“Mən 100 illiyi bayram eləməyə
başlamışam”
Şirməmməd
Hüseynov: “Vətən sevgisi insan
ömrünü uzadan birinci dərmandır”
Dekabrın 17-də
mətbuatımızın ağsaqqalı, canlı əfsanəmiz,
Bakı Dövlət Universitetinin professoru Şirməmməd
Hüseynovun 93 yaşı tamam oldu. Doğum günündə
bu yorulmaz araşdırmaçı alimimiz, hamımıza
örnək olan dəyərli ziyalımızla həmsöhbət
olmaq istədik.
- Şirməmməd
müəllim, istədim doğum gününüzdə həm
sizi təbrik edim, həm də ad günü təəssüratınızı
öyrənim. Ömrün 93-cü ilinin tamamında hansı
hisslər keçirirsiniz?
- Vallah, bir əsrə yaxın Azərbaycan tarixinin, taleyinin şahidi olasan, bu, hər adama müyəssər olan şey deyil. Amma əsas budur ki, 20-ci, 21-ci əsr Azərbaycan tarixinin ən möhtəşəm əsrləridir. İnsan həddi-buluğa çatanda yeni nəsil yaradır. Millət də həddi-buluğa dövlət yaradır. Amma hər həddi-buluğa çatanın övladı olmur, hər həddi-buluğa çatan millət az olur. Bu milləti həddi-buluğa çatdırdılar. Həddi-buluğ nədir? Bax, indi mən məqalələr verirəm. Cümhuriyyətin iqtisadi əsasları. Yazıblar e...Yəni müstəqil dövlət yaratmaq üçün gərək bunun iqtisadi zəmini ola. Bu iqtisadi zəmin olub. Yəni millətin özü-özünü dolandırmaq imkanı olub. Əkinçiliyi də olub, sənayesi də, sənətkarları da, mənəvi ədəbiyyatı da, mətbuatı da, dili də olub, qeyrəti də namusu da olub. İndi bunları öyrənmək lazımdır ki, bu milləti həddi-buluğa çatdıran hansı qüvvələr, kimlər olub? Çünki onların nümunəsi bizə lazımdır. Millət həddi-buluğdan tükənməz, dövlətçiliyini itirəmməz. Bir şərtlə ki... Məsələn, məqalə yazılıb ki, millətin, cümhuriyyətin iqtisadi təməli nə olub, kimlər yaradıb bunu? Məlum olub ki, bunlar təmənnasız, vətənə, millətə xidmət edən kişilər olub. Onlardan öyrənmək lazımdır.
- Belə məlum
olur ki, siz hətta ömrünüzün 93-cü ilinin
tamamında da Cümhuriyyətimizin 100 illiyi, Cümhuriyyət
qurucuları barədə düşünürsünüz...
- Bəs necə? Görmürsən, mən hər həftə iki səhifə “525-ci qəzet”ə göndərirəm, bir məqalə də “Azərbaycan” qəzeti çap edir. İkisində də rubrika açmışam. Birində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında”, o birisində də “Azərbaycan Xalq Cümhuriyyəti-100". İndi bircə şey var ha... 100 illik gəlir, bu cümhuriyyəti yaradan kişiləri qanmaq lazımdır, ya yox? Mən eşitdim ki, guya prezident göstəriş verib ki, harda Azərbaycan Cümhuriyyəti xadimlərinin qəbri var, onların üstü götürülsün. Bu, yaxşı şeydir, ya yox? İndi görək bunu nə təhər yerinə yetirəcəklər. Türkiyədə nə qədər Azərbaycan mücahidi var. Onların hamısının qəbri, ailələri var. Mənə belə gəlir ki, onların nəsillərini bu bayrama çağırmaq lazımdır. Maraqlanmaq gərəkdir, necə yaşayırlar, nə edirlər? Yəni xaricdə mücahidlərimizin qəbirləri çoxdur. Tiflisdə nə qədəri var. Bu respublikada nə qədəri var. Mirzə Balanın bir məqaləsi var, deyirdi ki, hər Cümhuriyyət bayramını qeyd edəndə məzarlardan qulağımıza səslər gəlir, amma bircə şey də var ki, onlardan da böyük bir qismini ki, dənizə tullayıblar, dənizin dalğaları o səsi bizə gətirir. Bunları bilmək lazımdır e. Keçmişini bilməyən millətin gələcəyi olmaz.
- Bu yaxınlarda
mətbuat yazdı ki, Rəsulzadənin həyat
yoldaşının məzarı Türkiyədə
tapılıb.
- Rəsulzadənin iki həyat yoldaşı olub. Biri onun övladlarının anasıdır - yazıçı Seyid Hüseynin bacısı. Amma o birisi Polşadan olan Leyla xanımdır, polyak qızıdır (Vanda xanım). Onun məzarı Türkiyədədir. Polşa prezidenti Pilsudskinin qohumu olub. Yəni böyük bir ailənin övladıdır. Özü də bizimkilər dövlət yaratmaq uğrunda fədakarlığı həm də polyaklardan öyrəniblər. Çünki Avropada polyaklar qədər milli dövləti uğrunda vuruşan ikinci millət yoxdur. Fikir verin, Şopen polyak olub. O, Vyanada ölüb, amma polyaklar onun ürəyini öz vətənlərinə gətiriblər, indi də saxlayırlar. Polyaklardan vətənpərvərliyi, vətən uğrunda vuruşmağı öyrənmək lazımdır. Millətçiliyi yox, vətənpərvərliyi.
- Professor, gecə-gündüz
araşdırmalarınızı davam etdirirsiniz. Məmməd
Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli irsinin
araşdırma və təbliğində böyük işlər
dördünüz. Bəs, bundan sonra kimləri
araşdırmaq niyyətindəsiniz?
- Mən
fikirləşirəm ki, Məmməd Əmindən, Üzeyir
bəydən sonra Nəsib bəy Yusifbəylinin, Mirzə Bala
Məmmədzadənin əsərlərini, Əhməd Həmdinin
məqalələrini çap edək. Bunların
yaradıcılığında Cümhuriyyət və Azərbaycan
tarixi öz əksini tapıb. Başqa bir məsələ...
Məmməd Əmin deyirdi mühacirət dövründə
elə bina qurmuşuq ki, onu heçnə dağıda bilməz.
Bir şeir var e...
Könlüm
evi bir gülşənə bənzər ki, əzizim,
Min badi-xəzan
əssə də, viran ola bilməz! (Səməd Vurğun)
İndi
bunlar bir dövlət yaradıblar ki, onu heç kəs yarada
bilməz! Müəyyən vaxtda kimsə istila edə bilər,
fasilə olar. Amma yenə əvvəl-axır o dövlət
üzə çıxacaq. Millət ona sahib çıxacaq.
- Xalq Cümhuriyyətinin 100 illiyi ilə
bağlı şəxsən sizin təklifiniz,
sözünüz, məsləhətləriniz varmı?
-
Bilirsiniz necədir? Hər şeyi bir adamdan gözləmək
zəiflik əlamətidir. Çünki prezidentin, hökumətin
başı müasir məsələlərə
qarışıqdır. Bu işi ziyalılar, tarixçilər,
ədəbiyyatçılar, jurnalistlər görməlidir. Mən
heç kəsdən heç nə gözləmədən
işləyirəm. Gərək hamı işləyə də,
hərə bir sahədə. Göstərişlə
keçirilən bayram bayram deyil. Hərə özü bayram
eləməlidir. Mən özüm 100 illiyi bayram edəcəyəm.
Bayram eləyirəm də, artıq 4 ildir bayram eləməyə
başlamışam. Amma o bayrama 50 ildir hazırlaşıram.
Üzü də 50 il bundan qabaq demişəm ki, Cümhuriyyətin
100 illiyini bayram eləməmiş, bu dünyadan gedən deyiləm
(gülür).
- İnşallah, bu dövlət, bu
millət də gördüyünüz böyük işləriniz,
millətə, vətənə sevginiz
qarşılığında sizin 100 illiyinizi qeyd edər...
-
(Gülür) Mən deyirəm ki, niyyətin hara, mənzilin də
ora.
- Cümhuriyyətdən
danışdıq, amma 93 yaşınızı necə qeyd
edirsiniz, bu barədə demədiniz...
- Bilirsən,
mən təntənə-məntənə tərəfdarı
deyiləm. Bax, bu gün də “Azərbaycan” qəzetində
bir məqaləm çap olunub: “Yeni Qafqasya” adlı. 1927-ci ildə
“Yeni Qafqasya” jurnalında Ərdoğan familiyalı bir nəfərin
azəri oğullarına məktubu dərc olunub. İndi bu
Ərdoğan o ərdoğanlardandır, kimdir, bilmirəm. O,
elə şeylər yazıb ki, mən indiki
Ərdoğanın çıxışında eynən həmin
cümlələri görürəm, 7-dən 70-ə, tələbəsindən
müəlliminə qədər. Ərdoğanın dilində
nə varsa, orda var. O nəsildəndir kimsə...
- Belə demək olarmı ki, siz elə
öz məqalənizlə ad gününüzdə
özünüzü təbrik edibsiniz?
- Hərə
gərək özü-özünə bayram keçirə,
ruhən, hər cəhətdən. Əgər hər millətin
nümayəndəsi fərdi qaydada özü bayram edirsə,
deməli, millət bayram eləyir. Adamları yığıb
iclas keçirmək bayram deyil. Özü də o bayramı,
o sevinci ruhunda yaşadırsan. Mən sənə deyim,
vallah-billah Vətən sevgisi insan ömrünü uzadan
birinci dərmandır.
- (yarızarafat) Demək,
uzunömürlüyün sirri məlum oldu...
- Bəli.
Ən böyük sirr budur ki, namuslu, qeyrətli olasan, millətə
təmənnasız xidmət edəsən, heç kəsdən
də heç nə gözləməyəsən. Abbas Səhhət
“Hophopnamə”nin 1912-ci ildəki ilk nəşrinin müqəddiməsində
Əbdülhəqq Hamidin sözlərini sitat gətirib ki,
insanın öz vicdanından aldığı mükafatı
heç bir padşah, heç bir sultan, heç bir prezident verə
bilməz. Yazır ki, Sabir də öz zəhmətinin, millətə
xidmətinin mükafatını heç kəsdən gözləmirdi,
öz vicdanından alırdı.
Yeni Müsavat.- 2017.- 18 dekabr.- S.6.