“Türk seriallarının 16 ilə keçdiyini

biz 10 ilə başa vuracağıq”

 

“Bizdə aktyor, hətta rejissorun özü fikirləşir ki, onun evdə yeməyə heç nəyi yoxdur, uşağı üçün nəsə almalıdır, amma ala bilmir, beynində ancaq bu problemlər dolanır”; “Məryəm” serialının çəkiliş meydançasından reportaj...

 

Yerli telekanallarda hazırda çoxlu sayda seriallar nümayiş olunur. Onların arasında artıq tamaşaçı rəğbəti qazanan, baxılan seriallar da var. Bunlardan biri də “Məryəm” serialıdır. Qeyd edək ki, serial ötən ilin oktyabrından efirə çıxıb və bu müddət ərzində özünə kifayət qədər izləyici toplaya bilib. Rejissoru Sahin Qəhrəman, ssenari müəllifləri Nicat Dadaşov və Cəmil Məmmədli olan, əsasən dram janrında çəkilən serial ailə-məişət problemləri, ailə münaqişələrindən bəhs edir.

Serial qədər onun səhnə arxası da tamaşaçılar üçün həmişə maraq kəsb edib. Bunu nəzərə alaraq bu günlərdə “Məryəm” serialının çəkiliş meydançasına yollandıq. Məkana daxil olan kimi insanı həyəcan bürüyür, efirdə gördüyümüz qəhrəmanlar, çəkiliş məkanı və onun kənarında görmədiklərimiz, kamera və monitorlar və sairə. Çəkilişə hazırlıq prosesini izləməyin özü çox maraqlıdır... İlk söhbətləşdiyimiz serialın rejissoru Sain Qəhrəman oldu. Rejissor yaradıcı kollektivdən razı qaldığını və heyətdə əsasən peşəkar aktyorların olduğunu bildirdi:

- Hər bir aktyordan razıyam. Əsas heyətdə olan aktyorların hamısı peşəkar aktyorlardır. Əksəriyyəti də teatr aktyorudur. Ancaq aralarında teatr aktyoru olmayanlar da var, məsələn, Azər Aydəmir, Günəş Medizadə və s.

- Özünüzə hansı serialı rəqib bilirsiz?

- Hazırda bizə rəqib olan yalnız biri var, bu, “Xəzər” televiziyasında yayımlanan “Cehizsiz gəlinlər” serialıdır. Həmin serialla bizim serialımız eyni vaxtda yayımlanıb. Lakin reytinqdə onlarla bizim aramızda fərq var.

- Reytinq sizi qane edirmi?

- Mən reytinq üçün çalışmıram, istəyirəm ki, film yaxşı alınsın. Amma şükür ki, reytinqimiz 16-dan yuxarıdır, yaxşıdır.

- Seriallarımız haqqında tez-tez tənqidi fikirlər səslənir, əsasən qeyd edirlər ki, “Türkiyə serialları ilə heç cür müqayisəyə gəlmir, heç o səviyyəyə çatmayacaq” və sairə...

- Yox, “o səviyyəyə çatmayacağıq” deyə bir fikir yoxdur. Lakin seriallarımızın türk serialları ilə müqayisəsi də ola bilməz. Çünki Azərbaycan serialına ayrılan maddiyyat məlum məsələdir ki, müqayisədə çox cüzidir. Bəli, kimdənsə xahiş edib, bir serialı pulsuz çəkmək olar, amma 9 ay insanların işləməsi, çalışması, texnikanın kirayələnməsi üçün pul vacibdir. O ki qaldı türk seriallarına, gəlin 15-20 il bundan əvvələ diqqət edək. Məsələn, 1997-2002-ci illərin türk seriallarına baxanda onların nə qədər biabırçı olduğunu görürük. Yəni, onlar da ilk 6-7 il dönəmlərini bu səviyyədə keçiriblər. Nəhayət, 2002-ci ildən başlayaraq doğrudan da ortaya çox yaxşı seriallar çıxartmağa başladılar. 2006-cı ildən tam fərqli film janrına keçdilər, serialı tam bədii seriala çevirə bildilər. Amma Azərbaycanda 2011-ci ildən serialların çəkilməsinə start verildi. Ona qədər çəkilənləri serial demək olmur. Lakin 6 il ərzində Azərbaycan serialı xeyli inkişaf edib. Bəzən seriallarımızı həm də rus serialları ilə də müqayisə edirlər. Amma qeyd edim ki, rus seriallarında kifayət qədər pafos var, eləcə də bəzi türk seriallarında. Sadəcə türklər millət olaraq kompleksdən uzaqdırlar, bizimkilərdə isə kompleks var. Yəni, türklər o dönəmi keçdilər və biz onların 16 ilə keçdiklərini tez, 10 ilə başa vuracağıq. Biz indi dönəmdəyik ki, seriallarımıza yüksək məbləğdə pul ayrılmır. Təsəvvür edin ki, türk seriallarının bir bölümünə 800 min lirə, təxminən 450 min manata yaxın, bizdə isə bir serialın bölümünə 1700 manat ayrılır. Bizdə aktyor, hətta rejissorun özü fikirləşir ki, onun evdə yeməyə heç nəyi yoxdur, uşağı üçün nəsə almalıdır, amma ala bilmir. Yəni onun beynində ancaq bu problemlər dolanır. Bu zaman hansı sənətdən söz gedə bilər? Sənətçi öz sənəti üçün deyil, ailəsi, problemlərinin həlli üçün çalışır. Yəni bu qədər problemlərin içində olaraq sənətçilərimizin bu cür işlər görməsi, çalışması deyərdim ki, dünyanın heç bir yerində yoxdur. Ona görə də mənim aktyorlarımıza böyük hörmətim var. Hətta mənim üçün bizimkilərin ən pis çəkilən serialı, türklərin ən yaxşı çəkilən serialından üstündür. Bu qədər zülmn içində çalışmaq... Eşitdiyimə görə “Xəzər” TV-də çəkilən “Kölgə” serialı üçün ordan-burdan güclə, zülmlə pul tapıb çəkirlər. Baxın, hansı xarici ölkədə belədir... Bəzən tamaşaçı aktyorların geyimlərindən şikayətlənir. Bildiyiniz kimi serial şəkiləndə geyim mağazaları bizə geyimlər verir. Həmin o mağazalarda bizə nələri icazə verirlərsə, biz onu götürürük. Əgər axtardığımız geyim orda yoxdursa biz necə edə bilərik? Ümumiyyətlə nədənsə bizim tamaşaçılarımız bu məsələdə başqa dövlətlərin seriallarına toleriant, lakin bizə qarşı çox qəddardırlar. Bəzən daxildəki problemləri bilmədən çox müdaxilə edirlər.

- Serialda gözlənilmədən tanınmış aktyor Abbas Qəhrəmanovu Abdülqəni Əliyev əvəz etdi. Aktyorun serialdan uzaqlaşdırılmasının səbəbi nə idi?

- Abbas müəllim seriala gələndə çox sevindik. Doğrudan da Abbas Qəhrəmanov hazırda üzdə olan ən yaxşı sənətkarlarımızdan biridir. Lakin sonradan sağlamlığında ciddi problemlər yaşandı, ayağından əməliyyat olundu. Aktyorun sağalması üçün bir aydan çox vaxt tələb olunurdu. Ona görə də çıxılmaz vəziyyətdə qaldıq və Abbas müəllimin izni ilə Fəxrəddin obrazı üçün başqa aktyor, Abdülqəni Əliyevi dəvət etdik...

Rejissor onu da qeyd etdi ki, serial cəmi 152 bölümlü olacaq və təxminən may ayında çəkilşlərin bitməsi, efirdə isə uyun ayında başa çatacağı nəzərdə tutulub.

 

“Hərdən ssenarini oxuyanda deyirəm ki,

bu niyə belə edir, dəlidir?”

 

Çəkiliş meydançasında aktyorlarla iş üzrə rejissor, eyni zamanda serialda baş qəhrəmanlardan biri, Azər obrazını (Məryəmin keçmiş əri) canlandıran əməkdar artist Rasim Cəfərovla da danışmaq fürsətimiz oldu. Aktyor ilk öncə oynadığı Azər obrazının xarakterindən söz açdı:

- Onun etdiyi hərəkətlər, atdığı addımları anlayıram, amma qəbul edə bilmirəm. Fikirləşirəm ki, mən onları etməzdim. Hərdən ssenarini oxuyanda deyirəm ki, bu niyə belə edir, dəlidir? (gülür). Əvvəl Azər anası və həyatı yoldaşı arasında qalmışdı, seçim edə bilmirdi. Və daha çox anasına meylli idi, anasının dediklərinə inanırdı, bu da məni qıcıqlandırırdı. Lakin son seriallarda o, bir qədər düzəlib, inam və inamsızlıq barəsində hələ ki, bir problemi yoxdur. Ola bilsin ki, oynadıqlarımız xarakterimizə uyğun olmasın. Amma aktyor gərək obrazında olan nələrisə tapıb, özünə doğmalaşdırıb oynamalıdır, əks halda obraz canlı olmur. Mən də çalışıram ki, bu obrazda özümü uyğun nəyisə tapım.

- Tamaşaçıların əsas gileylərindən biri də seriallardakı ləhcələrdir. Necə düşünürsüz, film və yaxu serialda ləhcə olmalıdırmı, bu nə qədər doğrudur?

- Şəxsən mən serial və ya filmdə bədii dildə olan danışığı anlaya bilmirəm, qəbul etmirəm. Bir dəfə bir iranlı sənətçi ilə söhbət edirdim, dedi ki, sizin filmlərdə çobanla alimin danışığında heç bir fərqi bilinmir, hər ikisi elmi dildə, eyni intonasiya ilə danışır. Bəli, mənə də iradlar bildirilir ki, seriallarda niyə ləhcə var. O zaman deyirəm ki, niyə siz türk seriallarındakı ləhcələri qəbul edirsiz, amma bizimkini yox. Yəni, türk seriallarında İstanbul və digər şəhərlərin ləhcələri var. Əgər mən baxdığım serialda özümü, dostumu, qonşumu görmürəmsə, o serial mənim üçün maraqsız, uydurma görünür. Axı mənim küçədə gördüyüm insanlar o cür danışmır. Məsələn, gəncə bölgəsindən serial çəkib, hər kəsin bədii dildə danışdığını görsək doğru olmur...

Söhbətimizi bitirib çəkiliş meydançasındakı digər otaqlara keçirik. Aktyorlar çəkilişə az qaldığından tələsik hazırlaşır, nə geyinəcəkləri ilə məşğul idilər. Müşahidə edən zaman biz məsələ gözümüzdən yayınmadı, kollektiv bir-biri ilə çox mehriban, səmimi davranır, zarafatlaşırdılar. Rejissor Sain Qəhrəmanın dediyi kimi, kollektiv hər zaman güləriz və çox şəndir.

Baş rolun ifaçısı Günəş Mehdizadə (Məryəm rolunu canlandıran aktrisa) çəkilişə tələsməsinə baxmayaraq suallarımızı məmnuniyyətlə cavablandırdı:

- Obrazım mənim həyat tərzimə, xarakterimə zidd obrazdır. Mən həyatda daha optimist, çılğın, hər məqamda müsbət tərəf axtaran, şənlənməyi sevən insanam. Yəni mənim üçün həyat yalnız problemlərdən ibarət deyil. Amma Məryəm bir problemi özü üçün qloballaşdırır, qisas hissi ilə yaşayır. Bilmirəm mən onun yerində olsaydım necə hərəkət edərdim, bəlkə də bu cür olardı... Amma hər bir işdə bir xeyr var. Məryəm qisasdan əl çəkə, sevdiyi insanlar üçün yaşaya bilərdi...

Aktrisa seriallar haqqında səslənən tənqidlərə də münasibət bildirdi:

- Mən bizim serialları digər ölkələrin serialları ilə müqayisəni qəbul edə bilmirəm. Biz çox çətin şərtlər altında serial çəkirik , doğrudur bu tamaşaçını maraqlandırmır ki, hansı problemlərdən keçirik, amma hər halda tamaşaçı bunu nəzərə almalıdır ki, biz çox cüzi bir büdcə və kollektivlə serial çəkirik. Bizim ümumiyyətlə çox istedadlı aktyorlarımız var. Azərbaycan xalqı çox istedadlı xalqdır, həm aktyor həm də rejissorluq baxımından. Ona görə də istərdim ki, tamaşaçılarımız nəyisə tənqid etsinlər, amma müqayisə etməsinlər.

 

Təəssüf ki, qaynana olmaq

şansım heç vaxt olmayacaq...”

 

Serialda Nəsibə xanımı, Məryəmin keçmiş qayınanasını canlandıran aktrisa Nəsibə Eldarova ilə söhbətləşmək fürsətimiz oldu. “Siz necə qayınana olardız?” sualımıza verdiyi cavab bizim üçün həm gözlənilməz, həm də üzücü oldu:

- Mən qayınana deyiləm, təəssüf ki, heç belə bir şansım da olmayacaq... (sonradan öyrəndik ki, aktrisanın yeganə oğlu gənc yaşında dünyasını dəyişib-müəllif.) Serialda əvvəllər qayınana idim, gəlinlə dava edirdim, sonra qayınana olmadım, ona görə də Məryəmlə mehriban oldum (gülümsəyir). Məni tamaşaçılarım çox sevir, küçədə, metroda görəndə mənimlə salamlaşır, hətta öz evlərinin doğması kimi qəbul edirlər. Bu da onu göstərir ki, nə qədər əzazil qayınana olsam da, cazibədarlığım yəqin ki, var (gülür). Nəsibə xanım bir qədər səbirsizdir. Amma özüm həyatda çox təmkinliyəm. Nəsibə xanım isə ağlına gələn sözü həmin an deyir. Amma o səhv də etsə də bunu övladı üçün edir, ona görə onu bağışlamaq olar.

 

“Bəzən avtobusda, ictimaiyyətdə

gedəndə az qala gözümü çıxardalar”

 

Artıq çəkiliş başlandığından aktrisa Səbinə Məmmədova (Nuray) ilə söhbətləşə bilmirik. Lakin ikinci rejissor Qulu Əsgərov onun haqqında bizə danışır:

- Səbinə xanım deyir ki, “bəzən avtobusda, ictimaiyyətdə gedəndə az qala gözümü çıxardalar”. Yəni, bu aktyorun uğurudur ki, öz obrazını tam canlandıra bilib. Bəzən sual verirlər ki, o qız həyatda da belədir? Deyirəm ki, əsla yox, Səbinə xanım çox mehribandır, böyük-kiçik yeri bilən insandır. Amma obrazını elə yaradıb ki, hər kəsin ağlında Nuray kimi qalıb.

 

Xalidə GƏRAY

 

Yeni Müsavat.- 2017.- 10 aprel.- S.13.