Pinəçi olmaq istəyinə çatmayıb,

müğənni olan əfsanə...

 

Tərs gündə doğulan Sezen Aksunun ilginc həyat hekayəsi

 

Türk estrada musiqisinin ən parlaq ulduzu sayılan Sezen Aksu çox tərs bir gündə-13 iyul 1954-cü ildə əyalət şəhəri Dənizlidə dünyaya göz açıb.

 

***

 

İLK YALAN: Bu şəhərcikdə nə desən vardı - türkçülər, islamçılar, İslam düşmənləri, qıp-qırmızı damlar, ağappaq əyri divarlar. Qədim yunan, xristian məbədləri. Ancaq...

Ancaq adının Dənizli olmasına baxmayaraq, bu şəhərdə dəniz yoxdur. Sezen Aksunun anası- Selanik köçkünü Şehriban xanım, atası- rizəli Sami Yıldırım dəniz kənarında doğulmuşdular. İkisi də peşəcə müəllim idilər. Təyinatlarını Dənizliyə aldıqları vaxt valideynləri bərk sevinirlər. Elə bilirlər orda arzuladıqları mavi dənizlə, nəhayət, görüşəcəklər. Ümidləri çox tez puça çıxır burda. Görürlər şəhərin adı aldadıcıdır. Elə sakinləri də bir o qədər etibarlı deyil. Sözləri ilə əməlləri bambaşqadır.

Xəyal qırıqlığı bir zaman beləcənə davam edib axır körpə səsi ilə əvəzlənir. Körpə elə belə, sadə uşaq olmur. Superaktivliyi ilə xeyli seçilir öz tay-tuşlarından. Çox sonralarHürriyet” qəzetinə verdiyi müsahibəsində Sezen Aksu o günlərini belə xatırlayacaq: “Gah casus olurdum öz xəyallarımda. Gah dansoz. Öz macəralarımla ailəmi yormuşdum. Bəxtimdən valideynlərim çox demokratik insanlardı. Aramızdakı məsafəni qısaltmağa bir cəhd belə göstərməzdilər əsla. Azaddım, bir sözlə. Həftədə bir dəfə saçımın rəngini dəyişirdim. İkinci ”Cücə Bela" adını məhz bu zaman qazandım. Vaxtaşırı intihara cəhd göstərirdim. Gedib dururdum yol, yaxud uçurum qarşısında. İlk şarkılarımı boşluqlara, uçurumlara, dərin quyulara söyləyirdim"...

Dənizli şəhərciyində dənizin olmamağı bir gün bu balaca şeytan balasını da diksindirir. “Cücə Belasonra öyrənir ki, şəhərin əsl adı Dənizli yox, Donuzludur. Bəs əvvəllər bu şəhərdə həm xristianlar çox olub, həm də donuz damları. Həm də misilsiz, əzəməti kilsələr.

“Dənizli”nin bu sirrini aşkarlayan Sezen qərara gəlir ki, bir nöqtədə dayanmasın. Bir gün gecənin xain vaxtında o şəhərin qədim xristian xarabalıqlarına gəlib qulaqlarını sıxır daş divarlara. Görür, bıy, bu nədir belə axı? Daşlardan musiqi, kilsə zənglərinin qəmli səsi hələ də əskik deyil.

Sezenin Türkiyənin xarabalıqlarına, köhnə kilsələrinə, əfsanəvi tarixinə məhəbbəti bu nöqtədən start götürür o vaxt. İndiyəcən davam edir.

HƏYAT ŞÜARI: Ailənin dəniz görmək arzusu tezliklə çin olur. Valideynləri Dənizlidən tez ayrılıb, nəhayət, köçürlər dəniz kənarındakı füsunkar mənzərəli İzmirə. Qardaşı Nihatla o, bu şəhərdə çox məcaralara baş vurur, vallah: “İzmirdə, Kəməraltında ayaqqabı yapmağı öyrənməyim yenə o illərə rastlar. Bir neçə il oradakı ayaqqabı ustalarının yanında çıraq tutdum. Babam bunu duyunca düşüb bayıldı. ”Qız uşağının ordaişi var?" sualını əvvəl mənə, sonra ətrafdakılarına deyə-deyə".

Sezenin pinəçilik azarı qəfil başlayıb qəfil də bitir bir gün. Atasının təkidi ilə Sezen üz tutur sənət aləminə: “İzmirdə rəsm-heykəl, türk müziki, folklor savadı alıb azca ağıllandım. Rəhmətlik Rəqib Aykırın aktyor kurslarına da qatıldım bir ara. Ciddiliyi o vaxt da sevmirdim, indi də sevmirəm. Ciddiliyin bu dünyanı məhv etdiyini söyləmək istərdim. Münasibətlər, həm isti, həm də məsafəli olmalıdır məncə. Qismətimizdəki budu. Qalanvarsa yalandı”.

ÖNCƏGÖRMƏLƏRİ: Bu şüarına indiyədək sadiq qalan Sezen Aksu day sizdən nə gizlin?- beş-altı dəfə özünə ailə qurub. İlk ərindən - universitet tələbəsi Həsən Yüksəktəpədən o, evliliklərinin düz üçüncü günü ayrılıb. İki il sonra - 1974-cü ildə Əli Engin Aksu adlı birisi ilə nikaha girib. Yazığın soyadını indiyəcən saxlayıb öz kimliyi üzərində. Ancaq özündən çox tez ayrılıb. O “zor illərdən” Sezenə bircə bax bu soyadı miras qalıb, bir də...

Bir də öncəgörənlik istedadı.

Bu gün” qəzeti yazarı Bilal Özcan Sezen Aksunun həmin öncəgörənliyi barəsində görün indi bir nə yazır: “Sezen Aksu 1976-da ərinin yanına-uzaq Kanadaya gedir. Orda ilginc bir röya görür. Röyasında Kanadadan İstanbula dönərkən Londonda minəcəyi uçaq qəzaya düşüb dönür bir ovuc külə.

Biletini aldığı həmin təyyarəyə minməkdən vaz keçir. 10 iyul 1976-cı ildə “British Airwaysa məxsus həmin London-İstanbul yolçu uçağı, Zaqreb üzərində Yuqoslav təyyarəsinə çırpılaraq məhv olur».

Sezen Aksu o vaxt öz canını bu qanlı qəzadan qorumağı bacarır birtəhər. Ancaq 1996-cı ilin 14 yanvarında Sezen Aksu bu öncəgörənliyini bir daha təkrarlaya bilmir. Növbəti ərini-tanınmış bəstəkar Onno Tuncu labüd təyyarə qəzasından qurtarmağı bacarmır. Həmin tarixdə türk musiqisinin canlı əfsanəsi sayılan Onno Tunc, havadakı duman ucbatından gedib girir Yalovadakı bir dağın sinəsinə.

Sezen xəbəri eşidincə az qalır dəliyə dönsün. Sudan, çörəkdən ələ çəkir bir ara. Gəlib dayanır intiharın bir addımlığında.

DOSYE: ONNO TUNC. Erməni-türk bəstəkarı. 175 çox məşhur türk nəğməsinin təkbaşına müəllifidir. Bəstələdiyi nəğmələr dəfələrlə Türkiyəni “Eurovision”da təmsil edib. Ömrünün son 10 ilini Sezen Aksu ilə keçirib. Çox məşhur “Sen Ağlama”, “Git”, “Sezen Aksu’88", ”Sezen Aksu Söylüyor" musiqi albomları birgə əməklərinin məhsuludur.

Deyilənlərə inansaq, təkcə Sezen Aksunu deyil, bir çox başqa türk müğənnilərini, misal üçün, Nilufəri də məhz o yaradıb. Qoyub təkər üstə.

Onnosuz, Sezen Aksu taleyi necə olacaqdı?” sualını belə cavablandırardım. Deyərdim -Sezen Aksu 1970-ci ildə “Həftə sonu” qəzetinin açdığı “Altın səs” yarışmasında ancaq 6-cı yeri qazana bildi. Xəyal qırıqlığına uğradı. Yarışmanın təşkilatçısı Ajda Pekanın umuduna qalsaq, indiki Türkiyənin Sezen Aksusu yox idi. Bircə Ajdası vardı, vəssalam. Sezen ilə Ajdanın münasibətləri indi də bərk soyuqdur.

Həmin rəqibləri Sezeni “Eurovision” yarışmasından həmişə aralı tutublar. Fürsət verməyiblər bu qıza böyük yarışmalarda iştirak etsin.

Sezeninki Onno Tuncda gətirir. Bəstəkar, qərara gəlir həm öz gələcəyini, həm türk musiqisinin sonrakı taleyini bu qızcığaza calasın. Acı həyat sonralar onun bu seçimini tam doğruldur.

Təyyarəsi qəzaya uğradığı yerdə sonralar - 2002-də xatirə abidəsi ucalsa da, ötən il bu abidə dağıdıcı hücuma məruz qalıb. Qismən dağıdılıb. Yalova meri Yaqub Bilgin Koçalı iddia edir ki, abidə tezliklə öz əvvəlki görkəminə qayıdacaq.

 

***

 

ONNODAN SONRA: Düzü, məncə, bu qəzanı da... bəli, bu qəzanı da Sezen əvvəlcədən yuxuda... üzr istəyirəm, bir filmdə görüb sanki. Söhbət müğənninin ilk kino debütündən - "Minik sərçə" (1979) filmindən gedir, biləsiz. Filmdə baş qəhrəman - Sezeni xatırladan qadın musiqiçi, Onno Tuncu xatırladan bir sənətçiyə vurulur. Tale çox amansız olur bu sevgiyə qarşı-filmin son səhnəsində qəhrəman avtomobil qəzasında həlak olaraq Sezeni gözü yaşlı qoyub həyatla birdəfəlik vidalaşır.

Gördüyümüz kimi, Sezen Aksuda gələcəyi görmək istedadı həqiqətən var. Bir dəfə o, həqiqətən öz canını labüd ölümdən geri qaytarmağı bacarıb. Bəs ikinci dəfə niyə etibar etməyib daxilindəki “SOS!” siqnalına?

Yaşadığımız həyatda hamımız bir film süjetini təkrarlamağa məhkumuq. Sezen nümunəsində bu, “Minik sərçə” melodramasında təkrarlandı, deyəsən. Amma mən istərdim o, öz taleyini özünə, adına layiq tamam fərqli bir filmdə yaşasın.

 

***

 

İndi Londonda yaşayan Sezen Aksunun oğlu Mithat Can Özər türk basınına verdiyi son müsahibəsində o uzaq hadisələrə toxunaraq eşidin nə deyib: “Anamın təyyarə ilə arası yaxşı deyil. Halı pozulmasın deyə hava səfərlərim barədə onu əvvəlcədən məlumatlandırmaram.”

Onno Tuncun faciəli sonundan sonra Sezen Aksu, özü demişkən, “dünya ilə arasındakı məsafəni” daha da genişləndirir. Bütün meylini, sevgisini salır oğlu Mithata. Dövri mətbuat bu yaxınlarda həmin Mithaddan geniş müsahibə alıb. Mithət evinə gələn jurnalistin bütün sərt suallarına cavab verib orda. İcazə verib hətta bomboş soyuducusuna belə yaxşı-yaxşı baxsınlar.

Oxşar xasiyyətlər, məncə, elə Sezenin özündə də var. Yəni ana-balanın zövqü, həyat tərzi eynidir sanki. İkisi də şəhərdən uzaqda itlərlə vaxt keçirməyi sevir. Sezen, öz valideynləri kimi çox demokratikdi. Oğlunun 16 yaşında bir qızla yaşamağına icazə verib. Ancaq nəzarətsiz də saxlamır bu cütlüyü. Ana-bala səhər səssizliyini çox sevirlər. Qorxurlar bu sükutu öz səsləri, öz musiqiləri ilə pozmağa. Kəpəkli çörək yeyirlər. Sağlam qida tərəfdarıdırlar. Son 10 il ərzində cəmi 5 ədəd pizza yeyiblər.

Ailənin Londonda “11:11" adlı gecə klubu da var.

 

***

 

Rəqibləri Sezen Aksu barəsində “qara toxmaq” qadın şayiəsi yaymağı sevirlər. İddia edirlər bu qadınla bir yastığa baş qoyanlaın əksəri yol qəzalarında öz həyatlarını itirirlər. Misal üçün, Sezenin növbəti əri Onno Tunc təyyarə, digər əri Uzay Hepari, türklər demiş, motosiklet tutqunu, yəni aşiqiydi. İkisi də qəza nəticəsində həlak olublar. Səbəb isə guya bax bu qara toxmaq qadındı-yəni Sezen Aksu.

Oxşar ittihamlar Sezen Aksuya qarşı solçular tərəfindən də sürülür. Türk solçuları Sezen Aksuya 12 sentyabr 1980-ci ildə türk ordusuna verdiyi dəstəyi indiyəcən bağışlamırlar. O zaman Sezen Aksu türk məhmətciyini alqışlamış, barəsində görün nə deyibmiş: “Türk silahlı qüvvətləri ölkəmizdə hər şeyin çıkmaza girdiyi bir dönəmdə yönətimə əl qoymuşdur. Məncə, zamanında və yerində bir qərar alınmışdır. Xalqımıza xeyirli və uğurlu olmasını istəyirəm”.

Sezen Aksu barədə tənqidi fikirlər yayıb, barəsindəKürd, erməni yanlısıfikirlərini yayanlar niyə bunu gözardı edirlər? PKK ilə çarpışmalarda həlak olmuş əsgərlərə Sezenin şarkılarını, maddi dəstəyini niyə unudurlar?

 

***

 

O, öz adını qızıl həriflərlə könüllərə həkk etmiş bu sənətkardır. Səhvləri var, qələbələri . Özünübütün pisliklərə qarşı sıxılmış kiçik bir yumruqbilər o. Şeir yazır. ŞeirləriniƏksik şeirkitabında toplayıb. Kitabı böyük maraqla qarşılanıb. Dördcə gün bəs edib ki, kitabın 17 min nüsxəsi satılsın.

2016-cı ilin yanvarında İstanbulun “Volkswagen Arena”sında səhnəyə çıxan Sezən Aksu səhnələrə vida etdiyini açıqladı. “Her bitiş yeni bir başlangıçtırdeyib çoxlarını ağlatdı.

Gözümüzdən çox yaş axıtdı bu qızcığaz.

Halalı olsun vallah...

Bizim kimi qəriblər, vətənsizlər üçündü o. Axirətəcən nəğmələri qulaqlarımızda səslənəcək.

 

Həmid HERİSÇİ

 

Yeni Musavat.- 2017.- 7 sentyabr.- S.10.