Qarlı Praqada gəzən
azərbaycanlı
Əməkdaşımız Azərbaycan Cümhuriyyəti
ilə həmyaşıd
olan Avropa dövlətinin paytaxtından
yazır
Adətən getdiyimiz xarici şəhərlərdən
təəssüratlar yazırıq. Bəli, artıq bu
o qədər də dəb deyil. Çünki internet sayəsində hansısa şəhərə
getmədən ora haqqında məlumat əldə etmək
olur. Amma həmin küçələrə
ayaq basmaq ayrı bir hissdir.
Bu yaxınlarda bir həftəlik işlə bağlı
Çexiyanın paytaxtı Praqaya yola düşdüm. Bu şəhər
haqqında çox eşitmişdim. O səbəbdən
Praqanı görmək çox xoş oldu. İlk
olaraq Çexiya haqqında qısa məlumat verim. Ölkə müstəqilliyini bizimlə eyni vaxtda, yəni
1918-ci ildə əldə edib. II Dünya
Müharibəsindən sonra sovetlərin cənginə
keçib və “kommunist bloku” dövlətinə
çevrilib.
1968-ci ildə ölkədə “Praqa baharı” hərəkatı
baş verib. Ancaq Varşava Müqaviləsi ölkələrinin
buraya qoşun yeritməsi onların “insan üzlü sosializm”
yaratmaq arzusunu əngəlləyib. Hərəkat
zor hesabına yatırılıb. 1989-cu ilin “məxməri
inqilab”ından sonra ölkə SSRİ-nin Avropa əlavəsi
olmaqdan qurtulub və dinc yolla iki dövlətə: Çexiya
və Slovakiyaya bölünüb.
Çexiya NATO-nun və Avropa Birliyinin üzvüdür. Şengen
zonasına daxildir. Amma ölkədə
avroya tam keçid reallaşmayıb. Alış-veriş,
hələ də, çex pulu olan kronla aparılır. Lakin alış-veriş məkanlarında qiymətlər
həm də avro ilə göstərilir.
Xoşbəxt görünməyən
çexlər...
Müşahidələrim zamanı da gördük ki,
insanların üzündə sevinc hissi yoxdur. Adam özünü
Bakıda hiss edir. Bəlkə də havanın
soyuqluğu insanları da soyuq edir, bilmirəm. Amma bu xalqın ciddi şəkildə
gülüşə ehtiyacı var. Hətta narkotik belə
onları güldürmür.
Məsələ ondadır ki, burada narkotik maddədən
istifadə etmək qanunsuz sayılmır. Tinlərdə,
barlarda rahat şəkildə narkotik vasitə sayılan
otlardan satılır. Amma bir şərtlə,
bunu digər insanların gözü önündə
açıq-aşkar etmək olmaz. Burada
da mədəniyyət gözlənilir. Küçədə
isə sizə polis yaxınlaşıb, cərimə yaza, hətta
həbs edə bilər. Və ya sizə xəbərdarlıq
edib, buraxa bilər. Bu, polisin səlahiyyətindədir.
Kondisionersiz evlər
Praqada binalar
əsasən 5 mərtəbədən ibarətdir. Bundan artıq bina ucaltmaq qadağan edilib. Bakıda gördüyünüz yaşıllıqlar üzərində
tikilmiş çoxmərtəbəli
binaları burada görmək qeyri-mümkündür.
Qadağalardan biri kondisionerlə
bağlıdır. Belə ki,
şəhər UNESCO tərəfindən
qorunduğu üçün
xüsusi qaydalar var. Onlardan biri də
binalara kondisionerlərin
quraşdırılmasının qadağan edilməsidir.
Tarixi əhəmiyyət daşıyan
binalara ziyan vurulmasın deyə, bu qaydaya hər
kəs riayət edir. Yay aylarında Praqa
sərin olduğu üçün buna çox da ehtiyac
qalmır.
Yeraltında tikilən binalar
Deyildiyi kimi, Praqada çoxmərtəbəli
binaların tikilməsi
müşkül məsələdir. Hətta ticarət
mərkəzləri bu
qadağaya görə,
bir neçə mərtəbəni yerin altında tikib. Şəhərin ən böyük
AVM-si sayılan “Paladium”da mərtəbələrin
ikisi yerin altındadır. AVM-lərdə
olan qiymətlərə
baxanda hiss edilir ki, burada insanlar
heç də az qazanmırlar.
Çünki mağazaların 90 faizi brand mal satır.
Qiymətlər də buna görə təyin edilib.
Göstərişi sevməyən Praqa
Yol kənarında,
küçələrdə dövlət tərəfindən
nəyisə ört-basdır
etmək üçün
hasarlanma yoxdur. Piyada yollarını
avtomobil yolundan ayıran dəmir bordyurlar belə sadədir. Heç kim onları
minlərlə dollar pul
“xərcləyib” İtaliyadan
gətirdiyi bəzəkli
dəmirlərlə əvəz
etmir. Buna ehtiyac
yoxdur. Bu durum dayanacaqlarda da keçərlidir. Hamısı sadə şəkildədir
və ən əsası burada sürücü qovğası
yaşanmır.
Nəqliyyat...
Praqa küçələri
tramvayla doludur. Köhnə vaqonlardan
tutmuş, yenilərə
kimi hamısı öz işini davam etdirir. Çexiyanın öz istehsalı
olan “Şkoda” vaqonlarını hər dəqiqə görmək
mümkündür. Burada metrolar
da sadədir. Dayanacaqlarda oturacaqların olmaması bəlkə də metronun yeganə mənfi cəhətidir.
Vaqonlarda
daimi boş yer var. İctimai nəqliyyatın hamısı
üçün keçərli
olan vahid bilet satılır. Biletlərin dəyəri vaxta görədir. 30 dəqiqəlik,
90 dəqiqəlik və
3 günlük biletlər
var. Turistlər əsasən
24 krona (2 manat) yarım saatlıq bilet alırlar. Çex vətəndaşları və
ya uzunmüddətli burada yaşayanlar isə illik ödəniş edirlər.
Biletdə göstərilən zaman çərçivəsində
bütün növ ictimai nəqliyyatdan istifadə etmək olar. Nəqliyyata hər dəfə
minəndə sizin biletinizi yoxlayan olmayacaq, hətta metro keçidində də bizdə olduğu kimi xüsusi qurğular yoxdur. İnsanlar vicdanının öhdəsinə
buraxılıb. Hətta biletsiz
belə minmək olur, amma işdir,
müfəttişlər səni
tutsa, 40 avro cərimə ödəməyə
hazır olmalısan.
İnsanları...
Praqanın milyon yarım daimi sakini var. Amma şəhər elə planlaşdırılıb
ki, heç bir sıxlıq müşahidə edilmir. Burada ən
xırda detallar belə diqqətə alınıb. Məsələn, piyada keçidlərində
olan işıqforlarda
səsli bildiriş
var. Bu səsli bildiriş
gözdən əlil olan insanlar üçün
nəzərdə tutulub.
Çexlərin xüsusi it saxlama
mədəniyyətləri var. Demək olar ki, hər kəs
evdə it saxlayır.
Soyuq iqlimə
alışması üçün
uşaqlar körpə
yaşlarında tez-tez
soyuq havada gəzdirilir.
Hər 5 nəfərdən ikisi
vyetnamlıdır
Praqada maraqlı
bir durum var. Şəhərin
bütün mini marketlərini
vyetnamlılar idarə
edirlər. Küçəyə çıxıb, 1-2 saat gəzin. Görəcəksiniz ki, qarşınıza
çıxan hər
5 nəfərdən 2-si vyetnamlıdır,
biri turist, digər 2 nəfər isə çexdir. Çexlər fərqli millətdən
olanları özlərinə
çox da yaxın buraxmırlar.
Onlarla münasibət qurmaq çətindir.
Marketlərdə xüsusi qayda...
Bakıda
alışdığımız bir şey var:
marketdə 3 ədəd
nəsə alırsan,
hər birini ayrı selafana qoyursan ki, zibil
üçün istifadə
edəsən. Və ya
supermarketə girib, yekə araba ailə alış-veriş
edib, sonda da onu bir
yerdə atıb, gedirsən evə. Burada bütün bunlar nəzərə alınıb.
Məsələn, marketdə nə
qədər alış-veriş
etsən də, selofan paketləri pulsuz ala bilməzsən.
Hər birinə 2 kron (təqribən 20 qəpik)
verməlisən. Bunun səbəbi
ekologiyanın qorunmasıdır.
Pul verib alınan selofanı insanlar küçəyə atmazlar.
Həmçinin gərəkdiyi qədər
selofan tükədərlər.
Supermarketlərdə isə arabadan
istifadə etmək üçün 5-15 kron arasında ödəniş
etməlisən. Arabanı sonda
gətirib yerinə qoysan, ödədiyin pulu geri alırsan.
Bu da insanları
daha mədəni olmağa alışdırmaq
üçündür.
Siqaretin satılmaması üçün
hər şey edirlər
Çexiyada satılan siqaretlərin üzərində müxtəlif
fotolar var. Çürümüş
ciyər, vərəm
olmuş insan, siqaretə görə dünyaya əngəlli gəlmiş körpə,
çürümüş dişlər və s. Bu fotolarla insanlarda siqaretə qarşı nifrət yaratmağa çalışırlar. Çexiyada ən
ucuz siqaretin qiyməti 3 dollardır.
***
Çex dili rus dilinə
bir qədər bənzəsə də, bütün qohum dillərdə olan gülməli ayrıcalıqlar
burda da var. Məsələn, küçələrdə
bəzən tikinti yerlərinə, elektrik qutularına “Pozor!” sözü yazılmış
plakatlar görəcəksiniz. Bu, rus dilində olan “ayıb” anlamına gəlmir.
Heç kim
həmin yerdə ayıb iş görməyib. “Pozor”
çex dilində “diqqət” deməkdir.
Çexlər stüardessaya - letuçka,
ətirə “vonyuçka”,
“yaxşı”ya “ujasna”,
“kişi”yə isə
“muzi” deyirlər.
Rus dilinə nifrət...
Çexlər öz tarixlərini unutmurlar. Bu səbəbdən istənilən yaşda olan çexə rus dilində müraciət edəndə
həmin adam
hirslənir. Sənə qarşı içində
mənfi fikir formalaşdırır. Rus dilində
bilsə belə ya çex, ya da ingilis
dilində cavab verir.
Pulları ərəblər dəyişir
Praqada yaşayanlar
bunu yaxşı bilirlər. Əgər pullarını dəyişmək
istəyirlərsə, ərəblərin
işlətdiyi valyuta
dəyişmə məntəqələrinə
gedirlər. Çünki digər yerlərdə əlavə faiz tutulur.
Dilənçilər...
Hər yerdə
olduğu kimi, burada da dilənçilər
var. Amma onların sayı azlıq təşkil edir. Bakıda hər
addımda “Qaqa, Sumqayıta gedirəm, 20 qəpiyin olmaz?” tipli suallara burda rast gəlməzsən.
Əslində burada qar elə
Bakıdakı qədər
yağır. Amma küçələrdə hava şəraitinə görə heç bir problem olmur. Çünki qar yağmağa
başlayan kimi qar təmizləyən maşınlar küçələrdə
fəaliyyətə başlayır.
Polislər
Praqa polisinin xüsusi geyimi var. Hamısı da idmançı görkəmdə, əlləri
silahlı... Nə qarınları qabağa
gedir, nə də sayları çoxdur. Praqada polis görmək çətindir. Yolla gedərkən
bir qrup fərqli inanca malik olan insanların
ayin rəqsinin şahidi olduq. Rəqslərini edib, dağılışdılar.
Heç kim
də onlara bir söz demədi.
Çex pivəsi
Çex
pivəsi dünyaca məşhurdur. Buraya gələn turistlər
ilk olaraq pivə içmək üçün restoran və
barlara axışırlar. Qiymətin də ucuz olması, bu
istəyi daha da artırır. Praqada pivə sudan ucuzdur.
Restoranlarda isə xidmət səviyyəsi elə də
yüksək deyil.
Praqada Bakını yada salmaq
Praqada
bütün şəhərin küçələri
ağ-qara rəngli eyni daşla örtülüb. Heç kim
o daşların üzərinə asfalt çəkə bilməz.
Sadəcə əsas avtomobil yollarında asfalt
var. Mağazalar, marketlər,
restoranlar piyada yolunu 10 sm belə
olsa qapada bilməz. Əsas qayda var: heç
nə şəhərin
gözəlliyini pozmalı
deyil. Heç kim ağac
kəsib, yerində özünə villa ucalda
bilməz...
Məhəmməd TÜRKMƏN
Çexiya, Praqa
Yeni Müsavat.-
2017.- 6 fevral.- S.13.