Paytaxtda satılan
miniatür kitablar...
Dünyanın ilk Miniatür Kitab Muzeyində kiçik ölçülü
kitablardan
əldə etmək də mümkündür
“Siz burada həm kiçik ölçülü kitablara baxa, həm də əldə edə bilərsiniz”. İçərişəhərdə,
Şirvanşahlar sarayının yaxınlığında yerləşən
kiçik guşədə yaradılan Miniatür Kitablar
Muzeyinin əməkdaşı gələnləri gülərüzlə
qarşılayır. Onun sözlərinə görə, bura
xarici turistlər, bir də balaca paytaxt sakinləri daha
çox həvəslə gəlirlər: “Biz balacalar
üçün miniatür kitablar da nəşr edirik. Bu
kiçik kitabları muzeyin rəhbəri Zərifə Salahova
nəşriyyatlara sifariş verir və çap etdirir.
Kiçik kitabları ancaq buradan əldə etmək
mümkündür”.
Öyrənirik ki, burada uşaqlar üçün
kitablar seriyasından artıq yeddi kitab çap edilib.
Kitabların hər biri bir manatdır. Muzeyə giriş isə
pulsuzdur.
Muzeyin əməkdaşı deyir ki, bura 2002-ci ildə
yaradılıb və dünyada ilk özəl Miniatür
kitabları muzeyidir. Bura Zərifə Salahova tərəfindən
20 ildən artıq müddətində toplanmış nadir
kolleksiyası əsasında ərsəyə gəlib.
Muzeydə dörd minə yaxın kitab var. Ayrıca
vitrinlərdə müxtəlif ölkələrin
kitabları sərgilənir. Dünyanın 60-dan çox
ölkəsində çap edilən kitabları muzeydə
görmək mümkündür. Kitabların əksəriyyəti
ingilis dilində çap olunanlardır. Burada Azərbaycan,
Rusiya, ABŞ, İngiltərə, Çexiya, Slovakiya,
Macarıstan, Yaponiya, İtaliya, Fransa, Almaniya, Kuba,
İsveçrə və keçmiş SSRİ
respublikalarında nəşr edilmiş miniatür kitablarla
tanış olmaq olar. Muzeydə inqilabdan qabaq Rusiyada və
sovet dövründə nəşr olunmuş, Ukrayna, Moldova,
Belarus, Orta Asiyadan, Gürcüstandan toplanmış nəşrlər
var. Öyrənirik ki, kitabların çoxunun yaşı
yüz ildən artıqdır. Ən kiçik kitabın eni və
uzunu cəmi iki millimetrdir.
Vitrinlərə yaxınlaşırıq. Burada
çeşidli, rəngarəng, müxtəlif mövzularla bağlı
kitablara rast gəlmək mümkündür. Burada Azərbaycan
ədəbiyyatının klassikləri - Nizamidən,
Füzulidən tutmuş, Nəsimiyə, Mirzə Fətəli
Axundova qədər çoxlarının kitablarını
görmək olar. Burada “Kitabi Dədə Qorqud”, “Qurani Kərim”,
“Koroğlu” kitabları da var. Azərbaycan bölməsində
daha çox sərgilənən kitablar ölkənin indiki və
əvvəlki dövlət başçıları barəsində
yazılan kitablardır. Burada ABŞ prezidenti Barak Obamaya, həmçinin
Mustafa Kamal Atatürkə aid miniatür kitablar yer alıb.
Muzeydə Heydər Əliyevin 1993-cü ildə andiçmə
mərasimindəki çıxışına, eyni zamanda bir
neçə dövlət başçısının da
çıxışlarına kimi ən müxtəlif
nümunələrlə tanış olmaq mümkündür.
Müxtəlif dövlətləri
başçılarının Azərbaycana səfərləri
haqqında kitablar da bu muzeydə var. Eyni zamanda, burada
uşaqlar üçün də Azərbaycan dilində
çeşidli kitablar sərgilənir.
Muzeydə rus ədəbiyyatına da ayrıca guşə
ayrılıb. Burada A.S.Puşkinin sağlığında
çap olunmuş “Yevgeni Onegin” poemasının da daxil
olduğu “Puşkiniana” bölməsi də maraqlıdır.
Burada Puşkinin və A.M.Qorkinin portret və kəlamlardan ibarət
bir neçə cildli kitablar da var. Burada sovet ədəbiyyatı
da geniş təmsil olunur. Burada Leninə, Kommunist
Partiyasına həsr edilən neçə-neçə kitab
da var. Elə bu muzeyin yaradıcısının
kolleksiyasındakı ilk kitab da rus dilində -
İ.Krılovun təmsilləri olub.
Muzeydə əksər kitablar isə ingilis dilindədir.
Burada Cek London, O.de Balzak, Flober kimi xarici klassiklərin
miniatür formalı kitabları nümayiş olunur.
U.Şekspir, M.de Servantes, E.Heminquey, Viktor Hüqo, Jan Jak Russo,
Andersen və Qrimm qardaşlarının mini kitabları da
muzeyin bəzəyidir.
Ən kiçik kitablar isə Yaponiyada nəşr olunan
kitablardır. Hər kitabın 16 səhifəsi var, hər səhifəsində
əllidən yüzə qədər hərf var.
Ölçüsü cəmi iki millimetrdir.
Muzeydə dini mövzulu nadir kitablara da rast gəlmək
olar. Bu, əsasən dörd əsr əvvələ aid Quran nəşrləri,
yüz il əvvələ aid “İncil”, bundan başqa,
“Tövrat” kimi dini ədəbiyyat nümunələridir. Elə
muzeydə ən qədim kitab da 1672-ci ildə Səudiyyə
Ərəbistanında nəşr olunan Quran kitabıdır.
Muzeyin əməkdaşı
son olaraq bildirir ki, xarici turistlər öz ölkələri
ilə bağlı vitrinlərə daha maraqla baxırlar.
Burada onların öz dilində rəngarəng kitablar var. Elə
biz muzeydə olduğumuz müddətdə Çindən olan
turist də öz ölkəsini təmsil edən vitrinin
qarşısında dayanıb tərcüməçiyə
dayanmadan suallar verirdi.
Röya
RƏFİYEVA
Yeni
Müsavat.- 2014.- 26 yanvar.- S.15.