Laçınsız 22 il
Arif Paşa:
“Biz o torpaqlara,
o torpaqları işğal
edən murdar və
namərd
düşmən meyitlərinin üstündən adlayaraq ayaq
basacağıq”
Azərbaycanın
ayrılmaz bir böyük hissəsi olan Laçın rayonunun
Ermənistan ordusu və onların havadarları olan sovet hərbi
birləşmələri tərəfindən işğal
olunmasından 22 il ötür. 1992-ci ilin 18 mayında
işğal olunan 1835 kv.km-lik Laçın o zaman bir şəhər,
bir qəsəbə (Qayğı qəsəbəsi) və 125
kənddən ibarət idi. Azərbaycanın cənub-qərbində,
dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər,
şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan
Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəd
olan Laçın rayon mərkəzinin Bakı şəhəri
ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir
yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir. Bu
gün Laçının 80 minə yaxın əhalisi didərgin
həyatı yaşayır öz vətənində.
15 may 1959-cu ildə Laçın şəhərində
anadan olan və bu günlərdə ömrünün 55
illiyini tamamlayan Birinci Qarabağ müharibəsi dövründə
Laçın Özünümüdafiə Polkunun komandiri olan
Arif Paşa ilə elə Laçın söhbəti etdik.
- Arif bəy, mayın 15-də sizin 55 yaşınız tamam oldu. Öncə bu ağrılı işğal tarixi ilə üst-üstə düşən yubileyinizi təbrik edirəm. Nə qədər acı da olsa, yaxın keçmişə qayıtmağımız lazım gəlir. 1992-ci ildə elə sizin ad gününüzdən iki gün sonra Laçın işğal olundu. 55 ilin 22 ilini Laçınsız yaşamaq sizinçün nə deməkdir?
-
Laçını və laçınlıları sözlə
tanıtmaq mümkün deyil...
Özünəməxsus landşaftı, əxlaqi dəyərləri,
mədəniyyəti, gendən gəlmə tolerant
xüsusiyyətləri ilə yanaşı, yalana,
nankorluğa, harama,
düşmənə amansız münasibət Laçın əxlaqının
səciyyəvi
xüsusiyyəti idi. Laçın türk əxlaqının bütün
dəyərlərini özündə ehtiva
edən bir türk yurdudur! Laçın türk-kürd
qardaşlığının nümunəsini dünyaya
qardaşlıq və tolerantlıq dərsi kimi
təqdim etməyi bacaran bir
oba idi... Mən o vaxtların məhkəməsində dedim: Ayağımın altında
ayaqqabımın altı qədər Laçın
torpağı olsaydı, siz mənimlə
belə davrana bilməzdiniz! İndi siz deyin,
Laçınsız yaşamaq mənim ucun nə deməkdir?!
- Laçında sonuncu ad gününüz yadınızdadırmı? Bəlkə həmin günü bir xatırlayasınız. 1992-ci ildəki doğum gününüzü necə, təbrik edən oldumu həmin gün?
- 1992-ci ildə mənim - bütün səlahiyyətləri namərdcəsinə əlindən alınmış bir komandirin ad gününü mən yox, mənim əsgərlərim Ermənistan Respublikası tərəfdən endirilən zərbələrə layiqincə cavab verməklə qeyd etdilər. Bu mənim üçün yeganə və ən böyük təbrik idi!
- Üstündən illər keçəndən sonra ənənəvi suala sizin cavabınızı istərdim, Laçın işğalmı olundu, satıldımı, xəyanətinmi qurbanı oldu? Həmin gün Laçındakı hərbi sursat, texnika, canlı qüvvə rayonun müdafiəsi üçün yetərli idimi?
- Krım
olaylarından sonra mən hadisələrə
nisbətən başqa bucaq
altında baxdım. Baxmayaraq ki, biz hadisələrin
mahiyyətindən kifayət qədər xəbərdarıq.
Mifik “dünya birliyi”nə
o vaxt çox
inam var idi... Xəyanətin, satqınlığın
olduğu yerdə silah-sursatın, eləcə
də əsgəri qüvvənin kəmiyyət və keyfiyyəti
heç nəyi həll etmir.
Qısaca bir şeyi
deyə bilərəm: Laçın alayı ləğv
olunmasaydı və Laçına kənar qüvvələr
müdaxilə etməsəydi hadisələrin gedişi fərqli məcrada ola
bilərdi. Söhbət hərbi qələbədən getmir. Məhz fərqli məcrada! Ermənilər
Şuşa şəhərinə təqribən
8 min nəfərdən yuxarı əsgəri
qüvvə ilə hücum etmişdilər.
Laçına hücum zamanı bu qüvvələrə, Ermənistan tərəfdən
sayı 2500 nəfərdən yuxarı şəxsi heyəti
və 55 zirehli texnikası olan
“Davud Sasunski” alayı
da qoşuldu. Qüvvələr
nisbəti bütün parametrlər
üzrə ?-in 1/5-ə
nisbətində ermənilərin xeyrinə olmuşdu.
Amma relyefinin və bizim qabaqcadan gördüyümüz tədbirlərin
yaratdığı üstünlüklər bu
qüvvələri enmək üçün
real imkanımız olduğunu
deməyə əsas verirdi.
- Laçındakı son döyüşü necə xatırlayırsınız? Döyüş səhnələrindən ən dəhşətlisi yadınızdadırmı?
“Mən öz
yurduma düşmənin dəvəti və
ya icazəsi
ilə getmərəm - bu, artıq şərəf məsələsidir”
- Belə səhnələr bir komandir kimi mənimçün çox olub. Komandirin qayğıları və məsuliyyəti çox böyükdür. Normal komandir üçün tabeliyində olanlar onun övladlarıdır. Onları göndərdiyim hər bir döyüş, onları itirmək düşüncəsi baxımından mənim üçün çox ağır olub.
- Zaman-zaman Qarabağ məsələsinin həll variantları təklif olunub, amma Laçın hər zaman alver predmeti olub vasitəçilərin əlində. Son vaxtlar da Laçının dəhliz olaraq ermənilərin istifadəsində saxlanılması barədə danışıldı. Siz Laçından güzəşt edilməsini mümkün sayırsınızmı?
- Torpaqların “sülh yolu ilə
qaytarılması” ifadəsinin özü
yetərincə sadəlövh yanaşma təəssüratı
yaradır. Yaxşı bir söz
var: Özünün
inanmadıqlarına, özgələri inandırmağa
çalışma! Azərbaycanda torpaqların sülh yolu ilə qaytarılacağına
bir nəfər də olsun
inanan yoxdur - istər
rəsmi, istərsə də qeyri rəsmi
səviyyədə! Laçınlı laçınsız Vətən
torpaqlarının taleyinə münasibətdə özünü aldatma
taktikası perspektivsizdir... Divarın qurtaran vaxtı var. Laçın azərbaycanlıların, o cümlədən
laçınlıların iradəsindən kənar
münasibətlər predmeti ola bilməz. Ötən illərdə mən
də daxil olmaqla
Laçının işğalı ilə barışmayacaq adamlar təzyiqlərə məruz qalıb.
Amma kimsə bunlardan
çəkinib Laçının işğalı ilə
barışmayacağımızı düşünürsə,
səhv edir...
- Bu günlərdə Ukraynada ehtiyatda olan 20 min zabit orduya qayıtmaq üçün müraciət etdi. Azərbaycanda da belə təşəbbüslər var. Siz keçmiş hərbçilərin təcrübəsindən istifadə olunması ilə bağlı nə təklif edirsiniz?
- Mən təmas xətti
boyu səngərlər qazdırardım.
Torpaqlarımızın heç vaxt düşmən tərəfindən
işğalına yol verməyəcək
səngərlər!
- Laçın və ümumiyyətlə, işğal olunmuş ərazilərdə partizan müharibəsinə başlanılması barədə təşəbbüslərə döyüş təcrübəsi olan şəxs kimi nə deyə bilərsiniz?
- İşğal
altındakı ərazilərimiz partizan
döyüşlərinin aparılmasının effektivliyi baxımından orta
qiymətlə qiymətləndirilsə də, bu,
vacib və zəruri məsələlərdəndir.
Nizami ordunun əsas zərbə
istiqamətlərində xüsusi partizan (təxribat) qruplarının, ilkin effektiv zəmin
yaratması baxımından fəaliyyəti çox
lazımlıdır. Mən kifayət qədər qısa və
örtülü ifadə etməyə
çalışıram...
Çox az ölkə Azərbaycan
kimi praktik döyüş təcrübəsinə malik kontingentə sahibdir. Bu insanların döyüşkənlik
parametrləri ilə indiki təchizat-təminat
və s. məsələləri birləşdirə
bilsək, möhtəşəm və çox
şeyə qadir hərbi
imkanlarımız barəsində danışa bilərik...
- Vaxtaşırı ermənilərin Laçında məskunlaşmasından, Azərbaycanın tarixi torpaqlarında kef məclisləri qurmasından bəhs olunan videokadrlar yayımlanır. Bu zaman bir laçınlı, keçmiş döyüşçü kimi hansı hissləri keçirirsiniz?
- Özümü
pis hiss edirəm! Sənin,
mənim, onun tikdiyi
evlərdə - başqasının Vətənində,
başqasının yurdunda,
başqasının evində oturub,
başqasının haqqına sahib olmaq iddiasında olan bədbəxtlər
özlərini daha pis
hiss etməlidirlər. Bu
torpaq nə vaxtsa oraya qan-qada ilə
girmişlərin məzarına çevriləcək!
- Gürcüstanın Marneuli rayonunun Təkəli kəndində sülh bazarının açılması istiqamətində proses aparılır. Siz ermənilərlə belə layihələrin aparılmasına necə baxırsınız?
- Əgər biz erməni torpaqlarını işğal
etmiş olsaydıq, mən bu “sülh bazarı” layihəsinə
müsbət baxa bilərdim. Biz ermənilərlə eyni
güclü vəziyyətə sahib olsaydıq, onda da bu qəbul olunan idi. Biz
torpaqları işğal olunmuş,
onlar isə işğal
edən tərəfdir. Bu layihə
onların xeyrinə olacaq. Torpaqların
qaytarılmasından sonra belə layihələrin
reallaşmasından danışmaq olar ...
- Dəvət olsa, Laçına getmək, oradakı ev-eşiyinizə baxmaq istərdinizmi?
- Yox, gedib baxmaq istəməzdim! Mən öz
yurduma düşmənin dəvəti və
ya icazəsi ilə getmərəm - bu, artıq şərəf məsələsidir!
Biz o torpaqlara,
o torpaqları işğal
edən murdar və namərd düşmən
meyitlərinin üstündən adlayaraq ayaq basacağıq!
Bu günlərdə sosial şəbəkədə Arif Paşanın bir statusunu oxudum. Keçmiş döyüşçü acı və maraqlı bir tarixçədən bəhs edib: “1989-cu ildə elimizin ağsaqqalı Seyid Səttar ağa ilə görüşüb Laçında məscid tikilməsi üçün fəaliyyət göstərməyi xahiş etdim. Bununla əlaqədar Seyid Səttar ağanın rəhbərliyi ilə bir komissiya da yaratdıq. Məscid tikiləcək ərazini müəyyənləşdirib lazımi sənədləşmə işlərini həll etdik, hətta əraziyə müəyyən qədər inşaat materialı da yığa bildik. Laçının itirilməsi ilə bu niyyətimizin də üstündən xətt çəkildi...”
Özü ixtisasca mühəndis-inşaatçı olan Arif Paşa indi həm də o arzudadır ki, azad olunmuş Laçına qayıtsın, təbii ki, özünün də qatıldığı savaşlardan sonra və tikintisi yarımçıq qalmış məscidin inşasına başlasın...
Yeni
Müsavat.- 2014.- 18 may.- S.11.