“Dağlıq Qarabağ
- dondurulmuş münaqişə deyil...”
Rusiyalı politoloq savaş
xəbərdarlığı etdi və maraqlı
təklif verdi:
“Minsk üçlüyü ilə yanaşı, Rusiya-İran-Türkiyə regional üçlüyü yaradılsın”;
Kremlin mərkəzində olduğu
“üçlüklər” isə
uğurlu ola bilmir, çünki...
2015-ci il Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan arasında heç bir görüş olmadan başa çata bilər. Hər halda, onların arasında çoxdan planlaşdırılan Nyu-York təması olmayacaq. Çünki bugünlərdə bəlli olub ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri, o xüsusda Amerika tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşünü təşkil edə bilməyiblər.
O da məlum olub ki, cəbhə xəttində situasiyanın kəskinləşməsi fonunda həmsədrlər yalnız Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü hazırlamağa başlayıblar.
Bəzi mənbələrin məlumatına görə, görüşün alınmaması Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a getməkdən imtina etməsi ilə bağlıdır. Qeyd edək ki, gələn ayın sonunda işinə başlayacaq BMT Baş Məclisinin sessiyasında İlham Əliyevin də çıxışı gözlənilirdi. Ölkə başçısının Amerikaya getməyəcəyi ilə bağlı xəbərlərə hələ ki rəsmi münasibət bildirilməyib.
Vasitəçilər prezidentlərin görüşünü aylar idi ki, hazırlayırdılar. Ancaq fakt budur ki, bu hazırlıqlar boşuna gedib. Əslində rəsmi Bakı status-kvonun saxlanmasına xidmət edən görüş xətrinə görüşlərin əleyhinədir və bunu bir neçə dəfə açıq şəkildə bəyan edib. Odur ki, növbəti səmərəsiz görüşdənsə, onun elə olmaması daha məqbul görünür. Çünki böyük ehtimalla, Nyu-York təması da əvvəlkilərdən fərqlənməyəcəkdi.
Belə qənaət üçün əsaslar yetərincədir. Ən birincisi odur ki, prezidentlərin 27 oktyabr 2014-cü il Paris görüşündən sonra Dağlıq Qarabağ məsələsi ətrafında faktiki, heç nə dəyişməyib, işğalçı Ermənistana vasitəçi dövlətlərin loyal münasibəti də yerində qalır. Belə olan təqdirdə və ötən illərin də təcrübəsi göstərir ki, prezidentlərin görüşü heç bir konstruktiv nəticəyə gətirə bilməz.
Problemin həllinə əngəl olan əsas faktorlardan biri isə məhz Rusiya və onun Qarabağ siyasətidir. Hərçənd Rusiya rəsmiləri daim başqa hava çalırlar, guya Moskva münaqişənin yoluna qoyulmasına çalışır, sadəcə, tərəflər razılığa gələ bilmirlər. Halbuki az qala uşağa da bəllididr ki, Rusiyanın birbaşa asılılığında olan Ermənistan məsələdə heç bir ciddi söz sahibi deyil, heç vaxt da olmayıb.
***
“Rusiya Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz öhdəliklərinə məsuliyyətlə yanaşır”. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova konfliktlə bağlı ölkəsinin roluna toxunarkən bildirib.
“Ümid edirik
ki, Rusiyanın hansısa başqa
ölkələrlə bizim
günahımız üzündən baş
verməyən fikir ayrılıqları Minsk Qrupunun isinə təsir
göstərməyəcək. Biz tərəfdən heç bir əngəl, sual və ya problem ola bilməz.
Biz bu formatın
iştirakçısıyıq və öz öhdəliklərimizə çox
məsuliyyətlə yanaşırıq,
çünki başa
düşürük ki,
nə dərəcədə
ciddi bir mövzu Minsk Qrupunun gündəliyindədir” - qeyd
edib XİN rəsmisi.
Yəni yenə konstruktivlik imitasityası. Məsələ də ondadır
ki, Moskva həqiqətən vasitəçilik
öhdəliklərinə ciddi
və məsuliyyətlə
yanaşsaydı, o sırada
vasitəçilik missiyasının
məsuliyyətini dərk
eləsəydi, o zaman
konfliktin həllinə
səmimi şəkildə
yardımçı olardı,
nəinki onu İrəvanın əli ilə tormozlayardı.
Müşahidələr göstərir ki, Kreml bu siyasətini
tezliklə dəyişmək
fikrində deyil. Xarici işlər
naziri Sergey Lavrovun Bakıya bu gün başlayacaq səfərindən də
eyni səbəbə görə nəticə gözləməyə dəymir
- baxmayaraq ki, səfər çərçivəsində
Qarabağ məsələsinin
müzakirə ediləcəyi
bildirilib.
***
Münaqişənin həllində hələ
də işıq ucunun görünməməsi
isə onun istənilən an alovlanması
riskini aybaay artırır. Bunu Kremlə yaxın
rusiyalı ekspertlər
də gizlətmirlər.
“Təmas
xəttindəki son olaylar
göstərir ki, Dağlıq Qarabağ münaqişəsi heç
də dondurulmayıb və bu, yavaş-yavaş
tüstülənən bir
nöqtədir. Bu, onu göstərir ki, Minsk Qrupu öz işini kifayət qədər keyfiyyətli görə bilmir”. Rusiyalı politoloq, prezident
Vladimir Putinin etibarlı
adamı olmuş
Sergey Markov belə deyir.
Onun sözlərinə görə,
ara verməyən
hərbi toqquşmalar
hamsısa aralıq qərarın qəbulunu zəruri edir: “Belə bir qərar
əvvəla, nəhəng
problemlər kompleksini
qismən həll edərdi. Onların arasında əlbəttə
ki, ən mühümü - azərbaycanlı
qaçqınların Dağlıq
Qarabağ ətrafındakı
boş qalan 6 rayona qayıtmasıdır,
hansını ki, Ermənistan gələcəkdə
mübadilə eləmək
məqsədilə öz
nəzarətində saxlayır.
Nəhayət, normal, diplomatik danışıqlar
bərpa olunmalıdır
ki, situasiyanın həllinə çıxış
mümkün olsun”.
“Mən
düşünürəm ki, Ermənistan özünün daha yaxşı iqtisadi inkişafı, öz vətəndaşlarının və Dağlıq Qarabağ sakinlərinin rifahını təmin eləmək üçün
Azərbaycan və Türkiyənin yaratdığı
blokadanın götürülməsində
maraqlıdır. Eyni
zamanda Azərbaycan köçkünlərin Dağlıq
Qarabağ ətrafındakı
boş alan
rayonlara geri dönməsində maraqlıdır”
- qeyd edib ekspert.
Onun fikrincə, Minsk Qrupu xətti ilə danışıqlar alınmırsa,
o zaman nizamlama prosesinə başqa yolla stimul vermək
lazımdır: “Moskva
belə danışıqların
təşkili üçün
ən təbii vasitəçi rolunda ola bilərdi.
Perspektivdə Minsk üçlüyündən
(Rusiya, ABŞ, Avropa Birliyi) savayı, situasiyanın sağlamlaşmasına
xidmət edən Rusiya-İran-Türkiyədən ibarət regional üçlük
də mümkün ola bilər”,
- deyə Markov fikrini tamamlayıb.
***
Doğrudan da bəlkə İran və Türkiyənin prosesə
aktiv qoşulması konfliktin həllini ölü nöqtədən
çıxardı?
“İranın
sanksiyalardan sonra fəallaşması Qarabağ
məsələsinə müsbət
təsir edəcək”.
Bu barədə “Region” təhqiqat mərkəzinin
“Dialoq - beynəlxalq mətbuat mərkəzi” çərçivəsində təşkil elədiyi
internet mətbuat konfransında
başqa bir rusiyalı politoloq, Avrasiya inteqrasiyası və Mərkəzi Asiya məsələləri
üzrə ekspert Arkadi Dubnov Qarabağ
zonasında müharibə
ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.
“Güman
edirəm ki, nüvə məsələsi
ilə bağlı sanksiyaların götürülməsindən
sonra regionda İranın rolu artdıqca Qarabağ məsələsində də
situasiya yaxşı istiqamətə dəyişəcək”
- qeyd edib analitik. Ekspertin ehtimalına görə,
“Dağlıq Qarabağda
müharibə yəqin
ki, olmayacaq, ancaq müxtəlif dərəcəli intensivlikdə
xoşagəlməz hadisələr,
o cümlədən hərbi
xarakterli olaylar mümkün və qaçılmazdır”.
***
Bütün hallarda bir şey dəqiqdir ki, istər Minsk üçlüyü olsun,
istərsə də
“regional üçlük”, nə qədər ki, üçlüklərin
mərkəzində Rusiya
durur Qarabağ problemi də acı bağırsaq kimi uzanacaq, çünki Moskva konfliktin həllinə çalışmır, münaqişənin
çözümündə maraqlı olması barədə bəyanatları
da səmimi deyil. Səbəb bu dərəcə
sadə.
Görünən həm də odur ki, Rusiya
nəinki Dağlıq
Qarabağ probleminin həllini arzulamır, həm də obrazlı ifadə eləsək, “Cəhənnəmə
getməyə” özünə
yoldaş aparır. Onun biri
və birincisi şübhəsiz ki, Ermənistandır. Bunu Ermənistanın
siyasi və ekspert dairələrində
də artıq aydın şəkildə
dərk edirlər.
***
Misal üçün,
erməni politoloq İqor Muradyan Rusiyanı sərt tənqid atəşinə
tutaraq erməni xalqının bütün
bədbəxtliklərində şimal qonşumuzu günahlandırıb. O qeyd edib ki, Ermənistanın
Avrasiya İqtisadi İttifaqına inteqrasiyası
prosesinin iflasa uğramasından sonra Rusiya açıqdan-açığa
şantaj siyasətinə
keçib. Sitat: “Rusiyanın bu planı boşa çıxdıqdan sonra Moskva şantaja keçdi. Bütün vasitələrdən istifadə olundu, qazın qiymətləri qalxdı, elektrik enerjisinin qiymətlərinin
qalxacağı haqda xəbərlər yayıldı,
Qarabağ cəbhəsində
gərginlik artdı, rusiyapərəst müxalifət
fəallaşdı. Bu
müstəmləkəçilik siyasətidir. Bütün bunlar
onu göstərir ki, Rusiya Ermənistanı
müstəmləkəsi kimi
saxlamaq, nəyin bahasına olursa-olsun bu regionda qalmaqda
maraqlıdır”.
Daha sonra erməni cəmiyyətinin siyasi seçimini şərh edən erməni politoloq ölkə əhalisinin böyük əksəriyyətinin Qərbə
inteqrasiya tərəfdarı
olduğunu vurğulayıb:
“Ermənistanda kütlələrin
səsini, onların tələbini işıqlandırmaq
üçün normal, müstəqil
KİV-lər belə
yoxdur. Ölkənin bütün aparıcı
media orqanları biznesi
Rusiya ilə əlaqədar olan şəxslərin nəzarətindədir.
Onlar ölkədə baş verənləri olduğu kimi işıqlandırmırlar.
Hakimiyyətin və Rusiyanın
əleyhinə olan fikirləri geniş tamaşaçı auditoriyasına
çatdırmırlar, buna
görə də kənardan belə təsəvvür yaranır
ki, Ermənistanda hamı Rusiyanın tərəfdarıdır. Müxalifətin əlində beş-altı
sayt və qəzet var və bununla da ölkədə baş verənləri tam işıqlandırmaq mümkün
deyil”.
“Rusiya ATƏT-in
Minsk Qrupunun həmsədridir,
amma Qarabağ münaqişəsinin həlli
üçün heç
bir iş görməyib və özünü də Ermənistanın təhlükəsizliyinin
qarantı elan edib. İndiyədək Rusiya Ermənistanın təhlükəsizliyinin təmini
üçün heç
bir iş görməyib. Moskvanın bütün məqsədi
konfliktdən istifadə
edərək regiondakı
hərbi varlığını
davam etdirməkdir” - deyə Muradyan fikrini tamamlayıb.
Yeni Müsavat.-2015.- 1 sentyabr.-
S.13.