Bu gün yazın ilk müjdəçisi

Su çərşənbəsidir

 

İnanca görə, gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir

 

Bu gün Novruz bayramının ilk müjdəçisi- Su çərşənbəsidir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır. Bu mərasimlər özündə 4 həftəni birləşdirir. Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə-su, od, yeltorpaqla bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edir. El dilində onlaraboz ayın çərşənbələri” də deyirlər.

 

İlk çərşənbənin də Su çərşənbəsi olması təsadüfi deyil. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Buna el arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Gül çərşənbə”, “Sular Novruzuda deyilir.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə sudan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər mövcuddur. Məsələn, inanclarda deyilir: “Süfrəyə su dağılması aydınlıqdır”, “Su içən adamı qəfil vurmazlar”, “Su içən adamı ilan çalmaz” və sairə.

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur: “Su olan yerdə dirilik olar”, “Su ehsandır” və s.

İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini səliqəyə salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, güllərin dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar. Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam adətən mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad, xürrəm keçirsinlər.

Su çərşənbəsinə qoşulan nəğmələrin birində belə bir ifadə var: “Allah, məni su elə, su gözəllər yüküdür”.

Su çərşənbəsində subay qızlar müxtəlif fallara da baxırlar. Su fallarına görə, Su çərşənbəsində insanlar bulaqdan evə su gətirərlər. Buna el arasında “lal su” deyirlər. Çünki heç kəs danışmamalıdır. İnanca görə, bu suyun özgə hikməti var. Onu bir neçə piyaləyə töküb saxlayarlar. Qonum-qonşudakı qızlar bir yerə yığışaraq hərəsi öz bəxtinin üzüyünü saçına sürtüb suya atar. Üzük piyalənin divarına toxunaraq neçə dəfə cingildəsə, deməli, onun sahibi səsin sayına bərabər aydan-ildən sonra gəlin köçəcək. Su fallarının hər bir bölgədə özünəməxsusluğu var. Belə ki, bəzi yerlərdə iki iynənin başına pambıq dolayır, hərəsini piyalənin bir tərəfindən suya salırlar. İynələr piyalədə bir-birinə toxunsa, deməli, sevgililər bir-birinə tezliklə qovuşacaqlar. Hətta qədim təbabətimizdə də su ilə bağlı maraqlı məsləhətlər var. Su çərşənbəsində övladı olmayan qadının başından qırx cam su töksən, niyyətin hasil olar. Qorxan adamın Su çərşənbəsində başından su atsan, qorxusu keçər. Qədimdən üzü bəri səksənən, qorxan adama adətən, su içirdərlər. Bayılan insanın üzünə su çiləsən özünə gələr. Sübh tezdən bulaqdan yeddi balaca daş gətirərlər. Onları evin küncünə və ərzaq qablarının içinə atarlar ki, ailənin bar-bərəkəti daş kimi yerindən tərpənməsin, bol olsun. bu çərşənbədə yuxuda su görmək, dəryada üzmək, dənizə düşmək, çaydan keçmək, ümmanlarda qərq olmaq aydınlıqdır.

Elimizin gözəli, süfrəmizin bəzəyi, dörd çərşənbənin əzəli olan Su çərşənbəniz mübarək olsun!

 

Günel MANAFLI

 

Yeni Müsavat.- 2017.- 21 fevral.- S.15.