Azərbaycanın sonuncu
dövlət katibi
65 yaşlı Lalə Şövkət kimdir?
Azərbaycan Liberal Partiyasının lideri
Lalə Şövkət Hacıyeva 65 yaşını
tamamlayıb. Lalə Şövkət 1951-ci il
noyabrın 7-də Bakıda ziyalı ailəsində anadan olub.
1968-ci ildə 189 saylı Bakı şəhər orta məktəbini bitirərək Azərbaycan Tibb İnstitutuna daxil olub. İlk elmi əsərləri hələ tələbə olarkən dərc olunub. 1974-cü ildə institutu bitirdikdən sonra internaturaya Sovet İttifaqının cərrahiyyə üzrə güclü elmi mərkəzi sayılan Moskvada Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən göndərilib. 1975-ci ildə internaturanı bitirdikdən sonra həmin elmi mərkəzdə klinik ordinaturanı dünyaşöhrətli alim, akademik V.V. Vinoqradovun rəhbərliyi ilə davam etdirib və 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib.
1978-ci ildə N.V. Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat Təcili Yardım İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayaraq baş elmi işçi və institutun aparıcı elmi mütəxəssisi səviyyəsinədək yüksəlib.
Lalə Şövkət 37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olmuş və RSFSR-in Elmi Tədqiqat Mərkəzinin Səhiyyə İdarəsinin rəhbəri vəzifəsinə təyin edilib. Onun elmi tədqiqatları SSRİ-də səhiyyənin inkişafına səmərəli təsir göstərib, beynəlxalq aləmdə yüksək qiymətləndirilib. Yüzdən çox elmi əsərin müəllifidir.
1991-ci ildə L.Şövkət RSFSR-in baş naziri İ. Silayev tərəfindən rəsmi olaraq Rusiyanın sosial-siyasət konsepsiyasının hazırlanması işinə cəlb edilib. RSFSR Ali Sovetinin səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq Sosial Gigiyena Mütəxəssisləri və Səhiyyə Təşkilatçıları Assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Eko-Fəlsəfə Fondunun Rəyasət Heyətinin üzvü olub. Fəlsəfə və hüquq elmləri doktoru fəxri adına layiq görülüb. Professordur. Bir oğlu var.
Lalə Şövkətin ömrünün bir hissəsi yuxarıda qeyd edildiyi kimi, elmlə, tibblə bağlı olsa da təxminən yarısı-30 ilə yaxını siyasi fəaliyyətlə keçib. 1980-ci illərin sonunda Qarabağ probleminin baş qaldırması Lalə Şövkətin ictimai-siyasi fəaliyyətini gücləndirib və o, Sovet İttifaqının demokratik hərəkatının aparıcı liderləri ilə sıx əməkdaşlığa başlayıb. 1990-cı il qanlı 20 Yanvar hadisəsi onun siyasi fəaliyyətinə güclü təkan verib və həyatında dönüş nöqtəsi olub. Bu qanlı hadisə ilə bağlı yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülki əhaliyə qarşı tətbiq edilən hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə ilk mətbuat konfransının təşkilinə rəhbərlik edib. Mətbuat konfransını o zaman Moskvada siyasi təqiblər və təzyiqlər altında yaşayan keçmiş prezident Heydər Əliyev keçirirdi.
Lalə Şövkət 1991-ci ildə Moskvada Eduard Şevardnadze, Yakovlev, Sobçak, Brazauskas və digər tanınmış demokratlarla birgə “SSRİ-də Demokratik İslahatlar Uğrunda” Hərəkatın təşəbbüsçülərindən biri olub və “Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda” Beynəlxalq İctimai-Siyasi Hərəkat yaradıb. Bu hərəkat Azərbaycan Respublikasının Moskvada SSRİ Ədliyyə Nazirliyində rəsmən qeydə alınan ilk siyasi təşkilatı olub.
L.Şövkət 1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən Heydər Əliyev tərəfindən Bakıya dəvət olunub və iyulun 7-də Azərbaycanın dövlət katibi vəzifəsinə təyin edilib.
1994-cü il yanvarın 29-da L.Şövkət hakimiyyət orqanlarında korrupsiyanın tüğyan etdiyini əsas göstərərək dövlət katibi vəzifəsindən istefa verib. L.Şövkət bununla sonuncu dövlət katibi kimi tarixə düşüb. Lalə xanımın istefasından sonra dövlət katibi vəzifəsi ləğv edilib.
Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra L.Şövkətə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. Lakin o, qəbul etmədiyi siyasi kursun dünya ictimaiyyəti və tarix qarşısında vəkili olmaqdan qəti imtina edib və 8 aydan çox prezidentin fərmanı qüvvədə qaldığına baxmayaraq vəzifəsinin icrasına başlamayıb.
L.Şövkət 1995-ci il iyunun 3-də Bərdə şəhərində təsis konfransı keçirilən Liberal Partiyanın sədri seçilib. “Qarabağ torpağından bir qarış qalsa da konfrans orada keçirilməlidir” deyən L. Şövkət Qarabağın azadlığı, ölkənin ərazi bütövlüyü və suverenliyinin ali məqsədi olduğunu o zaman bəyan edib.
7 iyun 2003-cü ildə Lalə Şövkət ALP-nin qurultayında partiya sədrliyindən istefa verib və prezident seçkilərinə müstəqil namizəd, Milli Birlik Hərəkatın lideri kimi qatılıb. Prezident seçkilərində rəsmi nəticələrə görə 8 namizəd arasında üçüncü yeri tutub.
2005-ci ilin parlament seçkilərinə L.Şövkət Milli Birlik Hərəkatı və ALP-nin lideri olaraq qatılıb və deputat seçilib. Deputat mandatı ona təqdim edilən gün mətbuat konfransı keçirib və ölkədəki total seçki saxtakarlıqlarına etiraz əlaməti olaraq deputat mandatından imtina edib.
2005-ci ilin 26 noyabrında “Azadlıq” seçki blokunun ölkədəki seçki saxtakarlığına etiraz olaraq keçirdiyi mitinqdə mitinqin oturaq, davamlı mitinqə çevrilməsində təkid edən liderlərdən biri də L.Şövkət idi. Oturaq mitinq cəhdi isə güc strukturları tərəfindən aqressivliklə qarşılanmışdı və mitinq dağıdılmışdı. Həmin mitinq keçmiş “Qələbə” kinotetarının qarşısındakı meydanda keçirilən son mitinq oldu. Elə o zamandan Lalə Şövkətin neçə illər bəri davam edən aktiv siyasi fəaliyyəti gözəgörünməzliklə əvəzləndi. Lalə Şövkətin gizli sirli bir siyasi obrazı formalaşıb. Bir zamanlar Azərbaycan siyasətinin “dəmir ledi”si adlandırılan Lalə xanım hərdən görünər, hərdən səssizliyə çəkilər. Lakin bu, onun reytinqinə mənfi təsir etmir.
Lideri olduğu ALP-nin sədri partiyanın üzvləri adından L.Şövkətə dünən böyük bir təbrik mətni yayıb. Azərbaycanın müxalif partiyalarından isə VİP sədri Əli Əliyev Lalə Şövkətin 65 yaşını xüsusi bəyanatla təbrik edib. Hər iki partiya sədri L.Şövkəti dövrün böyük siyasi lideri, bir çox demokratik nümunələrin təməlini qoyan siyasi lider adlandırıblar.
Etibar SEYİDAĞA
Yeni Müsavat.- 2016.- 8 noyabr.- S.10.