Dəmir Adam-Nazarbayevin
portret cizgiləri
Türk dünyasının
ağsaqqalı Xaqan adına layiqdir
Çinlilərin “Tan-şu”
salnaməsini əgər vərəqləsəniz, görərsiz
ki, dəmirəritmə peşəsi, prosesi, presi elə lap əvvəldən
türklərə...bəli, məhz türklərə məxsus
bir sənətmiş. Qədim türk
xaqanı Aşina, tabeçiliyindəki 500 ailənin
çörək pulunu məhz poladəritmədən
çıxarırmış.
Əhvalat
belə baş verir: düşmənlərdən qurtulan
yeddi-səkkiz ailə qaçıb bir mağaraya
sığınır. Qaçqınları
labüd ölümdən, ac-susuzluqdan gəlib bir yalquzaq
dişi boz qurd xilas edir. Qurd südü əmmiş
bu nəsildən sonra 500 ailə törəyib Aşina
adlı bir xana tabe olurlar. Dəmirdən
xırda-mırda əşyalar düzəldib birtəhər
baş girləyirlər özləri üçün. Aşina bu poladəritmə prosesini intensivləşdirir
lap. Girişir qılınc, qalxan, ox
ucları və sair və ilaxır hərbi ləvazimatlar
istehsalına. Nəticədə çox
keçmədən ətraf xalqları, ulusları
özünə tabe edərək uca Xaqan titulunu qazanır.
Dediyim əfsanə Qurani-Kərimin 18-ci “Əl-Kəhv”
surəsi ilə də təsdiqlənir. Həmin surədə
mağaraya sığınmış “Yeddi kimsənə”nin dərin yuxusunu qoruyan Qıtmır adlı
bir köpəkdən (bozqurdan?) də danışılır,
Aşinanı xatırladan Zülqərneyn adlı bir
hökmdardan da. Surənin bu cümlələri isə
“Tan-şu” əfsanələri ilə demək olar eynidir:
“Dedi-”Mənə dəmir parçaları gətirin!" Nəhayət,
dağın iki yamacı arasını dəmir
parçaları ilə doldurduqda “körükləyin!” dedi. Dəmir közərən kimi “Gətirin mənə,
onun üstünə ərimiş mis töküm!”-
dedi" ( Qurani-Kərim, 18/96, 97).
Zülqərneyn, bax bu cür hərəkət edərək
öz əlacsız xalqı üçün əlçatmaz
hündür müdafiə istehkamları qurur. Vəhşi Yəcuc-Məcuc
tayfalarının labüd, qaçılmaz
işğalından xilas edir öz zavallı millətini.
Hər iki oxşar əfsanəni öz həyatında, əməllərində
təkrarlayan bircə hakim, ölkə başçısı
tanıyıram mən bu dünyada. İstəyirəm indi həmin
mükəmməl, möhtəşəm şəxslə
sizləri yaxından tanış edim.
***
Ən çox sevdiyi əsər Viktor Ostrovskinin “Polad necə
bərkidi” romanıdır. Bədən
quruluşu, fiziki göstəriciləri ilə elə lap
uşaqlıq günlərindən digərlərindən xeyli
seçilib. Gərilmiş əzələlərini
görsən, deyərsən bədəni poladdan
tökülüb sanki. Poladəritməyə
məhəbbəti lap gənclik günlərindən
başlayır. Komsomol
çağırışı ilə Temirtau poladəritmə
karxanasına gəlincə day bir də domna sobası
önündən ayrılmayıb. “Domna
sobası kürəçisi”, “marten sobası poladəricisi”
sənətinə elə buradaca, qaynar-qızmar poladəritmə
sexlərində yiyələnib. Əlində
uzun dəmir maşa, domna sobaları önündə aylarla,
illərlə dayanıb. İxtisasını
artırmaq günü gələndə uzaq Ukraynaya getməkdən
əsla çəkinməyib.
Adı
Nursultan, soyadı Nazarbayevdir bu müasir Aşinanın.
Sovet
vaxtları ən yüksək maaş
bilirsizmi kimlərə verilirdi, hə? Dəmirəridənlərə.
Xüsusən domna sobası önündə,
dözülməz cəhənnəm istisini düz
qarşısında saatlarla durub ölkəni bax bu vacib
strateji məhsulla təmin edən sosialist əməyi
qabaqcıllarına.
Nursultan Nazarbayev vaxtilə belə öncüllərdən
biri, bəlkə də ən birincisi olub büs-bütün
SSRİ ərazisində.
***
1940-cı
ilin 6 iyul tarixində Qazaxıstanın, Turanın düz
göbəyində, qaramat bir qışlaqda deyil, ürəkaçan
Uşkonur yaylağında doğulmuş Nursultan Nazarbayev
Abiş oğlu elə ilk günlərdən başlayaraq
taleyin sərt imtahanlarına məruz qalır.
Ancaq...ancaq, əvvəldən bir xoş bəxti, necə
deyərlər naxışı da olur bu qürurlu, dikbaş
oğlan uşağının. Anadangəlmə fiziki
gücü ona imkan verir ki, giclərə, axmaqlara anında sərt
cavab qaytarsın. Nursultanın bircə dəmir
yumruğu, yaxud kəlləsi bəsmiş ki, rəqiblərini
tirtap yerə uzatsın. Biləndə ki, bəs uzaq
Qaraqandada, yəni Qarakənddə “Temirtau” metallurgiya
kombinatı tikilir, orda gənc metallurqlara çox yüksək
maaş verirlər, heç nə, Nursultan bir yerdə dinc
dayanmır day. Gəlib bu zərbəçi
komsomol tikintisində domna sobasının önünü kəsdirir.
Aldığı yüksək maaşın az
qismini, qəpik-quruşunu cibində saxlayır,
qalanını göndərir öz əziz valideynlərinə-anası
Aljan xanıma, atası Əbiş kişiyə. Dəmirəritmə sirlərinə o vaxt bircə
ünvanda-Ukraynanın Dneprodzerjinsk şəhərində yiyələnmək
mümkündür deyə, Nursultan qərara gəlir növbəti
dəfə məhz orda sınasın öz dəcəl bəxtini.
***
Komsomol xətti ilə Dneprodzerjinskiyə göndərilən
Nursultana fəhlə yataqxanasında kiçik bir hücrə
ayırırlar. Cırıltılı dəmir
çarpayı...masa üstə tinli yonma stəkan...Nəm
yorğan-döşək...Tozlu pəncərəni bəzəyən
sadə çit pərdə...Bir sözlə, subay həyatın
qəmli, sevincli mənzərələri.
Metallurq
xoxollar sən demə, çox tərs, zarafatcıl
adamlarmış. Gənc kadrlara yuxarıdan
aşağı baxar, yeri gəldi-gəlmədi onlara öz tərs
sifətlərini göstərədilər. Belələrindən
biri-Nikolay Litoşko adlı nəhəng pəhləvan bir dəfə
sataşır Nursultana, iki dəfə... Görür daşdan
səs çıxır, ancaq bu qazax balasının
cınqırı belə çıxmır onun şit
zarafatlarına qarşı. Növbəti dəfə
Nikolay öz cızığından çıxarkən
Nursultanın üzü bozarır. Qaşları
düşür düyünə. Rəqiblər
qərara gəlirlər idman meydançasında həll etsinlər
aralarındakı bütün umu-küsüləri. Cəmi
üçcə dəqiqə Nursultana bəs edir ki, bu “Mikola”nı kürəyi üstə yerə
çırpsın.
Ancaq bu andan etibarən onların rəqabəti
qarşılıqlı hörmət hisləri, bir növ
xalqlar dostluğu ilə əvəzlənir. Litoşko
Mikola ilə Nursultan Nazarbayev döyüşdən sonra
bir-birilərinin isti ovuclarını sıxıb dönüb
olurlar bir almanın iki parçası. Domna,
marten sobaları önündə qazandığı
bütün zəngin təcrübəsini Mikola öz həmkarı
Nursultana halal edib birdəfəlik sakitləşir. Day qəmiş qoymur bu badamgöz qazax balasına.
1959-cu ildə
SSRİ Həmkarlar İttifaqı domnaçılar
arasında sosialist yarışına start verərkən
Nursultan hiss edir ki, bu şansı əldən buraxmaq olmaz. Yarış 1960-cı ildə Temirtauda ilk domna
sobasının açılışı ilə nəticələnib
növbəti orden-medallarla bəzəyir Nursultanın polad sinəsini.
Domna, marten sobaları önündə saatlarla durub polad əritmək,
maye qızmar dəmirdən öz gözlərini qara
şüşə eynəklər arxasında qorumaq
bacarığı sizə indi zarafat görünməsin. SSRİ-də ən yüksək
maaşla, bəzən hətta 7-8 min rubl pulla
mükafatlandırılan bu poladəritmə mütəxəssisləri
barmaqla sayılan qədər az idilər. Belələri dövlət tərəfindən
qorunur, fotoları fabrik girəcəklərindəki şərəf
lövhələrini, “Pravda”, “İzvestiya” kimi gündəlik
paytaxt qəzetlərinin ön səhifələrini bəzəyirdi.
Nazarbayev də belələrindən biri, bəlkə
də ən məşhuru idi ucsuz-bucaqsız SSRİ ərazisində.
***
Domna, marten sobalarının qızmar məşəli,
müəyyən bir hərarət şkalası üzrə
yuxarı qalxıb day bir də nə aşağı enməli,
nə də sönməlidir. Məşəl
söndüsə, texniki qəza baş verdisə, bil, sən
buna başınla cavabdehsən.
Günlərin biri dəlisov həyat Nazarbayevi bax bu
cür imtahana çəksə də, axırda ona ailə
xoşbəxtliyi də bəxş etməyi unutmur. Əhvalatı
gəlin sizə burda bir azacıq xırdalayım.
***
O gün,
lap bəri başdan, ertədən işlər nəsə
düz gəlmir deyə Nazarbayev bərk səksəkəli,
xoflu idi.
Qəfil
bütün sexdə bərk vurnuxma, hərəkət, canlanma
baş verdi. Xəbər gəldi
bəs domna sobasından polad məhlulu qəliblərə
tökərkən qəza törəyib öz-özünə.
Qalıblar çartlayıb, qızmar polad məhlul
bütün əraziyə yayılıb.
Nazarbayevin soba önündə bu qəza ilə təkbaşına
döyüşünü o vaxt çoxları kənarda
dayanıb izləyirdilər. İzləyicilər
arasındakı Sara adlı bir qızcığaz o vaxt sakit
qala bilmir bu vahiməli mənzərəyə qarşı.
İlk fürsət tapınca domna sobasının
altına keçib oradakı Nursultana ilk yardım əlini
uzadır. Tərini silir alnından... İçməyə
bir fincan su gətirir özü ilə ora...
Göz qamaşdırıcı alov şölələri
arasından bu qızın gözəl çöhrəsini
görmək çətin olsa da, 25 yaşlı Nazarbayev qəfil
geri qanrılarkən buna birtəhər müvəffəq
olur. Ürəyinin dərinliyində qərara gəlir
ki, qəzadan sağ çıxarsa, mütləq öz həyatının
qalan hissəsini bu dəli afətə tapşırsın.
Alov qarşısında verilən bu and
beş-altı dəqiqə sonra özünü tam
doğruldur. Polad soyuyur. Əvəzində iki nəfərin ürəyinə
sevgi qığılcımları səpələyir. Nursultan əlindəki uzun dəmir maşanı, nəhayət,
yerə ataraq kürəklərini soyuq divarların birinə
söykəyir. İlk dəfə öz gələcək
taleyi barədə dərin xəyallara dalıb durduğu yerdəcə,
elə ayaq üstə şirin yuxuya dalır...
Qəzadan
az sonra xudmani fəhlə kafesində
kiçik komsomol toyu baş tutur. Qara kostyumlu
Nursultan qazax dombrasını dizi üstə basıb “Aday” təranəsini
səsləndirir bu kafedə. Sara ağ
gəlinlik libasında məclisin o başından bu
başına su pərisi kimi süzür.
***
Evliliyindən sonra Qaraqanda Politexnik İnstitutunun qiyabi
şöbəsini əla qiymətlərlə başa vuran
Nursultan tezliklə partiya işinə dəvət alır. Karyera pilləkanında
kosmik sürətlərlə yüksələrək tezliklə
Dinməhəmməd Kunayevin-o vaxtkı Qazaxıstan rəhbərinin
tam rəğbətini, etimadını qazanır.
Temirtau metallurgiya kombinatının o vaxtlar 30 minlik
çox tərs fəhlə kollektivi vardı. Hər
partokratın işi deyildi bu nəhəng kollektivdə partiya
rəhbəri vəzifəsinə gəlsin. Hadisələrin sonrakı gərgin cərəyanını
öyrənmək istəyirsizsə, Nazarbayevin mükəmməl
“Qazaxıstanın dəmir profili” əsərini vərəqləyin.
Poladəritmənin bütün incəliklərini
özündə əhatə edən bu əsər, müasir
kommersiya tələblərinə də tam cavab verir. Oxucu bu kitabdan sonra əsl poladəritmə menecerinə
çevrilib dünyanın istənilən nöqtəsində
poladəritmə prosesi qura bilər.
***
İstehsalat uğurlarının sorağı axır
gedib çatır Moskvaya. Nazarbayevə respublika
rəhbərliyini etibar edən Kreml sonra lap dərinə gedir.
Yenidənqurmanın lap axır günlərində istəyir
SSRİ-ni MDB-yə çevirib rəhbərliyini Nazarbayevə
tapşırsın. Ancaq Yeltsin bundan bərk
hürkərək hadisələri qabaqlayır. SSRİ-ni buraxıb MDB-ni oyuncaq bir quruma çevirəndə
özü üçün Nazarbayevin sərt sifətini
görür öz qarşısında. Lal-dinməzcə
Nazarbayevə başa salır ki, türk-slavyan birliyinin
ünvanı burda deyil.
Ancaq zaman özü indi Nazarbayevin bu Avrasiya modelini həyata
keçirməyə başlayıb sanki. Məlum təyyarə
böhranından sonra Putinlə Ərdoğanın
arasını düzəldən Nazarbayev prosesi taleyin
ixtiyarına buraxmağa tələsmir. Vaxtilə
domna sobasını körüklədiyi kimi indi bu prosesi
körükləyir. Bilir ki, bu domna
sobasının istisinə başına tezliklə
çoxları toplanacaq.
Azərbaycan
maraqlarını həmişə yüksək səviyyədə
müdafiə edən Nazarbayev qoy özünü tək hiss
etməsin. Türk dünyasının bu ağsaqqalı indi
Xaqan adına tam layiqdir.
Xaqanlığa gedən uzun yol isə həmişə
yüksək keyfiyyətli polad istehsalından başlayır.
Həmid HERİSÇİ
Yeni Müsavat.-
2017.- 3 mart.- S.10.