Avropalılar Tur Heyerdalı

heyrətləndirən Kiş məbədinə axışır

 

Əməkdaşımız təkcə Azərbaycanın deyil, bütün Qafqazın ən unikal abidəsi olan alban kilsəsindən yazır; dünya turuna çıxan almanlar “Yeni Müsavat”a nələr danışdılar; bəs Kiş sakinləri nədən narazıdır?

Şəkinin mərkəzindən 5 km-lik məsafədə, meşəliklərlə örtülmüş dağların ətəyində yerləşən Kiş kəndi Azərbaycanın qədim və gözəlliyi ilə seçilən yaşayış məntəqələrindəndir. Mənbəyini Kiçik Qafqaz sıra dağlarından götürən Kiş çayı alban tarixini özündə cəmləşdirən abidələrlə zəngin bu kəndə xüsusi gözəllik verir.

 

Kiş məbədi 2001-ci ildə əfsanəvi Norveç alimi və səyyahı Tur Heyerdalın xeyir-duası və sponsorluğu ilə təmir olunub, daha sonra muzeyə çevrilib. Həyat yoldaşı ilə buranı ziyarət edən alim sübut edib ki, norveçlilərin də kökü qədim albanlara məxsus olub.

 

***

 

Son zamanlar haqqında çox danışılan ərəb turistləri burada görməzsiniz. Elə sözarası soruşduğumuz şəxslər də ərəblərin Şəkinin mərkəzinə qədər gəlib çıxdıqlarını, Kiş məbədinə qalxmadıqlarını deyirlər. Bəlkə də kilsəyə getməyi haram hesab etdiklərindən...

Avropadan gələnlər isə bu ünvanı ziyarət etməyi sanki özlərinə borc bilirlər. Kiş məbədinə Almaniyadan gəlmiş bir dəstə turistlə birgə üzüyuxarı qalxırıq. Yolların narahat olması onları taksidən enib piyada addımlamağa vadar edir.

... Bu yerdə qeyd edim ki, əhvalımı təlx edən məqamlar da var. Elə Kiş kəndinə gedən yolun narahat olması, məbədə qalxan küçə ilə üzüaşağı axan sular və s. Min km-lərlə uzaqlardan gəlmiş turist axtardığı ünvana belə yollarla getməməlidir. Həm də tariximizin min illərlə o üzünə aparan yollar çirkab sulara bələnməməlidir.

Ortayaşlı bir xanımın maraqla ətrafı seyr etməsindən, fotoaparatının yaddaşına yeni kadrları əlavə etməsindən, düzü, çox məmnun oluram. Bəzən qədrini bilmədiyimiz, hətta gözdən saldığımız maddi və mənəvi sərvətlərimizə əcnəbilərin heyranlıqla tamaşa etməsi təbii ki, qürurvericidir.

Bir az da bu kimi ürəksıxıcı müşahidələri unutdurmaq üçün xanım turistə yaxınlaşıb adını soruşuram. “Sekret” deyir. Bir anlıq düşünürəm ki, yəqin adını  məxfi saxlayır. Ancaq növbəti sualın cavabında gülərək üzünü tərcüməçiyə çevirib,  yox, adım Sekretdir” deyir. Vaxtilə hoteldə işləyib. Təqaüdə çıxandan sonra isə dünya turuna çıxmağı özü üçün xobbiyə çevirib. Elə söhbət hotelçilikdən düşmüşkən, Azərbaycandakı hotellər haqda fikrini öyrənmək istəyirəm. Razılığını bildirir: “Təmizdir, yeməkləri çox xoşuma gəlir”. Dediyinə görə, ilk günlər Gəncədəki “Ramada” hoteldə qalıb, növbəti günlər isə Şəkinin “Karvansaray”ında yerləşib. Bir həftə ərzindəki xərcləri ilə də maraqlanıram. Cavabında deyir: “3 həftədir yoldayıq.

Gürcüstandan bura gəldik. Təxmini bölsəm, Azərbaycanda bir həftə ərzində 700 avro xərcimiz çıxıb. Elə də baha hesab eləmirəm”. Sekret xanım onu da deyir ki, Azərbaycan da daxil olmaqla, gəzdiyi ölkələrdən bəhs edən bir film hazırlamaq niyyətindədir: “Sadəcə, marağa, dostlarımız üçün bir film hazırlayacağam”.

Almanlar məbədin qarşısında qoyulmuş norveçli səyyah Tur Herdalın abidəsinin önündə ayaq saxlayırlar, onun mərmər üzərinə həkk olunmuş fikirlərini oxuyurlar. Alim Azərbaycana belə dəyər verib: “Norveç mifologiyasında Skandinav Allahı Odin haqqında yazılır ki, o, Şimali Avropaya Azər adlanan yerdən gəlib. Mən bu yazıları dəfələrlə oxudum və belə qərara gəldim ki, bu, heç də mifologiya yox, əsl tarix və coğrafiyadır”.

Ardınca məbədin həyətinə daxil oluruq. Bələdçi xanım eramızdan əvvəl bir neçə minillikdən üzü bəri başlayan tarixi faktlardan bəhs etdikcə mən də əcnəbilərin heyrətinin müşahidəçisinə çevrilirəm. Xanım bələdçi deyir ki, arxeoloji qazıntılar zamanı 6 sərdabə tapılıb. Qazıntı məbədin bayırından başlayıb və buradakı qədim qəbirlər açılıb. Məbədin içərisindəki quyunun dərinliyi 5 m, eni 3 metrdir. İçərisində 2 m 30 santimetr boyu olan 20-25 nəfər insan dəfn olunub. Özü də bu insanların qab-qacaq, zinət əşyaları da özləri ilə birgə basdırılıb.

Miladdan əvvəl,  4 və 3-cü minilliyə - tunc dövrünə - aid dəfn olunan müqəddəs keçilərin buynuzları da olduğu kimi qalıb.

Küncdəki oyuqda yığılıb qalmış qəpiklər diqqətimizi çəkir. Məlum olur ki, bu, niyyət köşəsidir. Gələnlər niyyət tutur, qəpikləri divara yaxınlaşdırır, niyyəti hasil olanların qəpiyi divara yapışır. Hər halda, bu da bir inancdır. Yerli turistlərdən fərqli olaraq əcnəbilər sadəcə gülüb keçirlər.

 

***

 

Biz isə turistləri bu sehrli aləmdə söhbətə tuturuq. Almaniyadan gəlmiş digər turist Klimit də “Yeni Müsavat”ın əməkdaşına heyrətləndiyini deyir: “Mən bu kilsəni görəndə çox təəccübləndim. Azərbaycanda ilk dəfədir oluram, tolerant ölkədir. Səfərimə Bakıdan başladım. Daha sonra Şəkiyə gəldim. Gəncəyə də getmək fikrim var.

Daha sonra Gürcüstana səfər edəcəyik”. Sözarası onu da öyrənirik ki, planda Cənubi Qafqazın üçüncü ölkəsinə, Ermənistana səfər də var. Bu səbəbdən də “siz bilirsinizmi Ermənistanda əksər turistləri aldadıb Azərbaycanın işğal altındakı ərazilərinə - Qarabağa da aparırlar və sonradan həmin turistlər Azərbaycanın ”arzuolunmaz şəxslər" siyahısına düşür" soruşanda məlum olur ki, həmsöhbətim qonaq da olsa, vəziyyətdən xəbərdardır.

Almanlara bu barədə ətraflı məlumatı Turizm və Menecment Universitetinin nümayəndəsi, Azərbaycanın ilk rəsmi bələdçilərindən biri olan Abbas Abbasov verib. Özü də bizə “narahat olmayın, ilk gündən qonaqları məlumatlandırmışıq”, deyir. A.Abbasov əlavə edir ki, o, 6 nəfərlik Almaniyadan gəlmiş qrupa bələdçilik edir: “Bu qrup dünyanı gəzir. Hər il bir neçə ölkəyə səyahət edirlər. Qrupdakılardan biri alman olsa da, İsveçrədə yaşayır, həyat yoldaşı da Qazaxıstandandır”.

Digər həmsöhbətim Dita Zaytsa da ilk dəfədir Azərbaycandadır. Onun dediklərindən: “Azərbaycan mədəniyyəti məni çox maraqlandırırdı. İnsanların necə yaşadığını, ölkənin nə qədər dəyişdiyini görmək istəyirdim. Gördüklərim məni heyran etdi. İnsanlar çox mehribandır, hər tərəf təmizdir. Növbəti dəfə də Azərbaycana gəlməyi düşünürəm. Amma bu dəfə özümün şəxsi avtomobilimlə”.

Məbəddə Çindən, Cənubi Koreyadan gəlmiş turistlərlə də rastlaşırıq. Çindən gəlmiş turistlə - ixtisasca turizmlə məşğul olan Məhəmməd Rido ilə həmsöhbət olduqda ondan da ölkəmiz haqqında xoş sözlər eşidirik: “Azərbaycana gəldim və çox təsirləndim. Əhali çox mehriban, istiqanlı, qonaqpərvərdir. Bakı və Gəncədə olduq. Mən bu iki şəhərin həm əhalisi, həm də arxitekturası arasında böyük fərqi gördüm. Bir şeyi də dəqiqləşdirdim ki, Bakı heç də 1991-ci ildən sonrakı, müstəqillik illərindən sonrakı şəhər deyil, çox-çox qədimdir. Ümumiyyətlə, Azərbaycanın tarixinin çox qədim olduğunu yəqin etdim”.

   Tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunan Kiş məbədi bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. 2012-ci il sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin keçmiş baş naziri, indiki prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Kiş kəndindəki Alban məbədi ilə tanış olublar. Onu da öyrənirik ki, Azərbaycan prezidenti ilk dəfə 2006-cı ildə xanımı ilə bu ünvana gəlib. Muzeyin işçilərindən biri bildirir ki, turistlərin sayı ilbəil artır: “Yay mövsümündə orta hesabla 10-12 min ziyarətçimiz olur.

Bütün ölkələrdən gəlirlər. Əsasən də Avropa ölkələrindən. Bu il Moskvadan çox gəldi. Amma ərəblərdən gələn yoxdur”.

Qeyd edək ki, məbədə giriş səhər saat 9-dan 20.00-dəkdir. Biletin qiymətinə gəldikdə, böyüklər üçün 2 AZN,  tələbələr üçün 1 AZN, şagirdlər və uşaqlar üçün 20 qəpikdir.

Statistikaya görə, qədim yaşayış məskəni olan Kiş kəndinin 8 mindən artıq əhalisi var. Kənddə 4 orta məktəb fəaliyyət göstərir. Amma... Əhalinin dolanışığı ilə maraqlananda heyrətamiz cavab alırıq. “Camaatın 80 faizi Rusiyadadır”-sakinlərdən biri deyir.

Əlavə edir ki, əkin üçün ayrılan pay torpaqları 40-50 km kənarda olduğu üçün gedib-gəlmək, əkib-becərmək sərf eləmir. Ona görə də torpağı başqalarına  icarəyə verən kişlilər çörək ardınca qonşu ölkəyə üz tutur. Söhbət əsnasında məlum olur ki, müşahidələrimiz bizi aldatmayıb. Kənd sakinlərini ən çox narahat edən yol problemidir.

Sakinlərdən biri ümidsiz halda “gündəmdə var, amma ortada heç nə yoxdur” deyir. Bir müddət əvvəl gələn güclü sel 6 metr hündürlükdəki körpünü yuyub apardığı üçün vəziyyət daha da pisləşib. Ona görə də hazırda körpünün yenidən qurulması işi gedir. Amma yolun sonadək çəkilib-çəkilməyəcəyi dəqiq deyil. Onu da öyrənirik ki, bu kəndin su, qaz, işıq sarıdan problemi yoxdur. “Ən böyük problemimiz yol və işsizlikdir”-bunu da digər həmsöhbətimiz deyir.

Ümid edək ki, Tur Heyerdal daxil, avropalı səyyahları heyrətləndirən məbədə aparan yol tezliklə abadlaşdırılacaq. Elə Kiş kəndinin daxili yolları da. Əgər turistlərin yarıyoldan qayıtmasını istəmiriksə...

 

Elşad PAŞASOY

 

Yeni Müsavat.- 2016.- 31 avqust.- S.13.