyil. Problemlərin başında isə təbii
coğrafi mühitlə bağlı insanların səhhətində
yaşanan rahatsızlıqlar gəlir. Qara
dəniz bölgəsinin digər əraziləri kimi buralarda
da havanın nəmliyi çox yüksəkdir. Ona
görə də Trabzonda qum
anlayışı yoxdur. 4 mövsümün
dördündə də yağan yağışlar
torpağı qurumağa qoymur. Havadakı
nəm insanlarda çoxsaylı sümük xəstəliklərinin
yaranmasına səbəb olur. Trabzon Şəkiyə
həm də içməli su sarıdan da bənzəyir.
Eynən Azərbaycanın quzey
torpaqlarındakı kimi burada da içməli suda kalsium
çatışmazlığı var. Türkiyə Səhiyyə
Nazirliyinin açıqladıqları hesabatlarda Qara dəniz
rayonu revmatizm başda saysız sümük xəstəliklərinin,
eləcə də xərçəngin ən yayğın
olduğu rayon kimi göstərilir.
Şəhər davamlı olaraq dəyişir, yenilənir. Köhnə
evləri yeniləri əvəz edir, bulvar tikintisi davam edir.
Trabzon “Hacıbalası”nın sahil boyu
palmalar əkdirməsini isə əhali bir az gülüş,
bir az rişxəndlə qarşılayıb. Saysız
bitki çeşidi olan vadiyə Afrikaya özəl bitkinin əkilməsini
insanlar zövqsüzlük və israf kimi qəbul edir.
Trabzon gəncliyinin ürəyi isə
İstanbuldadı. Anıl deyir ki, universiteti bitirib evlənəcək
və İstanbula köçəcək. Səbəb
iş yeri problemidir. İşsiz-gücsüz gəncliyin
ən böyük həyəcanı isə “Trabzonspor” futbol
komandasının oyunları ilə bağlıdır. Trabzonda insanlara bu komandanın azarkeş olduğunuzu
desəz, axan sular durular.
Bulvarda üzərinə Türkiyə bayrağı
örtülən bir maşın gördük. Fateh adlı gənci
ailəsi əsgərliyə yola salırdı. Bütün əsgərlərin Vətən borcunu
şərəflə yerinə yetirib sağ-salamat obasına
dönüşünü uca Allahdan təvəqqe edirik.
Yenidən hava limanındayıq. Bir azdan uçaq Qara dənizin
bu başından o başına yol alacaq, Trabzonun
ucsuz-bucaqsız yamyaşıl vadilərini bir daha yüksəklikdən
görmək nəsib olacaq. Hər çağında
may ayındakı kimi gözəl, canlı qal, Trabzon.
Aygün Muradxanlı
Yeni Müsavat.-
2014.- 8 may.- S.13.