20 dollarlıq viza və ölkəyə

turizmdən gələn milyonlarla dollar...

 

Azərbaycana axışan iranlı turistlərlə bağlı bilmədiyimiz incə detallar, ilginc reallıqlar; onları Bakıya cəlb edən nədir?

 

Bayram günlərində Bakı sakinlərinin daha çox müşahidə etdiyi mənzərə heç şübhəsiz ki, şəhərə olan turist axını idi. Xüsusən də şəhərin mərkəzindəki bayram şənliklərində daha çox iranlı turistlərin çoxluq təşkil etməsi diqqət cəlb edən məqam idi.

 

Az qala şəhərdə doğma dildə danışan insanların olmaması bir tərəfdən sevinc və qürur hissi oyadırdısa, digər tərəfdən gizli həsəd də bakılıların yaxasını buraxmadı. Eyni hissi ərəb turistlərin şəhərə axını zamanı da yaşamışdıq. Belə ki, onlar pulu su kimi xərcləyəndə, xidmət sektorunun işçiləri onların qarşısında əmrə müntəzir dayananda... azərbaycanlılarda istər-istəməz bir qıcıq hissi yaranırdı. Məlum, dollar bahadır və onlar burda bizlərdən fərqli olaraq şah kimi dolanırlar. Eyni əhvalı aşağı-yuxarı Novruz bayramı günlərində də yaşadıq. Biz mall-larda endirimli mağazalar axtardığımız günlərdə turistlər ayaqqabı, geyim mağazalarından əllərində bir neçə ədəd torba ilə çıxır, eyni zamanda kafelərdə də iranlı turistlərin əlindən oturmağa yer tapılmırdı. Bəs əslində statistika və reallıqlar nə deyir?

 

14 min iranlı turist, 20 dollarlıq viza...

 

“Bu il Novruz bayramı ərəfəsində təxminən 14 min İran vətəndaşına Baş Konsulluq tərəfindən viza rəsmiləşdirilib”. Bu barədə APA-ya Azərbaycanın Təbrizdəki baş konsulu Əliyyənağı Hüseynov məlumat verib. O bildirib ki, ölkəyə gələn iranlı turistlərin sayının artması Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəsinin göstəricisidir: “İranlı turistlər özlərini Azərbaycanda rahat və təhlükəsiz hiss edirlər. Viza ilə bağlı daxil olan müraciətlərin 100 faizinə müsbət cavab verilib. Bu dövr ərzində Baş Konsulluq gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və orta hesabla desək, viza müraciətləri 3 iş günündən az bir müddət ərzində cavablandırılıb. Müqayisə üçün deyim ki, Baş Konsulluq tərəfindən 2016-cı ildə 50 minə yaxın viza verilib. Yeni yaradılmış ”ASAN viza" sistemi əcnəbi vətəndaşlar, o cümlədən İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş və elektron qaydada tez bir şəkildə viza almasında mühüm rol oynayır. Düzdür, VISA və “MasterCard” ödəniş sistemlərinin İran ərazisində işləməməsi İran vətəndaşlarına “ASAN viza”dan tam yararlanmağa imkan vermir. Bayramlar ərəfəsində səfirlik və Baş Konsulluğun gücləndirilmiş iş rejimində çalışması bunu kompensasiya edir".

Diplomat qeyd edib ki, vizanın rüsumu 20 ABŞ dollarıdır və ödənişlər bank hesabı vasitəsilə həyata keçirilir:

 “Biz həm fərdi, həm də turizm agentlikləri vasitəsilə daxil olan müraciətlərə baxırıq. Turizm agentlikləri göstərdikləri xidmət müqabilində vətəndaşlardan viza rüsumundan əlavə xidmət haqqı da alırlar ki, bunun bizə aidiyyəti yoxdur. Bu, normal haldır və bütün dünyada rast gəlinir”.

Baş konsul hazırda da çoxsaylı viza müraciətlərinin daxil olduğunu söyləyib.

 

Öncə iranlılar, sonra isə rus və ərəb

turistlər - sıralama artıq dəyişib

 

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov modern.az-a açıqlamasında deyib ki, əcnəbi turistlərin çoxu İran vətəndaşlarıdır: “Bu il İrandan gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Bunun bir səbəbi Tehranla Bakı arasında aviareyslərin açılmasıdır. Digər səbəb isə iranlı turistlərin Novruz bayramı ilə əlaqədar Azərbaycana gəlməyə can atmasıdır. İranlı turistlər biletlərin çoxunu Bakıya alıblar. Təbii ki, bölgələrə də getmək istəyənlər var. Elələri var ki, az müddətə, elələri də var ki, çox müddətə Azərbaycana səfər edir. Çox müddətə gələn turistlər bölgələrə də səfər edəcəklər. Artıq iranlı turistlər hotellərlə bağlı seçim də ediblər. Yerlər dolub. Adətən iranlı turistlər ailəvi şəkildə Azərbaycana gəlirlər. Bu il də istisna deyil”.

Müzəffər Ağakərimovun sözlərinə görə, Azərbaycanı seçən turistlərin sonrakı sıralamasında rusiyalılar və ərəblər gəlir: “Novruz bayramı tədbirlərinin ən rəngarəngi Bakıda keçirildiyindən turistlərin əksəriyyəti Bakını seçib. Hotelləri seçən turistlərin qiymətlərlə bağlı narahatlığı da yoxdur. Sadəcə, bir məqam var ki, bayram günləri hotellər düzgün qiymət sərgiləmir. Menecmentliyin qanunlarından kənara çıxararaq, bayram günləri qiymətləri qaldırırlar. Bu da düzgün deyil. Azərbaycanın imicinə xələl gətirməklə yanaşı, turistlərin bölgə ilə bağlı planlarını pozurlar”.

Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ildə ölkəyə gələn iranlı turistlərin sayının 66% artdığını məlumat verib. 2017-ci ildə bu göstərcinin daha da artacağı gözlənilir.

 

İranlılar da geniş ailə qrupları

halında gəlir və bol pul xərcləyirlər

 

Bu arada araşdırmalar zamanı məlum olub ki, artıq iranlı turistlər də ərəblər kimi Bakıda mənzil bazarında da fəaldırlar. Daha çox şəhərin mərkəzindəki mənzillərlə maraqlanırlar. Ümumilikdə isə Azərbaycan qanunvericiliyində xarici vətəndaşların burada mənzil almasına heç bir məhdudiyyət yoxdur. Onlar çoxmənzilli binalardan mənzil ala bilərlər. Daha bir detal. Türkiyədə ərəb turistləri yerlilərdən ayırmaq olduqca çətindir. Çünki xüsusən qadınlar arasında onlar kimi geyinənlər çoxdur. İstanbulun gəzməli yerlərində yerli əhali ilə ərəblər arasındakı fərqi tapmaq üçün diqqətli müşahidəçi olmaq lazımdır. Azərbaycanda, Bakının küçələrində isə bu, dərhal nəzərə çarpır. Çünki Bakı ultra Avropa şəhərini xatırladır.

Müşahidə və araşdırmalar onu göstərir ki, iranlı turistlər də ərəblər kimi əsasən ailəlikcə, qələbəlik qruplar halında gəlir. Bir ailə bəzən 30 nəfər olaraq gəlir. Elə varlı ailələr var ki, bir həftə ərzində 70-80 min avro xərcləyib öz ölkəsinə qayıdır. Amma ərəb turistlərdən fərqli olaraq iranlılar lüksə o qədər də meylli deyillər. Belə ki, varlı ərəb turistlər aeroportdan özəl lüks maşınlarla götürülsə də, iranlılar təvazökarlığa meyllidir.

Ümumilikdə isə ərəb turistlər tək və homogen bir qrup deyil. Körfəz ölkələrindən gələnlər Liviya, Fələstin kimi ölkələrdən gələnlər, eləcə də Cənubi Afrikadan gələnlər olmaq üzrə 3 kateqoriyaya ayrılırlar. Körfəz ölkələrindən gələnlər yad ölkələrdə özlərini olduqca rahat hiss edirlər. Tarixi abidələrlə, muzeylərlə maraqlanan ərəb turistlərin sayı azdır. Onların böyük əksəriyyəti komforta düşkündülər. Dəniz mənzərəli restoranlarda yemək yemək, hər cür şəraitli hotellərdə gecələmək onlar üçün önəmlidir. Və bu mənada heç vaxt pul əsirgəmirlər.

Səudiyyə Ərəbistanı, Qətər, Küveyt kimi ölkələrdən gələnlər daha mühafizəkardılar. Həyat yoldaşlarının və ya qızlarının yad kişilərlə danışmasını istəmirlər. Tarixlə çox maraqlanmırlar, daha çox alış-veriş mərkəzlərinə getmək istəyirlər. Fastfood-u çox sevirlər.

Tunis, Əl-Cəzirə kimi ölkələrdən gələnlərin üzərində isə ərəb mədəniyyəti ilə yanaşı, fransız mədəniyyətinin də izləri var. Dolayısı ilə də tələbləri buna uyğun olur. Daha çox ekzotika ilə maraqlanır, ölkənin mədəniyyətinə maraq göstərirlər.

Başqa bir detal. Ümumilikdə ərəb və iranlı turistlərin pullu avam, korafəhm olması ilə bağlı yanlış təsəvvür formalaşıb. Bir çox işbazlar elə düşünür ki, onların pulu çoxdursa, asanlıqla aldatmaq, “qapazlamaq”, 5 manatlıq əşyanı 25 manata onlara satmaq olar. Amma təcrübə göstərir ki, ümumən ərəblər və artıq iranlılar da təcrübəli turist olduqlarından bu sahədə yetərincə məlumatlıdılar. Artıq 5-10 il əvvəlki ilə müqayisədə onları nə taksi sürücüləri, nə də mağaza satıcıları aldada bilir.

 

İranlı turistlərdən təklif:

“Viza ləğv olunsa, daha çox gələrik”

 

Bugünlərdə musavat.com saytında Tehranda yaşayan bir Azərbaycan türkünün sözügedən mövzu ilə bağlı ilginc açıqlamaları oldu. Onun dediyinə görə, bu il Azərbaycana gələnlərin sayı xeyli artıb: “Azərbaycan vizanı ləğv etsə, indikindən qat-qat artıq adam ora üz tutar. Bir çoxları Novruz tətilini ölkə xaricində keçirmək istəyir, onlar üçün rahat gediş-gəliş çox önəmlidir. Viza isə buna çox mane olur. Məsələn, kim istəsə, hər zaman Türkiyəyə rahat gedə bilər, elə bil daxili səfər edir. Təbrizdə dayım yaşayır, vaxtaşırı Vana gedib-gəlir, heç bir şikayəti də yoxdur. Amma Azərbaycanla viza məsələsi işimizi çətinləşdirir. Bir nəfər Tehrandan Azərbaycan vizası almaq istəsə, müsibətlə üzləşir. Amma insafən, Təbrizdə vizanı rahat verirlər. Bilmirəm bunun səbəbi nədir ki, belə fərq var. Şəxsən mən Bakıya gələndə vizanı Təbrizdən aldım. Yaşadığım Tehranda səfirliyə getdim, dedilər 2 həftə çəkər. Bir dəfə başqa məsələlərlə bağlı getmişdim, kobud reaksiya ilə üzləşdim. Amma Təbrizdəki konsulluqda tamam ayrı münasibət gördüm. Çox yaxşı qarşıladılar, elə bil, ikisi də bir ölkənin nümayəndəliyi deyil”.

Soydaşımız dedi ki, Tehrandakı səfirliyə viza üçün müraciət edəndən azı iki həftə sonra cavab gəlir: “Özü də gərək adına dəvət gələ, hotel sifariş oluna. Deyirəm axı, mən Bakıda kimi tanıyıram ki, oradan dəvət də gözləyim? Ancaq nə faydası? Əlacsız qalıb getdim Təbrizə, bir gündə viza aldım. Amma turistlərin çoxu Tehrandan gedir. Yolun yaxınlığı və vizanın olmaması Ermənistanın şansını artırır. Adamlar da daha rahat getmək imkanı olan ölkəyə üz tutur. Bu zaman vizasız Ermənistana axışanlar artır. Ötən il dedilər prezidentlər arasında vizanın ləğvi ilə bağlı razılaşma olacaq. Amma alınmadı”. Həmsöhbətim onu da dedi ki, erməni qadınla ailə quranlar olmur: “Şəxsən mən eşitməmişəm. İranlılar Avropa ya amerikalılarla evlənirlər”.

 

Sevinc TELMANQIZI

 

Yeni Müsavat.- 2017.- 29 mart.- S.15.