Novruzun müjdəçisi olan boz ay

girdi-ilaxır çərşənbələr başlayır

 

Sabah su çərşənbəsidir

 

Artıq iki gündür, yəni fevralın 20-dən etibarən Kiçik çillə öz yerini Boz aya verib. Boz ay, keçmiş adət-ənənəyə görə, Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilmiş addır. Bu ay Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə, yəni martın 21-nə qədər olan dövrdür.

 

Bu ay Şərq xalqlarının təqviminə görə, qış fəslinin sonuncu dövrüdür. Boz ay xalq arasında həm də “alaçalpov”, “çilləbeçə”, “ağlar-gülər”, “cəmlələr” kimi də adlanır. Şərq xalqlarının inanclarına görə, Boz ayda adından da göründüyü kimi gah qızaran, gah da bozaran hava şəraiti hakim olur. Hava bir gün isti, bir gün soyuq, bir gün mülayim, bir gün yağışlı olur. Hətta bir gün ərzində hava bir neçə dəfə kəskin dəyişə bilir.

Bu təbiət hadisələri ilə bağlı xalq içində bu dəyişkənlik 4 fəslin (yaz, yay, payız, qış) özünü - hərəsinin bir gün və ya bir günün içində nümayiş etdirməsi kimi qiymətləndirilir. Düz bir ay davam edən bu dövr yumşaq və narın yağışlı günlərin çoxluğu ilə seçilir. Bu isə Boz ayın özündən çox, qışdan yaza olan keçid və bu keçiddə təbiətin dəyişkənliyinə əsaslanır.

Tarixi mənbələrə görə, insanlar Kiçik çillə bitən kimi bayram hazırlıqlarına başlayır. Həyət-baca təmizlənir, qohum-əqrəba yada salınır. Evlər təmizlənərkən əşyaların da yeri dəyişdirilir ki, keçən ildən ağırlıq qalmasın. Qədim insan əkinçilik üçün hazırlığa da Boz aydan başlayırdı. Əkin sahələri səliqəyə salınır, alətlər yığılır, itilənirdi. Əkin üçün lazım olan toxumlar çeşidlənir, qoşquya qoşulacaq heyvanlara xüsusi qulluq göstərilməyə başlayırdı. Qısası, qədim insan üçün həyat Boz aydan etibarən başlayırdı. Novruz bayramının müjdəçiləri olan çərşənbələr də məhz bu dövrə təsadüf edir.

Xatırladaq ki, bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi fevralın 23-də, Od çərşənbəsi martın 1-də, Yel çərşənbəsi martın 8-də, ilaxır olan Torpaq çərşənbəsi isə martın 15-i qeyd ediləcək. Çərşənbələr Su, Od, Torpaq və Yel (hava) olmaqla sıralanaraq 4 çərşənbəyə bölünür. Çərşənbələrin bu şəkildə adlanması belə təsadüfi deyil və özündə insanın yaradıldığı ünsürləri ehtiva edir. Belə ki, ürfan fəlsəfəsi Allahın insanı su, od, torpaq və hava kimi dörd ünsürdən yaratdığı, batininə isə ruhu yerləşdirdiyi qənaətindədir. Məhz Boz ayda torpağı əkib-becərməyə hazırlayan yaz dumanları başlayır. Qışda da qış dumanları torpağın üzərinə enir. Ona görə də xalq içində “qış dumanı qar gətirər, yaz dumanı bar gətirər” kimi müdrik deyim formalaşıb.

Yaz dumanlarının yumşaltdığı torpaq tədricən arata, şumlamağa hazırlanır. Folklorlara görə, yazın ilk əlaməti leyləklərin qayıdışıdır. Bu dövrdə havalar bir neçə gün soyuq olur. Buna el arasında “leylək boranı” deyirlər. İnanclara görə, leylək göründüsə, demək yaz gəlib.

Azərbaycanda qeyd edilən “Xızr-Zində” ( Əbədi Xızr) bayramı da Boz ayın içindədir. Həm də Boz ayın son həftəsinə “tüstü qaytaran” həftə deyilir. Bu isə həmin müddətdə əsən küləklərin tüstü bacalarından tüstüləri təkrar evin daxilinə qaytarması ilə əlaqəlidir.

 

Günel MANAFLI

 

Yeni Müsavat.- 2017.- 20 fevral.- S.14.