22 il əvvəl Füzuli rayonu necə işğal olundu...
Avqustun 23-də Azərbaycanın Füzuli rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasının 22-ci ildönümüdür. 1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşüb.
Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Füzuli işğal olunandan sonra Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində rayonun bir hissəsi geri qaytarıldı. 1993-cü ilin dekabr ayında başlatdığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi.
Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələndi. Hazırda işğaldan azad olunmuş torpaqlarda əhali öz doğma torpaqlarına qayıtmışdır. 1995-1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə 40.000 dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər. Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi Füzuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur.
Rayon üçün digər bir problem işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Atəşkəs razılaşması imzalandıqdan sonra Füzuli rayonu ərazisinin minalardan təmizlənməsi işlərinə başlanılıb. Ehtimal olunur ki, hazırda 2011-ci ilin ortalarına olan məlumata görə Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində - 9 milyon metr(?) ərazidə partlamamış hərbi sursat var. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca həmsərhəd olan Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir.
Füzuli rayonunun ərazisi 1386 km, əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri var. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdiriliblər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb.
İşğal altındakı bu rayonda xeyli tarixi abidələrimiz də ermənilər tərəfindən vandallıqla məhv edilib. Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılıb, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilib. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal-Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.
“Ermənistana Rusiya tərəfindən
həm silah-sursat, həm də canlı
qüvvə sarıdan çox böyük köməkliklər olunurdu; müxtəlif ölkələrdən
gətirilmiş çoxlu sayda
muzdlular ermənilərin tərəfində
döyüşürdü”
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.
Füzuli uğrunda gedən döyüşlərin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov həmin o ağır günlər barədə “Yeni Müsavat”a danışarkən bildirdi ki, Azərbaycanın hər bir rayonu, şəhəri ona doğma və əzizdir: “Xüsusən də, bu gün düşmən tapdağı altında olan əvəzsiz Şuşamız, Xankəndimiz, Laçınımız, Ağdamımız, Füzulimiz, Qudadlımız və Zəngilanımız, Cəbrayılımız, bir sözlə hər bir kənd, hər bir qəsəbə ürəyimizin bir parçasıdır. Çox əfsuslar olsun ki, indi o yerlərdə yağı düşmən gəzir və varlığım qədər əminəm ki, çox tezliklə orada Azərbaycan bayrağı dalğalanacaq və həmvətənlərimiz bir vaxtlar olduğu kimi şad və rahat həyatlarını sürməkdə davam edəcəklər. Hələliksə biz o gözəl yurd yerlərimizin işğal tarixlərini qeyd edirik, onların tezliklə düşmən caynağından xilasına hər vəchlə çalışırıq. Hər kəs bacardığı formda. Hərbçilərimiz əldə silah, mülki vətəndaşlarımız da öz aktiv ictimai-siyasi fəaliyyəti ilə bu münaqişənin tez bir zamanda ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tezləşdirməyə çalışırlar. İşğal altında olan rayonlarımızdan Füzuli torpağı mənim üçün bir neçə səbəbdən o birilərə nisbətdə bir az yaxındır. Həm qohumluq əlaqələrimizə, həm də bu rayon uğrunda öz əsgər və zabitlərimizlə erməni-rus birləşmələrinə qarşı apardığımız döyüşlərə görə bu rayon digərlərindən mənə daha çox yaxındır”.
Füzuli və digər yaşayış məntəqələrimizin işğalının növbəti ildönümündə hamını bir sual maraqlandırır ki, bəs necə oldu ki, biz belə ağır bir vəziyyətlə üzləşdik? Ü.Cəfərov: “Mən də o fikri bölüşürəm ki, Qarabağ müharibəsində bizim uğursuluğumuzun ən əsas və həlledici səbəbi o vaxtkı zabit və sıravi heyətin təcrübəsizliyi, ordudakı hərc-mərclik, pərakəndəlik, sistemsizlik və vahid komandanlığın yetərincə olmaması və rəhbər heyətin belə fors-major hadisələrə hazır olmaması oldu. Bundan əlavə isə, o vaxt döyüşən qüvvələr üçün ağır texnika və silahlarımızın çox vaxt çatışmaması və ya azlıq etməsi, hətta bəzən keyfiyyətsiz olmasını göstərmək olar. Azərbaycan təkcə Ermənistanla müharibə aparmırdı. Heç kimə sirr deyil ki, Ermənistana Rusiya tərəfindən həm silah-sursat, həm də canlı qüvvə sarıdan çox böyük köməkliklər olunurdu. Müxtəlif ölkələrdən gətirilmiş çoxlu sayda muzdlular ermənilərin tərəfində döyüşürdü. Xatırlayırsınızsa, 1993-cü ildə avqust ayında çox ağır döyüşlərdən sonra məhv edilmiş düşmən əsgər və zabitlərinin əksəriyyəti ermənilərdən deyil, xaricdən gətirilmiş muzdlulardan ibarət olması xəbər verilmişdi və bu haqda həm foto, həm də video görüntülər mövcuddur”.
Polkovnik-leytenant qeyd etdi ki, elə bütün bu ağır durum səbəbindən ən strateji və əhəmiyyətli Ağdam rayonunun ermənilər tərəfindən işğalından cəmi bir ay sonra isə biz eyni gündə iki rayonumuzu - Cəbrayıl və Füzulini itirdik: “Yeri gəlmişkən, onu qeyd edim ki, kim deyirsə ki, guya torpaqlarımız döyüşsüz itirilib, hesab edirəm ki, səhvə yol verir. Demək olar ki, hər bir kənd, qəsəbə və ümumilikdə rayonlar uğrunda ağır döyüşlər gedib. Bunu döyüşlərdə əldə silah iştirak etmiş adam kimi xüsusi olaraq vurğulamaq istəyirəm. Bir daha qeyd etmək istəyirəm ki, o vaxtkı şərtlər çərçivəsində orduda idarəçilik sisteminin çox zəif olması və bəzi siyasətbazların hoqqaları bizi indi yaşadığımız duruma saldı. Elə buna görə də Cəbrayıl və Füzuli rayonları bir günün içində işğal olundu. İnanıram ki, inşallah, Silahlı Qüvvələrimiz necə ki, 1994-cü ilin ən uğurlu əməliyyatlarını məhz Füzuli istiqamətində düşmənə sarsıdıcı zərbə endirməklə həyata keçirmişdi, bu dəfə də biz məhz xoş xəbərləri o istiqamətdən alacağıq”.
Ü.Cəfərov Horadiz döyüşlərini də xatırlatdı və ordumuzun təkbətək mübarizədə düşmənə cavab verməyə qadir olduğunu vurğuladı: “Təvazökarlıqdan uzaq da olsa, qeyd edim ki, o tarixi döyüşlərin birbaşa iştirakçısı kimi mən öz əsgər və zabitlərimizlə fəxr edirəm. Onlar çox qısa bir zamanda 23 yaşayış məntəqəsini erməni yaraqlılarından təmizlədilər və bu gün o ərazilərdə yüz minlərlə dinc sakinlərimiz öz rahat, eyni zamanda gərgin həyatlarını sürürlər”.
Yeri gəlmişkən, son günlər cəbhədə gərginliyin növbəti dəfə artması fonunda müdafiə naziri general-polkovnik Zakir Həsənovun döyüş bölgəsində olan hərbi hissəni qəfil həyəcan siqnalı ilə yoxlaması diqqət çəkir. Hətta müharibənin hər an başlaya biləcəyi barədə ehtimallar yenidən səslənir. Qəfil həyəcan siqnalı ilə qaldırılan qoşunların hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək üzrə bacarıqları və manevr imkanları yoxlanılmaqla praktiki döyüş atışları icra olunub. Müdafiə naziri yoxlanılan hərbi hissələrin döyüş və əməliyyat imkanlarını, hərbi əməliyyatları aparmaq qabiliyyətini yüksək qiymətləndirib.
Hərbi ekspert Ü.Cəfərov
dedi ki, bu fakt da
çox normal
qarşılanmalıdır: “Ona görə
ki, bu bilavasitə Ermənistanla
sərhəd olan birləşməmizdir və
orada real vəziyyətin
necə olmasını MN-nin rəhbərliyi
şəxsən yoxlamaq istəyib. Bu da hərbdə çox normal və ümumi qəbul
edilmiş qaydalardan biridir. Çünki sabah döyüş əmri
verərkən hansı nüansların olub-olmamasını
Müdafiə Nazirliyinin rəhbərliyi dəqiq
bilməlidir və öz gücünü
və qüvvəsini düzgün
hesablamalıdır. Müharibə oyuncaq deyil, orada heç bir xırda boşluğa yol vermək olmaz. Ələlxüsus
da bu yağı
düşmən üzərinə öz
missiyasını - torpaqları işğal
altından azad etmək
tapşırığını yerinə yetirməyə gedən
qüvvələr üçün ən
vacib amillərdən biridir”.
Yeni Müsavat. - 2015.- 22 avqust.-
S.13.