“O filmdən sonra

elə bil başıma hava gəlmişdi”

 

Əməkdar artist, Azərbaycanın sevimli aktyoru Əjdər Həmidov ötən ay xəstəxanaya yerləşdirilmişdi. Aktyor nevroz diaqnozu ilə 10 gün xəstəxanada müalicə aldıqdan sonra, özünün də dediyi kimi, birbaşa səhnəyə qayıtdı. “Yeni Müsavat”ın əməkdaşı onunla çalışdığı Akademik Milli Dram Teatrında görüşərək söhbətləşib. Müsahibəni təqdim edirik:

 

- Hazırda səhhətiniz necədir?

- Şükür, yaxşıyam, işə çıxıram. Bir qədər təzyiqlə, havaların dəyişkən keçməsi ilə əlaqədar yüksək təzyiqlə xəstəxanaya getmişdim. Təsəvvür edin ki, təzyiq 260 idi.

- Yəni havaların dəyişkən keçməsi səhhətinizə təsir edib. Amma bəziləri düşündü ki, bəlkə işdə və yaxud şəxsi həyatınızdakı problemlər buna səbəb ola bilər.

- Yox, bilirsiz, mən 10 il bundan əvvəl insult keçirmişəm. 10 il idi ki, sakitlik idi, hər şey normal idi. Amma sözün düzü, bir qədər səhlənkarlıq etdim, dərmanları atdım, onlardan istifadə etmədim. Təzyiq dərmanları da elədir ki, gərək onları ömrünün sonunadək istifadə edəsən. Mən də buna əməl etmədim, o da öz təsirini göstərdi. Həm də dediyim kimi, may ayı adətən dəyişkən keçir, qan, sinir xəstələri üçün bu təhlükəlidir. Hava dəyişən kimi, heç nə olmadan əhvalım dəyişir. Amma bildiyiniz kimi, bir filmim var, “Hər şey yaxşılığa doğru”, məndə də hər şey yaxşılığa doğru gedir. Həkimlərdən çox razıyam, onlar əllərindən gələni etdilər ki, tez bir zamanda ayağa qalxım. Xəstəxanadan çıxandan teatrda 5 tamaşa oynamışam. Bu gün isə 6-cı tamaşanı - “Nazirin xanımı” oynayacam.

- Amma həkimlər sizə bir müddət, ən azı mayın sonunadək səhnəyə çıxmağa qadağa qoymuşdu.

- Əslində hə, mənə tapşırmışdılar ki, “Oynama, səhnədə vəziyyətin ağırlaşa bilər”. Mənə də həyəcan, gərginlik, olmaz. Amma bilirsiz ki, biz səhnəsiz qala bilmirik. Allaha dua edib səhnəyə çıxdım, şükür ki, heç bir tamaşada heç bir hadisə baş vermədi. Əksinə, səhnə hardasa ağrı-acıları insana unutdurur. Yəni mən səhnəyə çıxanda hiss etmədim ki, xəstəyəm. Normal, əvvəl tamaşaları necə oynayırdımsa, indi də o cür başa vurdum.

- Mütəmadi tamaşlarda olsanız da, son filmlərdə sizi görə bilmirik. Halbuki, son vaxtlarda çoxlu sayda komediya filmləri çəkildi...

- Əvvəla, filmə çəkilmək aktyorun özündən asılı bir məsələ deyil. Gərək rejissor dəvət etsin. Həm də mən son olaraq “Kişi sözü” serialında iştirak etdim. Serial çox qısa zamanda başa çatdı. İndi də gələn ay üçün başqa bir seriala dəvət almışam. Yəni işləməyi sevən adamam, heç zaman işdən qaçmamışam. Hara dəvət ediblər, istər kino, istərsə də veriliş olsun, getmişəm, fasiləsiz işləmişəm. Teatrda da tamaşalarım çoxdur. Hazırda 3 gün ardıcıl olaraq tamaşalarda olacağam. Mən öz işimi çox sevirəm. İş, yaradıcılıq mənim üçün hər şey deməkdir.

- Tamaşaçılar sizi daha çox “Kişi sözü” filmindən Qasım kimi tanıyır.

- Bəli, o, mənim ilk filmim, rolumdur. Yəni o filmlə mən kinoya gəlmişəm. İndi bəlkə də qismət, alın yazısıdır, bilmirəm, hər halda mənim taleyimə bu yazıldı və mən ilk filmdəcə baş rola çəkildim. Bu da hər aktyora qismət olan bir şey deyil. Ondan sonra mütəmadi olaraq, bir-birinin ardınca silsilə filmlərə çəkildim. Say etibarı ilə mənim 22 filmim var. Həmin filmlərin də demək olar ki, yarısında baş rola çəkilmişəm, görkəmli rejissorlarla işləmişəm. İlk olaraq Cahangir Mehdiyevin “Kişi sözü”, “Gənc qadının kişisi”, “Girişmə, öldürər”, “Hacı Qara” filmlərində, sonralar isə Vaqif Mustafayevin filmlərinə çəkilmişəm. O cümlədən “Hər şey yaxşılığa doğru”, “Yerlə göy arasında”, “Milli bomba” və son olaraq “Yoxlama” filmi. Həmin filmdə bildiyiniz kimi baş rolda çəkilmişəm. Bu film böyük işdir. Sonra isə başqa rejissorların, Mərahim Fərzəlibəyovun da “Mənim şəhərim” filminə, seriallara çəkilmişəm (gülür). Yəni mənim baş vurmadığım yer yoxdur.

- “Yoxlama” filmində öz işinə inadlı şəkildə sədaqətli olan müfəttiş obrazını canlandırmısız. Maraqlıdır, qarşınıza bu cür müfəttişlər çıxıbmı, inanırsızmı ki, hazırda bu cür məmurlar var?

- Əlbəttə ki, təkcə vergidə deyil, hər bir işdə işinə vicdanla yanaşan məmurlar var. Hər peşədə bu cür insanlara rast gəlmək olur. Rejissor bu cür obrazları hər aktyora vermir. Yəni o mənada ki, araşdırır görsün aktyorun xarakteri ilə obrazın xarakteri uyğun gəlir, ya gəlmir.

- Yəni o inadkarlıq sizdə də var.

- Daxilən var. Vaqif Mustafayev elə-belə, bir dəfə baxmaqla qərar verməyib ki, həmin obraza Əjdər Həmidov çəkilsin. Aylarla fikirləşib, sonda qərar verib. Həmin obraz üçün çoxlu sayda namizədlər olub.

- Məsələn, bilmirsiz kimlər namizəd olub?

- Rus aktyorları var idi. Hətta son anda, - halbuki mən baş rola təsdiq olunmuşdum, - Vaqif Mustafayev məndən imtina etmək istədi.

- Səbəb?

- Səbəb o oldu ki, nə qədər mənə cürbəcür qrim etdilərsə, həmin obraz alınmırdı. Məni qrim edən mütəxəssis Polşadan dəvət olunmuşdu. Həmin adam məşhur “Pianist” filminin qrim ustası Tomas Makrateş idi. O, filmin sonuna qədər məni qrim etdi. Nəsə mənim qrimim, geyimim Vaqif Mustafayevin xoşuna gəlmədi. Obrazla mənim görkəmim ziddiyyətli oldu. Və mən hiss elədim ki, rejissor məni filmə çəkmək istəmir. Dedim ki, “Vaqif müəllim, əgər məni çəkmək istəmirsizsə, niyə məni də, özünüzü də yorursuz, əgər uyğun gəlmirsə, burda bir problem yoxdur”. Sonra qrim ustası məni otağına çağırdı, biz uzun-uzadı söhbət etdik. Və ümumi bir məxrəcə gəldi ki, hansı qrim olsun. Fikir vermisinizsə, filmdə mənim saçlarım rəngli, qıvırcıq idi. O vaxt mən bığ saxlayırdım, onu da ləğv etdik. Sonra hazır vəziyyətdə, geyimdə məni Vaqif müəllimə göstərdi. Vaqif müəllim baxan kimi dedi ki, “hə, mən bunu istəyirdim, əgər belə olarsa çəkirik”. Beləliklə təsdiq olundu, mən də filmə çəkildim. Sizə deyim ki, film çox əziyyətli oldu.

Moskvadan məni əvəz edən 3 kaskadyor dəvət edilmişdi. Onlar mənim yerimə çətin səhnələri yerinə yetirməli idilər. Amma əslinə qalsa onların hamısını mən etdim, kaskadyorla razılaşmadım və Vaqif müəllimdən xahiş etdim ki, icazə versin onların hamısını özüm edim. Doğrudur, Vaqif müəllim icazə vermək istəmirdi, çünki qorxulu səhnələr var idi. Hətta bir dəfə zarafat etdi ki, “özün cəhənnəmə, kino yarımçıq qalar”. Mən də inadkarlıq etdim. Amma inadkarlığım mənə baha başa gəldi. Bir səhnə edirdik, məni kəndirlə yerdən beşmərtəbəli binanın damına qaldırırdılar. Və mən o yüksəklikdən qorxdum, ağır stress keçirtdim, xəstələndim. O filmdən sonra iki il xəstə yatmışam. Elə bil ki, başıma hava gəlmişdi, havalanırdım. Hətta Bakını iki il tərk etməli oldum, getdim rayonda yaşadım. Daha sonra məni insult vurdu. Bütün bunlar o qorxunun, stressin nəticəsi idi. Şükürlər olsun ki, həkimlər məni ayağa qaldırdılar.

- O stressi keçirdikdən sonra belə çəkilişlərə davam etdiniz.

- Bəli, xəstə vəziyyətində çəkildim. Filmin sonları idi. Lakin film bitdikdən sonra dözə bilmədim, iki il Bakını tərk etdim. Hətta elə anlar oldu ki, iki dəfə intihar etmək istədim (qəhərlənir). Yəni o dərəcədə mən xəstələnmişdim.

- Bu cür halları bir çox məşhur aktyorların həyatında da görürük, rast gəlirik. Bu sənət aktyorların ömrünü qısaldır, sağlamlığını, hətta həyatını əlindən alır. Bunları nəzərə alaraq sənətinizdən peşmançılıq çəkməmisiz?

- Yox, peşman deyiləm. Ona görə ki, baxıb görürəm ki, mənim əməyim heç də puça getməyib. Mən iş görmüşəm, elə-belə xəstələnməmişəm ki. O qədər olub ki, filmlərdə aktyorlar xəsarət alır, sağlamlıqlarını itirir, hətta dünyasını dəyişənlər olur. Məndə də belə bir şey baş verdi. Doğrudan da mən iki il əzab çəkdim. Amma məni həyata qaytara bildilər. Sonra isə 10 il normal həyat yaşadım. Amma gördüyünüz ki, o gərginliklərin təsirləri qaldığından mən yenə də xəstəxanaya düşdüm. Xəstəxanada mən 10 gün yatdım.

- Və xəstəxanadan birbaşa yenə də sənətinizə qayıtdınız.

- Xəstə-xəstə gəlmişəm teatra, gündə iki tamaşa oynamışam.

- Bəs ailəniz buna görə narazılıq etmir?

- Yox. Çünki narahatçılığa bir əsas yoxdur. Bu mənim işimdir. Əgər bilməsəydim, “arxı tullanmazdım”... Həmin filmdə elə səhnələr var idi ki, məni maşına sarıyırdılar, maşın da məni sürətlə sürüyürdü. Sonra məni qayadan aşağı atıblar, quyulara düşmüşəm, turbalardan keçmişəm və sairə. Yəni, filmdə ağır səhnələrdə olmuşam, çox xəsarətlər almışam. Demək olar ki, çəkilişlər zamanı mənim bədənimdə sağ-salamat yer olmayıb. Bütün qollarım, ayaqlarım zədələnmişdi, bədənim yaralı idi. Hətta filmdə bir yer var idi, gəminin lükundan çıxıb qaçmalı idim. Sən demə, lükun ətrafında kəsilmiş dəmir parçası qalıbmış. Qaçanda həmin dəmir mənim ayağımı kəsib parçaladı. Məni təcili xəstəxanaya gətirib, ayağımı tikdilər. Əlbəttə ki, bu çəkilişdir, işdir, sənətdir, bütün kinolarda baş verir, aktyorların başına gəlir. Amma düşünürəm ki, mən həyatımı, günlərimi boşa verməmişəm, nəsə etmişəm, pərvanə kimi özümü oda vurmuşam.

- Bəs tamaşaçılarınızdan razısızmı?

- Çox razıyam. Tamaşaçılar məni çox istəyir, sevirlər. Mən bu sevgini küçəyə çıxanda görürəm. Bu dəfə xəstəxanaya düşəndə mənə çox zənglər edilirdi, tanımadığım insanlar mənimlə əlaqə saxlayıb, hal-əhval tuturdular.

- Amma gileyləndiyiniz tamaşaçılar da var. Bir dəfə demişdiz ki, bəzən yolda tamaşaçının yersiz zarafatı ilə də rastlaşırsız.

- Olur belə şeylər, insandır da. Bəlkə də tamaşaçı o yersiz zarafatı edəndə düşünmür ki, etdiyi yersizdir. Amma hər halda yerinə düşməyən zarafatlar da olur.

- Dolanışınığınızdan necə, razısızmı?

- Mən həmişə dolanışığımdan razı olmuşam. İşləmişəm, iş zamanı da bilirsiz ki, pul da olur. Evdə tənbəl otursan kim sənə pul verər? Filmlərdən pul qazanmışam, teatrdan maaş almışam, prezident mükafatına layiq görülmüşəm. Həmişə geyimim, şəraitim, maşınım, evim olub. Tanrımdan çox razıyam, mənə çox şey verib. Sənətim, işim, balalarım, nəvələrim var, el şənliklərində oluram. Daha nədən narazı qalım? Bircə narazı qaldığım xəstəliyim olub, onu da qeyd etdiyim kimi, bu da işimlə bağlıdır.

- Bir qədər öncə el şənliklərindən danışdız. Siz də toylarda iştirak edirsiz?

- Toyda elə aktyor olar da. Söz sənəti aktyorun işidir. Sözü aktyor deyir, məclisi idarə edir. Əgər toy sahibi etibar edib deyirsə ki, gəl mənim məclisimi idarə et, bunun özü şərəfdir, aktyor üçün böyük hörmətdir. Burda qəbahətli bir iş yoxdur. Türkiyə, Rusiya və digər bütün ölkələrdə də belədir, məşhur aktyorlar, müğənnilər toylarda iştirak edirlər. Digər tərəfdən də toy istər müğənni, istərsə də aktyor üçün biznesdir. Əgər orda pul varsa, mən niyə getməyim? Mən universiteti bitirəndən bu günə qədər, 30 ildir toylarda iştirak edirəm. Bu mənim nəyimi əlimdən aldı? Yəni mənim sənətimə mane olmayıb. Sənətimdən kənar ayrıca biznesimdir. Əslinə qalsa, elə mən toylarla dolanmışam. Toylarda iştirak edə-edə filmlərə çəkilmişəm, teatrlarda tamaşalarımı oynamışam.

- Nəyə peşmansız?

- Heç nədən peşman deyiləm, bunu səmimi deyirəm. Nə etmişəmsə düz etmişəm, sənətimi düz seçmişəm və Allah mənə can sağlığı versin, bu sənəti yenə də böyük şövqlə davam etdirim.

 

Xalidə GƏRAY

 

Yeni müsavat.- 2017.- 22 may.- S.13.