Atasının milyonlarından
imtina edən oğul
Bir yerdə
böyümüşdük. Məndən bir
yaş böyük idi. Qonşuluğumuz da vardı,
qohumluğumuz da. Möhkəm dost idik, amma bu dostluğun
qohumluğa qəti dəxli yox idi. Atamla da dost idi, söhbətləri
tuturdu. Nə vaxt Ağdama gəlsə və rayonda neçə
gün qalırdısa demək olar ki, hər axşam bizə
dəyərdi. O, Xalq Təsərrüfatı İnstitutunda
oxuyurdu, mən orta məktəbin axırıncı sinifində.
Çox
böyük dünyagörüşü vardı. Demək
olar ki, oxumadığı kitab yox idi. Bizi də bağlayan
qohumluq yox, elə kitablarıydı. Mən rusca yaxşı
bilmirdim, o da mənim oxuya bilmədiyim əsərlər
haqqında danışardı.
Yekəlik
olmasın, elə onların da nəslində, bizim də nəsildə
iki oxuyan vardı - biri o idi, biri mən.
Sonra mən
də universitetə daxil oldum, böyük qardaş kimi əlimdən
tutub Bakı şəhərini tanıtdı mənə.
Kitabxanaları tanıtdı, kinoteatrları tanıtdı, teatrları
tanıtdı. Yaşının az olmasına baxmayaraq, sənət
adamlarıyla, xüsusilə də kino adamlarıyla dostluq
edirdi. Məni də onlarla tanış elədi.
Ağdamlılar
əsasən «Araz» çayxanasına
yığışardılar. Söhbət də orda nədən
gedərdi: dünən hansı restoranda dava salıblar, ya kimi
döyüblər, sabah harda dava olacaq. Təbii ki, mən də
Ağcabədidə doğulsam da Ağdamda böyüyüb
oxumuşdum və mən də «Araz»a gedirdim. Çünki o
vaxt «Araz»a gəlməyənlərə ağdamlılar
ağdamlı kimi baxmırdılar. İstəyirdim mən də
ağdamlı olum da. Gəlib məni ordan götürərdi,
deyərdi ki, yorulmadın bu dava söhbətlərinə qulaq
asmaqdan? Aparırdı sənət adamlarının
toplaşdığı yerə, çox vaxt da Kinostudiyaya.
Zarafatla
deyərdim: SƏN PUL TƏSƏRRÜFATI İNSTİTUTUNDA
OXUYURSAN, bu pulsuzlardan nə istəyirsən. Deyərdi ki,
dünya burdadı, istəyirəm səni bunların
içində görüm.
Özünəməxsus
xarizması vardı, hətta o danışanda ən
ünlü insanlar ona qulaq asırdılar. İnstitutu
qurtaranda da pul dalınca getmədi. Kinostudiyaya işə girdi.
Film direktoru oldu. Təbii ki, film direktoru da maliyyə məsələsidi,
amma bunu bəyənmədi. Moskvaya getdi, oxumağa… Rejissor
olmaq istədi, ssenarist olmaq istədi və oldu da. Dünya
«Qarabağ bülbülləri»ndən danışanda o, Xamis
Muradovla qeyri-adi sənədli bir film çəkdi, «Qarabağ
bülbülləri» haqqında – onların sonrakı taleyi
haqqında. Dünən Brejnevi, dünyanı ayağa
qaldıran həmin «Qarabağ bülbülləri»nin
sonrakı taleyi haqqında. Kimi işsizdi, kimi oxumağı
atıb, kimi də yük daşıyır. Həqiqəti
qoydu ortalığa. Bilmirəm bu filmə görəmi, ya
hansısa filmə görəsə Azərbaycan
Respublikasının Dövlət Mükafatını da
aldı. Çox titullar qazandı, amma onların heç
birini gözə soxmadı, onlarla forslanmadı. O yalnız
Aydın Dadaşov olmağıyla forslanırdı.
Ağdamda
ən varlı adamların birinin övladıydı:
Ərşad Dadaşovun! Əmisi də Azərbaycanın ən
məşhur jurnalistiydi: Mürşüd Dadaşov! O, nə
milyoner Ərşad Dadaşovun oğluydu, nə də ən məşhur
jurnalist Mürşüd Dadaşovun qardaşı oğlu. Sadəcə
Aydın Dadaşov idi! Özü də atasının
milyonlarından imtina edən Aydın Dadaşov. Balaca
qardaşları Ayazla Etiş hələ orta məktəbdə
oxuyarkən şəxsi avtomobilləri olsa da, o Bakıda piyada
gəzirdi, avtobusla gəzirdi. O vaxtların «Jiquli»si indinin
«Mersedes»iydi, özü də bahalı «Mersedes»i. Amma Aydın
Dadaşov institutu qurtarandan sonra da, gedib hardasa az maaşa
çalışanda da atasının alacağı «Jiquli»dən
də, ona göndərəcəyi pullardan da imtina eləmişdi.
Bu hiss mənə də doğmadı. Balaca
qardaşımın Ağdamda iki maşını olanda mən
Bakıda piyada gəzirdim.
Atasıyla
arası bir az sərin idi. Soruşurdum, qaqa, dayımla niyə
aran sərindi? Dərinə getməzdi, amma deyərdi,
dayın hər şeyi pulla ölçür, mənim
ölçülərim başqadı. Qısası,
atasının milyonlarından imtina eləmişdi.
Çalışırdı, işləyirdi və hər aza
qane olurdu. Amma geyiminə xüsusi fikir verərdi. Dostlara da
deyirdi ki, siz sənət adamlarısız, gözəl geyinməlisiz.
Küçədə sizi görənlər bilməlidirlər
ki, sizlər kimlərsiz, sizdən mədəniyyət öyrənməlidir
– geyim mədəniyyəti, danışıq mədəniyyəti,
oturub-durmaq mədəniyyəti…
Hüseyn
Ərəblinski də beləymiş. Geyim-gecimi ilə
Bakını mat qoyarmış…
…
Ərşad Dadaşov, indiki dillə desək, multimilyoner.
Çox səxavətli adamıydı. Təkcə Ağdamda
yox, Qarabağda nüfuz sahibiydi. Hətta o vaxt ilk azərbaycanlı
səfir Vəzirov da bu adama valeh idi. Nə vaxt Azərbaycana gəlsəydi
mütləq Ərşad Dadaşovun qonağı olardı.
Bu dostluğun hardan başladığını bilmirəm.
Sadəcə olaraq, Vəzirovun Ərşad dayının
qoluna girib Ağdamda gəzdiyinin bir dəfə şahidi
olmuşdum. Çox qəribə adamıydı, arada qohumlar
arasında bir düşmənçilik yarandı, iki nəsil
üz-üzə gəldi. Xüsusilə də bizimkilər
daha aqressiv idilər. Harda rastlarına çıxsalar
Dadaşovlarla davaya çıxardılar. Həmin dönəmlərdə
də Aydın bizə gələrdi, həmin dönəmlərdə
də biz Aydınla bir yerdəydik. O tərəf onu
qınayırdı, bu tərəf məni. Amma bizə fərq
etməzdi.
Bir
gün dayımın toyuydu. Qəfil Ərşad Dadaşov
girdi toy mağarına. Musiqiçilər də dayandı,
oynayanlar da dayandı, hamı çaş-baş
qalmışdı. Burda hətta ölüm ola bilərdi
(özü də çox axmaq bir məsələdə
düşmənçilik olmuşdu. Amma hər iki nəsil
ağdamlıydı ki). Hamı çaşmışdı.
Dayandı mağarın ortasında və dedi ki, bu
ocağın ağbirçəyi gəlsin. Hamı baxır,
bəlkə də əli silahda olanlar var. Atamı tərifləməyim,
amma Allah adamıydı, barışıq adamıydı,
sözdə, nəsildə eşidilirdi. Qalxdı ayağa və
dedi ki, ağbirçəyi çağırın, yəni nənəmi.
Nənəmi
gətirdilər. Nənəmin boynunu qucaqladı,
üzünü də tutdu musiqiçilərə. Dedi, bir bəy-xanım
havası çalın. Musiqiçilər atama baxdı, atam
işarə elədi ki, çalın. Çaldılar. Bir
iki-üç dəqiqə əlini qaldırıb oynadı və
sonra dedi ki, mən barışdım, qalanını
özünüz bilərsiz. Və çıxdı getdi.
Onun bu
kişiyanə hərəkəti iki nəsli yenidən
bir-birinə bağladı. Yəni Aydın Dadaşovun
atası da belə bir kişiydi.
Mənim
bir povestim var: «Günah». Hətta həmin povestə görə
bir vaxtların ən yüksək mükafatlarından
sayılan «Komsomol mükafatı» da almışdı. Həmin
povesti mənə Aydın Dadaşov yazdırmışdı.
Onun söhbətləri, onun hadisələrə münasibəti,
onun insanlara münasibəti çox fərqliydi və söhbətlərimizin
birində bir sirri açdı. O barədə danışmaq
istəmirəm, kim istəyir povesti tapıb oxusun.
Aydın
Dadaşov yeganə adamıydı ki, lap saatlarla qulaq
asardın, yorulmazdın, usanmazdın. Əksinə, nəsə
öyrənərdin. Bir neçə dərsliyin müəllifiydi,
həm Bakı Dövlət Universitetində, həm də
Dövlət İncəsənət Universitetində dərs
deyirdi. Xoşbəxt idi onun tələbələri ki onun
mühazirələrinə qulaq asırdılar.
Aydın
Dadaşov böyük filmlər çəkə bilmədi,
böyük ssenarilər yaza bilmədi . Çünki
dünyada bir dağılma getdi, Kinostudiya oturum
düşdü. Amma mən bilirəm ki, Aydın bu gün
üzdə olan neçə filmin ideyasını vermişdi,
rejissorlara məsləhətlər vermişdi, sseristlərə
yol göstərmişdi.
Bu
günlərdə hörmət etdiyim bir xanım jurnalist
Aydını tanımadığını yazmışdı.
Bu mənə çox pis təsir elədi. Ən azı ona
görə ki, Aydın kinematoqrafiyanı, dünya kinosunu həmin
xanım jurnalistdən bir əlli dəfə artıq bilirdi.
Amma xanım jurnalist onu kinonu bilməməkdə
suçlamışdı. Və xanım jurnalist
Gürcüstan filmini misal gətirmişdi – «Mimino»nu misal gətirmişdi.
Və xanım jurnalsit çox təəssüf bilmirdi ki,
«Mimino» «Gürcüstanfilm»in deyil, «Mosfilm»in istehsalıdı.
Dadaşovla
son zamanlar az-az görüşürdük. Təbii ki, bu da
işlərin çoxluğu, qayğıların
çoxluğuyla bağlıydı. Amma hər
görüşümüzdə mənim üçün yeni
bir ideya verirdi. Həm də onda bir Haqverdiyev yumoru vardı. Bəzən
elə sözlər deyirdi ki, qarşısındakı adam onu
səhər başa düşə bilərdi.
Səhər-səhər
dadaşımın ölüm xəbərini də
Kinostudiyanın direktoru Müşfiq Hətəmovdan
eşitdim:
- Aqil,
Aydını itirdik.
Sonra
xanımım dedi ki, xəbərin var Aydın rəhmətə
gedib. Dedim ki, hə, Müşfiq zəng eləmişdi.
Əslində
biz Aydın Dadaşovu təxminən iki il əvvəl
itirmişdik – xanımı rəhmətə gedəndə.
Aydın Dadaşov cismən yaşayırdı, ruhən
xanımı ilə birlikdə bu dünyadan
köçmüşdü. O xanımına ata, ana, bacı,
qardaş, hamısından daha çox bağlıydı.
Xanımı Aydının atasının milyonlarından
imtina edən vaxtlarında heç vaxt ona deməmişdi ki,
niyə biz kirayədə yaşayırıq, niyə istədiyimizi
geyinib-gecinmirik, niyə biz işə avtobusla getməliyik? O
Aydını Dadaşov Aydın kimi sevməmiişdi, elə
Aydın kimi sevmişdi. Aydın da onu elə sevirdi. Onsuz
yaşaya bilməzdi və bilmədi də.
Aydını
Ayaz itirmədi, Etiş itirmədi, Dadaşovlar nəsli itirmədi,
Aydını hamımız itirdik, bu xalq itirdi. Azərbaycan
aydınları itirdi, tələbələri itirdi, onun
söhbətlərinə həmişə möhtac qalacaq
dostları itirdi.
Hamımız
öləcəyik ey! Amma Aydın bir az tez öldü.
Qardaş!
İndi yəqin Ağdamdasan, doğmalarının
arasında! Orda nə var- nə yox. Biz gedə bilmirik, sən
bir az bizdən tez getdin.
Aqil Abbas
Yeni Müsavat.- 2017.- 16 mart.- S.10.