“Mən Cümhuriyyətimizin 100
illiyinə 50 ildir
hazırlaşıram”
Cümhuriyyətimizin 99-cu
ildönümü ərəfəsində böyük
araşdırmaçı alim, dəyərli ziyalımız,
jurnalistikamın ağsaqqalı Şirməmməd
Hüseynovla görüşdük. Yaşı 93-ə adlasa da, yenə də
işgüzarlığından qalmır, hər gün 8-10
saat yazı masasının arxasında işləyir, arxivə
gedir, həftədə iki dəfə universitetdə
mühazirələr oxuyur bu fenomen şəxsiyyət. Özü də Məhəmməd Əmin Rəsulzadə,
digər Cümhuriyyət qurucuları, Azərbaycan Demokrat
Cümhuriyyətinin tarixi barədə danışdıqca
şövqə gəlir, üzü gülür, qəlbən
yaşayır o illəri. Danışdıqca mənə elə
gəldi ki, Şirməmməd müəllimin
uzunömürlüyünün səbəbi həm də
Cümhuriyyətimizə, onun tarixinə, işinə olan
sevgisi, məhəbbətidir.
- Şirməmməd müəllim,
özünüzü daha çox harada rahat hiss edirsiniz,
auditoriyada, yazı masası arxasında?
- (Cümhuriyyət qurucularına işarə edir) Bu
kişilərlə oturub-durmaqdan böyük səadət
yoxdur. Bunlar dünyanı dəyişiblər, bizə
dövlət yaradıblar. Məhəmməd
Əmin deyir insan övlad dünyaya gətirir, millət
dövlət dünyaya gətirir. Millətin
övladı dövlətdir. Fərd
övladına hamilə olduğu kimi, millət də dövlət
yaratmaq üçün hamilə olur. Millətin
də dövlət yaratması üçün gərək o
millət həddi-buluğa çatsın. Üzeyir bəy Cümhuriyyətimizin 1
yaşında nə yazsa, yaxşıdır? Deyir, mayın 28-də Azərbaycan dövləti
doğdu. Sözə bax e... İnsan niyə
dünyaya övlad gətirir? Nəsli davam
etdirsin, həm də qocalanda ona xidmət eləsin. Millət də dövləti ona görə
yaradır ki, o millətin torpağını, vətənini,
varlığını qorusun, ona insan kimi yaşamaq şəraitini
yaratsın. Özgədən adama ata-ana
olmaz. Millətin doğma övladı onun
öz müstəqil dövlətidir. Qıraqdan
gələn səni soymağa, işlətməyə, əsir
etməyə gəlir. İndi millətdə bu təfəkkürü
yaratmaq lazımdır ki, a kişi,
doğmaq, millət, dövlət yaratmaq lazımdır...
- Dövlətimiz var. Daha nə etmək
lazımdır?
- Müəyyən
nəsil dövləti yaradır, gələcək nəsil o
dövlətin sayəsində yaşayır. İndi
bəzən o nəvə-nəticələr, kötücələr
o dövləti yaradanları lazımınca qiymətləndirməyi
bacarmırlar. Elə bilirlər ki... Deyir,
“it ağac kölgəsində yatar, elə bilər öz
kölgəsidir”. Elə bilirlər ki, bu
hazır şeyi bunlar yaradıblar. Özündən
əvvəlkilərə ağız büzürlər. Bəzisi böhtan atır. Bu, ona bənzəyir
ki, bir adam öz ata-anasına, onu yaradana,
onu dünyaya gətirənə alçaqlıq eləyə. Dövlət millətə xidmət etmək, onu
yaşatmaq üçündür. Övladıdır
da. Ona görə kimə səcdə etmək
lazımdır? Millətə, torpağa.
Cümhuriyyət dövründə Məhəmməd
Əmingilin üç şüarı var idi. Birincisi, bu millət bu dövləti o vaxt
yaşadacaq ki, o başa düşəcək ki, bu vətən
də onundur, bu millət də onundur, bu dövlət də.
Yəni özününküdür.
Görürsən Üzeyir bəy nə yazır: “Hər
şey özümüzündür”. Fasilə məsələsi
var e, onu xüsusi vermək lazımdır. Bəziləri
deyirdi ki, Cümhuriyyət iflasa uğradı, süqut etdi, ya
nə... Məhəmməd Əmin deyir
süqut-zad havayı söhbətdir, fasilə olub. Gəlib bizi işğal ediblər, amma biz o fasiləni
aradan qaldıracağıq.
- 70 illik fasilə?
-
Qaldırdı, ya yox? İndi uzaqgörən kimə
deyərlər, soruşuram səndən? Bu
cür siyasət adamlarına uzaqgörən deyərlər.
Bu deyir ki, fasilə olub, biz də bu günü
yaşayırıq. Onda niyə deməyək ki, eşq
olsun sənə, 1955-ci ildə dünyanı dəyişmisən,
amma hələ 29-cu ildə demişdin ki, ay cavanlar,
vallah-billah bu dövlətdə yaşayacaqsınız! Dedi
ki, bu ideyanı, müstəqilliyi xalqa daddırdıq. Uşağa şirnini dadızdırandan sonra əlindən
almaq olmaz. Millət müstəqil dövlət
həyatını yaşayandan sonra gərək ziyalılar o
fikri o millətin canından çıxmağa qoymayalar.
Hüseyn Caviddən tutmuş digər
ziyalıları niyə güllələyirdilər? Müstəqil dövlət həyatı yaşamaq məfkurəsini
bu millətin canından çıxmağa qoymadılar.
Məhəmməd Əmin deyir, ey gənclik, sən bu dövləti
yaşadacaqsan, o bayrağı bir də qaldıracaqsan!
İndi İlham Əliyev o bayrağı 160 metr qaldıranda
gedib o kişini durğuzacam ki, dayı, sən deyirdin ki, o
bayraq parlamentin üzərində dalğalanacaq, əşi,
indi 170 metr hündürlükdə dalğalanır e! Mən niyə yazıram bununla fəxr etmək
lazımdır? Elə şeylər var ki,
tarixi biləndən sonra ona məhəbbətin olur. Xırda məsələlərə diqqət eləmək
lazım deyil. Bilmək lazımdır ki, Vətən
də bizimdir, millət də, dövlət də. Dövləti idarə edənlər bu tezisi bilməlidir.
Elə etməlidir millət doğrudan da fəxr
eləsin ki, əsl yaşayış milli müstəqil
dövlətdədir. Əsas budur ha... İndi
bunun üçün də hər şeyi dövlətdən
istəmək olmaz. Kennedinin məşhur
sözü var. Deyir, Amerika mənə nə verib yox, gərək
sual verəsən, sən Amerikaya nə vermisən? İndi sən millətə nə vermisən. Həsən bəy Zərdabi deyir
çırmanıb suya girən lazımdır ki, qabağa
getsin, canını versin, bu milləti yetişdirsin, onu azad
etsin. Ona görə də Məhəmməd
Əmin Rəsulzadə Axundovdan, Zərdabidən, Sabirdən,
Əli bəydən, Əhməd bəydən, Üzeyir bəydən
başlayırdı. Ədəbiyyatını,
qəzetini, mədəniyyətini, musiqisini yaratdılar.
Məhəmməd Əmin yazır ki, Şərq xalqları
arasında 25 il içərisində öz ədəbiyyatını,
mətbuatını, məktəbini, mədəniyyətini, təşkilatlarını,
partiyalarını, dövlətini yaradan ikinci bir millət
yoxdur. 100-200 il ərzində edənlər
var, amma 25 il ərzində yox. Yazırdı
Şimali Azərbaycanın 25 ildə gördüyü işi
dünyada görən ikinci xalq yoxdur ki, 25 ildə
görsün. Üzeyir bəy də
yazırdı ki, Allah bizim millətə çox böyük
istedad verib, şərait olsa, bizim millət dünya mədəniyyətinə
incilər verəcək. Avropa Oyunları
ilk dəfə harda keçirildi? Azərbaycanda.
İslam Oyunları harda keçirildi? Azərbaycanda. Baxırsan ki,
inkişafa meyl, yenilik hissi, özünü millətlər
içərisinə salmaq hissi təbiətində var e.
Böyük hissdir, bu hisslə yaşamaq lazımdır.
Mən niyə çox işləyirəm?
Təsbeh çevirməklə, avara gəzməklə,
boş danışmaqla iş olar? Kimin əlindən
gəlirsə, öz milləti üçün, vətəni
üçün etməlidir.
Şirməmməd müəllim hazırda iki cildlik
“Odlu yurd” kitabından Məhəmməd Əmin Rəsulzadə
ilə bağlı seçmələri nəşrə
hazırlayır.
- Bu ilk
cilddən Məhəmməd Əminin bir cildi çıxacaq.
İndi bunu işləmək lazımdır.
Mən yavaş-yavaş qəzetdə çap
etdirirəm. Amma əsas məsələ
bunu çap eləmək deyil, həm də onu oxutmaqdır.
- Oxuyan varmı?
- Bəs
nə? Mən indi yazılarımı qəzetə ki, verirəm
e... “525-ci qəzet”in şənbə nömrəsi
təxminən 4 min nüsxə çıxır. 4 min adam oxuyur da. Üstəlik, elektron variantı
var. İllərdir “Azərbaycan” qəzetindən
yazdığım 3 cildlik “Parlament hesabatları və şərhlər”
kitabları orda hissə-hissə çap olunur. Niyə?
Oxuyan olsun da. Nəşriyyat
kitaba qiymət qoyub, biri 20 manatdır. Kim
buna 20 manat verib alacaq?
- Şirməmməd müəllim,
prezident İlham Əliyev Cümhuriyyətimizin 100 illiyinin
dövlət səviyyəsində qeyd olunması ilə
bağlı sərəncam imzalayıb. Bəziləri orada konkret adların göstərilməməsindən
narazılıq edir...
-
Dünya dövlətləri Azərbaycan prezidentinə təbrik
məktubları yazırsa, bu, həm də millətə
ünvanlanmış məktubdur da. Bundan böyük fəxr
nə ola bilər? Bir az
geniş düşünmək lazımdır. Ay filankəsin
adı yoxdur... Ayə, yoxdur, yoxdur da...
- Şirməmməd
müəllim, on illərdir
araşdırdığınız rəhmətlik Məhəmməd
Əmin bəyi hərtərəfli tanımaq imkanı
qazanmısınız. Əgər o, bu
gün sağ olsaydı, Xalq Cümhuriyyətimizin 100 illiyinin
keçirilməsi barədə imzalanan sərəncama necə
reaksiya verərdi?
- Əla!
Əgər orda bircə cümlə varsa ki, 100
illik yubiley dövlət səviyyəsində qeyd olunsun, deməli,
bu, dövlət bayramıdır, bildin? Rəsulzadə
bu bayrağı parlamentin üstünə
qaldırmışdı, İlham Əliyev də o
bayrağı 162 metr yüksəkliyə qaldırdı.
- Yəni bu sərəncamdan sonra Rəsulzadənin
də ruhu şaddır, eləmi?
- Bəs
necə? Mənə o lazımdır. Vaxtilə
deyirdilər ki, yoxdur bu millətin imzası imzalar içində...
Millətimin imzası var millətlər içində! BMT-nin Təhlükəsizlik Şurasının
üzvü olduq, 1 ay sədrlik etdik. A kişi,
155 dövlət sənə səs verdi, sən niyə bunlarla
fəxr eləmirsən, qurdalayırsan ki, filankəsin adı
niyə burada yoxdur? Adı da olsaydı, deyəcəkdilər
niyə filankəsin adı ikidə deyil, üçdədir?
(Gülür). Bunlar uşaq
oyunlarıdır, gədə-güdə söhbətidir,
geniş düşünmək lazımdır. Əsas məsələ Məhəmməd Əminin
və Üzeyir bəyin dedikləridir, Vətən də
bizimdir, millət də bizimdir, dövlət də bizimdir.
Qurtardıq e! Əsas budur. Üzeyir bəy
yazırdı ki, “özümüzük e...” A kişi,
heç bundan böyük şey olar? Soruşuram səndən...
- Doğrudur, millətlər var
dövlətləri olsun deyə, əsrlərdir mübarizədədirlər...
- Bəs necə? Kürdləri
görürsən nə oyunlar çıxarırlar? Yəhudiləri görürsən? Hindistanda
millət var ki, 100 milyondur, dövləti yoxdur, a kişi! Çində 35 milyon uyğur var. Sən
10 milyon olacaqsan, müstəqil dövlətin var, Allahına
şükür elə də! (Gülür).
Məhəmməd Əmin deyir ki, bir millət gərək
əzmlə, iradə ilə, şövqlə
yaşamağı bacarsın. Şövqlə
yaşamayan millət bir şey yarada bilməz, bildin,
qardaş? Biz bir az geniş
düşünməliyik. Müstəqillik əldə
etmişik. Amma bu müstəqilliyi idarə
edənlər sovet dövründən qalanlardır. Müstəqillik dövrünün kadrları hələ
təzə yetişir, 25 ildir. Mən
Çingiz Aytmatovdan soruşdum ki, bizim Avropa səviyyəsində
idarə olunmaq mexanizmi nə vaxt yaranacaq? Dedi, 5-6 nəsil
sonra. Qardaş, Cümhuriyyət cavandır da.
Dövlət neçə min il
yaşayır e... Onda 25 yaşlı cavan
dövlətdən nə istəyirsən? İran dövləti 2750 illiyini bayram elədi.
Türklər 2085-ci ildə Türkiyə
adlı dövlətin min illiyini bayram edəcəklər.
Qardaş, gərək bunları başa
düşəsən. Azərbaycan adlı
dövlətimiz olmayıb axı. Bunlar
yaratdılar. Olub Ağqoyunlular, Qaraqoyunlular. Bir də ki, gərək tullana biləcəyin məsafəni
biləsən, ondan artığı barədə
danışmayasan. Adamın boyundan
yuxarı tullanması çətindir.
-Bir çox hallarda səslənir
ki, biz millətləşmək dövrünü keçə
bilmədik deyə...
- Millətləşmək dövrünü keçməsəydik,
milli dövlət yaratmazdıq. Burada bir şey
var. Dənizin dibində o qədər metallar var ki. Amma brilyant, almaz nadirdir, onlar milyon ilə yetişir,
amma necə yetişir, heç kəs bilmir. Bir karat brilyant çıxartdılar, 36 milyona
satdılar. Millətlərin də içərisində
brilyant başlı adamlar yetişir. Peyğəmbərlər
o brilyant başlı adamlardır.
- Şirməmməd müəllim,
Allah sizə ömür versin. Gecə-gündüz
çalışırsınız, Məhəmməd Əmin
irsini, Cümhuriyyət tariximizi araşdırır, gənc nəslə
çatdırırsınız. Bəs
Xalq Cümhuriyyətinin 100 illik yubileyinə necə
hazırlaşırsınız?
- Mən
Cümhuriyyətimizin 100 illiyinə 50 ildir
hazırlaşıram (ürəkdən gülür). Məhəmməd Əminin 5 cildliyini
hazırlayıb nəşr etdirmişəm, odur bax (Kitab
dolabını göstərir). 1992-ci ildə birinci cild,
2002-ci ildə 2-ci, 2011-ci ildə 3-cü, sonra 4-5-ci cildlər...
Üzeyir bəyin iki cildini buraxmışam.
“İstiqlal”ı çap elədim. Budur bax, mənim 100 illiyə hədiyyəm.
- Mənə elə gəlir ki,
ölkə başçısının 100 illiklə
bağlı sərəncamına ən çox sevinən də
elə sizsiniz...
- Bəs
necə? Bilirsən nə var: qəmiş qoymaqla iş olmaz. Prezident sərəncam verib, sağ olsun, yerdə
qalan işləri özün gör də. Demir ki,
Şirməmməd Hüseynov, get, filan kitabı yaz! Yaz da. Deyir ki, dövlət səviyyəsində
qeyd olunsun. Bu dövlət də bizik də.
Bu yerdə
Şirməmməd müəllim prezidentin M.Ə.Rəsulzadənin
130 illik yubileyi ilə bağlı imzaladığı sərəncamı,
ondan sonrakı günlərdə prezidentlə media nümayəndələri
arasında keçirilən görüşdəki səmimi
söhbətlərini xatırlayır:
- Dedim, mən
bura gələndə fikirləşirdim ki, 57 il
bundan qabaq sənin baban Əziz Əliyevlə nərd oynayan
adamam, budur, kitabda da yazılıb. Həmin
kitabda professor Cəfərov öz xatirəsini yazıb ki, mən
axşam Əziz Əliyevgilə getdim. Məni
içəri dəvət etdilər gördüm ki, Əziz
Əliyev Şirməmməd Hüseynovla nərd oynayır.
Dedim, məni bu görüşə çağıranda
düşündüm ki, dünyanın işinə bax e, 57 il bundan qabaq mən nərd oynadığım
kişinin nəvəsi prezident olub, mən də onunla
görüşə gedirəm. (Gülür).
Şirməmməd
müəllimin həyat yoldaşı əlavə edir:
- Prezident də dedi ki, hələ mənimlə
nərd oynamamısan.
Ş.Hüseynov
davam edir:
- Dedim,
bunu da fikirləşirdim ki, Məhəmməd Əminin anadan
olmasının 130 illiyi gəlir, bunu qeyd edəcəklər,
ya yox? Prezident də çıxışında dedi, bizim 28
maydan böyük bayramımız yoxdur, Cümhuriyyəti
yaradan görkəmli şəxsiyyətlər Məhəmməd
Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digərləri
millətimizin fəxridirlər. Bu sözləri dedi,
qardaş! İndi burada söhbət 100 illik
yubileyin dövlət səviyyəsində qeyd olunmasından
gedir. Məhəmməd Əmin deyir ki, bu Cümhuriyyəti
3-5 adamın adına çıxmaq milləti
alçaltmaqdır. Deyir ki, bu cümhuriyyəti
millət yaradıb. Ona görə deyirdi
ki, dövlət millətin övladıdır,
ayrı-ayrı adamların yox. Dövləti bir adam doğmur e, millət doğur. Sən bunu
bir adamın adına niyə
çıxırsan?
- Cümhuriyyət qurucularının
məzarlarının Azərbaycana gətirilməsi ilə
bağlı da vaxtaşırı məsələlər
qaldırılır. Siz bu barədə nə
düşünürsünüz?
-Hər
bir nəslin qarşısında elə vəzifələr var
ki, o, birinci növbədədir. Bu saat Azərbaycan
dövləti qarşısında duran bir nömrəli vəzifə
Qarabağ məsələsidir. İkincisi budur ki, bu milləti
dünyanın ən qabaqcıl millətlərinin səviyyəsinə
çatdırasan, yaşayış səviyyəsi yüksək
ola. Görürsən, nə
işlər görülür? Orda ipəkçiliyi,
burda çəltikçiliyi, başqa yerdə digər sahəni
inkişaf etdirirlər. Yəni elə məsələlər
var ki, qəbiristanlıq məsələsinin ortaya
qoyulması vaxtı deyil. Bu saat biz
Cümhuriyyət dövründən elə şeyləri
tapmalıyıq ki, bu millətə faydası dəysin. Hər şeyin vaxtı var. Türk-İslam aləmində
ilk parlamentin 100 illiyidir. Onun təcrübəsi
bizə vacibdir, mən 3 cild yazıb qoymuşam. Bu Cümhuriyyətin memarı Müsavatdır.
Müsavatı da Məmməd Əmin Rəsulzadə,
onun məsləkdaşlarıdır. Onun 5
cild əsərini yazıb qoymuşam. 6-cı
cild mühacirət dövrünə həsr olunacaq. Məqalələr var, onlar
yığılmalıdır. Bununla da Nəsiman
Yaqublu məşğul olur. Hərənin
öz dövrü var da. Məndə
1920-ci ilə qədər idi.
- Necə ildir
araşdırırsınız. Sizcə, hələ
Rəsulzadənin nə qədər irsi qalıb?
- Məhəmməd
Əminin bütün yaradıcılığını
götürsək, ən azı 15 cild olar…
Söhbətimiz müsahibədən əvvəl
olduğu kimi, sonra da xeyli davam edir. Yorulmadan, sevgi il,
sayğı ilə elə şeylər danışır ki. Adam su kimi içmək istəyir bu söhbətləri.
Ancaq bu böyük kişinin zamanını daha
artıq almamaq, onu yazı masasından bundan artıq
ayırmamaq üçün ayrılırıq. Kitablarını hədiyyə etməyi də
unutmur. İsrarlı etirazıma baxmayaraq, liftin
qapısına qədər özü ötürür bu
olduqca zəngin və sadə insan...
Elşad Paşasoy
Yeni Müsavat.- 2017.-
26 may.- S.7.