Çağdaş Azərbaycan jurnalistikasının

flaqmanı haqqında dost sözü

 

Çoxlarının bu gün ekrandan, radiodan və qəzetlərdən, universitet auditoriyasından yaxşı tanıdığı, təmkinli səsi ilə aram-aram danışan, fikirlərində sanki redaktə edirmiş kimi düşüncələrini bölüşən bir alicənab ziyalı insan olan Qulu Məhərrəmlini lap uşaqlıqdan tanıyıram. O, mənim üçün bu həyatda ən çox dəyər verdiyim bir şəxsiyyətdir. Onun hər bir uğurunu öz qələbəm kimi qəbul etmişəm.

İllərin zamanın axarında necə sürətlə ötüb keçdiyinin indi-indi fərqinə varıram. Bu gün çox dəyər verdiyim insanın yaşının 60-ı haqlamasını heç cürə sindirə bilmirəm. Çünki, uşaqlıq illərimdən tanıdığım və həmisə mənə böyük qardaş olmuş Qulu Məhərrəmli ilə aramızda olan səmimi münasibət və hörmət, eləcə də doğmalıqda elə bil ki, Şuşadakı illərimizdə qalmışıq...

 

Şuşalı illərimiz

 

Şuşam, onu Ana kimi sevənlərin qəlbində nostalgiyadan çox, yüksək mədəniyyəti, gözəl ab-havası və mənzərəsi, mehriban insanları və yüksək yumor hissi ilə yaddaşlarda qalıb... Azərbaycanın başqa bölgələrini deyə bilmərəm, ancaq, Şuşada uşaqlıq illərini yaşamış insanların düşüncəsi, baxışları, həyat fəlsəfəsi tamamilə fərqlidir. Şuşa bizim üçün sadəcə dünyanın və Azərbaycanımızın ən füsunkar guşəsi deyil, buranın havası, mühiti, hər şeyə zərifliklə yanaşma tərzini erkən yaşlarımızdan ürəyimizə, duyğularımıza həkk edib. Şuşada böyüyən hər bir insan yüksək mədəniyyətli, xeyirxah və səmimi insan olmaqla yanası, ağayana olar.

Şuşada üc internat məkətbi var idi. İkisi Azərbaycan, biri isə erməni dilində təhsil verərdi. Əsasən Qarabağın hər yerindən imkansız və ya çoxuşaqlı ailələrin övladları burada təhsil alırdılar. Mən və məndən böyük iki qardaşım, həmcinin, bu gün Azərbaycan jurnalistikasının ünlü isimlərindən biri olan Qulu Məhərrəmli və iki qardaşı ilə birlikdə orada böyüdük. Biz qardaşlar burada bir-birimizə qaynayıb-qarışıb doğmalaşmışdıq. Bu doğmalığı və səmimiyyəti Şuşa mühiti bütün ruhu ilə bizi ağuşuna almış bir ana kimi öyrədirdi. İnsan olmaq, azərbaycanlı kimi böyüməyi Susada mənimsəyirdik.

Onu da xatırlatmaq istəyirəm ki, bu gün özlərini zəngəzurlu sayıb Azərbaycan xalqından ayıranların hamısı qarabağlıdır. Buna şübhə edənlər Qarabağın tarixini bir də diqqətlə oxusunlar. Sovet imperiyası Ermənistanın ərazisini böyütmək üçün, Qarabağın Zəngəzur qəzasının yuxarı hissəsini Ermənistana birləşdirməklə bu iki adın arasında fərqli baxışların formalaşması siyasətini aparıb. Məhz rus imperiyasi millətimizi beləcə bölgələrə parçalayaraq, milli süurumuza zərbə vurmus və bizi millət kimi formalasmağa imkan verməmişdi. Qarabağı isə ermənilərə vermək üçün Azərbaycanda Qarabağa və qarabağlılara düşmən münasibəti formalaşdırmışdı. Yəni heç bir məntiqə uyğun olmayan “ancaq qarabağlılar gedib Qarabağı xilas etsin  fikri aşılamışdı.

Şuşanın hər qarışı bizim üçün bir cənnət guşəsi oldugu kimi, bizə təlim, təhsil və tərbiyə verən müəllimlərimiz də bizim üçün Tanrının yerdə müqəddəs insanları idi. Şuşada müəllimlərimiz bizə doğma valideynlərimiz qədər əziz və mehriban olardılar. İndi də bizə təlim-tərbiyə vermiş Aysəba, Gözəl, Mənzər, Roza, Klara müəllimələri məhəbbətlə xatırlayırıq. Bizim ədəbiyyat müəllimimiz, Şuşada Kəllə Sabir kimi tanınan Sabir Zeynalovun mənə olan atalıq qayğısını ölənə kimi unutmaram. Özümüzü ailə durumumuza görə imkansızlar sırasında saysaq da, hamımız Şuşa mühitində mənən zəngin idik və bu mühitdən heç zaman doymadıq. Dözümlü və iradəli olmaq, tərbiyəli həyat tərzi, agayana davranış, dünyanı dərk etmək sanki Şuşanın bir parçası idi. Buranın hər qarışında Nəvvabın, Üzeyir Hacıbəylinin, Əbdürrəhim Bəy Haqverdiyevin, Nəcəf Bəy Vəzirovun, Yusif Vəzir Çəmənzəminlinin ruhu şəhərin üstündə ilişib qalmışdı. Şuşa milləti, xalqı və Vətəni sevməyi bizə öyrətdi. Bu ruhun aurasında yaşamaq və böyümək mənə görə dünyanın ən ulu müqəddəslərinin şəfqətidir. Sevgi ilə yoğrulmuş şəfqəti.

 

Qarabağımızın ruhunu Bakıya daşıdıq

 

Qulu Məhərrəmli məndən dörd-beş yaş böyük olmasına baxmayaraq, sonralar Bakıda tez-tez görüşürdük. Elə Şuşada olduğu kimi. Qulu bəy Bakı Dövlət Universitetini, mən də İncəsənət İnstitutunu bitirdik. Harada çalışmağımız bizim üçün heç bir önəm daşımadı. Biz elə Şuşadakı kimi münasibətlərimizi daim mehriban və səmimi şəkildə saxladıq. İndi ötən illərimizi xatırladıqca, Qulu Məhərrəmli ilə daha çox öyünürəm. Biz həyatda nələri qazandıqsa, hamısını alın tərimizlə əldə etdik. Onun necə zəhmətkeş olduğunu çoxları hələ də bilmir. Azərbaycanda ilk dəfə 1989-cu ildə "Radiodramaturgiya dili" mövzusunda namizədlik, 2004-cü ildə "Televiziya dili" haqqında doktorluq dissertasiyasını müdafiə edib. Bununla yanaşı, Televiziya və Radio jurnalistikası üzrə professordur. Düz 29 il AzTV-də müxtəlif vəzifələrdə çalışıb. Bu illər ərzində efirdə, mətbuatda öz sözü və fikri ilə imzasını möhür kimi təsdiq edib. Bu gün Azərbaycanın dövlət müstəqilliyində əməyi olan insanların siyahısında onun da adını qürurla çəkmək olar. Çünki, sadəcə vətəndaş kimi deyil, həm də çalışdığı sahədə çoxlarının qorxub səsini çıxarmadığı bir dönəmdə Qulu bəy özünəməxsus üslubda hər zaman açıq şəkildə sözünü deməyi bacarıb. Onun düşüncələrinin çəkisini və yükünü duymaq üçün Qarabağın və Şuşamızın agayana sözünü ifadə etmək, ritorikasının poetik məzmununu və xarakterini bilmək lazımdır.

 

Hollandiyadan Azərbaycana salam

 

Tale elə gətirdi ki, hələ Sovetlər Birliyi dağılmamışdan öncə Avropaya mühacirət etmək məcburiyyətində qaldım. Qulu Məhərrəmli ilə əlaqələrimiz və münasibətlərimiz uşaqlıq illərində olduğu kimi qaldı. Hətta deyərdim ki, daha da genişləndi, möhkəmləndi. Qarabağla bağlı həqiqətlərin Avropada tanıdılmasında onun sayəsində çox işlər gördük. Səssiz-səmirsiz. Kimsənin xəbəri olmadı ki, bu nəhəng işin arxasında duranlardan biri də Qulu Məhərrəmlidir. Tarixin adsız qəhrəmanları kimi ötən illər ərzində bu gərgin işi həyata keçirdi. Dünyanın 60-dan çox ölkəsində olan Qulu Məhərrəmli səbrlə və təmkinlə hər yerdə Qarabağ həqiqətlərini tanıtmaq kimi çox çətin və məsuliyyətli iş görüb. 

Azərbaycan diplomatlarının görmədiyi işi o, təkbaşına həyata keçirib. Hər zaman bunu arzulamışıq ki, Azərbaycandan Avropaya gələn ziyalılar, millət vəkilləri, məmurlar təmsil olunduğu dövlətin maraqlarına söykənən ən kiçik bir iş görsünlər. Bunu qətiyyətlə deyə bilərəm ki, biz belə şeylərin cox az şahidi olduq. Bir çoxları Avropaya gəlib öz şəxsi maraqları çərçivəsində hərəkət etdilər. Milli diaspor adına bizləri birləşdirmək əvəzinə, ayrımçılıq xəstəliyinin toxumlarını əkmək istəyənlərin sayı daha çox oldu. Qulu Məhərrəmli isə bütün dərdlərimizə dərman olmaq üçün o müqəddəs missiyanı öz üzərinə götürərək hamını toparlamaq bacarığını məharətlə ortaya qoyub. Buna görə də, ona milli diasporumuzun arasında daha çox böyük sayğı var, nəinki iriçəkili, titullu məmurlara.

 

Alın təri ilə qazanılan alim adı

 

Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikasının inkişafı yolundakı xidmətlərini görmək istəyənlər onun əsərlərinin siyahısına baxsalar, bütün həqiqətlərin bir daha canlı şahidi olar bilərlər.  O, “Radiodramaturgiya dili”, “Televiziya haqqında etüdlər”, “Televiziya və radio tamaşaları”, “Televiziya nitqi və ədəbi tələffüz”, “Radio dalğalarında”, “Ekran və ədəbi dil”, “Audiovizual nitq”, “Televiziya dili. Spesifika: funksiya və struktur”, “Kino, televiziya, radio terminləri. İzahlı lüğət”, “İctimai televiziya: tarix, gerçəklik və prinsiplər”, “Kütləvi kommunikasiya və dil”, “Televiziya jurnalistikasının əsasları”, “Azərbaycan efiri: Tarix və müasirlik”, “Radio dərsləri. Tarix, nəzəriyyə, təcrübə”, “Jurnalistikanın əsasları”, “Mediada işlənən alınma sözlər”, “Radio jurnalistikası”, “Radio jurnalistikası: təməl biliklər”, “Zamanın rəngləri” kimi çox ciddi və fundamental elmi əsərlərin müəllifidir. Bu əsərlər sadəcə jurnalist peşəsi üçün deyil, ümumilikdə ekran və efir siyasətimizin doktrinası sayılır. Bu əsərlər Qulu Məhərrəmlinin uzun illər əldə etdiyi zəngin təcrübə, dərin mütailə və yorulmaq bilmədən apardığı araşdırmaları sayəsində ərsəyə gəlib. Bu əsərləri bilmədən müasir jurnalistikamızın inkişafı haqda düşünmək mümkün deyil. 

Çünki, ekran-efirin linqvistik sistemini tanımadan və onu araşdırmadan, teleradio dilinin funksional və struktur təhlili də mümkün deyil. Bu gün mətbuat azadlığı uğrunda peşəkarcasına mübarizə aparan mütəxəssislərin siyahısında Qulu Məhərrəmlinin adı fəxrlə çəkilir. Onun “Vətəndaş mediasının dəyişən paradiqmaları” və “Yeni medianın humanitar aspektləri” konsepti həm də virtual medianın inkişafı üçün vacib şərtlərdən biri sayılır. Çünki, virtual aləmin, yəni internetin inkişafı bu gün çox sürətlə irəli getməkdədir. Bununla yanaşı virtual aləmdə peşəkarcasına davranmaq, etika qaydalarını bilmək də çox vacibdir. Virtual aləmdən "babam mənə kor deyib, gəl-gedənə vur deyib" prinsi ilə istifadə edilməz. İnternet aləmi yüksək mədəniyyətli, diskussiya bacarığı olan intellekt deməkdir. Bu gün dünyanın harasında jurnalistika ilə bağlı toplantılar keçirilirsə, Azərbaycanı təmsil edənlərin sırasında Qulu Məhərrəmlinin də səsini bu yüksək tribunalardan eşitmək hamı üçün xoş olsa da, mənim üçün bu ikiqat bayram deməkdir. Jurnalistikada adi reportyor kimi fəaliyyətə başlayan Qulu Məhərrəmli indi Azərbaycan mediasının flaqmanına çevirilib. Bu da talenin ona nəsib etdiyi uğurlardan biridir.

 

Ömrün uzun yolu

 

Qulu Məhərrəmli 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifi kimi hər zaman yaddaşlarda qalacaq. Ekran drmaturgiyasının psixoloji özəllikləri əsasında çəkilmiş bu filmlər beynəlxalq festivallarda nümayiş etdirilib və mükafatlar da qazanıb. Onun “Azərbaycan dünya meridianlarında”, “Azərbaycan qaçqınları”, “Qobustan”, “Okean üzərindən körpü”, “Müstəqil Azərbaycan”, “Terrorla üz-üzə”, “Alman Yunus”, “Antropoloji sənəd”, “Məyusluq”, “Üç dəniz əfsanəsi”, “Azərbaycana namus və sevgi ilə”, “Dəvətnamə” və başqa filmlərini buna örnək göstərmək olar. Qulu Məhərrəmli 30 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində müəllim kimi də fəaliyyət göstərir. O təkcə bilik və qabiliyyəti ilə deyil, yüksək mədəniyyəti və namuslu davranışı ilə də həmişə örnək olub.

Faktiki olaraq, müasir jurnalistika sahəsində çalışan ən güclü və obyektiv qələm əhlinin əksəriyyətinin müəllimi olub. Onun tələbələrinin də etiraf etidiyi kimi jurnalistikanın ekran dilini məhz Qulu müəllimdən öyrənirlər. O, başqaları kimi xəsis deyil. Çünki, təkcə öz kitablarını deyil, başqa müəlliflərin də dərs vəsaitlərini öyrənməyi tələbələrindən tələb edir.

Bu gün Azərbaycan jurnalistikasının ağsaqqalına çevrilmiş Qulu Məhərrəmlinin 60 yaşa çatmasını heç cürə özümə sindirə bilmirəm. 

Ancaq, bunun özü də bir həqiqətdir ki, artıq illərin üstündən zamanın öz təsiri yel kimi ötüb keçir. Mən hər dəfə onu yada salanda və ya görüşəndə Şuşalı illərimizdən savayı heç nəyi düşünmürəm.  Sanki, keçmişimizdə necə var idik, beləcə bütün həyatımızı yaşayırıq. Şuşada həyat və mühit bizim üçün tamamilə fərqli idi. Ona görə ki, doğrudan da ötən illər ərzində biz heç dəyişməmişik. Sadəcə zamanın özü dəyişib...

 

Elman Mustafazadə,

 

Avropa “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri 

 

Yeni Müsavat.- 2014.- 17 noyabr.- S.10.