Ginnesin “Rekordlar
kitabı”na
düşən tanınmış
Azərbaycan
rəssamı haqda
bilmədiklərimiz
Moskvanın
enerjisi sıxıcıdır. Bu işdə daşın,
divarın, təbiətin payı yoxdu, təbii... Yol tikintilərinə
görə nə qədər meşə massivləri məhv
edilsə də, şəhər və çevrəsi yenə
yaşıldır. “Daşa-divara” gəlincə, mərkəzdə
də, kənarlarda da həm tarixin, həm yeni
çağın özəlliklərini daşıyan nə qədər
yaraşıqlı bina var. Dəbdəbəli həyatı ilə
dünyanın ən zəngin, ən nəhəng, ən
parlaq paytaxtları sırasındadır Moskva... Beyni
rahatlamağa qoymayan bu məkanın siyasi mərkəz kimi Azərbaycana
tarixin heç bir dönəmində isti baxmamasıdır.
Kimə isti baxıb ki, Rusiya? İmperiya olub, imperiya kimi
davranıb... Və o şovinizmə, zorakılığa
dayanan siyasətinin əziciliyi Moskvanın ruhuna hopub. Şəhər
adamı qucaqlamır, sıxır. Bu diskomfortu
azaltmağın tək yolu mədəniyyət ortamı
bulmaq, sənət söhbətlərində reallıqdan azca
da olsa, uzaqlaşmaqdır.
Azərbaycanın
əməkdar rəssamı, indi Almaniyada yaşayan Əşrəf
Heybətovun Moskvada olduğunu öyrənəndə sevindim.
Rusiya paytaxtında onun bir çox işlərini görmək
mümkündür. Ünlü “Bakı” restoranını da
başdan-başa onun əsərləri bəzəyir. Söhbətə
məkan kimi onun Moskvadakı mənzilinin 2
addımlığındakı tarixi Yeliseyev
mağazasındakı kiçik kafeni seçdik. Mağaza deyəndə
ki, 116 yaşı olan mağaza dəbdəbəli interyeri ilə
muzeyə bənzəyir. Bina Rusiyanın “Mədəni irs”
sıyahısındadır.
Tanımayanlar
üçün Əşrəf Heybətovun qısa
özkeçmişi: 1951-ci ildə Bakıda doğulub. 1979-cu
ildə İncəsənət İnstitutunu bitirib. 1980-cı
ildə Moskvada ünlü rəssam Zurab Seretelinin
komandasında çalışmağa başlayıb. 1995-ci
ildə Almaniyaya köçüb. YUNESKO-nun Beynəlxalq Rəssamlar
Federasiyasının üzvüdür, Almaniyadakı “Bakı”
Mədəniyyət Cəmiyyətinin sədridir. Rusiya Rəssamlar
Akademiyasının həqiqi üzvü, Azərbaycanın əməkdar
rəssamıdır. Vatikanda sərgisi açılan ilk Azərbaycan
rəssamıdır. Avropanın bir sıra şəhərlərində
sərgiləri keçirilib.
- Əşrəf bəy, necə
oldu, getdiniz Azərbaycandan? Qürbətdə yaşayanlar
deyir ki, vətəndən uzaq olmaq həm də ünsiyyət
azlığıdır. Darıxmırsız ki, Bakı
üçün..?
-
1980-cı ildə Moskvaya dəvətlə gəldim. 15 il
burada yaşadım, sonra Almaniya dönəmi başladı.
Darıxanda gəlirəm Bakıya. Hər yay Şüvəlanda,
bağda dincəlirəm, çəkirəm...
- Ünlü olmaq şans məsələsidir,
ya çalışqanlıq?
- Gərək
hər ikisi ola. Yoluma hər zaman yaxşı insanlar
çıxardığı üçün Tanrıya minnətdaram.
Ali məktəbi təzə bitirmişdim, yenicə
tanınmağa başlayan gənc rəssam idim, Tahir Salahovun
diqqətini çəkdim. O, sənətdə mənə
çox dayaq oldu, tanınmağım üçün
çox iş gördü. Belə ünlü sənət
adamının, üstəlik ictimai xadimin himayəsində
olmaq şansı hər kəsdə olmur. Tahir Salahov məni
Moskvada Sovetlər Birliyinin ən ünlü rəssamlarından
Zurab Sereteliyə təqdim elədi. Zurab Konstantinoviç bir əfsanədir.
Onun rəssam qrupu Moskvada çox möhtəşəm layihələr
həyata keçirib. 1980-cı ildə onun qrupunda
çalışmağa başladım. Mozaika ilə məşğul
idim. Ilk sınağım Gənc Modası Mərkəzinin
binası oldu. Çox bəyəndilər. Moskva Komsomol Komitəsinin
mükafatını aldım. Sonra yeni dövlət sifarişləri,
yeni uğurlar, beləliklə mən Moskvaya bağlandım.
- Çox maraqlıdır, siz əslində
həyatınızın qısa bir dönəmini Azərbaycanda
yaşamısız, yaradıcılıqla əsasən
Rusiyada, Avropada məşğul olmusunuz, amma yeni əsərlərinizdə
belə güclü milli kolorit var. Bunun izahı nədir?
İnsan məkan olaraq nə qədər uzaqda olur-olsun,
doğulduğu torpağın kodlarını
daşıyır, yoxsa, bu, bir özləmdir, insan bir şəkildə
çevrəsini özünə doğma görüntülərlə
zənginləşdirir?
- Bu,
qan yaddaşıdır. Ən dünyəvi sayılan
yaradıcı insana diqqət edin, onun əsərlərində
mütləq mənsub olduğu millətdən nələrsə
var. Bayaq unutdum, ən böyük şanslardan biri dahi Səttar
Bəhlulzadənin ustadım olmasıdı. O, gerçəkdən
xalqın rəssamı idi. Onun sənətinin dili Azərbaycan
dilidir. Allah rəhmət eləsin... Doğma atam rəhmətə
gedəndə mən ağlamamışdım, amma Səttar
dünyasını dəyişəndə ağladım. O
fövqəlinsan idi. Çox rəssamlar gördüm, amma təbiəti,
insanı onun kimi duyana çox nadir rast gəldim. Məni ilk dəfə
Bakıdan kənara Səttar Bəhlulzadə aparıb. Qubaya,
Şamaxıya, bir də Borçalıya – Qardabana
getmişdik. Oraları çox sevirdi, doğurdan möhtəşəm
təbiəti var o yerlərdə.
- Sənət aləmi öz sirrini
hər kəsə açmır, təbii. Rəsm necə
yaranır? Öncə təxəyyüldə, yoxsa,
gözün də görməsi şərtdir? Məsələn,
məkanın sizin üçün önəmi var? Siz harada
daha rahat işləyə bilirsiz?
-
Açıq deyim?
- Mümkünsə...
-
Heç yerdə... Mən özümü bu maddi
dünyanın adamı hesab etmirəm. Bu dünya maddidir,
zorakıdır, qəddardır. Mənim öz dünyam var -
orada yaşayıram. Orada musiqi var, poeziya var, reallıqlar ordan
uzaqdı. Gözlərin görə bilmədikləri
maraqlıdır. Bunu izoterika da adlandırmaq olar, pararlel
dünya da, necə istəsəz... Vatikanda sərgim
açılmazdan öncə İncili oxumağa
başlamışdım. Bir ara fikrim İsa Məsihin
“itirdiyi” illərdə qalmışdı. İncildə onun
bir 14 yaşına qədərki həyatı var, bir də 28
yaşından sonrakı həyatı – yəni peyğəmbərlik
dönəmi. Bəs, bu 14 ildə o, hardaydı? Bu sual mənə
rahatlıq vermirdi. Çox araşdırdım, çox ədəbiyyat
axtardım, axırda belə bir informasiya tapdım ki, həmin
14 ili Məsih Doğuda - Tibetdə və Hindistanda
keçirib. Artıq elm də bunun sübut edib, Vatikan da qəbul
edib. Hətta onun Kəşmirdə dəfn edilməsi ilə
bağlı fikirlər də var. Hətta ora zəvvarlar da
axışır... Bunları ona görə deyirəm ki, sizə
mənim maraq dairəm aydın olsun – bugünkü dünya mənə
maraqsızdır. Mən maraq dairəmin yaratdığı
dünyada özümü rahat hiss edirəm.
- Tibetdə olmusunuz?
- 2 dəfə
Hindistanda olmuşam. Indi üçüncü və daha ciddi
səfərimə hazırlaşıram. Himalayın ətəklərini
gəzəcəm, Nepala gedəcəm.
- Azərbaycanın sizin
üçün anlamı nədir?
- Hər
kəsə doğulduğu yer əzizdir. Bakı da mənim
üçün əvəzedilməzdir. Mənə elə gəlir
ki, insanın ən çox sevdiyi və ən çox
küsdüyü yer doğulduğu yerlərdi. Həm mənfi,
həm müsbət mənada ən güclü emosiyalar orada
yaşanır.
- Siz də küsmüsüz?
Ümumiyyətlə Azərbaycandan köçməyinizdə
bu küsməyin payı nə qədərdir?
- Əlbəttə olub. Sərgilər vaxtı məni o qədər küsdürüblər ki... Düz 3 dəfə əsərlərim respublika səviyyəli sərgilər üçün seçilib, amma ən son gün siyahıdan çıxarıb yerimə vəzifədə olan birinin qohumunun çəkdiklərini qoyublar. Bir dəfə təşkilatçılardan birinin əsərimi ayağı ilə itələdiyini gördüm. Birində isə lap ağır zərbə aldım. Saat 16-da sərgi açılır, saat 12-dir, son tamamlama işləri gedir, əsərlər asılıb, hər şey yerli-yerində, mən bütün dostlarımı dəvət etmişəm, həyəcanlıyam, birdən komissiyanın üzvlərindən biri deyir - bu əsərlərə ehtiyac yoxdu, çıxarın ekspozisiyadan... Bütün bunlar insanda sərhədsiz bir təəssüf yaradır. Yaradıcı insanlar üçün belə sındırılmaq cəhdinin nə demək olduğunu anlamaq çətin deyil... Amma mənim iç dünyamda qəzəb yoxdur. Tanıyanlar bilir, heç zaman maddiyyata bağlılığım olmayıb. Lap nəhəng pul olsun – o, gələ də birlər, gedə də... Insan münasibətlərini heç bir məbləğin qarşılığında almaq olmur. Bütün yaxşı hissləri də, əlində olanları da təmmənnasız paylaşmağı bacarmalıdır insan. Təmənna gözləməyəndə daha yüksək şəkildə mükafatlandırılırsan. Insanlar sənin qapını xeyir qapısı kimi tanıyanda sanki ilahi bir mühafizə altında olursan. Mənfi münasibət görəndə intiqam haqqında düşünməyə ehtiyac yoxdur. Yüksəlmək, yüksəlmək, yüksəlmək lazımdı. Azərbaycandan getmək səbəblərim sırasında bu da var, təbii... Ən sıradan gənclər müsabiqəsinə yolu bağlanan gənc rəssamın özünü daha geniş auditoriyalarda təsdiq eləməkdən başqa yolu qalmır.
- İndi
Azərbaycanın mədəniyyət mühiti
ilə yaxın təmaslarınız varmı? Yenə istedadlar sıxışdırılır?
- Var, təbii... Indi sənət birliklərinə istənilən adam daxil ola bilər. Istedada o qədər də ehtiyac yoxdur. Rəhbərlikdəki şəxslərlə normal münasibətlər olsa, yaşıl işıq yanacaq. Yaradıcı birliklərdə ciddi devalvasiya gedib. Tək rəssamlıqda belə deyil ki... Ədəbiyyat, bəstəkarlıq, jurnalistika ilə bağlı birliklərdə də durum eynidir. Bizim dönəmdə yaradıcı birliklərin üzvü olmaq prestij sayılırdı. Ayrıca tibb xidmətimiz, istirahət məkanlarımız, mükafatlar vardı, dövlət sifarişləri alırdıq. Personal sərgi bir dəfə olurdu. Bu yaradıcı insan üçün böyük yaradıcılıq imtahanı və uğuru sayılırdı. Indi, Bakıda da, Moskvada da, elə hər yerdə sənət məktəbinin 2-ci kursunda oxuyan tələbə pulu, yuxarılarla normal münasibəti varsa, şəhərin ən sayılan məkanında sərgi keçirə bilər. Bütün bunlar sənətin dəyərini öldürür...
- Əşrəf bəy, təsvir etdiyiniz azad mühit sənətə heç nə qazandırmayıb? Axı, sənət tapşırıqlı alınan iş deyil. Qoy, lap yuxarılarda tanışı olanların sərgisi gəncliklərində keçirilsin, hər kəsə aydın olsun ki, onlar istedadlarına görə yox, şəxsi əlaqələrə görə irəli çəkiliblər. Tanınsınlar, sıradan çıxsınlar. Onsuz da onlarınkı sənət deyil ki, həvəsdi. Belələri nə qədər qala bilər ki, “sənət”də...
- Yanaşmalar fəqrlidir. Amma mən bunu azad mühit qəti adlandırmazdım. Gənclər indi yeni “izm”lər yaradırlar, kompüter “siçan”ı ilə nələrsə çəkirlər. Rəsm təxəyyüldən barmaqlarla maddi dünyaya süzülməlidir. Bu enerji bağı olmadan hansı sənət yaratmaq olar, mən bilmirəm...
- İndi
nələri çəkirsiz?
- Əsas yaradıcılığım Azərbaycan, Bakı – Abşeron və türkçülük üzərindədir. İndi daha geniş coğrafiyaya – Avrasiyaya keçməyə hazırlaşıram. Mənim dünya görüşümə Çingiz Aytmatov çox güclü təsir edib. Biz onunla uzun illər ailəvi dostuq etdik. Miqyaslı, planetar düşüncə tərzini o mənə aşılayıb. Azərbaycan türk dünyasının bir parçası olduğu üçün türklük düşüncəsindən kənarda ola bilməz. Bizim dahi rəssamların əsərlərinə diqqətlə baxanda onların hamısının türk düşüncə tərzinin məhsulu olduğu ortaya çıxır. Hətta ana dilində yaxşı danışa bilməyənlərin əsərlərində də bu kodlar var...
- Dil, xüsusən incəsənət xadimlərinin ana dilində danışa bilməməsi ağrılı yerimizdir... Yeri gəlmişkən, hər zaman məni bir sual düşündürüb ki, niyə məşhur rəssamların çoxu Bakıdandır? Siz bu sualın cavabını bilirsiz?
- Mən də bilmirəm. Söyləmək çətindir.
- Tez-tez
gəlirsiz, Bakıya?
- Hər il bağ mövsümünü Bakıda, Şüvəlanda oluram. Mənim köklərim Şüvəlana, Qalaya bağlıdır. Babam Ələşrəf yaşlı qalalıların yadındadı. O, Qalada məktəb, hamam tikdirib.
- Torpağı
sanı yaşayasız. Əşrəf bəy, sizi Avropada diaospor
işinin veteranlarından sayırlar. Hətta
buna görə Bakı sizi
“Tərəqqi medalı” ilə mükafatlandırıb. Amma biz bu
diaspor işini deyəsən,
uğurlu qura bilmirik... Ölkədən kənara
çıxanda görürük ki, Azərbaycanı tanımırlar. Bizi sevməyənlərin təbliğatı
ilə tamam yanlış informasiya
formalaşıb, haqqımızda... Səbəb nədir, sizcə?
- Çünki kənarda yaşayanlarımızın çoxu manqurtlardur, yəni vətənsiz, tarixi yaddaşı olmayan insanlar. Onlar xaricə ancaq maddiyyat, rahat həyat dalınca qaçıblar. Ona görə də heç bir işin qulpundan yapışmırlar. Sonda da biz informasiya savaşını uduzuruq. 1995-də biz Almaniyaya, Koblentsə köçdük. 97-ci ildə “Bakı” cəmiyyətini yaratdım. Bütün Almaniyadan 60 nəfər topladım. Öz maliyyəmlə bir neçə tədbir keçirdim, müxtəlif icmalar arasında Azərbaycanı tanıtmaq üçün broşürlərə qədər çap etdirdim. Sonra işimizi davam etdirmək, bir qədər də genişləndirmək üçün özümüzünkülərə müraciət etdim – 1 avro da verən olmadı. Nürünberqdə 11 imkanlı soydaşımız yaşayırdı. Onları dəyirmi masaya topladım, təkliflər verdim, hamısı söz verdi ki, biz bu işin arxasındayıq. Koblentsə qayıtdım, hamısı qeybə çəkildi... Dəyişmək lazmdır...
- Almaniya
əsrlərdir ki, dünyanın mədəniyyət
mərkəzlərindəndir. Siz fərqli
mədəniyyətin daşıyıcısısınız.
Almaniyanın mədəni mühiti sizi necə qəbul elədi?
- Yaxşı olmasaydı, mən bu qədər zamanı orda
yaşamazdım, hər halda... Almaniya möhtəşəmdir.
Yaradıcı insanlar üçün
çox uğurlu məkandır.
Toplum sənətə dəyər verir, sənətkarı qiymətləndirir.
60 illiyimi Berlin
Senatı keçirib. Bu,
bizim keçmiş səfirimiz
Pərviz Şahbazov təşəbbüsü
ilə baş tutmuşdu.
Senatda sərgim açıldı, yubiley mərasimi keçirildi,
siyasət, sənət dünyasının
tanınmışları gəldilər, gözəl
çıxışlar oldu. Bu, Berlin Senatı yaranandan o binada keçirilən ilk sərgi idi. Ardınca gözəl
kataloq hazırlandı.
65 yaşım isə Naxçıvanda keçirilib.
- Təzadlı marşrutdur – Almaniyadan Naxçıvana...
- Naxçıvanda şəxsi
qonaq idim. Naxçıvanın təbiəti təkrarsızdır.
Ola bilər ki,
perspektivdə yalnız
Naxçıvan peyzajlarından
ibarət sərgi keçirim. Mistik məkandır.
Kosmik peyzajlar gördüm, orada...
- Koblentsdə nəhəng
bir divar rəsminiz olduğunu bilirəm. O hekayə də maraqlıdır...
- Koblentsə yeni köçmüşdük. Şəhər rəhbərliyinə təklif
verdim ki, hədiyyə olaraq bir divarı başdan-başa çəkə
bilərəm. Onlar da
180 metr uzunluqda 450 kvadratmetrlik bir divar təklif etdilər. Razılaşdım. Adətən, belə işləri
briqadalar görür.
Tək işlədim. Hər
gün 10 metri çəkirdim, təxminən...
Əsərin adını “Reynland
Pfaltsın simfoniyası”
qoydum. 6 ay çalışdım,
250 çətin kompazisiya
yaratdım, Ginnesin “Rekordlar kitabı”na
düşdüm. Almaniyanın 11 qəzeti haqqımda geniş məqalələr
yazdı. Açılışı şəhər meriyası
böyük bayram kimi keçirdi. Açıq havada musiqilər, rəqslər...
Gözəl bir tədbir
oldu.
- Əsərdə
Bakı, Azərbaycan var?
- Onsuz olmaz ki.. Qız qalası
da var, tar da var.
- Sizi orda necə təqdim edirlər? Azərbaycanın əməkdar rəssamı
Əşrəf Heybətov?
- (Gülür) Yox,
Avropada fəxri ad anlayışı yoxdur. Xalq rəssamı,
əməkdar rəssam-filan
bunlar oralar üçün deyil.
Orada kiminsə rəssam, ya yazar, şair,
bəstəçi adlandırılması
ən böyük addır. Mən axı, portret
də çəkirəm.
Yazar,
Nobel mükafatının sahibi
Günter Qrasın portretini
işləmişəm. Onu bütün dünya tanıyır. Amma Almaniyada onun adının önünə
“ünlü yazar”, “xalq yazıçısı”
ifadələrinin artırılmasına
ehtiyac duyulmur. Sadəcə yazar... Mən də sadəcə, rəssamam...
Aygün Muradxanlı,
Moskva-Bakı
Yeni Musavat.- 2017.- 1 may.- S.12.