Doğum və ölüm günü
eyni ayda olan bəstəkar...
Emin Sabitoğlunun qızı:
“İstərdim ki, atamı musiqiləri ilə
xatırlasınlar, dedi-qodularla deyil...”
Bugünlərdə nəğmələri
ilə ruhları oxşayan məşhur bəstəkar Emin
Sabitoğlunun doğum günü idi. Bəstəkarın
yeganə qızı, Bakı Musiqi Akademiyasının
professoru, tanınmış musiqişünas Ceyran Mahmudova ilə
görüşüb atası haqqında
danışmasını, onunla bağlı xatirələrini
bölüşməsini istədik. Söhbətimizə bəstəkarın
doğum günü ilə bağlı Ceyran xanımın
xatirələri ilə başladıq:
- Atam
sağ ikən onun ad günü bizim ailədə bir bayram
olurdu. Çünki
anam və mən yayda dünyaya gəlmişdik və daim yay
aylarında hardasa istirahətdə olurduq. Ona
görə də atamın ad günü sanki
üçümüzün də doğum günü idi, qeyd
edirdik həmişə. Təbii ki, sağ
ikən bu gün bizim üçün vacib bir gün idi.
Onun ətrafına qohumları, dostları
toplaşırdı. Ömrünün son
illərində İstanbulda işləyirdi. Ona görə də ad günlərini bizimlə
keçirmirdi. Zəng edib onu təbrik
edirdik. O, vəfat edəndən sonra biz onun doğum gününü
necə qeyd edə bilərik...
Onun qəbrinin üstünə gedirik. Atam 63
yaşında dünyasını dəyişib. Onun 65 illiyindən başlayaraq hər 5 ildən bir
onun ad günündə hansısa tədbirlər təşkil
edirik. Təbii ki, bu illər
ərzində onun bir çox dostları dünyadan
köçüb və illər keçdikcə onun az sayda olan dostları ilə bu günü qeyd
edirik.
- Amma atanız nəğmələrdə
yaşayır...
- Əlbəttə, bütün insanlar - hansılar ki,
onun yaradıcılığını sevir - atamın nəğmələrini
dinləyəndə xoşhal olurlar. Amma şəxsən mən
onun mahnılarını dinləyəndə qəmlənirəm,
mahnının şən və ya qəmgin olmasından
asılı olmayaraq. Çünki mənim
atamdır, uzun illərdir ki, bizimlə deyil. Daha çox qəmli hisslər oyadır, onun ad
günü də, nəğmələri də. Məsələn, onun musiqisi mənim telefonumda
yoxdur. Çünki mən onu dinləyəndə
əhvalım yaxşı olmur. Mən belə hiss edirəm...
Amma onun musiqisini sevirlər, paylaşırlar.
Bundan qürur hissi duyuram, çox fəxr edirəm
ki, insanlar onu yad edirlər.
- Noyabr ayı Emin Sabitoğlunun həm
doğum, həm də anım günüdür...
- Bəli,
noyabrın 2-si onun doğum günü, 18-i isə anım
günüdür.
- Onun Türkiyədən
Bakıya gəlişi və bir neçə gündən
sonra qəfildən dünyasını dəyişməsinə
səbəb nə olmuşdu?
- Bu, məlum
bir faktdır ki, 2000-ci ildə onun atası, yəni mənim
babam Sabit Rəhmanın 90 illik yubileyi keçirilməli idi. Atam adətən Bakıya ya yay, ya da ki, qış tətilində
gəlirdi. Onun Türkiyədə, İstanbul Texniki
Universitetinin “Xalq Musiqisi Konservatoriyası”nda işi
yaxşı idi. Orda ona çox böyük
hörmətlə yanaşırdılar. İşlədiyi
sinfin üstündə “professor Emin Sabitoğlu”
yazılmış lövhə var idi, həmin lövhə bu
gün də qalır, 16 ildir ki, orda işləmədiyinə
baxmayaraq...
O,
atasının yubileyi ilə bağlı Bakıya gəldi və
üç gündən sonra vəfat etdi. Vəfatın
da səbəbi trompla bağlı idi. Ümumiyyətlə
babam Sabit Rəhman da 60 yaşında dünyasını dəyişib.
Nəsillikcə bizdə ürək-damar xəstəlikləri
var, atam da həmin xəstəlikdən əziyyət çəkirdi.
- Azərbaycanın
tanınmış nəslinin nümayəndəsi olmaq sizə
həyatda hansı köməkliklər etdi, yollar
açdı?
- Əlbəttə, belə nəslin nümayəndəsi
olmaq mənim üçün böyük şərəfdir. Ana tərəfdən
də çox məşhur insanlar var. Anamın böyük
bacısı Maral Rəhmanzadə Azərbaycan xalq rəssamıdır.
Anamın ailəsində heykəltəraş və digər
incəsənət nümayəndələri var. Belə insanların varisi
olmaq şərəflidir, amma çətindir. Çünki
sən onların şəxsiyyətinə layiq bir insan
olmalısan. Bu baxımdan əlbəttə
ki, çətindir. Yol açmaq dedikdə
isə çalışmışam ki, atama, babama, xalama olan
hörmətə görə deyil, mənim öz şəxsiyyətimə
hörmət etsinlər. Doğrudur, onlarda
olan istedad məndə yoxdur, amma mən də öz
imkanlarıma, sənətimə görə
çalışmışam ki, öz işimdə müəllim,
alim kimi hansısa işləri görüm. Onlar seçilən insanlardır, Allah vergisi var idi
onlarda. Mütləq deyil ki, bəstəkarın
oğlu bəstəkar olsun və sairə. Mən bunun tərəfdarı deyiləm.
- Mahnı bəstələməyə
cəhd etmisiz?
- Xeyr. Mən heç vaxt atamdan yaxşı mahnı yaza
bilmərəm. Ona görə də
heç vaxt istəməmişəm, heç cəhd də
etməmişəm. Atam elə gözəl
əsərlər yazıb ki, bu, bizim ailəyə bəs edər.
- Bəs atanızın Türkiyəyə
köçməsinə səbəb nə olmuşdu?
-
90-cı illərdə bizim Bakı Musiqi Akademiyasının
bir çox müəllimləri Türkiyəyə dəvət
aldı. Çünki həmin vaxtlar Türkiyədə
musiqi təhsili bizdə olduğu kimi yüksək səviyyədə
deyildi. Dəvət alanlar arasında xalq
artistləri, o cümlədən Zöhrab Adıgözəlzadə,
Sərvər Qəniyev və digər tanınmış bəstəkarlar,
musiqişünaslar var idi. Yəni atam
heç vaxt Azərbaycandan küsməyib, inciməyib.
O, Azərbaycanla yaşayıb, vətənini çox sevən
bir insan idi. Hətta onun Bakıda dünyasının dəyişməsi... Yəqin ki, onun seçimi
olsaydı, özü istəyərdi ki, Bakıda vəfat
etsin. Baxmayaraq ki, Türkiyədə onu
çox sevirdilər, konservatoriyanın rəhbərliyi də
ona çox böyük hörmətlə
yanaşırdı. Bir məqamı da
vurğulamaq istəyirəm, atam vəfat etdikdən sonra onun
notlarını, akademiyadan götürdüyü kitabları
Bakıya gətirdilər. Onlar ancaq Qara
Qarayev, Fikrət Əmirovun əsərləri idi. O, Türkiyədə tələbələrinə
başqa klassiklərlə yanaşı, Azərbaycan musiqini təbliğ
edir, sevdirməyə çalışırdı.
- Yarımçıq qalan əsərləri
və ya mahnıları varmı?
- Musiqili
komediya teatrı üçün Molyerin “Meşşanın
zadəganlığı” əsərinə operetta yazıb. Həmin operettanın klaviri var, amma onu orkestrləşdirməyib,
buna ömür vəfa etməyib. Əsər
yalnız klavir şəklində qalıb. Teatrın da,
bizim ailənin də belə bir istəyi var ki, həmin əsəri
həmkarlarından kimsə orkestrləşdirsin və
tamaşaya qoyulsun...
Bəzən
müxbirlər mənə zəng edib soruşurlar ki, “Emin
Sabitoğlunun qadağan olunmuş əsəri var?”. Bəzən olmayan yerdən
hansısa sensasiya çıxarılsın deyə belə
işlərə baş vuranlar olur. Onun
qadağan olunmuş əsəri yoxdur.
- Yəqin ki, bəstəkarın
eşitmədiyimiz nəğmələri də var.
-
Eşitmədiyiniz nəğmələr çox azdır. Amma eləsi var ki, canlandırılmayıb.
Artıq il yarımdan çoxdur ki, onun
mahnılarının yeni variantını
hazırlamışam. Yeni variant dedikdə, Sovet
dövründə mahnılar məcmuəsi kiril əlifbası
ilə dərc olunub. Hansı ki, hazırda həmin məcmuələrə
xeyli tələbat var, onlara dəyişiklik edilib, latın qrafikası ilə
yığılıb. Dövlət xətti ilə
onun 50 mahnısı nəşri gözlənilir. Ora dərc
olunmayan mahnılar da salınacaq, məsələn, məşhur
“Alagözlüm”, “Neyləyim”, “Əlvida” kimi mahnılar. Həmin mahnılar arasında 12 mahnı var ki, onlar
heç vaxt dərc olunmayıb. Gələn il Emin Sabitoğlunun 80 illik yubileyidir. Ümid edirəm ki, həmin kitab dərc olunduqdan sonra
bütün musiqi təhsili ocaqlarına paylanılacaq, gənc
nəsil də ondan istifadə edəcək.
Bəzən internet resuslarında mahnıların müəllifləri
düzgün göstərilmir. Mahnının müəllifini kim nə cür istəyir, o cür də
yazır. Mahnının adı birinci misrası ilə təqdim
edilir. Amma bu, doğru deyil. Mahnıların
müəllif hüquqları şair və bəstəkara
aiddir. Onlar olmayandan sonra onların ailə
üzvlərinə aiddir. Mahnının
müəlliflərini düzgün təqdim etməyən
insanlar bilməlidir ki, sadəcə reklam olunmasın deyə
müəlliflərin ailə üzvləri onlarla çəkişmirlər.
Məsələn, olub ki, bir müğənni
atamın mahnısının adını dəyişib oxuyub.
Sonra yazır ki, “Emin Sabitoğlu ölüb,
indi mən necə istəyirəm o cür oxuyuram”. Mən onu məhkəməyə verə, təzminat
tələb edə bilərəm. Sadəcə,
həmin şəxslə atamın adı yanaşı çəkilməklə
ona lazım olan reklama bəhanə vermək istəmirəm.
Ona görə də mən bu işlərə
çox da baş qoşmuram.
- Emin Sabitoğlunun ailədə
xasiyyəti, övladına qarşı necə idi?
- Atam
çox mülayim xasiyyətli bir insan idi, qətiyyən
hansısa qadağalar qoymurdu. Eyni zamanda,
qapalı insan idi. Onun öz dünyası
var idi, hansı ki, onun musiqisini sevənlər həmin
dünyanı çox yaxşı tanıyır,
çünki musiqi vasitəsi ilə onu duymaq olur. Atam mütaliəni çox sevirdi, ədəbiyyatı,
poeziyanı çox yaxşı bilirdi. Evimizdə
kitabların əlindən yer olmurdu. Teatrı,
kinonu çox sevirdi. Onun
dünyagörüşü, maraq dairəsi çox geniş
idi. Yəni məişətdə çox
tələbkar insan deyildi. Məsələn,
onun heç vaxt tələbi olmayıb ki, mən musiqiçi
olum. Bu, mənim öz seçimim olub, o,
sadəcə, etiraz etmirdi.
- Ananıza və ya sizə həsr
etdiyi mahnılar varmı?
- Yox, o
ümumiyyətlə belə şeyləri xoşlamazdı. Məsələn, mən onun yeganə
övladıyam, amma mənə heç bir mahnı ithaf etməyib.
Atam bizə olan sevgi hisslərini başqa cür
ifadə edirdi, mahnı yazmaqla deyil, yəni dolayısı yolu
ilə.
- Onun ikinci xanımı Xədicə
Abbasova son müsahibələrində bildirmişdi ki, bəstəkar
həmişə baxımsız vəziyyətdə
olurmuş. Ona qayğı göstərdiyi
üçün aralarında münasibət yaranıb və
sonra bu münasibət evliliyə gətirib
çıxardıb. Atanızın baxımsız
olması onun xasiyyətindən irəli gəlirdi, yoxsa?
- (təmkinini
pozmur) Bunu yalnız o adam deyə bilər
ki, bizim ailəmizi yaxından tanımır. Bizim
evimizə gəlib-gedənlər heç vaxt belə
düşünməzdi. Mənim anamla atam
bir sinifdə oxuyublar. Onlar bir-birilərini
çox sevib evləniblər. Yəni ailəmizdə
çox yaxşı münasibətlər olub. Baxımsız nə deməkdir?! Onun həmişə üst-başı təmiz, səliqəli
olub. Bu fikirlə qəti razı deyiləm.
Mən polemika açmaq istəmirəm. Atam da həmişə razı olmazdı ki, onun
şəxsi həyatı ilə bağlı
danışılsın. Ona görə də
mən də danışmaq istəmirəm və təfərrüatlara
varmaq istəmirəm. Mən istəyirəm ki, mənim
atamı onun musiqisi, yaradıcılığı ilə
xatırlasınlar, hansısa dedi-qodularla yox...
Mənim nəinki anam, hətta nənəm də icazə
verməzdi ki, atam baxımsız olsun.
- Biz az öncə
vurğuladız ki, ata-ananız bir-birilərini çox seviblər.
Amma mahnıda deyildiyi kimi, “Sevgimiz elə bu qədərmiş...
” Bu sevgi niyə yarıda kəsildi, nə baş verdi?
- Hər
bir ailənin həyatında müəyyən problemlər
olur. Azərbaycanda ayrılmış ailələr
azdırmı? Niyə bunu təəccüblü
qarşılayırlar? Mən bunu anlaya
bilmirəm. Bu, insanların şəxsi
işidir, bunu niyə şişirdib, müzakirəyə
çıxardırlar?
- Atanızla olan hansı xatirə
sizə daha çox əzizdir, daim gözünüzün
qarşısında canlanır?
- Xatirələr
çoxdur. Mən deyə bilmərəm ki,
konkret nəyisə xatırlayıram. Təbii
ki, valideynə bağlı olan xatirələr çox olur.
Gözünü açandan valideynini
görürsən və gözünün
qarşısında vəfat edir. Əlbəttə
ki, xatirə çoxdur. Həm uşaqlıq xatirələrim, həm də
onun vəfat etdiyi günlə bağlı xatirəm var. Onun
necə vəfat etdiyi saniyələr, dəqiqələr
gözümün önündə olur. Bilmirəm
hansını xatırlayım, çətinlik çəkirəm...
Atam məni həmişə özü ilə
teatra tamaşalara, konsertlərə aparardı, bunlar xatirimdədir.
Evdə
royalın arxasına keçib hansısa əsərlərini
çalırdı, ad gününə dostları
yığışardı... Bilmirəm
hansını hekayə formasına salıb danışım.
Mənə elə gəlir ki, xatirələr də
şəxsidir, insan onları çox danışanda bəlkə
o xatirə dəyərini itirir. Çünki
sən o xatirəni kiminləsə bölüşürsən,
beləliklə o artıq sənin üçün öz marağını
itirir. Ona görə də mən xatirələrim
çox olsa da konkret olaraq nəyisə danışmıram.
- Atanızın daim
arzuladığı, lakin çata bilmədiyi istəyi var
idimi?
- Yox. Mənə elə gəlir ki, atam daim musiqi yazmaq istəyirdi
və daim də bu arzusuna çatırdı. Atamın heç vaxt hansısa pilləyə qalxmaq,
karyera arzusu olmayıb, onun istədiyi həmişə bu idi
ki, musiqi yazsın. Və o, bu arzusunu 100
faiz reallaşdırmışdı. O, kifayət qədər
irs qoyub gedib. 16 ildir ki, o, həyatda
yoxdur. Lakin onun əsərləri,
mahnıları daim səslənir. Bu o deməkdir ki, o
yaşayır...
Xalidə Gəray
Yeni müsavat.- 2016.- 7 noyabr.- S.13.