Dini və milli tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf etdirilməsi
Azərbaycan dini
dözümlülük məsələsində dünyaya necə
nümunə göstərdi?
Elə
gün olmur ki, dünya mətbuatı hansısa Avropa ölkəsində
və ya yaxın Rusiyada qeyri-millətlərdən, qeyri-dinlərdən
olan insanlara qarşı törədilən hücumdan və
ya zorakılıqdan yazmasın. Dünya sözün
böyük mənasında dini və milli
dözümsüzlükdən əziyyət çəkir. Bu,
özünü miqrantların Avropa ölkələrinə
son köçündə də göstərdi. Miqrantlara
qarşı bir çox hallarda sərhədləri zorlayan
aqressiya, hücum, eləcə də zorakılıq əlamətləri
dünya mətbuatının ən çox müzakirə
etdiyi mövzulardan oldu. “Yeni Müsavat” da hadisələrin
qaynar dönəmində Avropanın qaçqın düşərgələrinə
etdiyi səfər zamanı sözügedən mənzərəni
aydınlığı ilə oxucularına təsvir etdi.
Tolerantlıq - bu problem ilk dəfə
orta əsrlərdə
yaranıb və günümüzə
qədər davam edir...
Elmi ədəbiyyatlarda
“tolerantlıq” - (lat. tolerancia - hərfən
dözümlülük) - dini və milli müxtəlifliyin
etirafı və ona hörmətlə yanaşılması
kimi şərh edilib. Qərbdə tolerantlıq problemi ilk dəfə
orta əsərlərdə yaranıb. İlk dövrlərdə
bu, əxlaqi fəzilət, qeyri-xristian və yaxud bidətçi
ehkam, ayin, inancların etirafı kimi nəzərdən
keçirilib. Dini tolerantlığın geniş şəkildə
şərh edilməsinə məşhur xristian ilahiyyat alimi
Foma Akvinalının “Teologiyaların külliyatı” əsərində
rast gəlmək olar.
Mədəniyyətin mühüm elementi olan ümumi tolerantlıq, bu gün müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşı- yıcısı olan insanların ictimai vəhdətləşməsinin zəruri şərti kimi etiraf olunur. Tolerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipidir. Eyni zamanda, təcrübə göstərir ki, mütləq dözümlülük də öz növbəsində özbaşınalıq və zorakılığa yol açır: heç bir halda tolerantlıq şərə fürsət verməyə çevrilməməlidir. Qeyd etmək lazımdır ki, həm islama qədərki dövrdə, həm də islam dininin Azərbaycanda yayılmasından sonra müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşmış, insanlar əmin-amanlıq şəraitində yaşamış, burada yüksək tolerantlıq mühiti hökm sürmüşdür. Bu ərazidə tarixən müxtəlif dinlər və etnoslar arasında tolerantlıq mədəniyyətinin indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin mühüm rolu olmuşdu.
Mövcud qanunlarımıza görə, respublikamızda hər bir kəs dinə münasibətini müəyyənləşdirməkdə, istədiyi dinə etiqad etməkdə sərbəstdir. Eyni zamanda, 49 dini etiqadların, dini ibadətlərin zor işlətməklə və ya insanlar arasında nifaq salmaqla təbliğ edilməsi qanunla qadağandır. Qanunda dini təhlükəsizliyin təmin edilməsi baxımından əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın qadağan edilməsi təsbit olunub. Qanunda həmçinin, göstərilir ki, ölkə vətəndaşlarının dinə münasibətlərindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələ- rində bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər.
Tarixi faktlar - ölkəmizdəki kilsələr, sinaqoqlar və qeyri-dinlərə verilən böyük azadlıq...
Bu gün dünya əhalisinin sayı artıq 7 milyard nəfəri ötüb və onun 50 faizə qədəri səmavi və dünyəvi dinlərdə - İslam, xristianlıq, iudaizm və buddizmdə birləşib. Bunlardan ilk üçü səmavi, buddizm isə geniş coğrafiyada yayılmış qeyri-səmavi dinlərdən hesab olunur. Bu dinlərin hər biri Allahın vahidliyini, təkallahlığı qəbul edir və tolerantlığa, sülhə çağırır, israfçılığın əleyhinə çıxış edir. Səmavi dinlərin hər bir kitabına, Davudun “Zəbur”undan başlamış Musanın “Tövrat”ı, İsanın “İncil”i və Məhəmməd Peyğəmbər (s.ə.a.s) vasitəsilə Allah tərəfindən bizə nazil olunmuş “Qurani-Kərim”ə baxsaq, onlarda sülh, əmin-amanlıq, bərabərlik, qardaşlıq ideyalarını görə bilərik. Bu dini kitabların ən təkmili təbii ki, “Qurani-Kərim”dir.
Bəs Azərbaycan
dini tolerantlığa hansı töhfələr verir? Faktlara
diqqət edək: dünyanın ən qədim məscidlərindən
biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın
Şamaxı şəhərində yerləşir.
Dünyanın ən qədim kilsələrindən biri olan
Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik
tarixi olan Şəki şəhərinin
yaxınlığında yerləşir. Pravoslav və katolik
kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi
- bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir.
Azərbaycan
əhalisinin 96 faizini müsəlman, 4 faizini xristian, yəhudi
və digər dinlərin nümayəndələri təşkil
edir. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman
icmasıdır. Misal üçün, bütün dünyada
dağ yəhudilərinin yığcam halda
yaşadığı yeganə yaşayış məntəqəsi
Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbədir.
Respublikada
qədim ənənələrə malik olan yəhudi
icmasının mədəni irsi də Azərbaycan hökumətinin
qayğısı ilə əhatə olunur. Bakı Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsində
ibrani bölməsi açılıb. Azərbaycan Milli Elmlər
Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi
mədəniyyətinin qorunması və inkişafı fondu
ilə birgə “Yəhudilər Azərbaycanda” kitabını
hazırlayıb.
Ölkəmizin
ərazisində yaşayan dağ yəhudiləri yerli əhali
ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini,
həyat və düşüncə tərzlərini qoruyub
saxlayıblar. Xristianlıq isə Azərbaycan ərazisinə
hələ İsa Məsihin həvariləri dövründə
Qafqaz Albaniyası vasitəsilə nüfuz edib. Sinayda aşkar
edilmiş “Alban yazısında və alban dilində” leksionari dünyada
xristianlığın ən qədim kütləvi qiraət
kitablarından sayılır.Azərbaycanda xristianlıq
özünün pravoslavlıq, katoliklik və protestantlıq
qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil
olunub. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə
başlayıb.
Hələ
XIX əsrin ikinci yarısında incilçi-lüteran kilsəsinin
ardıcılları Bakıya neft yataqlarının
istismarında iştirak edən alman sənayeçiləri
sırasında gəliblər.
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı bildirib ki, əgər müstəqilliyinin
ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər
və mədəniyyətlərarası dialoq prosesinin aktiv
iştirakçısı idisə, indi demək olar ki, bu
prosesin hərəkətverici qüvvəsinə çevrilib:
“Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə
çevrilməkdədir. Bunun təsdiqi olaraq, son illərdə
Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası
Şurasının, MDB Müsəlmanları Məşvərət
Şurasının, Qafqaz Xalqları Ali Dini
Şurasının toplantılarının Bakıda
keçirilməsini qeyd etmək olar. Bundan başqa, Bakı 2009-cu
ildə İslam Mədəniyyəti paytaxtı elan
edilmişdi. İSESKO tərəfindən 2018-ci il
üçün ”Naxçıvan İslam mədəniyyətinin
paytaxtı" elan edilib. Gəncə və Şəki də
“İslam mədəniyyətinin paytaxtları” layihəsində
iştirak edəcək. Bütün bunlar dünyanın
ölkəmizə tolerantlığın yüksək səviyyədə
inkişaf etdiyi məkan kimi etimad göstərməsinin nəticəsidir".
Bu günə
qədər ölkədəki dini tolerantlıqla bağlı
müsbət fikir söyləyən qeyri-din rəhbərlərinin
açıqlamalarını da yada salaq.
Roma
papası İoann Pavel deyib: “Azərbaycan üç müxtəlif
dinin dinc yanaşı yaşadığı nadir bir ölkə
və dini dözümlülük baxımından sabit cəmiyyətdir”.
Rum
Patriarxı I Varfolomeyin ölkəmizə səfəri
zamanı buradakı tolerantlığa verdiyi qiymət də
çox maraqlıdır: «Azərbaycanda hər kəs istədiyi
dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir. Azərbaycanı
çox sevdim. Bu ölkənin rifahı və xoşbəxtliyi
üçün hər zaman dua edəcəyəm».
Daha bir
tarixi fakt. Bakıda Jan Mironosets
pravoslav baş kafedral kilsəsini 1907-ci ildə Zeynalabdin
Tağıyev inşa etdirib. Onun dəstəyi ilə
Dağıstanda kumık dilində “Tanqn Çolpan” adlı
jurnal nəşr olunurdu. Tağıyev maliyyə
yardımı göstərdiyi onlarla qəzet və jurnallarda özünün tənqidinə
rast gəlsə də mətbuata yardımını
dayandırmırdı.
Vətəndaşlarımızın
vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda,
geniş şəkildə isə «Dini etiqad azadlığı
haqqında» qanunda təsbit olunmuşdur. Həmçinin,
ölkədə tolerantlığı, dini
dözümlülüyü möhkəmləndirmək məqsədilə
insan hüquq və azadlıqları, o cümlədən vicdan
və dini etiqad azadlığı ilə bağlı
qanunvericilik beynəlxalq hüquq normalarına
uyğunlaşdırılıb.
Bu gün
Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda
bir çox xristian, yəhudi dini tədris müəssisələri
sərbəst, heç bir maneə olmadan fəaliyyət
göstərir və onlara dövlət tərəfindən
qanun çərçivəsində lazımi dəstək
verilir.
Azərbaycanda
müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin
tikintisinə və bərpasına fərqli dini icmaların
nümayəndələrinin maddi və mənəvi dəstək
verməsi, ianələr toplaması tarixi keçmişimizdən
qalan mütərəqqi ənənədir. XIX əsrin
sonlarına yaxın Bakıda «Qızıllı kilsə» kimi
tanınan «Aleksandr-Nevski» kilsəsinin inşası
üçün toplanılmış ianənin böyük
hissəsinin müsəlmanlar tərəfindən verilməsi
dünya tolerantlıq tarixinin ən parlaq səhifəsidir.
Dini
ekspert Kənan Rövşənoğlu
da təsdiqləyir ki, Azərbaycanda dini tolerantlıq qədimdən
mövcuddur. Onun sözlərinə
görə, bunun təsdiqi olaraq tarix boyunca bizdə dini məzmunlu
düşmənçilik, savaşın olmaqmasıdır:
“Adətən belə şeylər xarici təsirlərlə
olub, məsələn 17-ci əsrin əvəllərindən
Dağıstandan hücum edən tayfalar bura din
şüarı ilə gəlmişdilər. Amma yerli camaatda dərin
dini nifrət olmayıb. Bunun da bir sıra səbəbləri
var. Avropadan fərqli olaraq Azərbaycanda dini tolerantlıqda
dövlətlər arasında anlaşma deyil, bilavasitə
xalqın özünün yanaşması rol oynayıb. Bu isə
görünür Azərbaycanda tarixən etnik və dini
müxtəlifliyin dərin olması ilə
bağlıdır. Qədim inanclar, atəşpərəstlik,
daha sonra xristianlıq, sonra islam hamısı Azərbaycana gəlib
və özünə yer tapıb. Yəhudilik, fərqli
xristian təriqətləri... bu qədər zənginlik
içərisində azərbaycanlıların bir-birinə
nifrət etməsi, dominant bir dini inancın digərlərini
basqı altında saxlaması ənənəsi olmayıb. Yəni
bir növ dövlət mərkəzli deyil, xalq mərkəzli
olub”.
Bir
müddət öncə “Dini etiqad azadlığı
haqqında” qanuna 13-14 əlavə və dəyişiklik
edilib. Bu dəyişikliklər insanların dini
inanclarını, onların dini ayinlərinin icrasını, məscid,
sinaqoq və kilsədə fəaliyyətini məhdudlaşdırmağa
yönəlməyib. Onların ana xəttində məhz dindən
radikal, dağıdıcı, ekstremist məqsədlər
üçün istifadəni məhdudlaşdırmaq
dayanır. Bəzi ölkələrdə öz dini, milli ənənələrini,
xüsusilə, dindən gələn, hətta klassik dini
qaydaları qorumaq üçün qanunlar qəbul edilib.
Avropanın bəzi ölkələrində belə nümunələr
var. Yəni ölkələr öz tarixi keçmişini,
milli adət-ənənələrini nəzərə alaraq bu
ənənələrdən kənara çıxan,
hansısa xırda qrupların təşviqat və təbliğatını
məhdudlaşdırıblar. Xüsusilə, belə təcrübə
xristian ölkələrində daha çoxdur. Xristianlıqda
iki böyük cərəyan - katolik və pravoslavlar, bundan əlavə,
protestantlar, lüteranlar, babtistlər, adventistlər var.
Buddizmin də içində çoxlu cərəyanlar var.
İslam və xristianlıqdan fərqli olaraq, buddizm öz
daxilində yaranan cərəyanlara qarşı dini mərkəzləşdirmək
üçün mübarizə aparmır. Lakin İslam və
xristianlıq dini öz içərisində
parçalanmanın qarşısını almaq
üçün özünüqoruma instinktinə uyğun fəaliyyət
göstərir.
Sevinc TELMANQIZI
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün hazırlanıb
Yeni Müsavat.- 2016.- 5 dekabr.- S.15.