"Qadın paltarı
geyinməkdə
bir
problem görmürəm"
O, qısa müddətdə məşhurlaşıb.
Çəkdiyi videolar cəmiyyətdə baş verən
hadisələri, müxtəlif peşə sahiblərinin
davranışlarını güzgü kimi özündə əks
etdirir. Elə özü də Şekspirin məşhur
"Aktyor dövrünün güzgüsüdür" ifadəsini
özünə şüar seçib. Söhbət aktyor Taleh
Yüzbəyovdan gedir. Əslində aktyor uzun müddət
teatrda çalışıb, reklamlarda çəkilib, filmlərdə
rol alıb. Amma onu ilk olaraq "Ceyhun" videosu ilə
tanıdıq. Sonradan isə digər çəkdiyi və
çəkildiyi videolar Yüzbəyovu daha da məşhurlaşdırdı.
Hər kəs ondan
danışır, videolarını paylaşır və təriflər
yağdırırdı. Bu proses indi də davam edir. Bunun sirri
nədir? İnsanların videolarda özünü görməsi,
yoxsa xüsusi bir yenilik?
Milli.Az musavat.com-a istinadən
T.Yüzbəyovla müsahibəni təqdim edir:
- Reklamlara çəkilmisiniz,
"Oğlan Evi" filmində rolunuz var idi və s. Bir dəfə
özünüz çəkildiyiniz videoları
paylaşmışdınız. Amma sizi çəkdiyin
qısa videolardan tanıdılar. Bunun səbəbi nədir?
- Məncə,
reklamlarda üzlər çox yadda qalmır. 10-na yaxın
reklama çəkilmişəm və ancaq dostların
yadında qalmışam. Reklam anidir, bir neçə saniyə
görünürsən. Bəlkə də yadda qalmamağa səbəb
budur. "Oğlan evi"ndə də rol almışam. Rolum ikinci
dərəcəli idi.
Diqqət edən də, etməyən də olmuşdu. Videolar çəkəndən
sonra üzüm tanındı. Yaddaşlarda
qalmağa başladım.
- Video çəkmək
ideyası nə vaxt və necə
yarandı?
- 14 fevralla bağlı videonu marağa çəkmişdim, sonra
internetdə yayıldı,
diqqət çəkdi.
Davamlı video çəkmək
məqsədim yox idi. Həmin dövrdə video çəkənlər
çox deyildi. Video çəkib "Youtube"
kanalına yerləşdirdim.
Oradan saytlarda yayıldı və insanların diqqətini çəkdi. İkinci videoma olan maraq
da gözənilməz
oldu. İki minlik səhifə 1 həftəyə 6000 oldu.
Ondan sonra məndə video çəkməyə
maraq yarandı. Çünki insanların
marağı və bəyənmələri mənə
stimul verdi. Daha sonra çəkdiyim
videolar gah uğurlu, gah da uğursuz oldu. Belə-belə öz yolumu tapdım. Daha hansısa məsələ
məni narahat edəndə status yazmıram,
video çəkirəm.
- Bu rəğbət,
izləyici, məşhurluq
həyatınızda nəyisə
dəyişdimi?
- Böyük dəyişiklik
olmadı. Əsas o oldu ki, məşhurluq
qazandım. 2009-cu ildə
universiteti qurtarmışam,
o vaxtdan bu sahədəyəm. Aktyor kimi fəaliyyət göstərmişəm, reklamlara
çəkilmişəm, amma
tanınmamışam. Videolardan
sonra insanların mənə marağı atdı. Mənim məqsədim vine çəkmək
deyil. Mənə maraqlı gələn, narahat edən məsələləri ekranlaşdırıram.
- Videolar sizə qazanc necə gətirdimi?
- Deməzdim ki, çox qazanc əldə etmişəm.
İşbirliyi təklifləri
gəlir. Artıq insanlar üçün maraqlı simayam, onlar məni öz işlərində görmək istəyirlər.
Vaxtım yoxdur ki, iş təkliflərini
dəyərləndirim.
- Videolar üçün ideyalar necə yaranır?
- İki
cür olur. Biri var ani gələn ideya, biri də
var, oturub düşündüklərim. Məsələn,
qazın qiyməti qalxır. Bu səni narahat edir, düşünüb
video çəkirsən. Bir
də var, hansısa hadisə və ya ani
yadına düşən
olay yeni ideyanın yaranmasına səbəb olur. Jurnalist ideyası əsəbdən yaranmışdı.
Mən çalışıram
videolarımda qərəz
olmasın, məsələyə
obyektiv yanaşım.
Jurnalist videosunda isə subyektiv idim. Çünki məsələ birbaşa
mənə toxunmuşdu.
Çox əsəbi idim. Düşünün
ki, mənə bir xanım yazır ki, "Siz reklamlara neçəyə çəkilirsiniz?"
Mən normalda bununla bağlı inboxda cavab vermirəm.
Niyəsə cavab verdim. Sonra baxdım
ki, gedib bundan xəbər yazıb. Mənə demədən, icazə almadan. Sualı nə üçün verdiyini demədən. Dindar videolara görə elə bilirlər ki, ateistəm. Əslində elə deyil. Mən sadəcə bu işin içindəyəm,
gördüyümü çəkirəm.
Çalışıram üçüncü
tərəf olum, məsələyə kənardan
baxım.
- Videolara görə tənqid olunursunuz, sizə zəng edib irad bildirirlər?
- O şəraiti yaratmamışam
ki, kimsə zəng edib irad bildirsin. Bəzən isə mesaj qutuma yazırlar.
Hər insan başqa sahə insanına gülməyi sevir. Pul videolarını
isə hamı bəyənir. Kimsə videolara görə məni öldürəsi
deyil ki... "Jurnalist" videosundan sonra mənə media mənsubları statuslar həsr etmişdi. Videoda əsl sözü səhv getmişdi. Onu tənqid etmişdilər.
"Dindar" videom da çox tənqid
olundu, insanlar yanlış anlamışdı.
Mənə dedilər
ki, dini ələ salırsan. Deyirəm ki, din sənin üçün nədir? Dindən anlayışı olmayan şəxslər deyir ki, dinə sataşmısan.
Din Allahdır, peyğəmbərdir,
Qurandır. Deyirlər
başqalarına gücün
çatmır, dinə
dil uzadırsınız.
Mən elə mövzuda videolar çəkmişəm ki,
hər kəs onu çəkə bilməz. Pampersin qiyməti qalxırsa, bu birbaşa mənim cibimə təsir edir. Niyə bu haqda
çəkməyim? Mən
müxalif deyiləm. Heç kim deyə bilməz ki, hansısa müxalifətçi qrupda
olmuşam. Müxalifət
də, iqtidar da mənim üçün
eynidir. Mən vətəndaşam.
- İzləyicilər
bir müddət video keyfiyyətinə yox, çəkilən mövzuya
fikir verirlər. Sonra isə artıq tamaşaçılar
daha keyfiyyətli iş istəyir. Telefonla çəkilən
videolar tənqid edilir. Sizin üçün
durum necədir?
- Studiyam olsa da,
telefonla çəkməyə
davam edəcəyəm.
Məncə o səmimiyyət
telefonla çəkəndə
alınır. Düzdür,
elə videolar var ki, onun
üçün peşəkar
çəkiliş lazımdır.
O ayrı məsələdir.
Məncə, peşəkar
çəkilmiş video önə
getmir. Sosial şəbəkələr üçün
ən yaxşısı
videonu telefonla çəkməkdir. Telefonla
çəkilən videolar
daha yaxşıdır.
Nə vaxtsa film çəkmək istəsəm,
kamera ilə çəkəcəyəm.
- Bəzi aktyorlar, vinerlər deyir ki, qadın
paltarı geyinmərəm,
yaylıq bağlamaram.
Bu onlar üçün
tabudur. Sizin üçün tabu nəsə varmı?
- Qadın paltarı geyinməkdə bir problem görmürəm. Özünə
aktyor deyirsənsə,
rolun tələb edirsə, geyinməlisən.
Yaşar Nuridən,
Rafael Dadaşovdan yaxşı
aktyor olmayacağıq
ki. Dünyanın məşhur aktyorları qadın obrazı canlandırıblar. Məncə,
bu düşüncələr
mental dəyərlərdən yaranır. Məqsədin özünü arvad kimi göstərmək deyilsə, qadın paltarı geyinməkdə
problem yoxdur. Mənim üçün müəyyən
çərçivələr var. Amma onlar haqda
düşünməmişəm. Gərək həmin situasiyaya düşüm və o anda qərar verim ki, bu mənim
üçün tabudur,
ya yox. Yəqin
həssas mövzular...
Onlarla bağlı çəkəndə ehtiyatlı
davranacağam.
- Mental dəyərlərdən
söz düşmüşkən,
neçə gündür
ki, metroda iki gəncin səmimi olması müzakirə olunur. Jurnalistin onlara təpinməsi, onların
öpüşməsi və
ya buna cəhd
etməsi məsələsi
müzakirə edildi. İnsanlar iki hissəyə bölündü.
Sizin buna münasibətiniz necədir?
- Mənə görə insan metroda öpüşməz.
Bu mənim baxışımdır.
Öpüşmək intim
şeydir, insanların
içində öpüşmək
yaxşı deyil. Əgər insanın məqsədi öpüşməkdirsə,
haradasa öpüşəcək.
Biz də öpüşmüşük,
amma metronun içində öpüşməmişik.
Bunun böyük tərbiyəsizlik olduğunu
düşünmürəm, amma ictimai yerdə
yaşlı var, uşaq var, xanımlar var. Mən bunun tərəfdarı deyiləm.
Mən aqressiyanın tərəfdarı
deyiləm. Mən olsaydım, durub yerimi dəyişərdim.
Yekə kişinin durub qışqırmağı,
yerə təpik vurması doğru deyil. O gəncin hələ sənə gücü çatmır,
qızın yanında
da utandı. Amma böyüyəcək
və gücü çatan hala gələcək. O zaman özündən böyüyə
hörmət etməyəcək.
Gənclərlə böyük
kimi davranmaq, məsləhət vermək
lazımdır. Küçədə
mini ətəkli qız
görəndə baxa
da bilərəm, baxmaya da bilərəm.
Bu mənim seçimimdir.
Amma mən ona deyə bilmərəm
ki, geyinmə. Qadağalar hər zaman maraq yaradıb.
Bu gün öpüşməyi
qadağan edirsən, flaşmob keçirirlər.
Yaxşı dəyərlərimizi
qoruyaq, amma elə qoruyaq ki, heç kim inciməsin.
Məhəmməd Türkmən
Yeni Müsavat.- 2017.- 3 aprel.- S.12.