“Azərbaycanın ən zəngin rəssamı
mənəm”
Azərbaycanın
əməkdar rəssamı Əşrəf Heybətov: “Mən harada yaşayıramsa, ora elə
Azərbaycandır”
Azərbaycanın
əməkdar rəssamı Əşrəf Heybətovla
sonuncu dəfə martda Moskvada
görüşmüşdük. Almaniyada yaşayan rəssam
payızda Bakıya gələcəyini demişdi. Ancaq dəqiq
tarix bilinmirdi. Bir neçə gün öncə televiziya
kanallarını ixtiyarsız çevirirdim ki, ATV-də
Əşrəf bəyin Qala Mədəniyyət Mərkəzindəki
sərgisindən reportajı gördüm. Bakı nömrəsindən
arayıb “xoş gəldin” edəndən sonra
görüşməyi, müsahibəni təkrarlamağı
qərara aldıq. Ancaq günü yenə dəqiqləşdirə
bilmədik – Əşrəf bəy Bakıda əlçatan
deyil. Dostlar, tanışlar, ustad dərsləri almaq istəyənlər
şəhərdə, bağda onunla görüşmək
üçün sıra gözləyirlər. “Vaxt tapaq, gəl
bizə, deyəcəklərim var”a “sizdən zəng gözləyirəm”
cavabını verib sağollaşdım. Ertəsi gün
Axundov bağından üzü aşağı gəlirdim ki,
baxdım Əşrəf bəy... Bundan gözəl təsadüf?
Yolda başlayan söhbətimiz rəssamın Bakının
uca nöqtələrindən birindəki sözün
bütün mənalarında sənətlə zəngin evində
5 saata qədər çəkdi. Sağ olsun, həmin günə
bütün görüşləri təxirə saldı
Əşrəf bəy.
Söhbətə
başlar-başlamaz anladım ki, məmləkət
üçün darıxıb:
Hələ bir neçə gün də Bakıdayam. Azərbaycanı heç vaxt unutmuram. Çalışıram hər il gəlim, gələndə də mütləq bölgələri gəzim. Əslən bakılı olsam da, mənə elə gəlir, rayon, kənd gəzməsəm, Azərbaycanı ürəyim istəyən qədər duya bilmirəm. Milli Məclisin üzvü Elmira Axundova ilə ailə dostlarıyıq. O, Milli Məclisdə Masallını təmsil edir, bizi dəvət elədi, Masallıya getdik. Oradakı mədəniyyət mərkəzində ustad dərsləri verdim. Sevindim ki, əyalətlərdə də istedadlar yetişir, onlar üçün şərait yaradılır. Eşitmişəm ki, rayonlarda mədəniyyət mərkəzləri açılır, çox sevinmişəm. Uşaqları kiçik yaşdan incəsənətə yönəltmək həm milli mədəniyyətin qorunması, həm də psixoloji sağlam gənclik yetişməsi üçün önəmlidir. Bu ölkənin gələcəyinə qoyulan çox ciddi kapitaldır. Təbiətimiz gözəldi. Masallıda İsti suya getdik, dağları doyunca seyr etdim. Payız füsünkardı...
Çox ölkələr
gəzirsiniz, ən gözəl, sizi əlinizə
fırça almağa məcbur edən payız harada
qarşınıza çıxıb?
Əslində çox az peyzaj çəkirəm.
Mən monumentalistəm.
Ancaq bəzi əsərlərimdə milli peyzaj elementləri
var. Son vaxtlar isə daha çox realistik peyzajlara
üstünlük verirəm. Bu ruhuma çox yaxındır.
Rəssam kimi bütün “izm”ləri keçmişəm.
Modernizm, impressionizm, konstruktivizm, kubizm, ən çox
müraciət etdiyim janrlardan biri eksprensionizm... İndi yenidən
realistik peyzaja qayıdıram. Bu, Səttar Bəhlulzadədən
başlayaraq bir çox Azərbaycan rəssamlarının
müraciət etdiyi yoldur. Ona görə də indi təbiəti
seyr etmək, hətta saatlarla ona dalmaq mənə xüsusi
zövq verir. Ən gözəl payız mənzərəsini
ölkələrə bölməkdə çətinlik
çəkirəm. İstənilən yerdə rənglərin
təması, təbiətin ecazkarlığı insanın,
xüsusən rəssamın gözünə dünyanın ən
gözəl mənzərəsi kimi görünə bilər.
Təbii, bu bir az da həmin andakı ovqata bağlıdır.
Azərbaycan 4 fəsli yaşadığından təbiəti
ilin hər fəslində gözəldir. Amma təbiəti
duymaq üçün şəhərlərdən kənara
çıxmaq vacibdir. Şəhərlərdəki təbiət
düzən verilmiş təbiətdir. Xəlq olunanı
olduğu kimi görmək üçün betondan, asfaltdan
uzaqlaşmalısan. Yalnız onda avtomobillərin
tüstüsü ilə boyanmayan əsl səmanın, əsl
yarpağın, əsl otun rəngini görmək olar.
Danışa-danışa düşünürəm ki, deyəsən,
ən gözəl payızı Moskva ətrafında
görmüşəm. Bəlkə də onu böyük
Puşkin tərənnüm etdiyi üçün belə
düşünürəm... Böyük rus rəssamları,
realistik peyzaj ustaları Polenov, Levitan da Moskva ətrafındakı
payıza neçə əsərlər həsr ediblər. Azərbaycandakı
payızda məni ən çox valeh edən dağların
moruğu-qırmızı rəngidir. Bu il Şamaxıda,
Qubada, Qusarda, Qəbələdə, Masallıda
dağların rəngini yaddaşıma
köçürdüm. Gələn il isə Aranı,
Muğanı gəzmək istəyirəm.
Çayqırağı kəndlərin də öz gözəlliyi
var.
Əşrəf bəy, sizin əsərlərinizdə
saysız insan simaları var. Hamısı da fərqli,
özünəməxsus. Aydındır ki, çox
müşahidələr aparırsınız. İldən-ilə
insanların simasında nələr dəyişir, nələr
kəşf edirsiniz?
Kədərin
artdığını görürəm. Bakıda bu lap
aydın hiss olunur. Baxırsan ki, şəhər “ütülənir”,
sakitlikdir, ancaq insanların üzünə baxanda ilk
gördüyün kədərdir. Yəqin səbəblər
var. Həyat şərtləri insanları incidir və bu
onların simasını olduqca qayğılı göstərir.
Burada insanların gözləri danışır. İndi
dünya belədir – elə bir yer göstərin ki, orda həyat
asandır. Hər ölkənin, hər toplumun öz çətinlikləri,
qayğıları var. Demokratiyanın tərs üzü –
cinayətkarlıq, qadın, narkotik alveridir. Qərb də
bundan əziyyət çəkir. Hardan baxsan, bizim ölkəmizdə
həm də müharibə havası var, axı. Həlak
olanlar, yaralılar, atışmalar... Bəlkə də
ölkə içində çox da hiss olunmur, amma kənardan
aydın görünür.
Siz, Qarabağ
danışıqları ilə bağlı böyük bir
tablo işləmisiz. Orada danışıqların nəticəsizliyinə
işarə var... Adı da maraqlıdır...
“Danışıqların
havası”... Fevralda Xocalı soyqırımının 25 illiyi
ilə bağlı Almaniyada böyük bir tədbir
planlaşdırılırdı. Ötən il Azərbaycan-Avropa
Cəmiyyətinin təmsilçiləri məndən
Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi
mövzusunda 3-4 əsər işləməyimi istədirlər.
Onlar Almaniya dərgilərindən birində mənim Xocalı
haqqında panomu görmüşdülər. Həmin panonu mən
2 il öncə İstiqlal Muzeyinə
bağışlamışam. Təbii, mən bu təklifdən
imtina edə bilməzdim, ölkəmə bu məsələdə
dəstək vermək mənim borcumdur. Beləliklə,
başladım Xocalı mövzusunu yenidən işləməyə.
Məsələyə o qədər içdən
yanaşdım ki, 4 yox, düz 25 əsər işlədim.
Hamısı da böyük formatda. Almaniya-Azərbaycan cəmiyyəti
belə miqyası görüb sərgi keçirməyi qərara
aldı. Xocalı faciəsinin 25 illiyində Almaniya ictimaiyyətinin
böyük diqqətinə səbəb olan tədbir və sərgi
keçirildi. Berlinin ən bahalı rəsm qalereyalarından
biri olan Şults Qalereyasında günlərlə mənim
Qarabağla bağlı əsərlərim sərgiləndi.
Əsas hədəfimiz Almaniya ictimaiyyətinin diqqətini cəlb
etmək idi. Çünki biz azərbaycanlılar öz
ölkəmizin problemlərindən xəbərdarıq, Beynəlxalq
dəstək almaq üçün biz önəmli ölkələrin
diqqətini çəkəcək addımlar atmalıyıq.
Əşrəf bəy, bayaq
Bakının “ütüləndiyindən” söz
saldınız. İçəri şəhərə yolunuz
düşür? Sizə doğma məkandan,
doğulduğunuz İçəri Şəhərdən nələrsə
qalır?
Darıxan
kimi gedirəm İçəri Şəhərə. Ancaq orda
da müsbət tendensiyalarla yanaşı qədimliyin
qorunmadığını görüb darıxıram. Qədim
şəhəri sanki yalnız turistlər üçün
düzəldirlər – hotellər, restoranlar, milli mədəniyyət
nümunələrinin satış mərkəzləri
açılır. Bütün bunlar çox
yaxşıdır – Bakıya gələnlər qədimliklə
yeniliyin sintezindən zövq alırlar, şəhərə
yenə qayıtmaq istəyirlər, turizm inkişaf edir. Ancaq
İçəri Şəhəri başdan-başa
alqı-satqı mərkəzinə çevirmək də
olmaz. Bunun üçün İçəri Şəhərdə
bir neçə meydan var. Amma Bakını bəzilərinin
istədiyi kimi Nyu-Yorka, Çikaqoya çevirə bilməyəcəklər.
Bakının cazibəsi başqadır. Narahat olduğum bir məqam
da yalnız mərkəz hissəyə diqqət
ayrılmasıdır. Axı, şəhərin baş
memarı var... Hansı səbəbdən mərkəzdən
azca aralanan kimi boz, rəngsiz, heç nə ilə yadda
qalmayan bir şəhər görürük? Şəhəri
qonaqlar bəyənir- bu əladı, amma şəhər daha
çox sakinləri üçün rahat olmalıdır.
Bizim evimizi 1962-ci ildə söküb yerinə Milli
Ensiklopediyanın binasını tikdilər, bizi də Nərimanov
prospektinə köçürdülər. Ona görə mənim
üçün xatirələr bir az dağınıqdı.
Bir də, mənim üçün vətən
anlayışı yalnız coğrafi deyil. Mən harada
yaşayıramsa, ora elə Azərbaycandır. Evimdə hər
zaman Azərbaycan bayrağı, Azərbaycan motivləri... Mən
hər zaman bu ab-havada yaşamışam və dünyanın
hansı şəhərində olmağımdan asılı
olmayaraq bundan çıxa bilmərəm.
Hər dəfə sizinlə söhbətdə
təəccübləndiyim bir fakt da var. Çox gənc
yaşlarınızda Moskvaya köçmüsünüz,
ondan sonra Almaniya həyatınız başlayıb,
aşağı-yuxarı 50 ildir Azərbaycanda deyilsiniz,
üstəlik xanımınız da yəhudidir, ancaq siz ana
dilində yaxşı danışırsınız... Kiminlə
danışırsız Almaniyada, necə olur ki, dili unutmursuz?
Demək
olar, heç kimlə. Almaniyada türklərlə az-çox
təmaslarımız olur. Mən onlarla Bakı, onlar da mənimlə
Anadolu ləhcələrində danışırlar. Əsas
odur bir-birimizi anlayırıq. Dil düşüncə
üçün önəmli faktordur. Düzdü, fikrilərimiz
ana dilində bədii cümlələrlə ifadə etmək
mənim üçün çətindir, yazı da yaza bilmərəm,
amma çalışıram bacardığım qədər
dilimi itirməyim. Bu işdə milli musiqi dadıma catır...
Kimləri dinləyirsiz?
Evimdə
Azərbaycan musiqisinin böyük arxivi var. Nə istəsəz,
tapa bilərsiz... Klassika, milli musiqi, milli caz, estrada. Eldar
Mansurovun mahnılarını çox sevirəm.
Bakının nəğmələridir onlar.
Bayaqdan əsərlərinizə
baxıram, amma heç Avropanı görmürəm. Niyə?
Almaniyanı
qrafik əsərlərdə çəkirəm. 5 il öncə
mənim dəyərli dostum Kamal Abdullanın təşəbbüsü
ilə Slavyan Universitetində qrafik əsərdən ibarət
“Almaniya haqqında 40 qrafik əsər” adlı sərgi
keçirmişdik. İndi artıq bu rəsmlərin sayı
100-ə çatıb. Yaxınlarda albom çapı nəzərdə
tutmuşuq. Bu albom yaradıcılığımın Avropa
hissəsinin siması olacaq. Lüksemburq peyzajı üzrə
də seriya əsərlərim var. Almaniya şəhərlərini,
Doğu Avropanı çox çəkmişəm. Adətən
ruhuma yaxın olanı kətana köçürürəm.
Mənə ən yaxın olan isə Azərbaycandır –
insanımız, təbiətimiz, qayğımız, sevincimiz,
gələnəklərimiz... Ölkəmi çəkəndə
daha böyük məmnunluq hissi yaşayıram. Məni
Avropada da Azərbaycanı çəkən rəssam kimi
tanıyırlar. Doğma mövzularımdan biri də türk
dünyasıdır. Bu mövzuda Türkiyədə, Rusiyada,
Avropada neçə sərgim keçirilib, nə qədər
təşəkkürlər, mükafatlar almışam.
İlk xarici sərgim də 1994-cü ildə Ankarada olub. Sərgi
təklifini Rusiyanın Ankara böyükelçisi Albert
Çernışovdan almışdım, qısa zamanda
hazırlıqları bitirmişdim. Həmin sərginin
maraqlı faktlarından biri də o idi ki,
böyükelçinin də, mənim də
çıxışlarımı indi prezident Putinin mətbuat
katibi olan Dmitri Peskov çevirirdi. 1994-cü ildə o, Ankara
böyükelçiliyinin mətbuat attaşesi idi. Biz Ankarada
yaşayanda o həm də bizim mərtəbə qonşumuz
idi. Hər zaman “bizim Dima” ilə yaxşı münasibətlərimiz
olub və bu gün də qalmaqdadır. Moskvada – Beynəlxalq
Əlaqələr İnstitutunda gələn ilin mart ayında
keçiriləcək sərgimə yəqin cənab Peskovu da
dəvət edəcəyəm.
Diplomatik korpusla əlaqələriniz
geniş olduğunu bilirik. Bu dəfə Bakıda keçirilən
sərginizə Hindistanın Bakı
böyükelçiliyinin diqqəti xüsusi olub.
Cənab
səfir Sanjay Rana ilə çox yaxşı münasibətlərimiz
var. O, mənim hind mədəniyyətimin vurğunu
olduğumu bilir. 2 dəfə Hindistanda, Nepalda olmuşam. Həmin
səfərin təəssüratları ilə onlarla əsər
yaratmışam, Bakıda, Moskvada, Avropada sərgilərdə
nümayiş etdirmişəm. Səfir bakıdakı iqamətgahında
da mənim fərdi sərgimi keçirib. Yenə o yerlərə
getmək arzusundayam. Açığı, özümə
yoldaş axtarıram. O yerlər mənə çox
yaxındır.
Nə ilə yaxındır?
Mənə
elə gəlir, Hindistan və Azərbaycan mədəniyyətləri
arasında daxili bir bağ var. Hind mədəniyyəti ilə
tanış olduqda bu yaxınlığı hiss etməmək
mümkün deyil. Hind mədəniyyətinin ən parlaq məkanları
Tacmahalı, Caypuru, Varanaxı çox həvəs və
böyük zövq alaraq gəzirəm. Bu zövqü anlatmaq
çətindir. Məsələn, siz qızıl
gülün ətrini necəsə izah edə bilərsiz? Mənim
Hindistana sevgimi də qızıl gülün qoxusu kimi izah etmək
çətindir.
Əşrəf bəy, Azərbaycanın
rəngkarlıq məktəbinin indiki durumunu necə qiymətləndirirsiniz?
İndi
realizm məktəbindən daha çox uzaqlaşır Azərbaycan
rəssamları. Bəlkə də yanılıram... Amma
gördüyüm budur. Rəssamlıq qabiliyyətini Yaradan
verir, amma məktəb keçmədən, insan
fiziologiyasını bilmədən, təbiət
qanunlarını öyrənmədən böyük rəssam
olmaq mümkün deyil. Məktəb vacibdir. İstedad məktəblə
təkmilləşir, yalnız o zaman rəssam öz sənət
dilini tapa, yarada bilir.
Rəsm əsərləri həm də
rəngkarın yaşam qaynağıdır. Reklamın bu məsələdə
rolu nə qədərdir?
Çox
böyük. Elə rəssamlar var, məmurlarla
yaxınlıq sayəsində əsərlərini baha qiymətə
satır və bunu özləri üçün “yaxşı
rəssam”lığın sübutu kimi qəbul edir, ətrafı
da buna inandırır. Yoxlasaq görərik ki, o zəngin məmurların
çoxunun sənətlə bağlı elementar
anlayışları yoxdur. O məmur sadəcə bilir ki,
aristokratiya evinin divarlarını orjinal əsərlə bəzəyir
və onları yamsılayır. Beləliklə, meydanda sənətə
az dəxli olan amma güclü reklam edilən insanlar
çıxır. Bu çox mənfi tendensiyadır. Beləcə
əsl sənətin kriteriləri itir. Təəssüf ki, bu
yalnız Azərbaycan incəsənətinin yox, dünya incəsənətinin
bəlasıdır. Fırçanı yenicə
tutmağı öyrənən gəncin qarşısına
hardasa bir pullu insan çıxsa və o, zibillikdən yığdığı
kağız-kuğuzu ona sənət əsəri kimi təqdim
edə bilsə, bütün həyatını təmin etməkdən
başqa, özünü sənət adamı saymağa
başlayır.
Əsərlərinizi baha
satırsız?
Hətta çəkdiyim xərc və zəhmətə baxanda çox ucuz satıram. Daha çox bağışlayıram. Bir professional kimi çox istərdim ki, əsərlərim baha alınsın. Amma mən qalereyalarda bunun üçün günlərlə müştəri gözləyən rəssam tipinə aid deyiləm. Əsərlərimi ölkəmin maraqları üçün hansısa diplomata bağışlayanda və sonradan o əsərləri dünyanı idarə edən qurumların binalarında görəndə özümü dünyanın ən zəngin rəssamı sayıram. Satış ardınca qaçmadığım üçün həm Azərbaycanın, həm də Avropanın əsərləri beynəlxalq qurumların binalarının ekspozisiya salonlarında sərgilənən nadir rəssamlarındanam. O salonlara seyrçi kimi düşmək belə çox çətindir. Azərbaycan adına bundan böyük qazanc nə ola bilər?
Aygün Muradxanlı
Yeni Müsavat.- 2017.- 7 dekabr.- S.10.