“Hara getdi bizim izzətimiz?...”
“Yeni
Müsavat”ın budəfəki qonağı xalq artisti, məşhur
rəqqasə Roza Cəlilovadır. Rəqqasə ilə evində
görüşüb, söhbətləşdik:
- Roza xanım, yenə
də fəaliyyət göstərirsizmi, rəqslər
qurursuzmu?
- Əsl rəqqasənin istər 100, istərsə də 90 yaşı olsun, əgər sənəti sevib gəlibsə, hər zaman rəqsə həvəsi var. Əgər canda bu varsa, qorxulu deyil, hər yaşda rəqs qurur. Bu yaxınlarda mən Dövlət Rəqs Ansamblında rəqs qurdum. Onlardan biri yarım əsr bundan əvvəl qurduğum “Ağ çiçəyim” rəqsi idi. İllər öncə bu rəqsi qurdum və bu günə qədər gənclər həmin rəqsi oynayırlar. Bir il öncə böyük bir tədbir keçirilirdi. Həmin tədbirdə səhnəyə ağ paltarda 12 kiçik qız çıxdı. Elan olundu ki, “Ağ çiçəyim” oynanılacaq. Baxdım ki, mən verdiyim quruluşdur. Demək ki, hələ də tələbat var. Bizim rəqslər gözəldir. Hara getsə öz yerini tapır.
Bu yerdə
müsahibimiz stolun üstündəki “Səhnəmizin ağ
çiçəyi” adlı, ona həsr edilən kitabı
göstərir:
- Kitab Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il dərc olunub. Müəllif bütün materialları arxivlərdən çıxardıb, heç bunlardan xəbərim olmayıb. Onu demək istəyirəm ki, hər oxuyan Molla Pənah olmur, hər rəqs edən də sevilmir və barəsində bu cür gözəl kitab dərc edilmir. Çox gülünc vəziyyətdir ki, rəqsə gedənlər indi daha çox pulu düşünür. Rəqs pulu sevmir, pul özü gəlir. Sən olursan gözəl rəqqasə və səni tədbirlərə, konsertlərə salırlar, olursan məşhur.
- Rəqqas və
rəqqasələrin toylarda çıxış etməsini
necə qarşılayırsız?
- Bu sualı mənə “n” qədər veriblər. Toy rəqsini ilk dəfə 1940-cı ildə Soltan Dadaşov qurub. Leyla Bədirbəyli o zaman gəlin rolunu oynayırdı. Oturduğu yerdə duvağı belə tərpənmirdi. Bu isə tamaşaçıya bir örnək idi. Leyla Bədirbəyli getdikdən sonra gəlin obrazını mən oynamaya başladım. Mən də oturduğum yerdən tərpənmirdim. Bu, adət-ənənə idi. Bəs indi nə olur? Toyda gəlin nəinki yerində oturur, düşür meydana oynayır. Biabırçılıqdır. Bir dəfə biri mənə zəng edib deyir ki, “Roza xanım, kim ”Ləzginka"nı qura bilər?" Dedim ki, “Ləzginka” bizim rəqs olmasa da oynayırıq. Necə bəyəm?" Qadın cavab verdi ki, “gəlinim istəyir ki, toyda ”Ləzginka" oynasın". “Sağ ol” demədən telefonu bağladım. Gəlin hara, “Ləzginka” hara?! Gəlin utanırdı toyda çörək yeməyə. Bəs indi hara getdi bizim izzətimiz? Bunun üçün isə məktəb lazım deyil, əsas ailədə ata-ana tərbiyəsidir...
Bu zaman Roza
xanıma telefon zəngi gəlir, danışır, yenidən
söhbətimizə qayıdır:
-
Oğlum idi... Əsir düşəndə
haralara getmədim. Ermənilərin
içinə girmişəm, düz 5 dəfə. Nəsə...
- Bir az öncə
gəlinlərin oynamasından gileyləndiz. Bu məsələ
qalsın bir kənara, qızlar artıq kişi
kimi şıdırğı gedir,
hoppanıb-düşürlər. Bəzi
kişilər isə qadın kimi rəqs etməyə
başlayıb.
- Biabırçılıqdır
da. Mən eşitmişəm iranlı kişilər
bu cür oynayır, yəni əzilib-büzülürlər.
Mənim babam da iranlıdır (gülümsəyir).
Muğam Teatrında işlədiyim vaxtlarda ora
iranlılar tez-tez gəlirdi. Məhz onda gördüm ki, iranlılar birtəhər
oynayırlar, sanki bədənlərində sümük yoxdur.
Amma bu belə yaramır. Kişi gərək
kişi kimi oynasın. Bünövrə,
daxili mədəniyyət başqa şeydir. Quyuya su tökməklə olmur. Məsələ
burasındadır ki, elə etmək lazımdır ki, toylarda
şıdırğı havalar getməsin. Bunun da qarşısını almaq olmayacaq. Neynəmək olar? Heç nə.
İndi zəmanə çox dəyişib.
Çox təəssüflər olsun. Amma mənim kimi adamlar buna qatlaşmır.
Toylara gedib oynayıb pul qazanırlar. Pul qazanmağa çox
iş var. Gedib hansısa işi görüb qazana bilərlər.
Amma elə bilirlər ki, toyxana... Özlərini nüfuzdan
salırlar. Yaxşı, getsinlər, heç olmasa aşı
onlar gətirməsinlər. Axı aşı gətirən
xidmətçi var. Rəqqasə milli geyimi geyinib aş gətirirsə,
olur ofisiant qız. Ayıb deyil?
“Dövlət Ansamblına indi Dekola
adında bir çeçen gəlib rəhbərlik edir, o,
dilimizi bilmir, milli rəqsləri haradan biləcək?”
- Vaxtilə rəqqasələr məclisə
aş gətirmirdi?
- Əlbəttə ki, yox. Bunun üçün xidmətçi
var və ona görə maaş alır. Bir daha qeyd edirəm
ki, bütün bunlar ilk növbədə ata-anadan
asılıdır. Şəxsən mən qızımı
toya göndərmərəm. Qızım şərqşünaslığı,
oğlum isə hüquqşünaslığı bitirib. Nəvəmin
biri isə Moskvada hüquqşünaslığı bitirdi.
Bütün bunlar bünövrədən gəlir.
- Bəs ailədə heç kəs
sizin sənətinizi davam etmədi?
-
Hüququ bitirən nəvəm gəlin görün necə
oynayır. Kitabda onun da şəkili var. Həmin nəvəm
Türkiyədə, Gürcüstanda keçirilən
festivalda 1-ci yerin qalibi olub. Digər iki nəvəm isə
xoreoqrafiya məktəbində oxuyur. Nəvəmə demişəm
ki, heç olmasa sən baleti sona qədər davam et.
Çünki mən zamanında baleti iki ildən sonra
atdım. Nəvəm söz verib ki, davam edəcək.
Oğlumun qızı isə çox gözəl milli rəqsləri
oynayır.
- Maraqlıdır ki, artıq efirlərdə
də rəqslərin estetikası pozulmağa başlayıb.
-
Telestudiya gərək hər adamı
çağırmasın. Eşidirəm ki, biri pul verir, digəri
bilmirəm nə edirsə efirə düşə bilir və
sairə. Baxırsan ki, azərbaycanca danışa bilmir, amma rəqsə
rəhbərlik edir. Hərdən mənə deyirlər ki,
“Roza xanım, çox kəskin danışırsan”. Bu, kəskin
danışmaq deyil, içəridən gələn gileydir.
Zamanında mən baleti milli rəqslərimizə qurban verdim.
O vaxt atam balerina olmağımı istəyirdi. 1937-cil də mən
balet məktəbinə getməyə başladım. Həmin
vaxt 7 yaşım var idi. Məktəbdə isə cəmi 4 azərbaycanlı
qız var idi ki, onlardan biri də mən idim. Sonra isə
atamı müharibəyə göndərdilər və o,
döyüşlərdə həlak oldu. Bu zaman
öz-özümə dedim ki, gərək atamın arzusunu
yerinə yetirim. Düz 9 il oxuyub balet məktəbini bitirdim.
Daha sonra məni Opera Teatrına göndərdilər, orada 2 il
çalışdım. Lakin hiss etdim ki, milli rəqslərə
marağım böyükdür. Günlərin bir
günü Əlibaba müəllim məni görüb dedi
ki, sən çox yaxşı oynayırsan, sənin yerin rəqs
ansamblıdır. Bu söz mənə təsir etdi və ərizə
yazıb milli rəqs ansamblına keçmək istədim.
Lakin hökumət buna razı ola bilmirdi, çünki mənim
üzərimdə çox çalışmışdılar,
baleti atmamaq üçün aclıq dövründə məni
yedizdirirdilər və sairə. Lakin inad etdim və məni
ansambla götürdülər. Ansambla keçən kimi
yenilik gətirdim. Çünki orada hamı özfəaliyyətdən
gəlmişdisə, mən məktəb bitirmişdim. Ona
görə də az bir zamanda xalqın rəğbətini
qazanmağa başladım. Mən oynayanda incəlik, millilik və
savad hiss olunurdu.
- Amma 80 ildən çox
ömrünü, həyatını bu sənətə həsr
edən Roza xanım yalnız 78 yaşında xalq artisti
adını ala bildi. Maraqlıdır ki, gözəl rəqqasəmiz
Aliyə Ramazanova da bu günə qədər əməkdar
artist adında qalıb. Sənətkarlarımıza
qarşı bu cür münasibət nədən irəli gəlir?
- Aliyə Ramazanovanın ayağının düzgün
“stopkası” yoxdur. O, necə əməkdar artisti adını aldı, bilmirəm. Pis qız deyil,
amma onun haqqında kitab çıxdı, “Rəqs mələyi”.
Əminə Dilbazi onun üstündə qırğın elədi.
Dedi “ay qız, sən məndən sonra gəlmisən”. O, bizləri
görüb gəlib. Sadəcə, onda təlim-tərbiyə var. Amma sənət
başqa şeydir. Mən isə axırıncı yadigaram,
artıq heç kim yoxdur. Heç olmasa qədrimi bilsinlər
də. Əbülfəz müəllim gəldikdən sonra mən
fəxri ad aldım. Biləndə ki, fəxri adı
almamışam, o saat məsələni həll etdi. Onu da qeyd
edim ki, əməkdar artist adını alanda mənə ev
vermişdilər, halbuki əməkdar artistə ev verilmir. Heydər
Əliyev mənə təqaüd verdi. Amma o bilmirdi ki, mənim
adım yoxdur.
- O dövrdə də sənətkarlar
arasında qalmaqallar, intriqalar yaşanırdı?
- Xeyr. Mən
çox bəla çəkmişəm. Amma hökumət mənim
arxamda dururdu. O gün nazirə dedim ki, “Əbülfəz
müəllim, zamanında 60-cı illərdə Türkiyəyə
qapılar bağlı olanda ora yalnız 3 nömrə
seçilmişdi - Müslüm Maqomayev, ”Qaytağı" və
bir də mənim “Ağ çiçək”im. Halbuki 40 nəfər
ora getmək üçün namizəd idi. Onların
arasında Zeynəb Xanlarova, Şövkət Ələkbərova,
“Qaya” və digər məşhur qruplar var idi. Bu isə sənətin qüvvəsi
deməkdir. Amma indi baxıram hazırkı vəziyyətə...
Nə olacaq bunun axırı, bilmirəm. Dövlət
Ansamblına indi Dekola adında bir çeçen gəlib rəhbərlik
edir. Niyə? Bizim özümüzün kadrlarımız
olmalıdır. Əlibaba, Əminə Dilbazi getdi, mən isə
artıq yaşa dolmuşam. Baxmayaraq ki, bu yaşdayam, biləndə
ki, vəziyyət ağırdır, getdim ansambla. Həmin vaxt
nəsə bir qalmaqal var idi. Gördüm ki, çeçen
bir hərəkət belə bilmir. Bəs 2 il ərzində
ansamblda nə edir?
- Bəs niyə kadrlarımız
yoxdur? Bu sənətə maraq azalıb, yoxsa?
- Bu
problem incəsənəti idarə edən insanlardan
asılıdır. Maraqlanmalıdırlar ki, niyə
baletmeysterlər yoxdur. İndi isə rəqs ansamblı
Moskvaya konsertə hazırlaşır. Gedəcəklər
ora, soruşacaqlar ki, bədii rəhbər kimdir, cavab veriləcək
ki, bir çeçen. Dekola heç Azərbaycan dilini bilmir,
milli rəqslərimizi necə bilə bilər axı?
- Bildiyim qədər Müslüm
Maqomayevlə dəfələrlə bir səhnədə
olmusuz. Məlum oldu ki, ölümündən sonra da onunla
bağlı məsələlərə qadağalar qoyulur.
- Mən
onunla Kanadada, Türkiyədə və digər səhnələrdə
olmuşam. Biz onunla fəxr edirdik. O, çox gözəl
mahnı yazıb, “More, more”... Ondan yox idi ki. Yüz il
keçsə də ikinci Müslüm olmayacaq.
- 89 yaşınız var, amma bu
yaşdan xeyli cavan görünürsüz.
- Bunu mənə
həmişə deyirdilər. Lakin oğlum əsir düşəndən
sonra səhhətimdə problemlər yarandı. Bu
yaxınlarda isə çox ağır şəkildə
infarkt keçirdim. Bütün bunlar təbii ki, həm mənəvi,
həm də fiziki olaraq öz təsirini göstərdi. Buna qədər
isə mənim yaşımı heç kəs verə
bilmirdi. Ona görə ki, daima sənətlə
yaşamışam, camaatın rəğbətini
qazanmışam. Bu, əlbəttə, özünü
büruzə verir.
- Və bu yaşda yenə də rəqslər
qurur, öz fəaliyyətinizə davam edirsiz.
- Bəli.
- Bəs rəqs necə?
- Sonuncu dəfə
səhnədə 80 illik yubileyimdə “Sabirabadı”
oynadım. Amma indi harada oynayım?
- Məclislərdə də
oynamırsız?
- Yox. Hamı xasiyyətimi bilir. 3 nəvəm
var, mənim yerimə qəşəng oynayırlar"
(gülümsəyir).
Xalidə GƏRAY
Yeni Müsavat.- 2017.- 19 oktyabr.-
S.13.