“Əfrasiyabla Əfrasiyaba”

 

Yazıçı-publisist Mehriban Vəzir Özbəkistanda olub və oradan hazırladığı yazıları musavat.com saytına təqdim edib. Mehriban Vəzirin Özbəkistandan hazırladığı 2-ci yazını təqdim edirik:

 

 ****

 

Daşkəndlə Səmərqəndin arası 300 km-dir. Səhər tezdən şəhərlərarası Əfrasiyab sürət qatarı ilə yola düşdüm. Çox rahat imiş, hızlı, geniş, hər tərəf gül kimi, yaxşı xidmət, gülərüz bələdçilər, sanki Avropadasan... keks, çay, qəhvə... xüsusilə yuxulu sərnişinlər üçün isti qəhvə göydəndüşmə olur. Qiymətlər də münasib; gediş haqqı xidmət daxil, 10 dollar. Bu, bəlkə də biz turistlərə aid qiymətlərdir. Çünki yerli vətəndaş üçün bir çox qiymətləri 3-4 dəfə ucuz gördüm.

Bu qatarı çox bəyəndim, niyə bundan bizdə olmasın? Onlar Əfrasiyab deyir, biz Şabran deyərik. Biz də öz batmış şəhərimizin adını verərik sürət qatarımıza. Qardaş Özbəkistan qədər deyilikmi?

Dünyada yaxşı nə varsa ölkəmdə olmasını istəyirəm, yəqin hər kəs bunu istəyər...

... 6-da oyanıb, 7-də qəhvəaltı edib, 8-də hoteli tərk edən biri kimi qatarda yarıyuxulu, yarioyaq pəncərədən dışarı baxırdım. Görüntü sürətlə dəyişir, çöl çölü, köy köyü, ev evi təqib edirdi. Tikililərin çoxu, az qala hamısı çiy kərpicdən idi. Həyətlərdə palçıqdan, samandan yeni kəsilmiş, günəşə sərilmiş qəliblər qalaqlanıb. Yolboyu heç bir təmtəraqlı, hasarlı, daşlı-divarlı malikanəyə rast gəlinmir. Kəndlərin, qəsəbələrin, iç yolların halından kasıbçılıq yağır. Anlaya bilmirəm, bu durum həqiqətən yoxsulluqdandı, yoxsa mentalitetdən gəlir. Çünki bizim kimi qəliz yerlərdə görüntü gerçəkliklə uyğun gəlməyə bilər.

Özbəkistandan fərqli olaraq, Azərbaycanda Bakıdan çıxdınsa yolboyu hər addımda təmtəraqlı evlərə rast gəlirsən. Villavari evlər, mərtəbəli imarətlər, tağlı, çardaqlı həyət-bacalar sıra-sıradır. Amma bizə bəllidir ki, bu, heç də xalqın rifah içində olması demək deyil. Sadəcə, mentalitet budur, kasıbından tutmuş zəngininə, hətta idarəetməsinə kimi sərvətimizi daşa, torpağa, suvağa, asfalta, hasara... və bütün bunları təkrar-təkrar söküb tikməyə verən qövmük. Bu səbəbdən bizlərin görüntü hər zaman mahiyyəti ehtiva etməz.

Əmir Teymurun başkəndi Səmərqəndə girməzdən əvvəl onu deyim ki, bütün mənbələr bu şəhərin üç dəfə viran qaldığından yazır. İzninizlə, mən Səmərqəndin üç dəfə deyil, dörd dəfə tar-mar edildiyini qeyd edim.

Yazılı tarixə məlum birinci dağıntı miladdan əvvəl olub. Makedoniyalı İskəndər Səmərqəndin sələfi və antik Romanın müasiri olan Əfrasiyabı yerlə yeksan edib, əhalisini qılıncdan keçirib. İskəndərin əvvəli-sonu görünməyən qoşunu bu qalanı çəyirtkə kimi basıb və torpağın üzərində nə varsa hamısını udub. Elə udub ki, bir daha bu şəhər özünə gələ bilməyib.

İndi Əfrasiyabdan Səmərqəndə bitişik bir təpə qalıb. Bu təpənin altında qala divarları, saraylar, məbədlər, mavzoleylər qalaqlanır.

Səmərqəndə İskəndərdən 1100 il sonra, ən böyük bəlanı 8-ci əsrdə ərəblər gətirib. Yadellilərə qarşı yenə müqavimət göstərən şəhər İslam bayrağı altında əsir alınaraq xarabalığa çevrildi.

Səmərqənddə atəşpərəstliyin ünlü məbədləri, Zərdüştü xatırladan bütün nişanələr yer üzündən silindi. Avestanın dəri üzərində qat-qat yazıları müsəlmanlar tərəfindən tonqala atıldı, atəşpərəst səmərqəndlilər qılıncdan keçirildi. Bəzi yerlərdə əhali öz ocaqlarını qorumaq üçün bir çox məbədləri torpaq altında basdırıb ərazini kurqana çevirdilər.

Haşiyə: Yeri gəlmişkən, qeyd edək ki, qutsal məbədləri düşməndən gizlətmək üçün üstünü torpaqlayıb kurqana çevirmək əski bir ənənədir. Keçmişlərdə bir çox məbədləri, eləcə də müqəddəs məzarları istilaçıdan bu üsulla qoruyublar. Buxarada və Xivədə İslam yürüşlərindən torpaq altında saxlanmış, əsrlər sonra tapılmış atəşpərəst məbədləri vardır. Çingiz xanın yürüşlərindən gizlədilmək üçün üstü torpaqlanıb hündür bir təpəyə çevrilmiş kurqanların altından İslam məbədləri çıxmışdır. Azərbaycanda Bakı ətrafında, Cəlilabad ərazisində, eləcə də bir çox regionlarımızda dolma təpələr var ki, onların altında nələr yatdığını bilmək tarix elmimiz üçün son dərəcə maraqlı olardı.

Beləliklə, qayıdaq Səmərqəndin üçüncü fəlakətinə.

13-ci əsrdə Çingiz xan Səmərqəndə yürüyür. Şəhərin müqavimətindən qeyzə gəlmiş Böyük Xan şəhər qalasını istila etdikdən sonra bütün hikkəsini Səmərqəndin tikililərinə tökür. Daşı daş üstdə qoymur, gözə görünən nə varsa yandırıb külünü göyə sovurur.

Səmərqənd yer üzünün növbəti bir böyük adamının tapdağında tar-mar olur.

Ah, böyüklər!!!

Dördüncü isə rus istilasıdır. Son 200 ildə Türküstanın tarixi-mədəni abidələrini dönəm-dönəm, hissə-hissə dağıdan bu fəlakət barədə vikipediyalarda, ensiklopediyalarda, sorğu materiallarında rast gəlməyəcəksiniz. Artıq müstəqil olmalarına baxmayaraq, Orta Asiya dövlətlərinin də bu nəhəng itki barədə elmi araşdırmaları rastınıza çıxmayacaq. Çünki Kreml hələ də postsovet ölkələrinin tarix elmini, arxeoloji araşdırmalarını nəzarətdə saxlaya bilir.

Putunin sovetləri bərpa etmək iddiası həm də bizim kimi keçmiş kölələrin öz tarixi bilməzliyində batıb qalması, təhsilin sınıq-salxaq olması, elmin tənəzzülü və əhalinin rus dilini yadırğamamasından keçir. Bu baxımdam, Kreml Özbəkistanda da məmnundur; elmə böyük sərmayə qoyulmur, tarix gərəkən yöndə araşdırılmır, rus məktəbləri ölkənin orta məktəblərinin 40%-ni təşkil edir.

Amma dünyanın, eləcə də Özbəkistanın vicdanlı alimləri var ki, onlar sizə Səmərqəndin rusların bolşevik lideri Frunze tərəfindən bombalandığını, şəhərin uçqunlar altında qaldığını, əhalinin göydən yağan od-alovda tələf olduğunu, sağ qalanın canını qaçırıb şəhəri tərk etdiyini, bu gün abad gördüyünüz abidələrin xarabalığa çevrildiyini və saysız-hesabsız tarixi, mədəni memarlıq incilərinin yerlə yeksan olduğunu, bu günə izinin, tozunun belə qalmadığını deyəcəklər. Hətta dünya mədəniyyətinin misilsiz nüsxələri olmuş o yapıların indi bostan əkilmiş yerlərini belə sızlaya-sızlaya sizə nişan verəcəklər.

Səmərqənd qalası da rus işğalçıları tərəfindən dağıdılıb. O minillik qala divarlarının salnamələrdəki təsvirindən başqa bir yadigarı qalmayıb.

... Ağlaşma qurulanda hamı bir yerdə ağlasa da hər kəs öz dərdinə ağlayar, deyiblər. Səmərqəndin, Buxaranın, Xivənin Frunze tərəfindən bombalanması, bu yurdlarımızda baş verən böyük fəlakətlər, qırğınlar, müsibətlər, saysız-hesabsız ölüm-itim haqqında acı söhbətləri dinlədikcə, mən də... Bakını düşünürəm... Leninin Şaumyana vurduğu teleqram yadıma düşür; əks halda, Bakını yandırın -yazırdı Lenin... Yəqin bütün qansterlərinə eyni məzmunlu teleqramlar göndərirmiş; əks halda Səmərqəndi bombalayın... əks halda, Buxaranı, Xivəni yandırın...

Türküstanın, içi Azərbaycan qarışıq, Türk dünyasının son 200 illik tarixinin bütöv şəkildə, bir can kimi öyrənilməsi, ictimailəşdirilməsi, gerçəklərin ictimai şüura köçürülməsi Türk millətinin qarşısında duran MİSSİYAdır. Bu yüksək missiya öz sahibini gözləyir. Kim kimi gözləyir, özü bilər, öz haqqıdır, mən də o görəvlə dünyaya gələcək o Böyük Adamı, öz böyüyümüzü gözləyirəm.

... Bəli, Səmərqənd! Türk dünyasının ortaq tarixini özündə cəmləyən, bütün türklərin məbədi olan Səmərqəndə dönək.

...Səmərqənd ən abad dövrünü Əmir Teymurun dövlətinin, Türküstanın, Mavərənnəhrin başkəndi olanda yaşadı. Bu, Turanın intibahı oldu. Səmərqənd elm, sənət məbədinə çevrildi, dünya elminə misilsiz töhfələr verdi, böyük alimlər yetirdi, elmlər və sənətlər akademiyası adını aldı.

Türküstan hakimi, dövləti, hökmü və tüzüyü (qanun) ilə elmin, təhsilin dayağı oldu.

Səmərqənd böyük qurucu Əmir Teymurun hökmü ilə Makedoniyalı İskəndərin, İslam yürüşlərinin, Çingiz istilalarının yaratdığı xarabalar üzərində dikəlib ayağa qalxdı. Səmərqənd bütöv bir qitənin, ucsuz-bucaqsız Asiyanın paytaxtına çevrildi. Saysız -hesabsız ölkələrin, xalqların, hökmdarların yazısı Səmərqənddə yazıldı.

Əmir Teymur Səmərqənddə nələr yaratdı, bu mövzuda bəhs edəcəm, amma indi Əmirin sevimli Səmərqəndində saldığı bağlar haqda ikicə kəlmə deyim. Bu bağça-bağlar Səmərqəndin belinə yaşıl qurşaq kimi dolanmışdı. 240 km məsafəni əhatə edirdi. O qədər əngindi ki, salnaməçilər yazır; bir dəfə memarın atı Teymurun bağlarında azır, o atı yalnız bir aydan sonra tapırlar.

Əmir Teymurdan sonra Səmərqənd əldən ələ keçir. Bir çox hakim sülalələrin başkəndi olur. Hətta 1925-30-cu illərdə sovetlərin cızdığı Özbəkistan xəritəsində belə başkənd kimi yer alır.

Qayıdaq bugünkü Səmərqəndə.

Səmərqənd turu reqistandan başlayır. Reqistan meydan deməkdir, bu söz qumluq alan mənasını verir. Qədimlərdə şəhər meydanlarına qum tökərmişlər, bunun bir çox səbəbləri varmış, bir səbəb də yağış yağanda palçıq olmaması imiş.

Bütün Türküstün şəhərlərinin registanı vardı. Şəhər həyatı o meydanda qaynayır, dövlət işləri oradan car çəkilir, bazar günü bazarları orada qurulur, xəbərlər, bəyanlar, fərmanlar oradan qanadlanır, bayramlar, təltiflər, edamlar orada səhnələnirdi.

Səmərqəndin registanında bu şəhərin rəmzi olan 3 ünlü mədrəsə yerləşir. Onlardan ən qədimi 15-ci əsrdə tikilmiş Uluq bəy mədrəsəsidir. Onunla üz-üzə duran 17-ci əsrə aid Şir-Dor mədrəsəsidir. Ortadakı isə yenə 17-ci əsrə aid Tilla-Karı mədrəsəsidir.

Fikir verin; mədrəsə, mədrəsə, mədrəsə...

Teymurilər dövründə yalnız Səmərqənddə 30-dan çox mədrəsə varmış. Bu mədrəsələr dövlət adamları, ruhanilər, alimlər, filosoflar, memarlar, sərkərdələr, diplomatlar yetişdirirdi. Dövləti idarə edənlər təhsili stimula çevirmişdi. Əmir Teymur təhsilə böyük vəsait xərcləyir, dünyanın hər yerindən ünlü alimləri, filosofları, riyaziyyatçıları, memarları bu mədrəsələrdə və ali məktəb sayılan Maxutayi-Mulloyonda dərs verməyə gətirdirdi.

Hakim ailə üzvləri ciddi təhsil alır, təhsillərini davam etdirmək üçün aylarla, illərlə sürən səfərlərə çıxırdılar.

Turanın bütün yüksəlişi bu mədrəsələrin üzərində idi...

 

Mehriban Vəzir

 

Yeni Müsavat.- 2017.- 11 may.- S.10.