“Deməzdim ki, həyatımın Təhminəsi
olub...”
Elxan Cəfərov: “Hiss etdim ki, mənim
uğurum bu peşədə deyil”
Mədəniyyət sahəsinin
tanınmışları ilə vaxtaşırı müsahibə
edirik. Budəfəki həmsöhbətimiz tanınmış
rejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.
Rejissorla “Azərbaycanfilm” kinostudiyasında
görüşüb, kinomuzun bugünkü durumu, çəkdiyi
filmlərdən söz açdıq.
- Elxan bəy, geridə
qoyduğumuz 2016-cı il il sizə hansı uğurlar
qazandırdı, aldığınız fəxri addan
başqa?
-
Uğurlarım dedikdə, əslinə qalsa hər hansı
bir rejissorun uğuru çəkdiyi işlərlə əlaqəlidir.
Mən bu il ərzində böyük iş görməmişəm.
2015-ci ilin ortasında biz “Yarımçıq xatirələr”
filmini təhvil verdik. Bu müddət ərzində bir qədər
kommersiya tipli reklam çəkilişlərini etdik, səsimlə
bağlı bəzi proyektlərdə iştirak etdim. Yəni
qlobal bir hadisə baş verməyib.
- “Yarımçıq xatirələr”dən
söz düşmüşkən, bu film haqqında ancaq mətbuatda
məlumatlar izlədik, televiziyalarda görə bilmədik.
- Birincisi, mən yaydan elə bilirdim ki, film sentyabr, oktyabr aylarında televiziya ekranlarına çıxacaq. Lakin filmin yiyəsi də mən deyiləm, müəllifi hüquqları da mənə məxsus deyil, onun nə vaxt yayımlanacağı ilə bağlı informasiya daha çox kinostudiyanın direktoru Müşfiq Hətəmova və nazirliyin bu işlə bağlı kino idarəsi işçilərinə verilə bilər. Çünki müəyyən nüanslar, qanunlar var ki, o qanunlar çərçivəsində müəyyən müddət keçməlidir, sonra ekrana çıxmalıdır. Bəzi siyasi məqamlar da var. Yəni hər şey nəzərə alınır. Ola bilsin ki, yaxın günlərdə ekranlara çıxar. Mənə elə gəlir ki, təkcə köhnə kinolar deyil, bugünkü kinoların da yayımı üçün televiziyaların hər biri vaxt ayırmalıdır, müəyyən öhdəçilik götürməlidirlər.
- Maraqlıdır ki, son çəkilən filmlərin əksəriyyəti beynəlxalq festivallara hesablanıb, Azərbaycan tamaşaçısına təqdim olunmur. Bu barədə sual verəndə bildirirlər ki, həmin film yalnız festival üçün nəzərdə tutulub. Azərbaycan tamaşaçısının istəyi bu gün niyə ikinci planda qalır?
- Əslinə qalsa, doğru sistemin içində bir neçə istiqamətdə filmlər olur: Festivallar, daxili bazar, milli ideologiyanı nümayiş etdirən və dünyəvi tolerant fikirlərlə həmrəy olmaq istiqamətində çəkilən filmlər və sairə. Bu gün deyə bilmərik ki, niyə bu və ya digər film məhz festival üçün nəzərdə tutulub, bu, pisdir. Çoxşaxəlilik nöqteyi-nəzərindən əgər vaxtilə dövlət strukturlu 10 film çəkilirdisə, onun 4-7-si kinoteatr, təxminən 3-4-ü televiziya üçün nəzərdə tutulan bədii filmlər idi. Bu gün isə ümumilikdə 3-4 film çəkilir. Həm maliyyə çətinlikləri, həm də dünya kino bazarında kinonun dəyərinin qalxması, bizdə büdcələrin azalması və sair səbəblərdən dövlət strukturu üçün böyük kino çəkmək çətin olur. Mən çox ümidliyəm, Azərbaycan dövlət kinosunun inkişafı yenə də gəlib həmin mərhələyə çatacaq ki, biz ildə məhz sırf öz tamaşaçımız, həm də dünya tamaşaçısı üçün nəzərdə tutulan 7-10 film çəkəcəyik. Ümumiyyətlə, sənətin ilk vəzifəsi daxili bazarda öz cəmiyyətini tərbiyə etmək, onu tarazlamaqdır. İkinci növbədə isə bəli, milli düşüncə tərzimizi dünyaya nümayiş etdirməkdir və bu nə qədər maraqlıdırsa, onu dünya həll edir. Amma bir daha qeyd edirəm, incəsənətin vəzifəsi daxili bazardır.
-
Uşaqlıqdan məşhur filmlərə çəkilən
Elxan Cəfərov niyə sonralar öz ampluasını dəyişib
aktyorluqdan rejissorluğu seçdi? Aktyorluq sənətində
sizi qane etməyən nüanslar var idi, yoxsa?
- Yox, sadəcə, hər hansı peşəni seçirsənsə, o peşə üçün doğulmaq lazımdır. İnsan öz daxilində hiss edir ki, onun uğuru bu peşədə deyil. Mən də onu hiss etdim ki, mənim uğurum bu peşədə deyil. Lakin bunu gənclik vaxtlarında düşünürdüm, indi məni uğur maraqlandırmır, görəcəyim işin məzmunu maraqlandırır. Doğrudur, rejissorlar var ki, aktyor kimi də iştirak edir. Lakin mən gördüm ki, ekranda çox sənədiyəm. Yəni rejissorların əksəriyyətində belə olur, həddindən artıq sənədi baxışları, simaları olur.
- Məşhur
“Şir evdən getdi” filmində qəhrəmanlardan biri
olmusuz. Sizcə, niyə bu gün bu tipdə uşaqları təəccübləndirən,
maraqlandıran filmlər çəkilmir? Bir rejissor kimi belə
bir film çəkməyi düşünmüsüz?
- Bəli. Uşaq filmləri kinonun ən çətin növüdür və böyük maliyyə tələb edən işlərdir. Demirəm ki, bizim büdcəmiz 100-200 milyon olmalıdır. Biz kiçik büdcə ilə də onu əldə edə bilərik. Amma kiçik dediyimiz 100 milyondan az olmalıdır. Nağıl çox bahalı bir işdir. Uşaqlar isə nağılı çox sevirlər. Mən çox böyük məmnuniyyətlə qeyd etmək istərdim ötən il təqdim olunan “Dərs” filmini. Bu, çox gözəl bir cəhd, hadisə idi. O filmdə dramaturji baxımdan bir sadəlik var. Hadisə uşaqların arasında baş verdiyindən mən buna daxilən daha çox inandım.
- Bir az öncə
qeyd etdiniz ki, bu cəhd idi. Bəziləri də bunun yalnız
cəhd olduğunu, filmin o qədər də uğurlu
alınmadığı barədə iradlarını bildirdilər.
- Ən çətin işdir uşaqlarla
çalışmaq. Mən
bir il bundan əvvəl Hari Poter filminin
çəkilişlərinə baxdım. Deməli, səhər
saat 7-nin yarısı hər bir uşağı evdən
individual avtomobil, assistentlər götürür, 7-də
artıq kinostudiyaya daxil olurlar, 8-in yarısı səhər
yeməyi olur, 8-10 arası geyimlərini geyinirlər və hər
bir aktyor, uşaq üzərində çalışırlar.
Assisent uşağın həm qəyyumu,
valideyni olur, yəni kompleks şəkildə işləri
öz üzərinə götürür. Artıq saat 10 tamamda uşaqlar hazır çəkiliş
meydançasında olurlar. Məhz
uşaqlara belə sistemdə işləmək
lazımdır. Böyüklərlə
işləyəndə demək olur ki, “5 dəqiqə gözlə
başqasını qrimləyək, sonra sənə
yaxınlaşarıq”. Amma bunu uşaqlara
etmək olmur, bir də ayılırsan ki, uşağın
biri yoxdur. Bəs nə oldu? Sən demə, başqa yerə gedib
çıxıb. Onu gətirmək vaxt və
sairə tələb edir. Yəni çox
çətindir, necə ki, məktəb sistemi var, uşaq
filmlərinin də çəkilişi üçün
özünün bir sistemi olmalıdır. Özüm də çox böyük məmnuniyyətlə
nağıl çəkmək istərdim.
- Aktyor kimi çəkildiyiniz
sonuncu film hansı olub?
- (Fikrə
gedir)... “Beş mərtəbəli evin
altıncı mərtəbəsi”.
- Bu film bir qədər sönük
alındı deyə bilərikmi?
-
Ümumiyyətlə, onun çəkildiyi dövr qəliz
dövr idi. O vaxtın texnikası və s. çox çətin
idi.
- “Təhminə” filmindən
sonra onun bənzərinin çəkilməsinə nə
ehtiyac var idi?
- Bu,
indiki kommersiya filmlərinin ilk cücərtiləri idi. O filmin
sponsorları, sifarişçiləri var idi, məhz alternativ
bir film idi. Həmin vaxt “Təhminə və
Zaur” mövzusu çox geniş yayılmışdı.
Yeni kommersiya faktoru nöqteyi-nəzərindən alternativ, dəfələrlə
az büdcə və imkanlar ilə film
yaratmaq olurmu deyə çəkilmişdi. Həmin
vaxt araşdırmalar dövrü idi. Mən o filmi ilklərdən
olan bir film kimi dəyərləndirirəm.
- Maraqlıdır, bəs həyatınızın
Təhminəsi olubmu?
- Ooo... Təhminələr,
bilirsiz... Fikir vermişəm, əksər
aktrisalar Təhminə rolunu oynamaq istəyirlər. Bu, nə ilə bağlıdır? Bir
maraqlı nəzəriyyəyə görə insanlar birinci
genetik yaddaşa malikdirlər və bu qanla, genetik yaddaşda
insanda mütləq azadlıq arzusu var. Mütləq azadlıq
arzusu hər bir insanın qəlbində var və rol ifa
olunduğu anda şərtilik aktrisaya tam daxili qadın
azadlığını, düşüncə tərzini
büruzə verməyə rahat imkan verir. Həyatda
Təhminə olmaq həddindən atıq çətindir, yəni
o cür düşüncəli Təhminə olmaq, sevgili olmaq
və sadəcə, bir düşüncəsiz, bəsit insan
deyil, ziyalı əqidəsi və qəlbi olan insan olmaq.
Həmin əsərdə sevginin gözəl bir
azadlıq məqamı var. Onu müxtəlif dövrlərdə
müxtəlif insanlar yaşlarının müəyyən həddində
yaşayırlar. Mənim də eyni zamanda
müəyyən bir vaxtım olub. Amma deməzdim
ki, lap belə, həyatımın Təhminəsi olub. Amma yaradıcı insanıq, bizim üçün
bütün gördüyümüz xanımlar bir nəzər
nöqtəsidir, düşüncə tərzidir, təxəyyül
üçün bazadır.
- Bir az öncə
bu sualı vermək istəyirdim, lakin araya digər söhbətlər
qarışdı. “Şir evdən getdi” filmində
hansı maraqlı hadisələr yaşamısız?
Ümumiyyətlə necə oldu ki, o filmə
düşdünüz?
-
Maraqlı xatirələr barədə çox
danışmışam. Lakin mənim
üçün çox maraqlı bir məqam var. Mənim 9
yaşım vardı, nağıl dünyasına çox
inandığım bir dövrüm idi. Doğrudur,
artıq bilirdim ki, nağıllar real deyil, daxili bir
küskünlük var idi ki, heyf, nağıllar real deyil.
Sonra fikirləşirdim ki, yox, keçmişdə
belə bir şey olub, sonra o dövr keçib. İlk dəfə “Gənclik”də
uşaqlarçün dəmir yolu var idi. O ərazidə
böyük bir park salınmışdı, orada heyvanlar üçün
böyük bir dekorasiya qurmuşdular. Yadımdadır
heyvan dekorasiyasına atdığım ilk addım, bax o mənim
üçün çox maraqlı idi. Mən
faktiki bir məkana girdim, nağılın çox maraqlı
bir formatını gördüm. Yenə də
başa düşərək ki, bu, reallıq deyil,
reallığın əksidir, amma uşaqlıq
düşüncəm üçün çox maraqlı idi.
Orada heyvanlarla guya təmas qururdum, onda sanki
nağıl dünyasının oyunlarını qəbul
etdim, şirlə şir kimi, zürafə ilə zürafə
kimi danışmağa başladım. Çox
maraqlı bir hiss yarandı içimdə. Bax o
məqam mənim üçün maraqlı idi.
- Xanımınız olan aktrisa
Gülzar Qurbanova sizin son 3 filminizdə rol alıb. Maraqlıdır, başqa rejissorların da diqqətini
cəlb edə bilirmi? Yoxsa digər peşəkar
aktrisalarımız kimi o da bu məsələdə
narazıdır?
- Yox, yox.
Ümumiyyətlə, mən Gülzar xanıma
təvazökarlıqdan uzaq olsa da, təkcə həyat
yoldaşım kimi deyil, ona peşəkar aktrisa kimi baxıram.
Gülzar xanım doğrudan da böyük,
daxili nəhəng bir aktrisadır. Hər
zaman filmlərim üçün aktyor seçəndə
onunla məsləhətləşirəm. Yadımdadır,
“Dolu” filminə aktrisa axtarırdım. Dedim ki,
“Gülzar, mənə 18 yaşında oğlu şəhid
olan ananı canlandıran aktrisa lazımdır”.
Dedi ki,
“düşünərəm”. Bir-iki gündən sonra dedi ki,
“Elxan, qızımızın 18 yaşı var, bəlkə mən
oynayım o obrazı?” Əvvəlcə dedim ki, yox, nə
danışırsan, sən hələ gəncsən, görkəmcə
18 yaşlı övladın olmağın hiss olunmur. Sonra düşündüm ki, istehsalat prosesinin
texniki və psixoloji problemləri, yeni bir aktrisanı tapmaq, o
prosesləri aparmaq və sairə var, buna görə
yaxınlığımda olan Gülzar xanımı bu obraza
çəkdim. Daha sonra isə “Yarımçıq xatirələr”
filminə dəvət etdim... Bəli, Gülzar
xanım mənim filmlərimdən başqa digər filmlərə
də çəkilir. Hətta mən filmi
bitirib digər filmə başlayana qədər Gülzar
xanım artıq 3 filmə çəkilir, bəzən gənclərin
də filmlərinə çəkilib köməklik edir.
- Gülzar xanım fəxri adı da
sizdən bir neçə il əvvəl
alıb. Halbuki siz uşaqlıqdan filmlərə, özü də
məşhur filmlərə çəkilmisiz. Bu,
sizdə qısqanclıq yaratmırdı?
- Yox, qətiyyən.
Bir də axı o mənim həyat
yoldaşımdır. Biz çox sevindik,
bu, bizim ailəmizin uğuru idi.
- Otağa daxil olanda ilk məni cəlb
edən onun portreti oldu. (Şəkil məşhur
“Ölsəm bağışla” filmindən çəkilib -
X.G.) Hiss olunur ki, hələ də Gülzar
xanımı həmin gənclik məhəbbəti ilə
sevirsiz.
- Bu
plakatı mənə dostum Rəşad fonddan verib. Onu çərçivəyə salıb evə
apardım. Lakin Gülzar xanımın nəsə
çox da xoşuna gəlmədi gənclik şəkli.
Gətirdim otağıma taxdım... Gülzar
xanım mənim üçün bir simvoldur. Elxan haqqında danışanda mütləq
Gülzar haqqında düşünülür, onun
haqqında danışılanda mənim barəmdə düşünülür.
Yəni bu, artıq taledir, mən bundan çəkinmirəm,
sevinirəm.
- “Dolu” filminə gələk. Film ekranlara gəldi, xeyli rəğbət
qazandı, lakin “romandan zəif alınıb”deyə iradlar da səsləndi.
- Ümumiyyətlə, hər
hansı bir iş olanda onun həm əleyhdarları, həm də
tərəfdarları Əleyhinə olan fikirlərlə də
razıyam, amma elələri də var ki, çox
yanlışdır, qərəzlidir. İkincisi
də mən çox sevinirəm ki, bu film müzakirə
predmetinə çevrilib, çox maraqlıdır. Çünki “Dolu” filmindən öncə bizdə
daxilən bir sönüklük var idi, alınmaz deyə.
Bu film kütləvi surətdə yayımlanan
ilk yeni Azərbaycan filmlərindən biridir. Və
oradakı vacib məqamlardan biri də filmin baxımlı
olması faktoru, kadrın içində bir neçə
kameranın işləməsi, kaskadyor qrupunun peşəkarlığı,
biz azərbaycanlı kimi mənim böyük arzumun yerinə
yetməsi idi...
Xalidə GƏRAY
Yeni Müsavat.- 2016.- 10 dekabr.- S.13.