Əmir Teymurun sirli Yəşim Taxtı

 

4-cü yazı

 

Stalin Teymurləngdən niyə qorxurmuş...

 

Səmərqəndin bilinən tarixi də, bəlli inciləri də, dürrləri də əsasən, Teymur və Teymurulərlə bağlıdır. Gur-Əmir - Əmir Teymurun dəfn edildiyi yer - Əmirin goru Orta Asiyanın ən ünlü ziyarətgahlarından biridir. 600 ildən çoxdur ki, bu məkana axın var. Dünyaya gəlmiş-getmiş ünlü hökmdarlar, görkəmli alimlər, şairlər, tacirlər, sufilər, dərvişlər... adı bilinən, bilinməyən kimlər... kimlər...

 

Kimlər burada olmayıb?

Bu məqbərə dəfələrlə tənəzzülə uğrayıb, zamanın sınaqlarında sarsılıb... suvağı, divarı uçub... himi, tiri, dirəyi çöküb... və yenidən dikəlib.

Çox ünlü hökmdarlar bu məqbərəni abadlaşdırmaq üçün külli miqdarda maya qoyub. Hətta, dinsiz, imansız Stalin belə məqbərənin bərpasına sovet büdcəsindən qorxunc vəsait xərcləyib. Elə bir miqdar ki, həmin vəsaitə altmış tank almaq olarmış. Özü də elə bir zamanda ki, bir medalyonun iki üzü olan sovetlərlə faşistlər müharibə edirdi.

Müharibəyə pul... pul... pul... lazımdır.

O zaman niyə? O dar macalda,1943-də, Əmir Teymur məqbərəsinin bərpasına səbəb nə idi?

Bilən bilir, bilməyən heç bilməsin, Stalin Əmir Teymurdan qorxmuş, onun ruhu qarşısında sarsılmışdı.

Gur-Əmirin son bərpa işləri isə İslam Kərimov dövrünə aiddir. Bu, konu qalsın, bu barədə uzun bir söhbətimiz olacaq.

Əmir Teymurun məzarının sirri barədə hər kəs bilir. Bu barədə çox yazılıb, çox deyilib. Ümumiyyətlə, Əmir Teymur haqqında o qədər yazılıb... Hətta adam əlinə qələm alıb söz açmaqdan qorxur. Əmir Teymur, Topal Teymur, Teymur Ləng, Axsaq Teymur, Tamerlan adları altında salnamələr, romanlar, pyeslər, monoqrafiyalar... Əmirə məhəbbətlər, nifrətlər... sayı-hesabı olmayan qədər yazılıb, deyilməyən nə qalıb ki sən də yazırsan... Amma belə deyil.

Bu konuda fikrim həm də budur; dünya durduqca Əmir Teymurdan yazılacaq, bəşərin nəfəsi gedib gəldikcə Uca Əmir öyrəniləcək... Lakin bu böyük insanın əsil mahiyyəti, şəxsi kimliyi, gizliləri, sirləri, xəzinələri sonadək açılmayacaq.

...Əmir Teymur ilə Çingiz xanın təbiətlərində və hərəkətlərində oxşarlıqlar vardır. Onların heç biri qurulu taxta çıxmayıb. Heç biri heç kimi devirməyib və ya hazır varislik almayıb. Öz taxtlarını özləri qurub, öz dövlətlərini, öz ordularını, öz iqtisadiyyatlarını, öz mədəniyyətlərini - öz sistemlərini özləri yaradıblar və dünyaya ağalıq etməyi sıfırdan - yoxsulluqdan, əsarətdən, tərk edilməkdən, məğlubiyyətlərdən və... yenilməz mərdlikdən başlayıblar.

Təbii ki, bu iki nəhəngi fərqləndirən cəhətlər də az deyil. O fərqlərdən biri də budur; yetim Çingizdən fərqli olaraq, tayfa başçısı Əmir Tarağayın oğlu Teymur yaxşı müəllimlərdən yaxşı dərs almışdı, böyük mürşidlərdən elm-irfan öyrənmişdi, yenilməz döyüşçülərin təlimləri ilə cəngavərlik məktəbi keçmişdi.

Kimsə onun kimi qılınc çala bilməz, kimsə onun kimi at belində savaşa bilməz, kimsə onun kimi elmin və sənətin qiymətini bilə bilməzdi. Eləcə də, kimsə onun kimi müharibələrin, dövlətlərin, hakimlərin, qəhrəmanların, millətlərin, tayfaların tarixini, tarixin coğrafiyasını, coğrafiyanın tarixini bilə bilməzdi.

Əmir alimlər ilə söhbət etməyi sevirdi. Dəməşqi işğal edən Teymurun həmin vaxt dövlət adamı İbn Xəldunla görüşü tarixə düşmüşdür. Çağdaş tarix elminin, sosiologiyanın, iqtisadiyyatın banilərindən sayılan, 14-cü əsr filosofu, dövlət xadimi İbn Xəldun Əmir Teymurun tarix biliklərinə təəccüblənmişdir.

...Hələ qapı ağzındayam. Hüzura girməyə ürəyim gəlmir. Nəhayət, Allah-Allah deyib Gur-Əmir qatına qədəm qoyuram. Girəcəkdə, mavi çadır altında sənduqə kimi iri, hamar, naxış cızılmış bir daş qoyulub. Əmir Teymurun saraylarından birindəki taxtı bu daşın üzərində qurulurmuş. O, bu daşın üstündə bardaş qurub oturur, fərmanlar verir, imperiya idarə edir, dünyanı yönləndirirdi.

Uca sayqı və körüklənmiş duyğu ilə Əmirin oturduğu bu daşı ötüb keçirəm.

Günbəzli odada yan-yana, baş-başa dayanmış doqquz məzar var. Bu məzarların səkkizi Əmir ailəsidir. Yan tərəfdəki tək məzar, doqquzuncu məzar Əmirin piri-mürşidi Seyyid Bərəkənin oğludur. Qan baxımından yad sayılan bu adam ailə məzarlığında dəfn edilib. Niyə? Yəqin bu da bir nişanədir. Seyyid Bərəkə Əmir üçün o qədər qiymətlidir ki, onun oğlu Əmirin oğulları, nəvələri, nəhayət özü ilə bir məqbərədə uyuyur.

Lakin məsələ bu yaxınlıqla bitmir. Əmir Teymurun zamanında, ondan əvvəl və sonra da belə bir inanc var ki, müqəddəslərin qəbri toxunulmazdır. Onların yatdığı yerə heç kəs, hətta düşmən belə əl uzatmaz. Uzadarsa, kimsə qudurub belə azğın fikrə düşərsə cəzasını Allahdan alar. Bu səbəbdən əliqanlı hökmdarlar öz şəcərələri ilə birgə böyük pirlərin, mürşidlərin, seyidlərin ayaqları altında dəfn olunmağı vəsiyyət edirdilər. Əslində isə bu müqəddəs məzarların arxasında barınırdılar. Düşməni çox olanlar bununla öz məzarlarını sığorta etməyə çalışır və edirdilər də.

Bu səbəbdənmi Seyid Bərəkənin oğlu Teymur ailəsi ilə birgə uyuyur? Yoxsa Əmir piri-mürşidinin oğlunu öz oğlu kimi bilirdi? Bilmirəm, düzünü Allah bilir.

Əmir Teymurun və 7 nəfər oğul və nəvələrinin qəbrini seyid məzarından kiçicik, mərmər bir çəpər ayırır. Seyidin qəbrinin böyrünə tuğ sancılıb. Tuğ, bu məzarda müqəddəs adam yatır mənasını anladır.

Əlbəttə, məlum ki, bu məqbərənin bu qatında olanlar rəmzi məzar daşlarıdır. Əsil qəbirlər eyni düzənlə məqbərənin zirzəmi qatındadır.

Əmirin rəmzi məzarının üzərində tünd yaşıl nefrit - yəşim daşı durur. O qədər yaşıldır ki, gözə qara görünür. Yəşim, zatən, qiymətli daşdır, bu boydası isə yəqin dünyanın nadir nüsxəsidir.

Deyirlər, Əmir bütün yürüyüşlərinə bu daşı özü ilə apararmış, səfərlərdə bu daş üzərində taxt qurdurar, üstündə bardaş qurar, bəzən isə elə oradaca uyuyub qalarmış.

Əmir bu ağır yükü niyə özü ilə dünyanın o başından bu başına daşıyırdı? Üç il, beş il, yeddi il çəkən səfərlər, min-min ağac yollar, susuz səhralar, xəncər kimi kəsən çovğunlar, nəfəs təntidən bürkülər... hələ tək bircə dəfəsində Toxtamışın ardıyca dörd ay sürünmələr... yorğun düşmüş ordu, tükənmiş azuqə...

Əmirin Yəşim Taxtının bir hekayəsini danışım bu yerdə; deyirlər, Nadir Şah Avşar Əmir Teymuru çox diqqətə alarmış, hətta özünü onunla qiyaslarmış. Onun fəthlərini, gedişlərini, vərdişlərini öyrənər, onun yerişini yeriyərmiş... Nadir şah öz şöhrətini Əmir qədər tarixə nəqş etmək üçün hətta Hindistana belə hücum çəkmişdi.

Nadir Teymurun adı dillərə dastan Yeşim Taxtı haqqında çox eşitmişdi.

Günlərin bir günü idi... Əmir Teymurun bu dünyaya gəlib getməsindən artıq 250 il keçirdi. Türküstan bizim Nadirin ayaqları altında qalmış, teymurilər taxtdan və gözdən düşmüşdü. Şöhrətinin zirvəsinə yetən Nadir şah Avşar bir gün hökm verir; Teymurun Yəşim Taxtı - o qiymətli və nəhəng nefrit daş hüzuruma gətirilsin.

Ləbbey. Gətirilir.

Nadir şah adına yaraşan dəbdəbədə törən qurur. Əyan, əşrəf, əsnaf, üləma dörd dövrəsini sarır. Qara qullar Əmir Teymurun Yəşim Taxtını təxti-rəvan içində hüzura gətirirlər. Sarayın ortasında düşürüb əlvan xalının üzərinə qoyurlar. Hər kəsin gözü Əmirin taxtına dikilir. Eyy gidi dünya!

Yaltaqlar bir-birinə aman vermir, mədhiyyələr deyilir, şahın ucalığından bəhs edilir; Şahım, o bir əmir idi, sən cahan şahısan! -deyə ulaşırlar. Nadir şah muradına yetmiş, əhdini almış bir təkəbbürlə Yəşim Taxta sarı yeriyir. Baxışlarında böyüklüyünün, yenilməzliyinin əzmi var. Üzünü Yəşim Taxta tutub Əmir Teymura səslənir;

- Ey qüdrətli Əmir Teymur! Bumudur sənin taxtı-rəvanın. Dünyanın bu başından o başına daşıdıb apardığın Yəşim Taxt? Eşit! İndi bu cahanın hökmdarı mənəm! Sənin taxtın mənim ayağımın altındadır!

Həşəmətli Nadir şah bu sözləri deyib yenilməz bir vüqarla ayağını Yəşim Taxta basır.

Həmin an Yəşim Taxt dəhşətli bir gurultu ilə parçalanır Bu partlayışdan sanki sarayın sütunları qopub başlara tökülür, günbəzlər, tağlar, himlər yerə enir, elə bil göy guruldayır, ildırım çaxır...

Şaşırmış Nadir heyrətlər içində geri çəkilir. Nə baş verdiyini anlamayan əyanlar, əşrəflər, əsnaflar, üləmalar... sarsılmış halda sarayın arxa divarlarına sığınırlar. Bəziləri heyrətdən diz çöküb səcdəyə qapanır, bəzilər əllərini göyə açıb Allahı imdada çağırır...

Nadir şah böyük təşviş və pərtlik içində pozulmuş törəni tərk edir.

Ertəsi gün Əmir Teymurun Yəşim Taxtı haqqında Nadir şah Avşarın ikinci fərmanı duyulur; Yəşim Taxt Səmərqəndə geri qaytarılsın və toxunulmaz elan edilsin.

Beləliklə, Əmirin Yəşim Taxtını gətirib Səmrəqəndə, dəfn edildiyi məqbərənin üst qatına, məzarının tuşuna qoyurlar.

Bu dastan dünyaya yayılır. Nadirdən sonra gəlib getmiş, Səmərqəndə sahib çıxmış, xəyallarında Uca Əmirlə bəhsə girmiş hakimi mütləqlərdən kimsə Yəşim Taxta əl uzatmağa cəsarət etmir.

Gur-Əmirdə dayanan o daşa diqqətlə baxın; bir necə yerdən sarsılıb, lakin yenidən calanaraq Əmirin xidmətinə geri dönüb.

Əmir üçün Yəşim Taxtın dəyəri nədə idi? Maliyyətindəmi? Çox böyükdür, Yer üzündə misli yoxdur, dedik. Amma Əmirin sərvəti önündə bu nə qiymətdir ki... Bəlkə başqa bir səbəb...

Yəşim daşının - nefritin özəlliyi çoxdur, Avropada ona bel daşı və ya böyrək daşı deyirlər. Kürəyi, beli, böyrəyi ağrıyanlar bu daşdan üzük, bilərzik, yaxalıq taxır. Orta Asiya - Türküstan xalqları bu daşı mərdlik rəmzi saymışlar. Mərdlikləri sarsılmasın deyə onu özləri ilə gəzdirmişlər. Uzaq Şərq xalqlarının inancına görə Yerdəki fövqəltəbi halları səmadan Nefrit imperatoru idarə edir, bu daşı sinəsində gəzdirənlər idarəetmədə cəsur və qorxmaz olur. Çinlilər nefriti evlərində paklığı qorumaq üçün saxlayırlar.

Daha nələr... daha gizlilər... yəşim aşırıya qaçan duyğuları dəngələyir... qəzəbi soyudur, ağıllı qərar verməyə sövq edir.

Yəşim... ədalət, cəsarət və müvazinət duyğuları verir...

Yəşim... nitqi cilalayır... zehni açır... natiqlər və hocalar bu daşı boyunlarında gəzdirərmişlər...

Yəşim böyük qələbələrin, hədsiz zənginliyin, hakimiyyətin təkəbbür gətirməsindən xilas edir insanı...

Yəşim insanı öz zəhərindən təmizləyir...

Əcəba, Böyük Əmir, qitədən qitəyə hakim, ən güclü, ən zəngin, ən üstün... bu yolla, bu üsulla özünə nəzarət edirdimi, nəfsinin, hirsini qəzəbinin, arzularını nizamlayırdımı?

Bilmirəm. Düzünü Allah bilir.

Bu konuda bildiyim budur; dünya durduqca Əmir Teymurdan yazılacaq... bəşərin nəfəsi gedib gəldikcə Uca Əmir öyrəniləcək... lakin bu böyük insanın əsil mahiyyəti, şəxsi kimliyi, gizliləri, sirləri, xəzinələri sonadək açılmayacaq.

 

Mehriban Vəzir

 

Yeni Müsavat.- 2017.- 13 mart.- S.10.