“Qatarda” sağ
qalan sonuncu adamla söhbət…
“17 ildir təkəm...” -
Yolum Quba rayon mərkəzinin
17 km-liyində yerləşən İkinci Nügədi kəndinədir. Təbiətin gözəllikləri bir-birinə
qarışıb: göz oxşayan yaşıllğı
şıdırğı yaz yağışı öz
ağuşuna alır, ardınca günəş doğur... Birinci Nügədinin girişində isə göy
qurşağı bu füsunkar mənzərəyə əlavə
rənglər qatır. Ürəyim rahatlanır, bu,
yaxşılığadır, “inşallah, peşman
qayıtmaram” deyirəm...
İkinci Nügədi o qədər böyük kənddir
ki, məhəllələrə bölünür, biz də
altıncı məhəlləni soruşuruq - böyük sənətkar,
qocaman səhnə ustası Məcnun Hacıbəyovun
qapısını.
“Qatarda”
sağ qalan sonuncu adam da demək olar ona.
Yaşar Nuri, Həsən Əbluç, Hamlet Xanızadə, Ələsgər
Məmmədov və “Fatı”- Məcnun Hacıbəyov... Amma təkcə bu tamaşa deyil. “Kişilər”, “Sarıköynəklə Valehin
Nağılı”, “Göz həkimi”...nəhayət,
“Yarımştat”. Bir-birindən maraqlı obrazlar yaradan və
sevilən aktyor illərdir ki, gözdən-könüldən
iraq düşüb, bugünlərdə yanlış xəbər
yayılmasaydı, bəlkə yenə də yada düşməyəcəkdi...Yeri
gəlmişkən, nigarançılığım tək
ondandır ki, ziyarətinə getdiyim insan bugünlərdə
ölüm xəbərini yayan həmkarlarımın heyfini məndən
alar, görüşümüz, söhbətimiz baş tutmaz.
***
...Yarım
saatdır həyət darvazasını döyürük. Məcnun müəllimin əmisi oğlu İlham bəylə
bərabər. Ev və mobil telefonuna
etdiyimiz zənglər də cavabsız qalır. Qonşu da köməyini əsirgəmir.
İlham bəy deyir ki, ağsaqqal bir az zəif
eşidir, bəlkə yatıb, ona görə reaksiya yoxdur. Əlacsız qalıb hündür hasarı o üzə
aşıb həyətə girir. Darvazanı
açır, mən də içəri daxil oluram. Bu dəfə də ikiqatlı evin giriş
qapısı bağlı...Döyürük, fayda yox, pəncərələri
tıqqıldadırıq, yenə də səsimizə səs
vermir. Belə olduqda uzun bir ağac götürüb
ikinci mərtəbənin pəncərəsini döyəcləyirik
və... Məcnun kişi pəncərədə
görünür, daha sonra aram-aram aşağı
düşüb qapını açır. Zəhmli
insanın çöhrəsinə gülüş qonur,
mehribanlıqla xoşgəldin edir və ürəyimdəki
ağırlıq bir anda qeybə çəkilir.
Demə, ikinci mərtəbədəki
otaqda oturub futbola baxırmış. “İngilislər
oynayır”mış. İçəri girən
kimi qazı yandırıb çay qoyur, “əsas
çaydandır” deyərək. Söhbətə
başlayırıq...
- Məcnun müəllim, necəsiniz?
-
Yaxşı da deyiləm, pis də deyiləm. Mənim bir
qardaşım vardı, maşın vurdu, öldürdü...
Hacıbaba Hüseynovun birinci tələbəsiydi,
yaxşı muğam oxuyardı. Tiflisdən-"Şeytanbazarı"ndan
ona azərbaycanlı qız aldıq. Qayınatası
onu çox istəyirdi, yaxşı oğlan idi. 69 yaşında rəhmətə gedəndə həkim
gəlir ki, “haran ağrıyır?” Deyir,
“heç yanım ağrımır, amma yaxşı deyiləm”.
İndi mən də eləyəm. Heç yanım ağrımır, ancaq nəsə
yaxşı deyiləm. Bir az
başım hərlənir, onu da bilirəm nədəndir, qan
yaxşı işləmir. İnşallah, bu
yaxınlarda oğlum məni aparacaq Bakıya, müayinəyə.
Həkimim var da mənim, baxacaq, görək nədir?
Ümumdünya Kardiologiya Birliyinin
üzvüdür, çox yaxşı həkimdir. Mən ürəyimdən müalicə olunmuşam.
Ancaq iki ildir onun yanına getmirəm.
- Bəs
bu, günlərdə yayılan o xəbər nə idi?
İnşallah, ömrünüz uzanar...
- Mən
bizim xalqın xarakterini müəyyən etməyin yolunu
tapmışam. Xalqın xarakterini müəyyən etmək üçün onun
atalar sözündən yapışmaq lazımdır. Bizim xalqın da bir kitablıq atalar sözləri
var. Deyir ki, “Ələyçinin qıl verəni”. Bu, qorxulu sözdür. Ya “filankəs
ilanı Seyid Əhməd əli ilə tutur”. Bu da dolayı sözdür. Yapon
xalqında belə atalar sözü yoxdur. Bizdə
elə şeylər var ki, onu atalar sözü ilə müəyyən
etmək olur. Yəni “mən demirəm,
amma sən de, belə olsun”. Özü deməyə
qorxur, özündən acizə fitva verir, yönləndirir
ki, filankəsə şər atsın, ya onu
dolaşdırsın. Buna da deyirlər
“İlanı Seyid Əhmədin əli ilə tutmaq”.
- “Göz həkimi”ndə,
“Qatarda”, “Yarımştat”da, bir çox başqa tamaşalarda
bir-birindən gözəl obrazlar yaratmısınız. Lakin sonra teatrda yeriniz göründü...
-
Çıxdım da teatrdan. 2010-cu ildən birdəfəlik
uzaqlaşmışam. Ərizə verib
çıxmışam. 70 yaşımda məni
təzədən işə götürdülər. 4 il də müqavilə ilə işlədim,
sonra müqavilənin vaxtı qurtardı. Baxıb
gördüm ki, Ağasadıqdan sonra yaşlı aktyorlar içərisində
ən çox mən işləmişəm - 75 yaşa qədər.
Aktyorlar 70 yaşında teatrdan gedir.
- Amma dedilər incimisiniz...
- Mən əvvəllər
küsmüşdüm. Sonra barışdım
da. Əlabbas Qədirovdan sonra Maqbet
Bünyadovu direktor qoydular. Maqbet müəllim 20 il bizdə
direktor müavini
işləmişdi, sonra onu sirkə direktor apardılar. Ordan çıxarılandan sonra isə teatra direktor
gətirdilər. Birinci gün iclas
keçirəndə görüb ki, mən yoxam. Soruşub, deyiblər Məcnun ərizə yazıb,
çıxıb gedib. Hara? Kəndə. Mənə zəng elədi ki, “gəl
teatra”. Geytdim, görüşdük,
kabinetin qapısını bağladı, oturub söhbət elədik.
Mən başıma gələnləri,
Əlabbasla söhbətləri ona danışdım.
Dedi, indi mən direktoram, yaz ərizəni, səni işə
götürürəm. Baş rejissor Mərahim
Fərzəlibəyovu da çağırdı,
danışdıq, müqavilə ilə təzədən məni
işə götürdü.
- Və səhnə həyatınız
davam elədi...
- Hə,
3-4 yeni tamaşalarda oynadım. Köhnə
tamaşalardakı rollarımı da qaytarıb mənə
verdilər. O dövrdə iki dəfə Türkiyəyə
getdik, sonra Maqbetin özünü də
çıxartdılar.
- Bəs ucqar bir kənddə, bu səssizlikdə,
tənhalıqda darıxmırsınız? Tamaşaçı
alqışına adət etmiş bir aktyor üçün
belə həyat cansıxıcı deyil ki?
-
Tamaşaçı alqışı üçün...yox,
darıxmıram. Düzdür, təkəm mən,
həyət-bacada qonşularla fikrimi dağıdıram.
Ancaq mən hər gecə Siyavuşla
Yaşarı (Siyavuş Aslanla Yaşar Nurini-E.P.) yuxuda
görürəm. Daha sonra Kamal
Xudaverdiyevi, Hacı İsmayilovu, Əli Nuru görürəm.
Özü də onlarla bir yerdə tamaşada
rol oynayıram, ancaq mən sözlərini bilmirəm. Elə
həyəcan keçirirəm ki... Oyananda ki, mən yuxu
görürmüşəm. Şadlanıram
yuxu olmağına görə. Mehdi Məmmədovla
tamaşa qururuq, amma sözlərini bilmirəm. Yuxunun məğzi niyə belədir, onu başa
düşmürəm. Darıxanda belə
şeyləri xatırlayıram da. Bu
yaşda nə darıxmaq? Mən bundan
sonra gedib rol oynamayacağam ki. Oynayaram e, əldən
düşmüş bir qocanı, öz xarakterimə uyğun
olaraq oynayaram. Ancaq daha o həvəs qalmayıb.
- Məcnun müəllim, siz
sonrakı illərdə fəxri ad almadınız, eləmi?
- Yox, mən
elə əməkdar artistəm.
- Bu mənada ürəyinizdə
niskiliniz varmı?
- Xeyr. Mən
elə adam deyiləm. Sizə
bir söz deyim. Dünən gələnlərə ki,
xalq artisti adı verirdilər, tamaşaçılar, kütlə
məni tanıyır axı...Bakıda Zərgərpalan
küçəsi var ha... Mən həmişə
8-ci km-dən gəlib o yolla teatra gedirdim. Artistlərə
ad ki, verirdilər, Zərgərpalanda oturan kişilər,
dükanlarda işləyən adamlar, köhnə
bakılılar məni saxlayırdılar, “Məcnun müəllim,
filankəslərə ad verdilər, sənə niyə vermədilər?”
Deyirdim nə bilim, səbəbini bilmirəm.
Mənə bu sualı çox verirdilər.
Bir dəfə də birisi küçədə məni
saxlayıb dedi ki, mən zavod direktoruyam, sənə niyə ad
vermirlər? Dedim, hesab edirəm ki, mənə ad veriblər. Əgər siz tamaşaçı kimi mənə
niyə ad verilmədiyini soruşursunuzsa, bu, elə mənə
ad verilməsi kimi bir şeydir də. Deməli,
xalq da mənimlə maraqlanır. Amma verməyəndə
nə olar, əməkdar artist adım var, bu, mənə bəsdir.
Aza qane olan xoşbəxt adamdır, bunu dahilər
deyib.
- Özünüzü xoşbəxt
sənətkar sayırsınız?
- Bəli. Mənim heç vaxt tamahım olmayıb. Ancaq elə sənətkarlar var ki, xalq artisti
adını almayıb deyə, ölüblər, inanırsan?
İndi mənimçün ad çəkmək
ayıbdır. Ancaq belələrini
tanıyıram. Hökmən deyil xalq
artisti olasan. Özü də əməkdar artist
adını mən sovet hökumətinin dövründə
almışam. O vaxt ad almaq çətin idi. Mən
ki, bu adı almışam, böyük şeydir.
- Səhnə fəaliyyətinizin
yaşı nə qədərdir?
- Düz
40 il. Ancaq mən institutu qurtarmamış
Quba teatrında da iki il işləmişəm.
- Bakıdan bura köçəndən
sonra burada davam etmək istəmədiniz ki?
- Artıq Qubada teatr yox idi. Quba teatrı 1961-ci ildən
bağlanıb. Xruşşov belə
xırda teatrların dotasiyasını kəsdi və
bağladı.
- Bəs siz heç təşəbbüs
göstərmədiniz ki, gəncləri cəlb eləyib
burada yenidən teatrı bərpa edəsiniz?
- O təşəbbüs,
həvəs gənclikdə olur. Xan
Şuşinskiyə deyirlər ki, gəl bir
“Bayatı-Şiraz” oxu, səsini yazdıraq, Qızıl Fondda
yoxdur. Deyib ki, a kişi, səsim var,
həvəsim yoxdur. Sənəti yaşatmaq,
göstərmək üçün canda həvəs
olmalıdır. Mən burda tək
yaşayırdım, yoldaşım da rəhmətə
getmişdi. Quba Mədəniyyət
Şöbəsinin müdiri gəldi ki, bəs rayon rəhbərliyinin
də istəyi var, gəlin, Qubada xalq teatrı yaradaq.
Dedi iki qız ali təhsil alıb,
qayıdıb, onları işə
götürmüşük, ancaq heç nə bacarmırlar.
Dedim, yaxşı...Hazırlıqlara
başladıq. Xanımlardan birindən
yaxşı aktrisa çıxardı. Dedim, bax, sənə
bu rolu verirəm, belə, elə...Yəni Bakıdan komissiya gəlib
baxsın, Qubada xalq teatrının bərpasına
razılıq verilsin. Mən də yaşlı
adamam, hərdən gəlib göstəriş verərəm.
Səhər getdim bir yığışaq,
avtovağzalda qız yaxınlaşdı ki, mənə icazə
ver, bu gün gələ bilməyəcəyəm, toya gedirəm.
Mən də getdim direktora dedim ki, bu iş alınan deyil. Firəngiz xanım vardı, indi bilmirəm
hardadır, uzun illər mədəniyyət sahəsində
çalışıb, heç bir ad da verilməyib. Mən
bu işlərə başlayanda dedi, Məcnun, adını
batırma, burda mümkün deyil. Sonra oturub fikirləşdim
ki, indi camaat operaya gəlmir, lap burada xalq teatrı yaratdım,
kimdir gələn?
- Bəs niyə gəlmirlər? Bu
gün tamaşaçı niyə teatrdan, operadan iraq düşüb? Yəqin teatr xadimi olaraq bu
suallara cavab axtarıbsınız...
- (Deyəsən,
sualı gözləyirmiş) Həəə... Bunun ciddi səbəbləri,
kökləri var. Bu işlə məşğul olan
böyük adamlar, nazir, ondan da böyük var ki, mədəniyyət
işinə baxır - mən açıq
danışıram, heç kəsdən də qorxmuram - ad
çəkməyəcəyəm, hamı bilir, onlar bu
işlərlə məşğul olmalıdır, ancaq məşğul
olmurlar. Onlar başqa işlə məşğuldurlar.
Düzdür, daşıdıqları vəzifənin
pulunu dövlətdən alırlar, ancaq o işlə məşul
olmurlar. O arvad paltarı geyinib səhnəyə
çıxanlar var ha...İndiki teatrdakı vəziyyəti
araşdıran bir kişi lazımdır
ölkədə. Bu kişilər var, ancaq bu kişilər
başını aşağı salıb öz işləri
ilə məşğuldurlar, belə işlərə
baxmırlar. Daha teatrın
qayğısına qalan yoxdur. Sənin, mənim,
onun qışqırmağı ilə deyil. Amaliya xanım deyir teatrları bu günə qoyan məmurlardır.
Düz də deyir. Amaliya
xanım çox işgüzar, böyük sənətkardır.
İşin kökündən yapışmaq
lazımdır. Mən şəxsən
bunu bir şikayətçi kimi bütün respublikaya deyirəm.
Məsələn, “Mədəniyyət”
kanalı açılıb. Onsuz da
bütün televiziyalar mədəniyyətlə məşğuldur
da, hamı çalıb-oxuyur, bunlar mədəniyyətlidir?
Sənin ölkən aqrar ölkədir, kənd təsərrüfatı
ölkəsidir, sən kənd təsərrüfatına aid
bir kanal aç! O kanalda göstərsinlər ki,
üzümü necə yetişdirirlər, armudu, almanı necə
calaq edirlər, taxılçılığı necə
inkişaf etdirirlər, hansı gübrəni verirlər? Türkiyədə ayrıca belə bir kanal var. Mədəniyyət
kanalı bizim nəyimizə lazımdır? Onsuz da bütün kanallar çalıb, oxuyur,
oynayır. Məgər bu həyat ancaq
çalıb-oxumaqdan ibarətdir? İnkişaf kədərdədir,
sevincdə inkişaf olmaz! Sevinc ötəridir,
ha-ha-ha, güldün, oynadın, oxudun, oynadın, getdi. Ancaq kədər insanı əbədi
düşündürür. Kədərli
yazıçılar, rejissorlar...Mehdi Məmmədov heç
vaxt gülmürdü, mən onu bir-iki dəfə gülən
gördüm. O, mənim müəllimim olub, uzun müddət
mənə rejissorluq edib. Kədərliydi,
savadlı idi, teatr üçün nə etmək
lazımdır, bilirdi. Mehdi Hüseyn
böyük yazıçı idi, kitabdan oxumuşam,
yazırlar ki, onu güldürmək mümkün olmurdu.
Çünki savadlı idi, dünyanın kədərini
daşıyırdı, yaradırdı. Elə çal,
oyna, çal, oyna...
- Amma bu da bir reallıqdır ki, biz
gülüşə tamarzı xalqlardanıq. Hətta
tamaşaçı tamaşaya gedəndə də ürəkdən
gülə bilmir. Sizcə, niyə?
Yaxşı ssenarimi yoxdur, yoxsa problem aktyordadır?
- Elədir. Tamaşaçı
gedir, görür yanındakılar gülür, o da yalandan
gülür. Həm ssenari zəifdir, həm
də yaxşı aktyor yoxdur. Aktyor yetişdirən sənətkarlar
getdi...
-
Köhnə tamaşalarınıza baxırsınızmı?
- Göstərəndə
hə, baxıram. Əslində mən elə
şeyi sevmirəm. Məsələn, təkrar
tamaşalar verirdilər, yoldaşım rəhmətlik deyirdi
otur, bax da. Mən qaçırdım mətbəxə.
Deyirdim mən sevmirəm. “Qatarda”nı Özbəkistan və Gürcüstanda
tamaşaya qoydular. Mən ona gürcücə
baxmışam. Ancaq “Məşədi İbad”a nə qədər baxarlar? 300 dəfə
verilib, bir-iki dəfə baxdın, bəsdir də.
Oğlum, get, kitab oxu da! Vaxt qızıldır axı...
- Məcnun
müəllim, bütün günü evdəsiniz. Bəs televizorda nəyə baxırsınız?
- Mən
futbola baxıram. Hərdən də siyasi vəziyyəti
bilmək üçün son xəbərləri izləyirəm.
Axır zamanlar ona da baxmıram, ancaq futbola
baxıram. “İdman” kanalı hər şənbə-bazar
ingilis, ispan komandalarının oyunlarını göstərir.
Elə bu saat iki ingilis komandası
oynayırdı, ən irəlidə gedən komanda uduzurdu, siz
gəldiniz, durdum. Səsi xoşlamıram,
ona görə də televizorun səsini alıram, oturub
baxıram.
- Bu tənhalıq sizi
darıxdırmır ki?
- Öyrəşmişəm
də.
- Neçə ildir belə
yaşayırsınız?
- 17 ildir
təkəm. Amma mənim 2 oğlum, 1 qızım, 7 nəvəm,
2 nəticəm var. Sabah yox, birisi gün nəvəmin biri gələcək,
bu evi də onun adına keçirmişəm. Hasar
çəkdirirəm, gəlib işlərə rəhbərlik
edəcək.
- Sizi Bakıya aparmaq istəyirlərmi?
- İstəyirlər. Hətta dalbadal
qış ayları Bakıda qalırdım. Yaz gələndə bura gəlirdim. Amma bu qış getmədim. Təcrübədən
keçirmək üçün dedim görüm dözərəmmi?
Bu qış dözdüm.
- Yemək-içməyinizi...
-
Hamısını özüm hazırlayıram.
- Nə bişirirsiniz?
- Nə
oldu. Səhərlər süd, axşamlar
qatıq yeyirəm. Gündüz də ki,
azərbaycanlıyıq da, küftə, bozbaş bişirirəm,
dolma bükürəm. Ürəyim nə
istəsə...Özüm bişirirəm. Bir dənə plov bişirə bilmirəm. Təcrübədən keçirməmişəm.
Piti də ki, uzun məsələdir.
- Maşallah olsun, bu işləri 81
yaşınızda görürsünüz...
- 81
yaşımın tamam olmasına 5 ay qalıb. 80
illiyimi Teatr Cəmiyyəti keçirdi, “Sənətkar
medalı” verdilər.
- Məcnun
müəllim, qəzetimizin vasitəsilə çatdırmaq
istədiyiniz ayrı sözünüz, arzunuz, məsləhətiniz
varsa, buyurun.
- Bir dəfə
televiziyadan gəlib çəkdilər, ancaq sonra mən deyənləri
göstərmədilər. Elə rəvayətlər
bilirəm, onu ölkədə heç kəs bilmir. Elə
hadisələrin şahidiyəm ki, onu heç kim
bilmir. Di gəl, yazan, göstərən yoxdur.
Allah rəhmət eləsin Qədir Rüstəmovu,
deyirdi mən sözü deyirəm, dediyim qalır bir tərəfdə,
ayrı şeyi göstərirlər, başqa şey deyirlər.
O kişi deyirdi ki, kaş Qarabağın
azadlığını görəydim, sonra öləydim. Mənim də ən böyük arzum budur ki,
Qarabağın alınmasını görüm, sonra həyatdan
gedim. Bilim də bu işlərin axırı
necə oldu. Adamın o dünyada da ruhu
şad olar. Axı, torpaq düşmənin
tapdağı altındadır. Bu, bizimçün
böyük dərddir...
Çox yormaq istəmirəm, ona görə də
üzrxahlıq edib ayağa dururam. “Hara gedirsiniz, heç
çay içmədiniz, yaxşı çay almışam”
deyə, təkid edir. Ayrılarkən
bağ-bağatını göstərir, ağaclarından həvəslə
danışır, 57 yaşında itirdiyi həyat
yoldaşı ilə bu bağa sevə-sevə qulluq etməsindən
danışır. Ayrılanda xoş
sözünü əsirgəmir, “səninlə söhbət
məni xeyli yüngülləşdirdi, şad oldum” deyir.
Çol qapıyadək gəlir, darvaza
ağzında görüşüb ayrılanda bu komediya
ustasının gözlərinin dərinliyindəki kədər
diqqətimi çəkir. Tənhalıqdan doğan kədərdir
bəlkə də “Qatarda”nın (Fatı
obrazı-E.P.) sağ qalmış sonuncu nümayəndəsinin
baxışlarından oxuduğum...
Elşad PAŞASOY
Yeni Müsavat.- 2016.- 11 may.- S.11.