Quranı ruscaya çevirən məşhur
rus
alim qadın “Yeni Müsavat”a danışdı
Valeriya Poroxova:
“Bu tərcümədən sonra tale üzümə
güldü”
Mən bərk
solaxayam. Hətta aparıcı ayaq pəncəm də
solaxaydı. Daim məni sol tərəfə dartıb
aparır. Solaxay taleyim, həmişə diqqət mərkəzimdə
olub. Öz solaxaylığımı anlamaq, onu tədqiq etmək
naminə min cür əzab-əziyyətlə üzləşmişəm
indiyəcən. Gecəmi gündüzümə
qatmışam. Bu mövzuda hətta avtobioqrafik “Solaxay”
romanım da mövcuddu, biləsiz. Dünya millətlərinin
uzun siyahısında “solaxay” mövzusuna biz türklərdən
sonra ən yaxın millət, məncə, ruslardı.
Bəli, məhz sarışın, qaba, inadkar, tərs ruslar, vəssalam. Rusların bu təbii, qədim solaxaylığını ilk dəfə dərindən duyub tədqiq edən kəs yazıçı Aleksandr Leskovdu. Müəllifin “Solaxay” romanında süjet belədir: ingilislər rus çarı Aleksandra cıqqılı mexanik dəmir birə bağışlamaqla sonuncunun heysiyyətinə toxunublar. İndi bu ingilis hədiyyəsinə cavab vermək, birəni nallamaq lazımdır. Nəhayətsiz Rusiya imperiyası ərazisində belə bir incə mütəxəssisi tapmaq əvvəlcə çətin görünür rus imperatoru 2-ci Nikolaya. Sonra belə bir usta, nəhayət, tapılır. Bəlli olur ki, o da mənim kimi bərk solaxaydı.
***
İngilislərin solaxaylığa, sol tərəfə nifrəti artıq sağlam məntiq çərçivələrini çoxdan vurub aşıb, vallah. Bildiyiniz kimi, böyük Britaniyada, avtomobil sükanı, digər ölkələrdəki kimi, solda deyil, məhz sağda yerləşir. Yol hərəkət trayektoriyası da burda başqa yerlərdəki kimi sol tərəfli deyil, sağ tərəflidir nədənsə.
Ruslar, bu yekəbaş antisol britaniyalıları yerində oturtmaq üçün nə edirlər? Solaxay ustaya müraciət edirlər. Nəticədə layiqli cavab qaytara bilirlər dumanlı Temza sahillərinə.
***
Qısası, həmin bu “solaxay” mövzusu Kreml, rus ruhu ilə tanışlığıma müəyyən bir çığırdı. Bu cığırla sola getsəm, mütləq lazımi ünvanlara vara biləcəm. Həmin cığırda rastlaşacağım baş solaxay isə bir gün məhz Vladimir Vladimiroviç Putin olacaq bəlkə də. Hələlik onunla görüşməsəm də nəfəsini, hənirini hiss edirəm öz qarşımda. Ondan isti yox...soyuq, amansız şaxta vurur sifətimə. Putinin bu soyuq “sol” hənirini, nəfəsini Moskvada ikən ilk dəfə bilirsizmi hansı ünvanda hiss etdim?
Həəəə...indi mən bu görüşü necə təsvir edim ki, nəfəsiniz daralmasın, yazdıqlarıma inanasınız. Deməzsiz “ay kişi, belə olmaz, ağlını başına yığ...məntiq açarını itirmə...belə söhbətlər çox aparma orda-burda. Camaatı qorxutma”.
***
Telefonuma qəfil müəmmalı bir zəng gəldi. Naməlum anonim ünvandan səslənən bu ardıcıl, israrlı zənglərə, nəhayət, cavab vermək qərarına gələrək telefonumun “cavab” düyməsini basdım:
“Salam. ”Krapotkina" metro stansiyasından çıxıb üzü Xilasedici İsa Kilsəsinə tərəf gedin. İzi itirməyin. Orda bir başqa işarəni görərək durub gələcəksiz lazımi ünvana. Sol cinahınıza baxın həmişə. İzi itirməzsiz".
Moskvanın həzin yaz mənzərəsi elə bil yenidən güclənib artdı gözlərimdə. Öz dar çərçivəsini genişləndirdi. Deyilənlərə əməl edərək gəlib çıxdım Moskvanın ən kübar, qapalı küçələrindən birinə. Kağız parçası üzərində göstərilən dəqiq ünvanı təyin edib, nəhayət, sakitləşdim. Bir sağıma boylandım, casus filmlərində olduğu kimi, bir soluma. Arxadan mənə yaxınlaşan sevgi cütlüyünə, qəfil geri qanrılaraq bir an öz tərs baxışlarımı sancdım. Nəhayət, ürəklənib, zəng düyməsinə sol adsız barmağımı basdım:
“Buyurun. Bayaqdan bəri elə yolunuzu gözləyirik. Süfrə hazırdı. Çayı elə indicə qaz piltəsinin üzərindən götürdük”.
Dəmir darvaza tarappıltıynan açıldı öz-özünə. Mərmər pillələrlə yuxarı qalxdım. İçəri keçincə dəhlizdə məni gör bir kim qarşıladı?
Desəm inanmazsınız. Bu...bu...bu kəs
bilirsizmi kim idi, hə? Bilirsiz kim?
Paytaxt
Moskvanın, Rusiyanın baş SOLAXAYI...
DOSYE: Valeriya (İman) Mixaylovna Poroxova - ingiliscədən ruscaya peşəkar tərcüməçi-sinxronist, müsəlman ictimai xadimi. Qurani-Kərimi ingiliscədən ruscaya tərcümə edən bu qadın tezliklə təkcə Rusiyada deyil, bütün dünyada şan-şöhrət qazanıb. 14 may 1940-cı ildə zadəgan rus ailəsində dünyaya göz açıb. 30-cu il repressiyalarında bir çox yaxın-əzizlərini itirən bu qızcığaz poliqlot kimi tanınır Moskvada. İlk qaranquşlardandı - Moriz Torez adına Moskva Xarici Dillər İnstitutunda ilk olaraq öz diplom işini ingiliscə müdafiə edib.
Bir başqa peşəsi
Atom mühərrikləri üzrə nadir mütəxəssislərdən
sayılır.
Uzun müddət, tam 18 il Moskvanın məşhur
MİFİ İnstitutunda bu sahədən dərs verib. Sonra qərara gəlib ki, əsl atom mühərriki
məhz Qurani-Kərimdi. Sol qolunu
çırmalayaraq girişib Quranın tərcüməsinə.
Dini mənsubiyyəti
1981-ci ildə pravoslav dinini, 1985-ci ildə müsəlmanlığı,
“İman” adını qəbul edib.
Siyasi mənsubiyyəti
Rusiya Avrasya Partiyası siyasi şurasının sədr
müavinidir.
Ailəsi
1975-ci ildə Suriya vətəndaşı Məhəmməd
Səid əl-Roşdə ərə gedib. Uzun zaman
İslam dünyasının mərkəzi Dəməşqdə
yaşayıb.
Novatorluğu
Quranı o, xüsusi bir ahəngdə, şeir
ölçülərində ruscaya tərcümə edib.
Sirri
Hələ uşaq ikən bədəni ciddi zədə
alıb.
Sağ əli aldığı iflic nəticəsində
işləmir. Sol əliylə görür
bütün işlərini. Quranı da,
Allahın işidi, məhz sol əliylə götürüb
ruscaya çevirib.
Övladları
Oğlanlarından biri məşhur “Russia Today” telekanalının
baş redaktorudu. Anasının tərcümə ənənələrini
davam etdirir orda.
Mistikası
Valeriya Poroxovanın həyat marşrutunu indi Rusiya
geopolitikası tam təkrarlayır. Poroxovadan sonra Rusiya
Kosmik Hava Qüvvələri Suriyaya daxil olaraq burdakı
İSİD-çilərin bir növ anasını
ağladıb.
***
Ev sahibəsi ilə sol əlli salamlaşıb
görüşməyimizin artıq özü qeyri-adi
möcüzə idi mənim üçün. Zarafat deyil,
Rusiya ilə Azərbaycanın iki baş solaxayı bir yerdə,
bir ünvanda, bir mənzildə
görüşmüşdülər nəhayət ki.
Öncə evi haqda danışır:
-
Gördüyünüz mənzil, Səudiyyə Hökumətinin
4 milyon beş yüz min dollar civarında hədiyyəsidir
mənə. Əvvəllər Moskvanın Mir
prospektindəki darısqal iki otaqlı mənzildə
yaşayırdım öz suriyalı ərimlə. Quranın tərcüməsindən sonra tale
üzümüzə gülməyə başladı. Sonra hədiyyələr sel olub başıma
töküldü.
Qısa
pauzadan sonra o, astaca pıçıldadı:
-
Keçək, bax, bu otağa, digər hədiyyələrimi
göstərim sizə.
Hə...bu hədiyyə evin ayrıca, xüsusi “hədiyyə
otağı” da varmış, sən demə. Nələrə
rastlamadım mən bu sehrli “Simsim mağarasında”. Dünya masonlarının hədiyyələri burda
bir küncdə düzülmüşdü, Roma
papalarının ağır, səxavətli ərməğanları
bir başqa küncdə. İran prezidenti Hatəminin
qızıl qələmlə yazılmış xüsusi məktubları...
Britaniya Lordlar Palatasının yazdığı təşəkkürnamə...
- Nursultan
Nazarbayev, bir dəfə məndən özü xahiş etdi
ki, Quranı ona hədiyyə edim. Üstünü
yazım. Özünüz
düşünün, hansı vəziyyətdə idim mən
həmin anda. Bir tərəfdə Nazarbayev
şəxsiyyəti, etimadı, digər tərəfdə
küfrə, günaha batmaq təhlükəsi.
Allahın kitabı üzərində öz adımı yaza
bilməzdim axı... İlk dəfə sol əlim
barədə dərindən o zaman düşündüm.
Quranı mən axı ancaq soləlli tərcümə
etmişəm ruscaya.
- Niyə məhz sol əlli axı?
Sualım məndən ixtiyarsız dilimdən
ayrıldı.
- Niyə?...Həəəə...
bax bu böyük sirdi...
- Qoy bu
“Simsim mağarasının” da sirri mənimçün
açılsın - deyib dodaqlarımı kip yumdum.
Allahın öz əmridi bu. Belə lazımmış,
görünür. Məsləhət beləymiş bəlkə.
Ətrafımdakı qır-qızıla, antik əşyalara
bir müddət heyranlıq hisləri ilə baxdım. Əsl
möcüzə isə Poroxavanın sol əliydi. Bu əl işıqlı və nurlu idi. Titrək və həyəcanlı idi azca. Qəfil bu əl, ilan kimi qıvrılıb yenə
sol əlimə düyünləndi. Beləcə,
bir müddət sükuta daldıq bu qədim, kübar Moskva mənzilində.
Az sonra
xidmətçi qadın içəri daxil olub bizləri
çay süfrəsi arxasında əyləşdirdi.
***
-
Başqa əlifbalar haqda dəqiq heç nə deyə bilmərəm.
Ancaq ərəb əlifbası, qəti fikrimdi,
məhz solaxayların əlifbasıdır məncə.
Hərəkət dinamikası, trayektoriyası da latın əlifbasında olduğu kimi deyil
burda. Hərəkət burda sağdan soladır,
nəinki soldan sağa. Nərd oyununda da
belədir. Burda da oyunun coğrafiyası
sol cinahımıza tərəfdir. Daha bir
vacib cəhət də var bu nərd oyununda. Xanaların
sayı burda altıdır...
- Demək istəyirsiz...
- Bəli,
demək istəyirəm ki, bu oyun beş
barmaqlı müasir insanın oyunu deyil, altıbarmaqlı
yadplanetlilərin oyunudur.
- Bəs Kəbədəki
Qara daş ətrafındakı bitib-tükənməyən hərəkət
barədə nə deyə bilərsiz, Valeriya?
Sualım,
deyəsən, ev sahibəsinin ürəyincə
oldu. Sanki çoxdan gözləyirdi bu sualı
məndən - bəlkə də qapıdan içəri
girdiyim andan etibarən. Sualı eşidincə
azca duruxsundum. Necə deyərlər, oxlov
uddum sanki.
Adına “təvab” deyilən, əsrlərin dərinliyindən
qopan bu əbədi...bəli, məhz əbədi sol hərəkət
gör neçə min illərdən bəri davam edib bitib
tükənmək nədi bilmir. Bu, əsl sol hərəkətdir.
***
Mövzunu
qənimət bilib onu bir başqa, daha müasir istiqamətə
yönləndirirəm:
- Putin də solaxaydır, Valeriya
xanım. Quranı, ərəb əlifbasını
bəlkə buna görə çox sevir o?
-
Razıyam. Mən də onu Leskovun müasir
Solaxay qəhrəmanı sayıram. İngilis
lordları Quranı tərcümə etdilər öz dillərinə.
Quranın ingiliscə 100-dən çox nümunəsi
mövcuddu. Rusca cəmi doqquz Quran tərcüməsi var.
Doqquzuncusu mənimkidi. İngiliscədən
etmişəm bu tərcüməni. Yəni
mən də, müəyyən qədər anqlosaksların hədiyyəsini
bir növ nallamağı bacarmış Leskov
solaxaylarındanam.
- Siz İslamı qəbul edibsiz?
- Biz
rusların İslama aludəliyi qədim tarixə malikdi. Bilirsiz, Lev Tolstoy Sinodun təklifi ilə kilsədən
qovulmuşdu. Vəfat etdiyi zaman
keşişlər onu basdırmaqdan imtina etmişdilər.
Nəticədə dəfn-kəfn İslam
qanunları əsasında baş tutdu.
- Yəni...
Valeriyanın
alovlu baxışlarından od
püskürdü bu zaman sanki. Üzünə
xoş təbəssüm kölgələri qondu.
- Yəni
biz rusların darmacalda müraciət etdiyi bir müəmmalı
sol ünvan var. Bu, İslamdı. Müsəlman
dinidi. Hesab edirəm ki, metafizika xalqları
birləşdirir. Fizika isə
ayırır. Əli aşiqlərinin İmam Mehdi
sevdası, yəhudilərin Moşiaxı, xaçpərəstlərin
Xilaskarı, buddistlərin Budda Maytreyası, zərdüştlərin
Sayoşant misteriyası əslində eynidir. Baxın,
bir tərcüməmdən ilhamlanmış yəhudilər mənə
sifariş göndəriblər. İstəyirlər
ki, mən müqəddəs Toranı ruscaya tərcümə
edim.
- Demək, metafizikada, aləmi-misalda
yəhudi ilə müsəlman, xaçpərəst, buddist
eynidi, fizikada isə bam-başqa, eləmi, Valeriya?
- Tamamilə
doğrudur. Ancaq mən onları birləşdirmək
istəyirəm. Quranın tərcüməsindən
sonra müqəddəs Toranı ruscaya çevirəcəm.
Bu vaxt qarşımda Quranın ermənicəyə də
tərcüməsini görüb, azca şaşırdım. Kitabı
qorxa-qorxa, yavaşcana araladım. Tərcüməçi
Stepanos Laxesi, hələ 1680-ci ildə bu tərcüməni
bitiribmiş. Bir müddət əlyazma
şəklində qalan bu əsər sonralar, 1862-ci ildə
Tiflisdə nəşr edilib. Ermənilər çox az qiraət edirlər indi bax bu tərcüməni.
Məncə, Azərbaycan dövləti həmin tərcüməni
yenidən ermənicə çap etməli, onu erməni
qonaqlarımıza hədiyyə etməlidir.
Bu sözləri deməsəm də Valeriya sanki onları eşitdi. Başıyla “hə” işarəsi ötürdü lal ətrafına.
Valeriyadan əxz etdiyim ən dəyərli təklif məhz bu idi elə bil.
Onu da indi mən Bakıya hədiyyə aparıram.
Həmid
HERİSÇİ
Yeni Müsavat.- 2017.- 5 aprel.- S.10.