Bu gün 28 may Respublika Günüdür

 

M.Ə.Rəsulzadənin  başçılıq etdiyi Milli Şuranın Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında  misilsiz xidmətləri olub

 

Azərbaycanın istiqlalının elan olunmasında və milli demokratik dövlət quruculuğu prosesində iştirak edən vətən fədailərini hörmətlə anırıq

 

1918-ci ilin mayın 26-da Seymin sonuncu iclası keçirildi və onun fəaliyyəti dayandırıldı. Seymin fəaliyyəti dayandırıldıqdan sonra 1918-ci ilin mayın 27-də Zaqafqaziya Seyminin buraxılması ilə bağlı buraya daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək, Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi (8, ¹ 100 (612), 1993). Sonra Milli Şuranın sədri seçkisinə başlanıldı. Müsavat Partiyası M. Ə. Rəsulzadənin sədrliyini irəli sürdü.

“İttihad” partiyası  istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində M. Ə. Rəsulzadə Milli Şuranın sədri seçildi. H. Ağayev və M. Seyidov Milli Şura sədrinin müavinləri seçildilər. Elə həmin iclasda Milli Şuranın doqquz nəfərdən ibarət icraiyyə orqanı yaradıldı, F. Xoyski icraiyyə orqanının sədri seçildi. İlk Azərbaycan hökumətinin  təşkili F. Xoyskiyə tapşırıldı. Yaradılan ilk hökumət aşağıdakı tərkibdə idi: “Nazirlər Şurasının sədri və Daxili İşlər naziri – F. X. Xoyski; Hərbi nazir – Xosrov bəy Sultanov, Xalq Maarifi və Maliyyə naziri – Nəsib bəy Yusifbəyli; Xarici İşlər naziri – Məmməd Həsən Hacınski; Poçt-teleqraf və yollar naziri – Xudadat bəy Məlikaslanov; Əkinçilik və əmək naziri – Əkbər ağa Şeyxülislamov; Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov; Ticarət və sənaye naziri – Məmməd Yusif Cəfərov; Dövlət naziri – Cəmo bəy Hacınski.

Mayın 28-də Milli Şuranın ilk iclasında (24 nəfərin iştirakı ilə) aşağıdakı məsələlər müzakirə edildi: 1. H. Ağayevin Yelizavetpoldakı (Gəncədəki) son hadisələr barədə məlumatı; 2. M. Ə. Rəsulzadənin Batumdan teleqramının və məktubunun oxunması; 3. Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanın vəziyyəti .

Üçüncü məsələ ilə bağlı (yəni Azərbaycanın vəziyyəti) Şura üzvü X. Xasməmmədov Azərbaycanın müstəqil respublika elan edilməsi vacibliyini bildirdi, F. Xoyski isə “yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına kimi Milli Şura hələlik Azərbaycanın istiqlaliyyətini elan etmədən ölkələrlə sülh danışığı aparmaq üçün tamhüquqlu Azərbaycan hökumətinin yaradılması ilə bağlı kifayətlənməyi”  təklif etdi. Lakin Milli Şura 22 səslə (S. M. Qəniyev və C. Axundov bitərəf qaldılar) Azərbaycan istiqlalının elanı haqqında qərardan sonra “İstiqlal Bəyannaməsi” qəbul etdi.

“İstiqlal Bəyannaməsi” (həm “Əqdnamə”, həm də Misaqi-milli” adlandırılır) altı maddədən ibarət idi:

“1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət olan  Azərbaycan dəxi kamiləl hüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cumhuriyyəti olaraq tətəqərrür edir.

3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibatı-həsənə təsisinə əzm edər.

4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qələmrovunda (hüdudu daxilində) yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.

Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan  idarəsinin başında areyiümumiyyə ilə intixab olunmuş şuraya milli və şurayi milliyə qarşı məsul hökuməti müvəqqətə durur”.

Qeyd edək ki, Azərbaycan istiqlalının elan olunması günündə Müsavat lideri M. Ə. Rəsulzadə iştirak etmirdi. Səbəbi həmin hadisə ərəfəsində onun Batuma göndərilərək, orada türklərlə danışıqlar aparması idi. Çünki Müstəqil Qafqazın Batum danışıqlarına sülh heyəti göndərərkən (M. Ə. Rəsulzadə məhz bu heyətdə idi) “Azərbaycan siyasi firqələrinin birləşmiş iclasında” Nəsib bəy Yusifbəyli “Osmanlı dövlətindən yardım istəmək zərurətini” bildirmişdi.

Azərbaycan istiqlalı elan edilməsinin məna və əhəmiyyəti böyük idi. Bu baxımdan 1918-ci ildə Azərbaycan istiqlalı Bu baxımdan 1918-ci ildə Azərbaycan istiqlalı elan edilməsinə xarici ölkə alimlərinin və tədqiqatçılarının verdiyi qiymət olduqca dəyərlidir.

Professor Qothard Coske: “28 Mayıs 1918-ci ildə elan olunan Azərbaycan İstiqlaliyyəti, Türk və Azərbaycan düşmənibəzi bədxah zümrələrin “isbata” çalışdıqları kimi, təsadüfi bir hadisə və ya işin içindən çıxa bilmək üçün verilmiş məcburi bir qərar deyildir və uzun müddətdən bəri inkişaf etməkdə olan təbii bir təkamül seyrinin son mərhələsi və nöqtəsidir”

Professor Berd Fon Mende: “Bu tarix bilavasitə onunla əlaqədar olan zümrə xaricindəkiləri əlaqədar edən böyük bir günün tarixidir. Çünki, bu sadə Qafqasiyadakı milli dövlətçilik inkişafı üçün mühüm bir təməl daşı olmaqla qalmayıb, eyni zamanda Rusiya imperatorluğunda başlayan siyasi hadisələrin seyrində milliyyət prinsipinin hakim rol oynamağa başlandığı bir günün tarixidir” .

Professor Herbert Duda: “Həqiqi millətçiliyin lüzumu ilk öncə Azərbaycanda qavrandı və bütün Türk irqdaşlarını kültür baxımından birləşdirmək məfkurəsinə orada çalışıldı” .

Professor Herbert Yanski: “1918-ci ildə rus əsiri olan türklər üçün bir istiqlal açıldı: həsrətini çəkdikləri hürriyyətə qovuşacaqlardı. Müstəqil bir dövlətin təməlini quran ilk türk yurdu Azərbaycan idi”.

Doktor Bertold Spuler: “28 Mayısın aşıladığı ruh əsrimizin hakim və mədəni insanlığın əbədi və əzəli həyat prinsipi – millətçilik ümdələrinə dayandığı üçün Azərbaycanın çalınmış istiqlalını geri almaq işində mühəqqəq tarixi rolunu müvəffəqiyyətlə ifa edəcəkdir”.

Cohannes Benzinq: “28 Mayısı doğuran Azərbaycanı necə tanımaq lazım? 28 Mayısın ilhamları haradan gəlir? Vəd olunan suallara qısa bir məqalə çərçivəsində kafi dərəcədə bir cavab vermək çətin olmaqla bərabər bəzi əsas nöqtələr təbarüz etdirilirsə, 28 Mayıs anlaşılır. Azərbaycan tarixi hər şeydən əvvəl bizə Azəri Türkünün hürriyyətə olan dərin bir sevgisini göstərməkdədir”.

Professor Tadeuş Svyatoxovski “İndiyə qədər coğrafi bir bölgənin adı olan Azərbaycan, artıq iki milyonluq bir dövlətin adı idi. Tatarlar, Transqafqaziya müsəlmanları və Qafqaziya türkləri kimi dəyişik isimlərlə anılan xalq artıq rəsmən azərbaycanlı olmuşdu”.

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə 28 May İstiqlalını mühüm hadisə adlandıraraq bu münasibətlə yazırdı: “O tarixdən bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır”.

Azərbaycan istiqlalı elan olunandan sonra Zaqafqaziya hökumətinin Batumdakı sülh danışıqları aparan heyəti parçalandı. Azərbaycan Milli Şurasının sədri  M. Ə. Rəsulzadə müstəqil Azərbaycan Cumhuriyyəti adından M. H. Hacınski (o, Xarici İşlər naziri idi) ilə birlikdə Türkiyə nümayəndəliyi ilə 1918-ci ilin iyunun 4-də dostluq haqqında müqavilə imzaladı.

İmzalanan sənədin birinci maddəsi belə idi: “Osmanlı imperatorluğu hökuməti ilə  Azərbaycan Respublikası hökuməti arasında daima sülh və möhkəm dostluq olacaqdır”.

Sənədin 4-cü maddəsində isə yazılmışdı: “Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi  öz üzərinə götürür”.

M. Ə. Rəsulzadənin  başçılıq etdiyi Milli Şuranın Azərbaycanın bir müstəqil dövlət halına gəlməsində həqiqətən böyük xidmətləri oldu.

Azərbaycan İstiqlal bəyannaməsinin altıncı maddəsində göstərildiyi kimi: “Azərbaycan idarəsinin başında Şurayi Milli  dururdu.

Azərbaycan Milli Şurası istiqlalımız uğrunda hətta özünü buraxmaq dərəcəsinədək lazım gələndə güzəştə getmişdi. Milli Şuranın istiqlal elanının ilk vaxtlarındakı mübarizəsi olduqca çətin idi. Azərbaycan daxilindəki bəzi qüvvələr Milli Şuranı ləğv etməyə çalışırdılar. Bu qüvvələr “İlhaqçılar” adı altında çıxış edərək, hökumətin buraxılaraq Nuru Paşanın yeni hökumət təşkil etməsini tələb edirdilər. M. B. Məmmədzadə yazırdı: “O, yalnız bitərəflik elan etməmiş, hökumətin və Milli Şuranın tamamilə dağılmasını və mövqeyini paşanın öz ordusu ilə təşkil edəcəyi hökumətə verməsini istəyirdi. Təşkil olunacaq bu “hökumət” isə rus çarizminin sabiq deputatları ilə şeyxülislamdan ibarət olacaqdı”.

Milli Şuranın son iclasında çıxış edən M. Ə. Rəsulzadə dedi: “Əfəndilər, hələ səhər iclasını açanda indiki şəraitin necə əhəmiyyətli olduğunu xatırlatmışdım.

Əfəndilər, demək istəyirəm ki, Azərbaycan hətta Qafqazda ən azadlıqsevər və inqilabi respublika sayılan Gürcüstandan da xoşbəxt olacaq!..”.

Vəziyyətin gərginliyini nəzərə alıb, N. Yusifbəylinin təklifi ilə Milli Şuranın 17 iyun tarixli iclasında Fətəli xan Xoyskinin ikinci kabinəsi təşkil edildi.

Bu ərəfədə, iyunun 17-də Azərbaycan Respublikası nümayəndələrinin İstanbul Beynəlxalq Konfransına (orada Mərkəz – Almaniya, Avstriya, Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz – Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) göndərilməsi müəyyənləşdi. Konfransda iştirak etmək üçün M. Ə. Rəsulzadə, X. Xasməmmədov və A. Səfikürdskidən ibarət nümayəndə heyəti təsdiq edildi. (Buraya əlavə dörd nəfər məsləhətçi və texniki heyət də daxil idi). Nümayəndə heyətinə konfrans iştirakçıları ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdi.

M. Ə. Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-də İstanbula gəldi, İstanbulun nümayəndə heyəti çox gərgin vəziyyətdə işləməli oldu. Bu vəziyyət M. Ə. Rəsulzadənin göndərdiyi məlumatda daha dəqiq ifadə olunmuşdur. M. Ə. Rəsulzadənin 1918-ci ilin avqustun 6-dakı 18 saylı məlumatında bildirilirdi: “Xarici İşlər naziri cənab Məmməd Həsən Hacınskiyə. Mən bir daha Tələt Paşa və Ənvər Paşa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər. Mən alman səfiri Bernsdorfolmla görüşdüm. Bakının neytral olması xəbərini qəzetə məlumat verən Tiflis nümayəndəliyindəki bir məmurdan öyrəndim... Hər ehtimala qarşı Bakı məsələsi əhəmiyyət kəsb edir. Azərbaycanın səlahiyyətli nümayəndəliyinin sədri – Məhəmməd Əmin Rəsulzadə”.

M. Ə. Rəsulzadə İstanbuldan yazdığı məktublarda narahatlıqla bildirirdi: “Nəyin bahasına olursa-olsun Bakını tutmaq lazımdır”.

O, Nazirlər Şurasının sədri F. Xoyskiyə göndərdiyi məktubda isə bildirirdi: “Siyasi mənzərə tamamilə dəyişib. Vilsonun prinsipləri əsasında sülh təklif edilib. Konfrans baş tutmayacaq. Ermənilər Qarabağı tələb edirlər. Avropada mütləq gecikmədən təbliğat lazımdır. Biz getməyə hazırlaşırıq. Əlimərdan bəy Avropaya gedir”.

 

Ardı 30 may sayımızda

 

Nəsiman YAQUBLU

 

Yeni Müsavat.- 2014.- 28 may.- S.5.