Bu gün Od çərşənbəsidir

 

Ənənəyə görə tonqal qalanmalı üstündən tullanılmalıdır...

 

Novruzun gəlişini xalqımız həmişə xüsusi hazırlıqla qeyd edib. Novruza hələ bir ay qalmış, yəni Kiçik Çillənin çıxması ilə el-obada hazırlıq görülər, bağ-bağçada təmizlik aparılar, həyət-baca səliqəyə salınar, xüsusilə kənd yerlərində xalça, palaz yuyular, ev-eşik ağardılar.

Bir sözlə, insanlar Novruzu xüsusi təmtəraqla qarşılamağa çalışardılar. Novruzdan əvvəlki son 4 çərşənbəyə xüsusilə Azərbaycan mədəniyyətində ayrı bir əhəmiyyət verilir.

Bu gün boz ayın ikinci çərşənbəsi - Od çərşənbəsidir. Xalq arasında bu çərşənbəyəÜsgü çərşənbə”, “İkinci çərşənbə”, “Addı çərşənbə deyirlər. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar Günəşi odu qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Hələ qədimdən xalqımızın Günəşə, oda böyük inamı olub. Bu səbəbdən odu qoruyub saxlamaq adətə çevrilib. Bəzən odu zərdüştlükdən gələn sitayişlə, etiqadla qarışdırırlar.

Amma Novruz bayramının tarixi zərdüştlükdən , İslamdan da çox qədimdir. Bayram çərşənbələrində yandırılan tonqalın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Atəşpərəstlikdə odun üstündən tullanmaq, hətta ona nəfəs vermək belə, günah sayılıb. Atəşpərəstlər odun ətrafına fırlanarkən üzlərinə niqab bağlayıblar ki, nəfəsləri oda toxunmasın. Novruzda isə odun üstündən tullanaraqAğrım-uğrum oda tökülsün, yansın, canım dərddən, qəmdən, ağrı-acıdan qurtulsun” - deyirlər.

Od çərşənbəsinin səhəri insanlar sübh tezdən durar, Günəşin doğmasını səbirsizliklə gözləyərdilər.

Tədqiqatçılar yazırlar ki, qədim dövrlərdə hətta Günəşi salamlamaq üçün xüsusi nəğmələr oxuyar, tonqallar yandırıb ətrafında dövrə vurar, sonra da o tonqaldan hərə bir məşəl götürüb öz ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdi. Kənd yerlərində bütün kəndi od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa, hündür yerlər seçərək o hissələrdə tonqalın qalanması daha məqsədəuyğun hesab olunurdu.

Digər çərşənbələrdə olduğu kimi Od çərşənbəsi günündə qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. Süfrəyə quru meyvələr, müxtəlif şirniyyatlar, su, süd mütləq qoyulmalıdır. Bütün çərşənbələrdə süfrənin şahı plovdur. Süfrədə xonça bəzənməli şamlar yandırılmalıdır. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə hər kəs Od çərşənbəsini şad, şən bolluq içində keçirməyə can atır. Səmənini isə ancaq Axır çərşənbədə Novruzda süfrəyə qoyarlar.

Od çərşənbəsində insanlar bir-birinə qonaq gedər, “Çərşənbən mübarəkdeyər, “Ağrın, acın odda yansın, Yel dərd-qəmini aparsınsöyləyərlər. Bu alqışlar həm ona işarədir ki, qarşıdakı əziz gün Yel çərşənbəsi olacaq. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması nəhayət, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq ənənələri Od çərşənbəsində əksini tapır.

Atmosferin, havanın istiliyi, insan bədənində, ağacın bətnində, torpaqda istilik nəhayət, bütün bu istiliklərin məcmusu olan odun qorunub saxlanması, odun əldə olunması bununla insan həyatının dəyişməsi görüşləri bu çərşənbə etiqadlarında bu ya digər şəkildə özünü əks etdirir.

Novruzun şehli çəmənlərlə atılan sayalı qədəmlərindən biri məhz bu mərasimlərdə bayram xonçaları ilə bərabər, nişan məclislərinin qurulmasıdır. Deyilənə görə, çərşənbə axşamlarının qəribə qüdrəti var. Xüsusilə Od çərşənbəsində qızların yanağı alışıb yanar, çəmən çiçəklərinə bənzəyərlər. Oğlanların isə sinələrində odlu ürək döyünər. Bu çırpıntıların mənasını isə Novruz bayramlarında evdən-evə qırmızı örtüklü xonçalarda gedən sovqatlar açıqlayar.

Sudan içdik, oddan keçdik, indi üzü küləyə sarı gedirik.

Od çərşənbəniz mübarək!

 

Günel MANAFLI

 

Yeni Müsavat.- 2015.- 3 mart.- S.14.