“Ulduz”, “Əhməd haradadır?”,
“Görüş”
filmləri çox sadəlövh filmlərdir"
Ramiz Novruz: “Elə
şeylər var ki, onu tamaşaçı bilməməlidir”
Xalq artisti, Akademik Milli Dram
Teatrının aktyoru Ramiz Novruz “Yeni Müsavat”a müsahibə
verib. Redaksiyamızın qonağı olan aktyor əməkdaşımıza
maraqlı və səmimi açıqlamlar verib. Müsahibəni
təqdim edirik:
- Ramiz bəy,
yaradıcılığınızda son hansı yeniliklər
var?
- Hazırda Qoqolun “Müfəttiş” əsəri əsasında maraqlı tamaşa hazırlayırıq. Orda bələdiyyə rəisi obrazındayam. Bu yaxınlarda iki seriala çəkilmişəm, ikisi də Rövşən İsaka məxsusdur. Bir dəfə efirdən demişdim ki, seriala çəkilməyəcəm, çəkilsəm, Ramiz İsakın serialında olacam. Çünki o, işinə kifayət qədər ciddi, məsuliyyətli yanaşan adamdır. Serial marafon kimidir, gərək sona qədər saxlaya biləsən, əvvəldən axıradək maraqlı olmalıdır. O mənada demişdim ki, başqa seriallara çağırmasınlar.
Bu günlərdə Rövşən İsak yeni bir seriala başlayıb. Oğlum da çəkilib, bəyəniblər, sınaqdan yaxşı keçib. Təbii, arzulayardım ki, ata-oğul bur yerdə seriala çəkilək (gülümsəyir).
- Oğlunuz
Cavidan aktyorluq fakültəsini bitirsə də, hazırda
müğənnilik fəaliyyəti ilə məşğuldur.
Beləliklə həyatın nəbzini tutmağa çalışıb?
- Aktyorluğu bitirəndən sonra “Cavad xan” filminə çəkildi. Orda Cavad xanın oğlanlarından birini, mən isə Sisianovu oynayırdım, yəni qarşı cəbhədə idik.
- Aktyor olması sizin istəyinizlə
idi?
- Xeyr,
öz istəyi idi. Uşaqlıqdan Ceyhun Mirzəyevin
fanatı idi. Gecə-gündüz “Fəryad”a,
“Ögey ana” ya baxırdı. Hətta bir dəfə
zarafatla dedim ki, Cavidan, kimi seçərdin, məni, yoxsa Ceyhun
Mirzəyevi, dedi ki, Ceyhun Mirzəyevi (gülümsəyir).
- Hazırda çəkilən filmlərdə
bir bəsitlik, qeyri-təbiilik müşahidə olunur. Sizcə, səbəb nədir?
- Vəziyyət
o qədər ümidsiz də deyil. Hazırda
xeyli sayda istedadlı gənclərimiz var. Lakin siz düz
deyirsiz, indi qeyri-peşəkarlar çoxalıb. Zamanında rejissor olmaq üçün Moskvada və
digər yerlərdə təhsil alırdılar. İndi qeyri-peşəkarcasına
çəkdiklərinin adını kino qoyub ekrana atırlar.
Təbii ki, yüksək səviyyəli kino
çox maddi vəsait tələb edir, bu böyük və
bahalı işdir. İndi hamı tez qazanc
istəyir, “bu dəqiqə çəkib elə tez də
pulumu qazanım” deyə.
O
dövrdə peşəkarlıq məsuliyyəti də
böyük idi. İndi heç kəs heç
kimin qarşısında hesabat vermir. Adını
kino qoyaraq, nə istəyir çəkir.
Tutaq ki, “Ögey ana” filminin verdiyi emosional təsiri indiki
filmlər verə bilmir. Lakin o dövr üçün bəsit filmlərimiz
də olub. Məsələn, “Ulduz”, “Əhməd
haradadır?”, “Görüş”
filmləri mənim üçün çox sadəlövh
filmlərdir. Yəni onları çox da dərin,
böyük filmlər hesab etmirəm. Amma o filmlərdə
niyyət və məsuliyyət hissi var. Hiss olunur ki, insanlar işlərinə
vicdanla yanaşıb, yaxşı iş görmək istəyiblər.
Məsələn deyirlər ki, “Leyli və Məcnun”,
“Koroğlu” filmi alınmayıb. Lakin ən
azı orda “xaltura” yoxdur.
- “Mən sizi dünyalar qədər
sevirəm”, “Cavid ömrü” filmlərindən sonra sizi kinoda
görə bilmədik...
-
Ara-sıra çəkildim. Məsələn, “Alman klinikasına qeyri-rəsmi səfər”
filmində baş rollardan birini oynadım. Rusiyanın
tanınmış aktyorları da həmin filmdə iştirak
edirdi. Sadəcə, filmin çəkilişləri
bitdikdən sonra mövzu aktuallığını itirdi.
Daha sonra “Sarı gəlin” filmində çəkildim.
Film kifayət qədər ciddi və peşəkarcasına
çəkilib. Sadəcə, mübahisəli
məqamlar çox oldu. Yəni, elə məqamlar
var ki, hazırda Azərbaycan tamaşaçısı
onları rahat həzm edə bilməz.
- Məsələn hansı məqamlar?
-
Qarşılıqlı əsirlərə olan münasibət
məqamları. Hətta orda bir yer də var idi
ki, əsir düşmüş ruhi xəstə erməni
qızı geri qaytarılanda ermənilər
körpünü keçən kimi qızı
bıçaqlayırlar. Əslində
rejissor bunu ermənilərin vəhşiliyi kimi verməyə
çalışmışdı. Amma niyəsə
bəzi tamaşaçılarımız bunu mərdanə hərəkət
kimi qiymətləndirdi. Beləliklə,
filmi hələ ki, dayandırmalı olduq. Bundan sonra “Cavad xan” və rusların çəkdiyi
dörd seriyalı filmə çəkildim. Orda çeçen komandirini oynadım.
- Həzi Aslanov kinoda ilk
obrazınız idi?
- Deməzdim
ilkdir, çünki ona qədər bir neçə dəfə
kütləvi səhnələrdə və epizodlarda
iştirak etmişəm.
- Necə oldu ki, birdən-bir baş
rol sizə həvalə olundu?
- Biz
teatrda tamaşa oynayırdıq. Bildirdilər
ki, “Həzi Aslanov haqqında film çəkilir, kimsə istəsə
gəlsin şəkillərini çəkək, sonra deməyin
ki, bizi çağırmadılar”. O dövrdə belə
bir fikir formalaşmışdı ki, “kimlərin çəkiləcəyi
məlumdur”. Onlar Şahmar Ələkbərov, Rasim Balayev, Həsən
Turabov, Həsən Məmmədov və sairə aktyorlar idi. Yalnız ara-sıra kimlərsə çəkilirdi.
Biz də bu ümidlə getmədik. Lakin bir dəfə
dublyaj redaksiyasına gedəndə bir şəkil çəkdirdim.
Bir həftədən sonra məni çağırdılar...
Bu obrazdan sonra bəlkə də daha yaxşı, daha
böyük obrazlarım oldu, lakin mənim vizit kartım Həzi
Aslanov olaraq qaldı.
- Hazırda teatrda vəziyyət necədir?
Sanki məlum xoşagəlməz qalmaqallar səngiyib.
Kənardan belə görünür, yoxsa reallıq başqa
cürdür?
- Vəziyyət
səngiyib, sakitləşib. Deyim ki, əvvəl
də ciddi, faciəvi, gərgin bir vəziyyət yox idi.
Sadəcə, söz-söhbət şişirdilirdi. Hərdən yenə
də bu cür hallar olur. Məsələn,
bu yaxınlarda “Kərbəla” tamaşası qoyulmalı idi.
Buna görə İrandan da rejissor dəvət
olunmuşdu. Məşqlərə
başlamaq istəyirdilər ki, mətbuatda yazılar
çıxdı, “Paniranizm Azdramada”. Məşqlər
başlamamışdan tamaşa dayandı. Daha sonra birinin pyesdən, digərinin rejissordan
xoşu gəlmədi, beləliklə rejissor da
çıxıb getdi.
Teatrın hər addımı niyə mətbuata
çıxarılır axı? Üstəlik bunu elə
adamlar yazır ki, onların teatra heç bir dəxli yoxdur.
- Aktyorun şəxsi həyatı
gizli, yoxsa açıq olmalıdır ictimaiyyətə?
“Prezident mükafatları olmasa,
aktyorlar səfalət içərisində olarlar”
- Daha
çox gizlin qalması məqsədəuyğundur. Mən
şəxsən istəmirəm ki, Nadir şahı, Cavad
xanı oynayanda tamaşaçı zalda əyləşib
firkiləşsin ki, onun ailəsində hansısa problem var
idi, görəsən onun axırı nə oldu və s. Yaxud
deməsinlər ki, aktyorlar dava edirdi, indi səhnədə bir
yerdədilər, görəsən münasibətləri necə
olacaq. Elə şeylər var ki, onu
tamaşaçı bilməməlidir.
- Yəqin ki, bu günədək səhnədə
qarşılaşdığınız, danışmaq istədiyiniz
xeyli sayda əhvalat var.
- Olub. Bizdə “Atabəylər” tamaşası var idi.
Biz orda yaxşı qılınc
döyüşdürürdük. Tamaşada tələbə
yoldaşımla tərəf müqabili idim. Döyüş səhnəsinin ortasında mənim
qılıncım qırıldı. İndi
dayanıb qırılan qılıncıma, tərəf
müqabilimə baxıram, bilmirəm ki, neyləyim. Çünki o anda hər bir hərəkətimiz
tamaşaçıya gülməli görünə bilərdi.
Qılıncı ayağımın altına atdım,
başımı əydim dedim ki, vur! O da bağırdı. Zaldakılar əl çaldılar. Tamaşanı görənlər də var idi,
bilirdilər ki, o səhnədə belə bir şey yox idi.
Sonra bu hadisə Sumqayıtda da təkrarlandı.
Bu dəfə isə
rəqibimin qılıncı qırıldı. O
da eyni hərəkətlə vəziyyətdən
çıxa bildi...
Bir dəfə tamaşada məni “asırlar”. Deyirlər ki, son
sözünü de, dedim ki, “la-ilahə-illəllah”.
Gördüm
ki, ipi boynuma
keçirən adam nəsə ipi keçirə
bilmir. Fikirləşdim, bu bir qədər də
davam etsə, tamaşaçılar güləcək.
Dedim, “min ildir adam
asırsız, adam asmağı da bilmirsiz”. Sən demə “son
sözünü de”
deyən adam səhnəyə gecikdiyi
üçün onu başqası deyib. Mən də son
sözümü demişəm, bu dəfə gecikən aktyor
gəlib çıxır səhnəyə və deyir ki, “qoy
son sözünü desin”. Dedim ki, “ağsaqqal dedim də son
sözümü, əl çək də”. Yəni əhvalatlar
çox olub (gülür)
- Özünüzü dramaturq və
rejissor kimi də sınamısız...
- Son illərdə
hər bir aktyora imkan verildi ki, özünü AMDT-da sınaya
bilsin. Gənc Tamaşaçılar Teatrı, Gəncə və
bir sıra digər
teatrlardan çoxlu sayda aktyorlar axışdı. Eyni zamanda rejissorlar da özlərini sınadı.
Teatrın aktyoru Ramiz Novruz da istədi ki,
tamaşa qoysun, ona da şərait yaradıldı. Hazırladığım “Silindr” tamaşası deyilənə
görə çox maraqlı alınıb. Bu tamaşaların hamısı teatrın daxili
imkanları sayəsində baş tutub. Halbuki,
mətbuatda yazırdılar ki, tamaşaya 80 min pul xərclənib,
bu pullar hara gedib? 80 min yalnız kinoya
ayrıla bilər. Teatr tamaşasına bu qədər pul xərclənmir.
Ən bahalı “Teleskop” tamaşası olub, ona
da 30 min pul ayrılıb, vəssalam. Buna səbəb
isə o idi ki, rejissor, rəssam xaricdən gətirilmişdi.
- Tamaşaçılar sizi komik
obrazda da gördü. Daha çox hansı ampluada
özünüzü rahat hiss edirsiz; dram, yoxsa komik?
- Hər
ikisində.
- Son zamanlar bir çox
tanınmış aktyor və aktrisalarımızın səfalət
içində dünyasını dəyişdiklərininin
şahidi olduq. Kimidir günahkar, həmin aktyorların özlərimi,
ya..?
- Bu ağrılı sualdır. Ümumiyyətlə, sizə deyim ki, Azərbaycanda aktyor peşəsi ən çörəksiz, ən qazancsız sənətlər siyahısındadır. Bu mənada görürük ki, çox vaxt yaraşıqlı qızlar, oğlanlar teatra gəlmək istəmirlər. Azərbaycanda hələ qonorar sistemi qurulmayıb, teatrlarda maaşlar kifayət qədər azdır. Bəzən görürük qınayırlar ki, filan aktyor, aktrisa xəstələnmişdi, həmkarları ona əl tutmurlar. Axı bu aktyorların nəyi var ki, əl tutsun, özlərini güclə dolandırırlar. Tam səmimi deyirəm, prezident mükafatları olmasa, aktyorların 99 faizi səfalət içərisində olarlar. Xüsusən də serial, reklama çəkilməyən, az tələbat olan aktyor, aktirsalar.
Fikir versəz görərsiz ki, daha çox şikayət edənlərin əksəriyyəti rəsmi iş yeri olmayan, teatrdan gedənlərdir. Məsələn Nuriyyə xanım. O, kinostudiyanın aktrisası idi və studiya bağlandıqdan sonra demək olar ki, uzun illər ümumiyyətlə heç bir yerdə işləmədi.
- “Mən azərbaycanlıyam”
deyib bir cümlə ilə özünüzü necə təqdim
edərdiz?
- Heç kim ehtiyat vətən haqqında düşünməməlidir. Vətən bir dənə olur; pisdir, yaxşıdır, bu, bir dənədir, nə edirsən, bura üçün et. Fikrimcə, hər kəs öz işi ilə məşğul olsa, ən böyük azərbaycanlı o olacaq.
- Məhəmməd
Əmin Rəsulzadə obrazını da oynamısınız.
Rəsulzadə sizin üçün kimdir?
- “Biz heç nədən bayraq yapdıq və azadlığı dadızdırdıq insanlara”. Məhəmməd Əmin Rəsuzladə mənim üçün heç zaman azadlığı görməyən millətə azadlığı dadızdıran insandır, o çox böyük siyasi xadimdir. Mən fəxr edirəm ki, Azərbaycan teleməkanında ilk dəfə Məhəmməd Əmin obrazını mən oynamışam.
Xalidə
GƏRAY
Yeni Müsavat.- 2015.- 7 dekabr.- S.13.