Litva diasporumuz bu ölkənin prezidentinə
müraciət edib - Sənəd
Litvada yaşayan
soydaşlarımız musavat.com-da dərc olunmaq
üçün redaksiyamıza
geniş material göndəriblər. Həmin
materialda Litva Respublikası Seyminin deputatı Dalya Kuodite və Litvadan olan digər
şəxslərin əvvəlcə
Ermənistana, oradan isə qondarma “Dağlıq Qarabağ Respublikası”na etdiyi qeyri-qanuni səfərə reaksiya verilir. Materialın davamındasa,
Litvadakı diasporumuzun
bu qeyri-qanuni davranışla bağlı
həmin ölkənin
prezidentinə müraciəti
təqdim olunur.
Musavat.com Litvadakı diasporumuzun təqdim etdiyi həmin geniş materialı diqqətinizə çatdırır:
“Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Litva Respublikası Seyminin deputatı Dalya Kuodite və Litvadan olan digər şəxslər əvvəlcə Ermənistana, oradan isə qondarma “Dağlıq Qarabağ Respublikası”na qeyri-qanuni səfər ediblər.
Qondarma erməni soyqırımının
Litvadakı “peşəkar
bilicisi” və təbliğatçısı
Bu səfərə
çıxmış şəxlərin
geniş Azərbaycan ictimaiyyəti tərəfindən
kifayət qədər
tanınmadıqlarını nəzərə alaraq, öncə təbiidir ki, onların ictimai-siyasi fəaliyyətinə
aid bəzi təfsilatları açıqlamağa
ehtiyac vardır. Odur ki, həmin
təfsilatlarla bağlı
qeyd etmək istərdik ki, sözügedən D. Kuodite
21 yanvar 1962-ci ildə
Kaunas şəhərində
anadan olmuşdur.
1987-ci ildə Vilnüs
Dövlət Universitetinin
tarix fakültəsini
bitirmişdir. 1997-2008-ci illərdə
„Litva sakinlərinin Soyqırımı və Müqavimət hərəkatını
Arşdırmalar Mərkəzi“nin
Baş direktoru olaraq yüksək dövlət qulluğunda çalışmışdır. Məhz bu vəzifədə
çalışan zaman
D. Kuodite qondarma erməni soyqırımı
barədə „tarixi bilgilərin“ Litvada yayımlanması və ictimaiyyətin „düsgün
maarifləndirilməsi“ istiqamətində
bir sıra vacib işlər görmüş, həmçinin
2005-ci ilin dekabr ayında Litva Seymi tərəfindən „Osmanlı Türkiyəsində
törədilmiş erməni
soyqırımı barədə“
Rezolyusiyanın qəbul
olunması üçün
çox mühüm töhfələr vermişdir.
O, 2008-ci ildən başlayaraq
böyük siyasətdə
bilavasitə iştirak
edir. Belə ki, həmin ildən indiyədək iki dəfə Seymə deputat seçilmişdir. D. Kuodite
2 dekabr 2009-cu il tarixindən indiyədək
Seymin Litva – Ermənistan parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun fəal təmsilçisidir.
O, 2008-2012-ci illərdə Litva
Seyminin AŞPA-dakı
nümayəndə heyətinin
üzvü olmuşdur.
27 yanvar 2011-ci il tarixində AŞPA-da müxtəlif ölkələrin
28 nəfər millət
vəkili tərəfindən
„Dağlıq Qarabağ
Respublikasında demokratik
dövlət quruculuğu“
başlığı altında
qəbul edilmiş Deklarasiyaya Seymin adından imza atmış litvalı siyasətçidir. D. Kuodite
Parlamentin Litva Liberallar Hərəkatı
partiyası fraksiyasına
daxildir və 20 noyabr 2012-ci il tarixindən başlayaraq indiki Seymdə İnsan Hüquqları Komitəsinin üzvü olaraq çalışır.
2013-cü ilin mart ayında Seymdə 12 nəfər Litva millət vəkili tərəfindən yaradılmış
„Dağlıq Qarabağla
parlament dostluq qrupu“nun həmtəsisçisi
və sədridir.
Litvada ermənipərəst
qüvvələrə züytutan
Baş redaktor
D.Kuodite ilə
birgə qondarma „Dağlıq Qarabağ Respublikası“na Ermənistanın
Litvadakı Səfiri Ara Eyvazyan, həmçinin
Litvanın populyar www.15.min.lt xəbərlər portalının
Baş redaktoru,
1990-1992-ci illərdə Litva
Seyminin üzvü olmuş istiqlalçı
deputat, siyasi şəhrçi və tanınmış publisist
Rimvidas Valatka da səfər edib.
R. Valatka 19 dekabr
1956-cı ildə RSFSR-in
İrkutsk vilayətinin
İrkutsk rayonunda yerləşən Şamanka
kəndində anadan olmuşdur. 1975-ci ildə Litvanın Palanga kurort şəhərində
orta məktəbi bitirmişdir. İxtisasca tarixçidir. Vilnüs Dövlət Pedaqoji İnstitunun məzunudur
(1980-ci il). O, həm də təcrübəli jurnalist və naşirdir. Sovet dönəmində bir sıra qəzetlərdə
və cümlədən
1983-1987-ci illərdə Litva
KP MK, Litva SSR Ali Soveti və Litva SSR
Nazirlər Sovetinin
„Tiesa“ („Həqiqət“)
qəzetinin informasiya şöbəsində müxbir
işləmiş, 1987-1990-cı illərdə Xaricdəki Soydaşlarla Mədəni
Əlaqələr üzrə
Litva „Vətən“ Cəmiyyətinin mətbu
orqanı olan „Gimtasis kraştas“ („Doğma yurd“) həftəliyundə Baş
redaktor müavini vəzifəsində çalışmışdır.
Litvada müstəqilliyin
bərpa edilməsindən
sonra - 1990-1991-ci illərdə
„Atgimimas“ („Dirçəliş“)
həftəliyində Baş
redaktor, 1992-2012-ci illərdə
isə „Lietuvos rytas“
(„Litvanın səhəri“)
adlı ən çoxsaylı respublika qəzetinin Baş redaktor müavini və eyni zamanda
www.lrytas.lt internet portalının
redaktoru olaraq fəaliyyət göstərmişdir.
2012-ci ildən başlayaraq
www.15.min.lt xəbərlər portalının Baş redaktorudur. Son iki ildə bu
portalda Azərbaycan dövlətinin beynəlxalq
imicini aşağılamaq
istiqamətində və
eləcə də ərazi bütövlüyünə
qarşı məzmunda
yazılmış bir
sıra publikasiyalar dərc edib.
Səxavətli erməni sponsoru
Bu qrupun tərkibində səfərin
sponsorçularından biri
olaraq Litva erməni diasporunun təmsilçisi, iş adamı Armen Ayrapetyan da olmuşdur.
A. Ayrapetyan 25 ildən
artıqdır ki, Litvada yaşayır. O, 1998-ci
ildə Vilnüs Universitetinin hüquq fakültəsini bitirmişdir.
Daşınmaz əmlak
hüququ, əmlak müqavilələri və
tikinti məsələləri
üzrə sazişlərin
bağlanılması sahəsində
ixtisaslaşmışdır. 2004-2009-cu illərdə vəkil yardımçısı, 2009-cu ildən etibarən isə Vilnüs şəhərində vəkil
olaraq çalışır.
Eyni zamanda burada fəaliyyət göstərən „Mabilta“
QSC-nin Baş direktorudur. 2012-ci ilin sentyabr ayında Litva Respublikasının Seymində yaradılmış
Litva – Ermənistan Forumunun əlaqələndiricisidir.
Yuxarıda D. Kuoditenin
fəaliyyəti barədə
təqdim etdiyimiz qısa məlumatlardan göründüyü kimi,
bu Litva millət vəkilinin qondarma „Dağlıq Qarabağ Respublikası“na
səfəri heç
də təsadüfü
xarakter daşımır.
D. Kuodite orada nə Cənubu Qafqazla bağlı tarixi bilgilərə malik olmaması və real Qarabağ
həqiqətlərini bilməməsi
üzündən, nə
də sadə bir naşılıq və siyasi avamlıq nəticəsində
peyda olmayıb.
Litva
Azərbaycanlıları Cəmiyyəti
yuxarıda göstərilən
faktlarla bağlı sentyabrın 3-də Litva Respublikasiın prezidenti Dalya Gribauskayteyə və Seymin sədri Loreta Graujineneyə rəsmi müraciət edərək
Litva millət vəkili D. Kuoditenin antiazərbaycan fəaliyyətinə
siyasi qiymətin verilməsini istəyib.
Cəmiyyətin sədri Mahir Həmzəyevin
Litvanın dövlət başçısına
müraciəti
Zati-Aliləri xanım
prezident Dalya Gribauskayte,
Litva Azərbaycanlıları Cəmiyyəti
adından Sizə
Litva Respublikasının xarici
siyasət kursunu formalaşdıran, həmin
siyasi kursun məntiqi ardıcıllıqla
və davamlı olaraq həyata keçirilməsininin zəmanəti
olan dövlət başçısı kimi
müraciət edirik.
Hazırda Ukraynada
davam etməkdə olan faciəli olaylar kontekstində bu ölkənin ərazi bütövlüyünü
dəstəkləmək, getdikcə
təcavüzkarlaşan Rusiyanın
öz „oyun qaydalarını“ zorla Ukraynaya
qəbul etdirməsinə
yol verməmək,
„Donetsk və Luhansk xalq
respublikaları“ adlanan
qondarma separatçı
qurumları heç bir vəchlə tanımamaq baxımından
Sizin ardıcıl olaraq
yürütdüyünüz qətiyyətli siyasət
indi xüsusilə vacib əhəmiyyət kəsb edir.
Litva təcavüzə
məruz qalmış
Ukrayna ilə bərabər, eyni yolla Rusiyadan „idxal edilmiş separatizmdən“ zərər görmüş digər dövlətlərin – Azərbaycan,
Gürcüstan və
Moldovanın da ərazi
bütövlüyünü indiyə qədər davamlı surətdə tanımış və məntiqi ardıcıllıqla
dəstəkləmişdir.
Təəssüf
ki, bu baxımdan Sizin diqqətinizi indi dövlətimizin xarici siyasətini diskreditasiya edən, onun məntiqi ardıcıllığını
pozan və hətta deyərdim ki, „alternativ“
Litva xarici siyasəti
haqqında danışmaq
üçün qarşı
tərəfə imkan
yaradan bəzi fitnə-fəsadkar Litva siyasətçilərinin
məsuliyyətsiz və
təxribatçı əməllərinə
cəlb etməyə israrlıyam. Mən bunu deyərkən ilk növbədə Litva Respublikası
Seyminin üzvü
Dalya Kuoditenin fəaliyyətini
nəzərdə tuturam.
2014-cü ilin 29 avqust
– 04 sentyabr tarixlərində
D. Kuoditenin Ermənistana
və Ermənistan tərəfindən işğal
olunmuş Azərbaycan
ərazilərində (işğal
faktları Birləşmiş
Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının
hələ 1993-cü ildə
qəbul etdiyi Qətnamələrdə təsdiq
olunmuşdur) yaradılmış
qondarma „Dağlıq Qarabağ Respuspublikası“na
qanunsuz səfər etməsini isə onun sözügedən destruktiv fəaliyyətinin
„çələngi“ saymaq
olar.
Bu səfər zamanı Seymin üzvü D. Kuodite prezident Serj Sarqsyan
və digər Ermənistan rəsmiləri
tərəfindən qəbul
edilmiş, eləcə
də heç bir Dünya dövləti tərəfindən tanınmayan
qondarma „Dağlıq Qarabağ Respublikası“nın
„rəhbərləri“ ilə
bir sıra görüşlər keçirmişdir.
O, həmçinin „Dağlıq
Qarabağ Respublikası
müstəqilliyinin“ ildönümünə həsr olunmuş bayram tədbirlərində
və rəsmi mərasimlərdə iştirak
etmişdir. D. Kuodite bu görüşlər zamanı Litva dövlətinin
adından danışıqlar
apararaq Litva və qondarma „Dağlıq Qarabağ Respublikası“ arasında „iqtisadi-mədəni əlaqələrin
genişləndirilməsi“ barədə
laqqırtılar vurmuş
və boşboğazlıqlar
etmişdir. O, hətta
orada „Qarabağ hərəkatının 25 illiyinə
həsr edilmiş“ medalla da təltif
olunmuşdur.
Lütfkarlıqla Sizin diqqətinizə
çatdırmaq istərdim
ki, D. Kuodite bu „şərəfli“ mükafata yalnız sözügedən
səfərə görə
və onun „uğurlu nəticələri“
üçün layiq
görülməmişdir. Belə ki, məlum olduğu kimi, D. Kuodite Seymdə qeydiyyatdan keçməmiş
„Dağlıq Qarabağla
parlament dostluq qrupu“nu yaratmış
və artıq çoxdandır ki, Azərbaycan
dövlətinin ərazi
bütövlüyünə qarşı məqsədyönlü
fəaliyyət aparır.
Hərçənd ki, Azərbaycanın
ərazi bütövlüyünü
Litva Respublikası da daxil
olmaqla bütün dünya dövlətləri
qeyd-şərtsis olaraq
tanıyırlar.
Xüsusilə vurğulamaq istərdik ki,
Rusiyanın Ukraynaya qarşı davam etməkdə olan təcavüz durumunda, eləcə də Ukraynanın Krım yarımadasının Rusiya
tərəfindən ilhaq
olunması faktının
Şimali Koreya, Zimbabve və Sudan dövlətləri ilə
bir sırada Ermənistan tərəfindən
tanınması kontekstində
və qondarma „Dağlıq Qarabağ Respublikası“nın özü
kimi digər oyuncaq qurumlara – „Donetsk və Luhansk xalq respublikalarına“ dəstək
verdiyi bir zamanda, D. Kuoditenin göstərilən fəaliyyəti
daha təhlükəli
təxribati məzmun kəsb edir.
„İdxal
edilən separatizmdən“ zərər görən ölkələrin
– Ukrayna, Moldova, Gürcüstan
və Azərbaycanın
ərazi bütövlüyünün
Litva Respublikası tərəfindən
ardıcıl olaraq dəstəklənməsinin siyasi
kəsimində ayrı-ayrı
Litva parlamentarlarının belə üzdəniraq fəaliyyəti dövlətin
xarici siyasətini nüfuzdan salmaq və özbaşınalıqla
bu siyasətin „alternativ“ kursunu cızmaq cəhdləri kimi görünür və dərk olunur. Bu isə yalnız
Rusiyanın və onun asılı müttəfiqi Ermənistanın
maraqlarına xidmət
edir.
Hörmətli Prezident,
Litva Azərbaycanlıları Cəmiyyəti Sizdən Seymin deputatı D. Kuoditenin göstərilən
yönümdəki fəaliyyətinə
siyasi qiymət verməyi rica edir. Eyni zamanda
Sizdən Seymin rəsmi internet saytında
„Dağlıq Qarabağla
parlament dostluq qrupu“ haqqında yerləşdirilmiş
məlumatların oradan
çıxardılması üçün siyasi yardım istəyirik. Belə ki, həmin qrup xarici dövlətlərlə
parlamentlərarası əlaqələr
saxlamaq statusuna malik deyildir, həmçinin Litvaya dost dövlət olan Azərbaycanın ərazi bütövlüyünə
qarşı fəaliyyət
göstərir və bu yolla Litva dövlətinin xarici siyasətini nüfuzdan salır.
Hörmətlə,
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri
P.S: Müraciət Litva Respublikası
Prezidentinin Kanselyariyası
vasitəsi ilə dövlət başçısına
çatdırılmışdır. Eyni zamanda 3-4 sentyabr tarixlərində Litvanın BNS və ELTA xəbərlər agentlikləri
tərəfindən yayımlanmış,
həmçinin ölkənin
nüfuzlu KMV-də -
„Lietuvos zinios“ qəzetində,
www.kauno.diena.lt , www.balsas.lt , www.klaipeda.diena.lt ,
www.dienosnaujienos.lt , www.infosavaite.lt və digər xəbər portallarında dərc olunmuşdur.
Vilnüs – Bakı,
3-8 sentyabr 2014-cü il.
Yeni Müsavat.-
2014.- 8 sentyabr.