Turistlərin Bakıda Novruzlu
günləri –
əməkdaşımız paytaxt qonaqlarını söhbətə
çəkdi
Əcnəbilərin
Azərbaycan ziyarətinin büdcəyə təsiri varmı?
İqtisadçı ekspert: “Ölkəyə
gələn turist dövlət büdcəsinə
vizadan başqa birbaşa heç bir ödəniş etmir, amma...”
Azərbaycanda Novruz tətili bitdi. Bununla belə, paytaxt
küçələri hələ də turistlərlə doludur. Bu il
bayram günlərində ölkəyə
gələnlər isə əsasən Rusiya,
Türkiyə, İran və ərəb
ölkələrinin vətəndaşlarıdır.
Onların arasında da iranlı turistlər
üstünlük təşkil edir. Bakı Bulvarı, İçərişəhər
və demək olar ki,
bütün ticarət mərkəzlərində
iranlı turistlərlə rastlaşmaq mümkündür. Biz də
turistlərin necə istirahət etdiyini, nələr
aldığını öyrənmək üçün
kiçik bir
müşahidə apardıq.
Ölkəmizə gələn turistlərin paytaxtın tarixi abidələri ilə zəngin olan İçərişəhərə mütləq baş çəkdiyini nəzərə alaraq yolumuzu ilk olaraq İçərişəhərdən saldıq. Burada bir canlanma vardı. Turistlərin bəziləri bələdçi köməyi ilə gəzir, ətraf mühitlə tanış olur, bəziləri isə sərbəst halda gəzirdi. Təbii ki, hər bir turist gəldiyi ölkədən ona xoş bir xatirə qalmasını istəyir. Ona görə də turistlər daha çox bu ölkəyə məxsus milli atribut və ya suvenirlər alırlar. Satışda olduqca maraqlı, milli adət-ənənələrimizi, tariximizi əks etdirən Azərbaycana məxsus milli gəlinciklər, çalğı alətləri, milli geyimlər, baş örtükləri, Qız qalasının kiçik maketləri, balaca muğam triosunun kuklaları, üzərində Bakının və İçərişəhərdəki tarixi binaların təsviri çəkilmiş qablar, fincanlar, təsbehlər, breloklar üstünlük təşkil edirdi. Öyrəndik ki, qablar, fincanlar və bu kimi suvenirlər İçəri şəhər Qoruq İdarəsi tərəfindən sifarişlə hazırlanır. Rəsm əsərləri, təsbehlər və bəzi əl işləmələri sənətkarlar tərəfindən təqdim edilir.
Satıcılarla söhbətimiz zamanı öyrəndik ki, ölkəmizə gələn qonaqlar daha çox kiçik suvenirlər alırlar. Suvenir satıcısı Namiq Abbasov paytaxtın rəsmi əks olunan maqnitlərin daha çox alındığını dedi: “Daha çox iranlı turistlər alış- veriş edir. Onlar paytaxt və müxtəlif tarixi yerlərin təsviri əks edilən maqnitlər alırlar. Bu maqnitlərin qiyməti 3 manatdan başlayır. Mənzərəli boşqablar isə 5 manatdır. Onlar yaxşı pul xərcləyirlər. Bəzən olur ki, gün ərzində bütün suvenirlərimi satıram. Təki belə turistlər həmişə çox olsun”.
Xalça satıcısı Elçin Muradov da turistlərdən razı idi: “Bu Novruz bayramı bizim üçün də əsl bayram oldu. Kələğayılar, suvenir xalçalar satışı artdı. Alanlar daha çox ərəblər və iranlılardır. Türklər və ruslar ucuz mala qaçırlar. Düzdür, iranlılar bir az dağınıqdır, yəni məsələn, gəlib kələğayıları açıb tökürlər, amma sonda alırlar”.
Daha sonra yolumuzu bulvardan saldıq. Burada Park Bulvar ticarət
mərkəzində də
ərəb, İran turistlərin sayı inanılmaz dərəcədə
çox idi. Onlardan kimisi paltar alır,
kimisi restoranlarda yemək yeyir, kimisi isə qızıl mağazalarına
baş çəkirdi.
Ailəliklə İrandan
gəldiyini deyən Süheyla Maqsudi hər il
Novruzu Azərbaycanda qarşıladığını dedi: “Biz buranı çox sevirik. Hər il
Novruz bayramını burada qeyd edirik.
Bakıda bizim dostlarımız
var”.
Söhbətə qatılan həyat
yoldaşı Armin Maqsudi
də Bakını bəyəndiyini dedi: “Buranın yeməkləri,
şirniyyatları dadlıdır.
Aprelin
1-dək Bakını gəzəcəyik.
Sonra Qəbələyə gedəcəyik.
Azərbaycan maraqlı ölkədir.
Bayram burada şən keçir. Biz Bakıdan suvenir, yaxşı paltarlar aldıq. Gələn Novruzda da bura gəlməyi Allah bizə nəsib edər”.
Qeyd edək ki, Ümumdünya
Turizm və Səyahət Şurasının
(World Travel & Tourism Council, WTTC) mart hesabatında
2016-cı ildə Azərbaycanın
turizm və səyahət sektoruna 479,5
milyon manat yatırım qoyulduğu,
2017-ci ildə kapital qoyuluşunun həcminin
6,2 faiz, qarşıdakı
10 ildə isə 4,9 faiz artaraq 825,1 milyon manata çatacağı
qeyd edilib. Turizm və səyahət sektorunun milli investisiyaların ümumi həcmindəki payı 2017-ci ildəki 2,9 faizi ötərək
2027-ci ildə 3,3 faizə
çatacaq. WTTC təşkilatının
məlumatlarına əsasən,
2016-cı ildə “Visitor Exports” (əcnəbi ziyarətçilərin
məsrəfləri) göstəricisi
4 milyard 552,2 milyon manat (2 milyard 863 milyon dollar, yaxud 16,9%) olub. Xatırladaq ki, “Visitor Exports” göstəricisi beynəlxalq
turist məsrəfləri
üzrədir və əcnəbilərin nəqliyyat
və səfər turizminə aid istehlakını
səciyyələndirən xərcləri daxil olmaqla, istər işgüzar, istərsə
də şəxsi məqsədlərlə xərclədikləri
vəsaiti əhatə
edir. WTTC təşkilatında
gözləyirlər ki,
2017-ci ildə bu göstərici 8,1% artacaq,
ölkə isə 2 milyon 758 min nəfər xarici turisti qəbul edəcək.
2027-ci ilədək “Visitor Exports” göstəricisi daha 6,5% artacaq. Belə
ki, 10 ildən sonra artıq ölkəyə 4 milyon
254 min turist səfər
edəcək ki, onlar da 9 milyard
205,3 milyon manat (5 milyard 769,5 milyon dollar) pul xərcləyəcəklər.
İqtisadçı ekspert Natiq Cəfərli ölkəyə gələn turistlərin dövlət büdcəsinə birbaşa yox, dolayı yolla müsbət təsiri olduğunu dedi: “Daha çox turistin ölkəyə gəlməsi ölkə iqtisadiyyatına daha çox xeyir verir. Sadəcə olaraq, turist sayının əvvəlki illərdə çox az olması indi gələn turistlərin bizə daha çox görüntü verməsinə səbəb olub. Müqayisə üçün deyim ki, Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin sayından təqribən 6-7 dəfə çox iranlı turist Gürcüstana səfər edib. Çünki Gürcüstana viza problemi yoxdur. Turistlərin ölkəmizə gəlməsi təbii ki, büdcəyə birbaşa təsir göstərmir. Amma dolayı yolla təsirləri kifayət qədər çoxdur ki, alış-veriş mərkəzləri, kafelər, restoranlar nə qədər çox dövriyyə edirlərsə, nə qədər çox pul qazanırlarsa, növbəti mərhələdə gəlirlərindən daha çox vergi verirlər. Bu yolla dövlət büdcəsinə təsir göstərir. Yəni ölkəyə gələn turist dövlət büdcəsinə vizadan başqa birbaşa heç bir ödəniş etmir. Çünki ancaq viza alınması üçün müəyyən ödəniş olur ki, bu da birbaşa dövlət büdcəsinə keçir. Bu da cüzi ödənişdir. Amma turistlərin sayının artması əhali üçün, bu sahələrdə çalışan insanlar, şirkətlər üçün əlavə gəlir mənbəyidir ki, bunun özü də iqtisadiyyatın çarxlarının daha sürətlə dönməsinə, bu sahədə çalışan insanların gəlirlərinin artmasına təbii ki, müsbət təsir göstərir”.
Günel MANAFLI
Yeni Müsavat.- 2017.- 28 mart.- S.15.