Fuad Əlişovla
Aysel
Əlizadənin layihəsi
- Film kimi...
Tanınan yazar
Aysel Əlizadə təqdimata hazırlaşır. Mayın
29-da Park İnn otelin “Füzuli” zalında onun “Çərçivə”
şeirinə çəkilmiş eyni adlı qısa filmin təqdimatı
və “Qadın Peyğəmbər” kitabının imza
günü keçiriləcək. Filmin rejissoru Fuad
Əlişovdu.
Aysel Əlizadə
və Fuad Əlişov “Yeni Müsavat”ın qonağı
olublar, müsahibə veriblər. Həmin müsahibəni təqdim
edirik.
Aysel Əlizadə:
- Bu, mənim şeirimə çəkilən ilk klipdir. Hətta dostlardan biri bu videonun klip kimi təqdim edilməsinin əleyhinə oldu. Dedi ki, bu, sənin yaradıcılığın haqqında qısa filmdir. Çünki klipdə bir neçə Aysel Əlizadə var: şair, aktrisa, ifaçı və qiraətçi. Əslində çoxdan şeirə klip, film çəkdirmək ənənəsini başlatmaq arzum vardı. İllər əvvəl belə bir klip olub, xalq artisti Əminə Yusifqızının çəkildiyi klip var idi. Amma bu klip bir qədər fərqlidir, burada şair özü öz mətnini səsləndirir və onu canlandırır.
- Buna qədər də sizin ifanızı artıq eşitmişik.
- Bəli, “Ad günü” mahnısını oxumuşdum və bu günə qədər o mahnını məndən istəyən dinləyicilər var (gülümsəyir). Hətta olur ki, hansısa çox ciddi bir siyasi yazımın altından belə bir şərh yazırlar: “Sizin “Ad günü” mahnınız var idi, onu xahiş edirəm paylaşın”.
- Klip
üçün niyə məhz “Çərçivə”
şeirini seçdiz?
- Şeiri Fuad bəy seçdi.
Fuad Əlişov (F.Ə.):
- Seçdim deyəndə ki, mən Aysel xanımdan bir neçə yeni şeir göndərməyi xahiş etdim. Onların içindən ən çox “Çərçivə”ni bəyəndim. Əslində Aysel başqasını istəyirdi...
“Bu, şeirimə çəkilən ilk klipdir”
Aysel Əlizadə (A.Ə.):
- Hə, doğrudur.
F.Ə:
- Sonra başqaları da deyəndə ki, bu şeir daha yaxşıdır, onun üzərində qərarlaşdıq.
- Fuad bəy, bu, şairlə olan ilk işinizdir?
F.Ə:
- Ümumiyyətlə həm Aysel xanımla, həm də şairlə olan ilk işimdir.
Xalidə
Gəray:
- Nədənsə
son vaxtlarda sizin yeni kliplərinizi görə bilmirik.
F.Ə:
- Əvvəllər bizim
çalışdığımız janra maraq çox idi. Elə təsəvvür
yaranırdı ki, biz də müğənnilərlə birgə
gündəmdəyik. Bu janra maraq azalıb
deyə klipmeykerlər artıq əvvəlki kimi gündəmdə
deyil. Ola bilsin ki, yeni kliplər çəkilir,
amma onların ətrafında əvvəlki kimi söhbətlər
və qalmaqallar olmur.
A.Ə:
- Belə
başa düşürəm ki, müğənnilər
gündəmdən düşməyə başlayıb.
X.Gəray:
- Kliplər,
yoxsa müğənnilər gündəmdən
düşüb?
F.Ə:
- Bu, Aysel
xanımın fikridir (gülümsəyir).
A.Ə:
- Mən
belə düşünürəm. İndi izləyici,
tamaşaçı daha çox ciddi mövzulara, sosial problemlərə,
mənəvi məsələlərə maraqlıdı.
F.Ə:
- Uzun
sözün qısası, mən daha çox kadr arxasında
qaldığımdan belə bir fikir yaranıb.
X.Gəray:
- Bu
günə qədər çəkdiyiniz kliplərlə bu
yeni klip arasında hansı fərqliliyi görə biləcəyik?
F.Ə:
- Əsas fərqlilik odur ki, mahnıya çəkilən
klip deyil və mən burda illərlə
tanıdığım insanın daxili aləmini göstərməyə
çalışmışam.
X.G:
- Aysel
xanım, “Çərçivə” sevgi şeiridi. Maraqlıdır, ünvanlıdır?
A.Ə:
- Xeyr. İlk dəfədi ünvansız sevgi şeiri
yazmışam. Bu şeir bir gecəyə
yaranıb və mən həmən, redaktə etmədən
facebook səhifəmdə paylaşmışam. Dərhal da çox böyük rezonans doğurdu,
xeyli paylaşıldı, bəyənildi.
X.G:
- Şeir nə zaman yazılıb?
A.Ə.
- Bu ilin
yanvar ayında.
F.Ə:
- Aysel bu
şeirini bir gecəyə yazıb. Adətən
belə olmur. Yaradıcı insan olduğum
üçün bilirəm ki, maraqlı bir əsər yaratmaq
insana asan başa gəlmir. Xüsusi ruh
halında olursan. Şeir kimə
ünvanlanıb, niyə bir gecəyə yazılıb dərinliyinə
varmadım, düzü. Klipdə
yaradıcı prosesi və bir mətnin necə yarana biləcəyini
göstərməyə çalışdım. Əslində mənə də elə gəldi ki,
şeir kiməsə ünvanlanıb. Amma
Aysel xanım bunu açıqlamadı.
By- Məhəmməd
Türkmən (5 of 45).jpg (128 KB)
A.Ə:
- Bu
şeir bir situasiyanı, bir ruhu ifadə edir. Şeirin
yazılması barədə sirri açım. Gənc bir dostum var. O, bir qıza vurulmuşdu. Yox cavabı aldı. Onu hiss edib yazmışam.
Görünür, zamanla təkcə yazıda
deyil, şeirdə də müəllif peşəkarlığından
istifadə edib mətn yarada bilir. Bu
artıq təkcə ruhani vəziyyət deyil, həm də
peşəkar vəziyyətdir.
X.G:
- Bir qədər
öncə qeyd etdiz ki, klipdə mahnı da səsləndirmisiz.
Bu hansı mahnıdır?
A.Ə:
- Sezen
Aksunun “Onursuz olmasın aşk” mahnısı.
F.Ə:
- Aysel
xanımın əslində çox gözəl musiqi duyumu
var. Bəlkə də bu onun əvvəllər həm də
müğənni olmasından irəli gəlir. Bu mahnını bir neçə mahnının
içərisindən seçib.
X.G:
- Belə
anladım ki, klipin süjet xətti, ideyası Fuad bəyə
məxsusdur.
A.Ə:
- Fuada təklif
etdim ki, klipdə başqa mənzərələr də olsun. Razılaşmadı. “Şeirdə ancaq sən
olmalısan” dedi.
F.Ə:
- (gülümsəyir) Yaxşı ki, qulaq
asmamışam.
X.G:
- Aysel
xanım, artıq sizin bir çox bacarıqlarınızla
tanışıq. Maraqlıdır, bu
şeirinizə musiqi bəstələməyi
düşünmüsüzmü? Bəstəkarlıq
bacarığınız da varmı?
A.Ə:
- Xeyr. Pianinoda ifa edərkən hansısa melodiya yığılıb,
amma bəstəkar kimi musiqi yazmağı düşünməmişəm.
By- Məhəmməd
Türkmən (14 of 45).jpg (95 KB)
X.G:
- Musiqi təhsiliniz
var?
A.Ə:
- Yoxdur,
amma evimizdə hər zaman pianino olub və anam gözəl
ifalar edir. Özüm isə uşaq ikən
musiqi məktəbinin fortepiano sinfində təhsil
almışam. Lakin davam etdirmədim.
F.Ə:
- (təəccüblənir) Görürsüz, Aysel
xanımın bu bacarığından xəbərsiz
olmuşam, yoxsa klipdə əlavə kadr da olardı.
X.G:
- Bəs
şeirlərinizə musiqi bəstələnib?
A.Ə:
- Musiqi və
poeziya mənim yaradıcılığımda çox
harmonikdir. Aygün Səmədzadə “Ad
günü” şeirimə mahnı bəstələyib. Həmçinin mərhum Nərmin Məmmədova ilə
birgə işləmişik. Özümü
nəğməkar şair hesab etmirəm.
X.G:
- Aysel
xanımla uzun müddətdir ki, dostsuz. Bu klipi
ona hədiyyə etmisiz, yoxsa?
A.Ə:
- Bəli,
hədiyyə edib.
F.Ə:
-
Sözün düzü, neçə illdir görüşə
bilmirdik. Görüşdük, söhbətləşdik,
Aysel xanım yaradıcılığından, kitablarından
danışdı. Təklif etdim ki,
yaradıcılığını video formatında təqdim
edək. Klip ideyası burdan yarandı.
A.Ə:
-
Ümumiyyətlə bu klip Fuad bəyin ilk operator işi idi.
F.Ə:
-
(gülümsəyir) Bunu demək istəmirdim, amma... Görənlər operator işini də tərifləyir.
X.G:
- İlk dəfə idi ki, dostunuza klipi hədiyyə
edirsiz?
F.Ə:
- Yox, mən
ildə yalan olmasın, 2-3 üç işimi hədiyyə
edirəm.
By- Məhəmməd
Türkmən (27 of 45).jpg (105 KB)
X.G:
- Məsələn,
kimlərə?
A.Ə:
-
Çox-çox istədiyi adamlara hədiyyə edir.
X.G:
- Fuad bəy,
film, komediya və ya serial çəkməyi düşünürsüzmü?
F.Ə:
- Film
çəkmək planım var. Tamaşaçılarda da
kliplərdən daha çox filmlərə maraq var. Filmdə
hər janrdan bir az olacaq. Sırf
komediya mənim üçün o qədər də
maraqlı deyil.
X.G:
- Bəs
hazırda hansı işlə məşğulsuz?
F.Ə:
- Əsasən reklam işləri görürəm. Bu da mətbuata
açıqlanmır. İşlərim
internet resuslarında, TV efirində yayımlanır. Lakin tamaşaçılara maraqlı deyil təqdim
olunan reklam çarxının arxasında kimlər var.
X.G:
- Klip
sifarişləri az olduğu
üçün, yoxsa daha gəlirli sahə olduğu
üçün reklamı seçmisiz?
F.Ə:
- Zamanla
belə alındı.
By- Məhəmməd
Türkmən (30 of 45).jpg (117 KB)
X.G:
- Klip
sifarişləri varmı?
F.Ə:
- Demək
olar ki, yoxdur, çox az. İldə 1-2 klip olur. Bununla dolanmaq olmur. Aysel xanımla
işimiz mənim üçün yeni janr idi. Şeirə klip çəkmək maraqlı idi.
Çünki şeirdə fikirlər daha dərin
olur.
“Aysel
xanımla iş birliyimiz yaradıcılığımda
yenilik idi”
X.G:
- Klipdən
razı qaldız?
F.Ə:
-
Bacardığımı etdim.
A.Ə:
- Prosesdən
necə?
F.Ə:
- Prosesdən
heç də. Ayselin bacarığı,
istedadı çoxşaxəlidi. Aktyorluğu,
mahnı ifa etməyi gözəldi, buna görə də mən
əziyyət çəkmədim. Həm
də Aysel xanım çox fotogenikdir.
A.Ə:
- (gülümsəyir) Mənim bəlkə də ən
böyük qazancım fotogenik olmağımdır.
F.Ə:
- (zarafatla) Bəs onda niyə məni incidirdin? Klipi göstərəndə
özünü bəyənmirdi.
A.Ə:
- Kənardan
nə qədər rahat, ədalı görünsəm də,
əslində özümə çox tənqidi
yanaşıram.
X.G:
- Niyə
çərçivə?..
A.Ə:
- Bu,
çox dərin məsələdir. Əslində
şeirin ilk adı “Yalqızlıq” idi. Amma
sonra dəyişərək “Çərçivə” qoydum.
Orada bir misra var, “Mən səni bir rəsm
çərçivəni sevən kimi sevirəm”. Əslində bu bir tamamlanmadır. Rəsm çərçivəsiz də rəsmdir,
mahiyyəti itmir, amma çərçivə ilə o
tamamlanır və daha effektli, çəkici, dəyərli
görünür. Çərçivə
isə rəsmsiz sadəcə boş kənarlardı.
F.Ə:
- Təxminən
mən də bu cür düşünmüşdüm. Aysel
xanım dedi ki, kimsə qızdan imtina cavabı alıb və
bunu qələmə alıb. Həmin gənc
sanki özünü sındırmamaq üçün deyir
ki, mən özümü tamamlamaq üçün səni
axtarırdım, olsa nə yaxşı, olmasa eybi yox.
A.Ə:
- Bir tərəfdən
də başqa mənası var. İnsan həyatındakı
çərçivə ifadə olunur.
X.G:
- Sizcə,
insan həyatında çərçivə
olmalıdırmı?
A.Ə.:
-
Olmalıdır, amma bu çərçivəni insan
özü müəyyənləşdirməlidir. Kənardan,
başqalarının hazırladığı deyil, öz
seçdiyin, həyatda nəticə olaraq gəlib
çıxdığın çərçivə...
X.G:
- Aysel
xanım, bəs sizə ünvanlanan şeir olub?
A.Ə:
- (gülümsəyir) çox olub. Şeir
ünvanlayanlar arasında tanınmış da, gizli şairlər
də olub. Bu yaxınlarda da çox
yaxşı bir şeir ünvanlanmışdı.
X.G:
- Necə
xəbər tutursuz ki, o şeirlər sizə həsr olunub?
A.Ə:
-
Birbaşa deyirlər ki, sizə yazmışıq
(gülümsəyir).
X.G:
- Bəyəndiyiniz,
dostluq etdiyiniz şairələr varmı?
A.Ə:
- Əlbəttə var. Rəbiqə Nazimqızı ilə
yaxın dostuq.
Onu həm dost, həm şairə kimi çox bəyənirəm.
Sevinc Elsevəri bəyənirəm. Ümumiyyətlə Azərbaycanda yaxşı
şair xanımlar çoxdur. Qadın şairlər mənə
kişi şairlərdən səmimi
görünürlər.
X.G:
-
Hazırda şairlərin, yazarların maddi durumu, vəziyyəti
necədir?
A.Ə:
-
Yaxşi deyil. Şair kimi işləyib
yaşamaq olmur. Hərdən haray salan
yazarlar qınanılır ki, niyə səs-küy salır,
gileylənir, işləyib qazansın. Amma
yazar hansısa saytda ona aid olmayan materialları işləmək
və yaxud hansısa şirkətdə öz sahəsindən
kənar işlə səhərdən axşamadək
çalışmaq istəmir. O, yaradıcıdı,
ruh adamıdır. İstəyir ki, kitabları
çap olunsun, gəlir əldə edib yaşasın. Çünki işi budu.
F.Ə:
-
Ümumiyyətlə, bizim yazarların kitabları satılır?
By- Məhəmməd
Türkmən (43 of 45).jpg (103 KB)
A.Ə:
- Əgər bu işlə cəmiyyət olaraq şəbəkə
şəklində məşğul olsaq, əlbəttə ki,
satılar. Oxucu yoxdur iddiası ilə razılaşmıram.
Çünki Azərbaycan oxucusu istədiyi məlumatları
saytlardan, köşə yazılarından alır. Oxucu var, onu kitab oxucusuna çevirmək
üçün müəyyən işlər görülməlidir.
X.G:
- Son
sualım olacaq, bu klipdən gözləntiniz nədir?
F.Ə:
-
Başlanğıcda gözləntim yox idi. Sadəcə
şeir janrını yeni bir formatda təqdim eləmək istədik.
Ola bilər ki, bu klip oxucuları kitab
mağazalarına, kitabxanalara cəlb etmək
üçün təkan olsun.
A.Ə:
- Klipə
nə dərəcədə maraq olacağını indidən
deyə bilmərəm. Çox istərdim ki,
müasir poeziyaya böyük maraq yaransın.
Sonda dostlarıma, oxucularıma, həmkarlarıma demək
istəyirəm ki, mayın 29-dakı tədbirə giriş sərbəstdir. İstənilən adam gəlib iştirak edə bilər. Gözləyəcəm...
Xalidə Gəray
Yeni Müsavat.-
2017.- 27 may.- S.4.