"1960-cı ilə qədər gəmidə
yaşamışam”
Xoşbəxt
Yusifzadə: “Dənizdə boğulanlar əsasən üzə
bilənlərdir, üzə bilməyənlər boğulmur”
Bu günlərdə
mətbuatda xəbər yayıldı ki, macəra axtaran və
adi turizm obyektlərindən bezmiş turistlər
üçün dünyanın ən qeyri-adi 4 şəhərinin
reytinqi tərtib olunub. Məlumatı bizimçin daha çox
cəlbedici edən o idi ki, Azərbaycandakı Neft
Daşları da bu 4 nadir şəhərdən biri kimi
siyahıya salınmışdı.
Azərbaycanın tanınmış mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə görüşümüzdə yuxarıdakı fakt körpü rolunu oynadı. Kifayət qədər maraqlı, baməzə adam olan, unikal yaddaşa malik Xoşbəxt müəllimin Neft Daşları ilə bağlı o qədər zəngin xatirələri var ki...
- Xoşbəxt
müəllim, Neft Daşlarının təməlqoyma mərasimində
iştirak etmişiniz?
-
Yox, təməl qoyulanda iştirak etməmişəm. Mən institutu 1952-ci ildə
qurtarmışam. Neft Daşlarından neft 1949-cu ilin 7
noyabrında alınıb. Müharibədən sonra Azərbaycanda
neft hasilatının səviyyəsi aşağı
düşmüşdü. Ona görə də tez bu səviyyəni
qaldırmaq lazım idi. Ancaq bu, təkcə quru
yataqlarının sayəsində mümkün deyildi. Ona
görə alimlərimizdə belə bir fikir yarandı ki, biz
dənizə çıxaq. Bizdə o vaxta qədər dənizdə
iş görülmüşdü, Pirallahıda, Bibiheybətdə...
Amma bunlar əsasən quru ilə əlaqədar idi.
Açıq dənizdə isə iş görülməmişdi.
- Sahildən nə qədər
içəridəydi?
- 40 km. O
zaman Akademiyadan ekspedisiya getdi ora, geoloq Ağaqurban Əliyevin
başçılığı ilə. Öyrəndilər
ki, burada kəşfiyyat işinə başlamaq olar.
- Nə qədər dərinlikdə?
- Orada,
lap mərkəzdə daşlar çıxmışdı
suyun üzünə, ada kimiydi. Ayri-ayrı kiçik adalar
şəklində idi. Deyək ki, bu adaların birinin üzərində
quyu qazmaq lazımdır. Amma düşündülər ki,
külək bərk olanda dənizin dalğası gəlib bu
quyunu yuya bilər. Ona görə daşların üstünə
bir neçə kisə sement qoydular. Getdilər, 15 gündən
sonra gəlib baxdılar ki, su sementi yumayıb. Baxdılar ki,
su daşların üstünə çıxmayıb, onda
birinci quyunu qoymağa qərar verdilər. Həmin gün Sovet
İttifaqında bayram günü idi-7 noyabr. İlk quyu işə
düşdü və əvvəlcə 100 ton neft verdi. Beləliklə,
bu quyu ilə Neft Daşlarının əsası qoyuldu.
- Bəs, şəhərsalma
ideyası hardan ortaya çıxdı?
- Onda
dedilər ki, yaxşı, biz buruğu daşın üstünə
qoyduq. Amma gərək burada camaat işləsin. Camaatın
işləməsi üçün necə yer tikək. Sabit
Atayeviç Orucovun başçılığı ilə
briqada yaradılmışdı. Onda bir ideya ortaya
çıxdı. Sahildə vaxtı keçmiş,
silinmiş 7 gəmi var idi, onları dartıb apardılar ora və
yerləşdirdilər. İşçilər də o gəmilərdə
qalırdı. Bu oldu “Yeddi gəmi adası”.
- Siz özünüz də orda
qalırdınız?
- Mən
ora 1954-cü ilin mart ayında getmişəm. Elə mənim
də birinci qaldığım yer gəmilərin
üstündəki balaca otaq idi. Mədən də gəminin
üstündəydi, qazma kontoru da. Bundan sonra dedilər ki, bəs
indi biz quyuları necə qazaq? Onda bu estakada ideyası ortaya
çıxdı. Özü də dünyada ilk dəfə
estakada üsulu ilə neft istehsalının tətbiqinə
başlandı. Estakadanın tikintisi əvvəlcə 2-3 metrdən
başlandı və 40 metrə qədər artdı. Sonra
estakadada meydançalar tikildi və istismar quyuları
qazılmağa başlandı. Böyük sahə düzəldildikdən
sonra üzərində evlər tikildi. Beləliklə, camaat gəmilərdən
həmin evlərə köçürülməyə
başladı. Bu, 1955-56-da olub. Ondan sonra neft istehsalı əməlli-başlı
artdı.
- Siz orda nə qədər işlədiniz?
- Düz
10 il. 1954-cü ilin martından 1963-ün oktyabrınacan. 18
gün iş günüydü, 12 gün sahildə olurduq. Fəhlələr
isə 8 gün işləyirdi, 7 gün sahilə
çıxırdı.
- O vaxta qədər “eviniz” dəniz
oldu...
- Mən
1960-cı ilə qədər gəmidə
yaşamışam. Yeməkxana da gəminin üstündəydi.
Bizdə Mehdi adlı usta var idi, əvvəl ikincini yeyərdi,
sonra birincini. Bir gün soruşdum ki, sən niyə əvvəl
ikincini, sonra birincini yeyirsən? Dedi “görmürsən, gəminin
üstündəyik, birdən uçdu, getdi, heç olmasa
ikincini yemiş olum”. (gülüşmə) Mən mədənin
baş geoloqu idim, sonra trestin baş geoloqu təyin etdilər.
Amma azı, 5-7 gün müdiri əvəz edirdim.
Çünki şərait belə tələb edirdi.
- Dənizin ortasında qalanda nələr
düşünürdünüz, hansı hissləri
keçirirdiniz? Hər halda bunun tufanı, boranı var, hər
an hər şey ola bilər...
- Neft
Daşları elədir ki, orda adam 24 saat işin içində
olurdu, baş qarışırdı. Amma olurdu ki, gəmi
gedirdi, gəlmirdi, əlaqə kəsilirdi, insan
özünü təcrid olunmuş kimi hiss edirdi. Biz gəmidə
yaşayanda əməlli-başlı tərpənirdik. Mən
orda işlədiyim müddətdə bir dənə hadisə
oldu. 1957-ci ildə mən baş geoloq idim. Baş mühəndis
dedi ki, kömək veriblər, ustaları yığ, get
estakadaya. Biz də yığışıb getdik. O vaxta kimi
elə külək olmamışdı. Küləyin sürəti
saniyədə 43 metr, dalğanın hündürlüyü
13 metrə qalxmışdı. Biz quyuları
bağlayırdıq ki, neftyığan borular sınanda dənizə
neft axmasın. Səhər saat 5-dək işlər normal oldu.
Saat 5-də mənə zəng gəldi ki, Kaveriçkinin 21 nəfərlik
briqadasını sel aparıb. O hadisədən sonra belə qərara
gəlindi ki, estakadaları layihələndirəndə onlar dəniz
səviyyəsində 13 metr yuxarı hesablansın. Yəni
dalğa heç nə eləməsin. Ondan sonra Allahın
köməkliyi ilə Neft Daşlarında başqa faciə
olmayıb...
- Artıq orada doqquzmərtəbəli
binalar var. Həm də xeyli adam yaşayır...
- Orada
1650 nəfər çalışır və yaşayır.
Soruşa bilərsiniz ki, Neft Daşları bizə nə verdi?
Deyim: dünyada ilk dəfə olaraq biz açıq dənizə
çıxdıq. İkincisi, ilk dəfə olaraq Neft
Daşlarında estakada tikildi. Üçüncüsü, ilk
dəfə laylara təzyiqi saxlamaq üçün su vurma
üsulundan istifadə olundu. Dördüncüsü, Neft
Daşlarının sayəsində yaxşı mütəxəssislər
hazırlandı. O mütəxəssislər nəinki
SSRİ-də, xarici ölkələrdə - Kuba,
Bolqarıstan, Vyetnamda işlədilər. O zaman elə
böyük adam olmazdı ki, Azərbaycana gəlsin, Neft
Daşlarına getməsin.
- Kimləri
xatırlayırsınız?
- Mən
Neft Daşlarında Nikita Sergeyeviç Xruşşovu, Almaniya
Demokratik Respublikasının rəhbərini görmüşəm
(Bu yerdə o boyda imperiyanın başçısının -
Sov.İKP MK-nın baş katibi N.Xruşşovun diqqətini
yayındırıb onun yolunu dəyişməsini və
“riskli” ərazidən uzaqlaşdırmasını gülə-gülə
nəql edir - E.P.) Xruşşov bizimlə
görüşdü, sonra getdik birgə çörək
yedik, Şəmkir çaxırımız var idi, bizimlə
birgə içdi.
- Onun səfəri neftçilərə
nə verdi?
-
Adamın Allahı var, gərək düzünü deyim. Dedi,
siz burada hündür evlər tiksəniz, yaxşıdır.
9 mərtəbəli binalar Xruşşov deyəndən sonra
tikilib. Bir də vertolyot ideyası onunkudur. Dedi bura mütləq
vertolyot işləməlidir. Ona qədər biz ancaq gəmi
ilə gedib-gəlirdik.
- Xoşbəxt müəllim, Xəzərdə
maraqlı adalar var, məsələn Nargin...Yəqin orda
olmuşunuz...
- Nargində?
Yox, olmamışam.
- Xəzərdəki adaları, elə
Nargini muzey kimi xalqın, turistlərin istifadəsinə vermək
olmazmı?
- Gələcəkdə
hər şey mümkündür. Bir şey deyim. Azərbaycanın
pis günündə, müstəqillik dövründə neft
öz sözünü kifayət qədər dedi. Axı,
bizim əlimizdə başqa elə bir ehtiyatımız yox idi
ki, respublikanın sosial vəziyyətini düzəldək.
Bizim istehsal etdiyimiz məhsullardan heç biri xaricə
çıxmayacaqdı. Sovet vaxtı elə idi ki, respublikalar
bir-birinə razılaşma əsasında məhsul
satırdı. Məsələn, sənin qarşında plan
qoyulurdu ki, filan respublikaya bu qədər çaxır verməlisən,
o da sənə boru verməlidir. Yəni bir o qədər də
keyfiyyətə baxan yox idi.
Odur ki,
biz müstəqil olandan sonra bizim buraxdığımız
keyfiyyətsiz məhsulları xaricə sata bilməzdik. Ona
görə də o vaxt bizim əlimizdən tutan, meydana
çıxaran, bizə həyat verən neft oldu. Neftin,
qazın hesabına biz ölkəmizin sosial vəziyyətini
düzəltdik. İndi maşallah, 10-15 il Azərbaycanda
olmayan hər kəs Bakıya, ya rayonlarımıza gələndə
tanımırlar, o qədər dəyişiklik var. Bu qədər
müvəffəqiyyətlərlə yanaşı təbii
ki, çatışmazlıqlar da olacaq. Amma onu da deyim ki, neft
yenə öz sözünü deyəcək.
- Bundan sonra daha neçə il deyəcək?
- Onu deyəcəyəm...
İlham Əliyev cənabları deyir ki, qeyri-neft sektorunun
inkişaf etdirməliyik. Yəqin görürsünüz,
pambıqçılıq, taxılçılıq,
baramaçılığa görün nə qədər diqqət
var. Cənab İlham Əliyevin siyasəti tamamilə
doğrudur. Neft-qaz öz yerində, amma indi qoy o biri sahələr
də inkişaf eləsin. Neft hələ uzun illər olacaq.
Bizim qazımız da çoxdur. Bütün bunlar olacaq, amma
bircə biz neft-qazdan asılı olmayaq. Ölkəmizdə
neçə iqlim qurşağı var, burada hər bir məhsulu
yetişdirmək mümkündür.
- Vaxtaşırı Xəzərdəki
balıq ehtiyatlarına neftin vurduğu zərərdən
danışılır. Dənizdən neftin
çıxarılması balığımıza nə qədər
zərbə vurdu? Elə balıq növləri varmı ki, dənizin
çirklənməsi səbəbindən nəsli kəsilib?
- Yox,
heç birinin nəsli kəsilməyib. Gördünüz,
Pirallahıda nə edəcəklər? Orda
balıqçılığın inkişafı ilə
bağlı işlərə başlanılıb. Bilirsən,
həyatda heç kim yüz faiz deyə bilməz ki, nə isə
ona təsir eləməyib. Hələ sovet vaxtı mən bir
yerdə çıxış edirdim. Bayırda da bir qar
yağır ki... AZİ-nin şöbə müdiri mənə
sual verdi. Qayıtdı ki, qara kürü, osetrin neftdən
neçə dəfə bahadır. Dedi siz bu nefti
çıxarıb onun kökünü kəsəcəksiniz?
Mən dedim əvvəla, biz işimizi elə
görürük ki, balıqlara zərər vurmayaq. Amma indi sənə
bir sualım var: son dəfə nə vaxt kürü yemisən?
Karıxdı. Dedim görürsən, yadına gəlmədi.
Heç mənim də yadıma gəlmir ki, nə vaxt qara
kürü yemişəm. Amma şükür Allaha, sən də
sağ-salamatsan, mən də. İndi bu saat mən qazın
“ventil”ini bağlasam, biz hamımız burada soyuqdan
qırılarıq. Ona görə də məsələyə
belə yanaşmaq olmaz ki, kürü bahadır, gəl onunla
məşğul olar. Kürünün də öz yeri var,
neftin öz yeri. O gün bir məqalə oxudum ki, Stalin Xəzər
dənizini qurutmaq istəyirmiş. Ki, dənizi qurudaq, nefti
yaxşı hasil edək. Volqa çayını çevirmək,
daha nələr... Sonra bunu başa salıblar ki, a kişi, bu
boyda dənizi qurutmaq olmaz. Bilmirəm bu, doğrudur, ya yalan.
- Xoşbəxt müəllim, üzməklə
aranız necədir?
- Mən
çox yaxşı üzmüşəm. Dənizin
qırağında, Pirşağıda anadan olmuşam.
Uşaqlıqda gündə iki dəfə dənizə gedərdik.
Üzməyi də özümüz öyrənmişik.
- Son illər boğulanların
sayı artır. Sizcə, niyə?
- Biz
üzəndə dərinə getmirdik. Sizə bir söz deyim,
dənizdə boğulanlar əsasən üzə bilənlərdir.
Üzə bilməyənlər boğulmur, çünki dərinə
getmir. Üzə bilənlər risk edir, uzağa gedir, yorulur,
qayıda bilmir. Xilasedicilər olmasa, daha da çox itkilər
olar.
- Neft Daşlarına qayıdaq.
60-cı illərdə yenə də ora qayıtdınız,
yoxsa işinizi dəyişdiniz?
- Mən
dənizin baş geoloqu idim, həftədə, ayda gedirdim.
- Bu yaşda da ora gedirsiniz?
- 87
yaşım var. İndi az gedirəm. Ayda da olmasa, iki aydan bir
gedirəm, baş çəkirəm. Mənim haqqımda
çəkilən filmdə də bu barədə demişəm.
Həyatımda səssiz kinodan elə bir zəmanəyədək
gəlib çıxmışam ki, iki dənə batareya ilə
burdan Amerika ilə danışıram. Mən Neft
Daşlarında işləyəndə bir quyu ilə
danışmaqdan ötrü nə əziyyət çəkirdim.
Anam klub müdiri idi, bir radioqəbuledici almışdı,
radio balacaydı, batareyası evin yarısını
tutmuşdu. O səviyyədən gəlib elə bir səviyyəyə
çatmışıq ki, dünyanın istənilən
nöqtəsi ilə, istənilən quyu ilə iki dənə
batareya ilə danışıram. Gör mənim
yaşımda nə boyda dəyişiklik olub. Əgər
ölkələr bir-birini qırmasa, insanlar bir-birini yeməsə,
ola bilər 50 il sonra o qədər alternativ enerjilər ortaya
çıxsın ki, neft bizə ancaq dərman kimi lazım
olsun.
- Xoşbəxt müəllim, bildiyimə
görə siz hətta bazar günləri də işləyirsiniz,
elədir?
- Son
vaxtlar bircə bazar günü evdə qalıram. Amma
ömrüm boyu bazar günləri işləmişəm.
Cavanlıqda kənara gedərdim məzuniyyətdə. Amma
1989-cu ildən sonra məzuniyyətimi də Azərbaycanda
keçirmişəm.
- Bu yaşınızda da birinci
vitse-prezident statusunda işə davam edirsiniz...
- Hə.
Düzü, səhhətimdə problem yarananda getmək istəyirdim.
Amma prezident dedi ki, işini yüngülləşdirin,
qalsın, işləsin. Əvvəl səlahiyyətlərim
geniş idi. Amma prezidentin göstərişi ilə təyin
olunan iki vitse-prezident arasında bəzi səlahiyyətlər
bölündü, işim yüngülləşdi.
- Şirkət yeni binaya köçsə
də, siz yenə də əvvəlki yerinizdə
qalırsınız. Neçə ildir buradasınız?
-
1954-cü ilin martında buradan Neft Daşlarına getmişəm.
10 il işləmişəm, 1963-cü ilin oktyabrında yenə
bu binaya gəlmişəm. Bu günə qədər də bu
binadayam. Yəqin elə o dünyaya da bu binadan gedərəm...
Elşad
PAŞASOY
Yeni Müsavat.- 2017.- 26 avqust.- S.10.