“Mənim 10 Leylim olub”

 

“Yeni Müsavat”ın qonağı xalq artisti, professor Mənsum İbrahimovdur. Onunla görüşüb, müsahibə almaq bizim üçün çox rahat oldu, bəlkə də bu, özünün dediyi kimi “rahat insan” olması ilə bağlıdır. Sosial şəbəkə üzərindən “qəzetimizə müsahibə verməyə razısızmı?” sualıma tez bir zamanda cavab yazıb razılaşmışdı. Beləliklə uzun illərin “Məcnu”nu, xalqın sevimlisi  xanəndə Mənsum İbrahimovla işlədiyi Milli Konservatoriyada görüşüb, söhbətləşdik.

 

- Necəsiz? Konservatoriyada işləriniz necə gedir?

- Yaxşıdır. Dərslər bitib, amma qış imtahan sessiyası gedir, tələbələrimiz artıq imtahan verir. Yəni, burda qızğın iş gedir. İşləyən üçün həmişə iş var.

- Tələbələrinizdən razısızmı?

- Mən tələbələrimin böyük əksəriyyətindən çox razıyam. Bizim məhsulumuz ifaçıdır, biz ifaçı yetişdiririk, nə yetişdirdiyimizi də insanlar görür. Şükür Allaha ki, mənim tələbələrimin bir çoxu artıq mənim iş yoldaşımdır, fəxri ad alanları var, Opera və Balet Teatrının, Dövlət Televiziyasının  solistləridir və arxası da gəlir. Yəni, bu gün gəncliyimiz çox yaxşıdır, gözəl səslər var. Gördüyünüz Milli Konservatoriyanın bu yeni binasında hər cür şərait var. Mədəniyyətimiz, sənətimiz üçün yeni leylilər, məcnunlar, xanəndələr yetişdiririk.

- Fəxri ad alan tələbələriniz kimlərdir?

- Təyyar Bayramov əməkdar artistdir, bir neçə tələbəm var ki, onlar prezident təqaüdçüləridir, gənc leylilər, məcnunlar, Şah İsmayıllar, artıq teatrın solistləridir. Təsəvvür edin ki, mən sonuncu tamaşada bir anlıq dönüb ətrafıma baxıb gördüm ki, “İbn Sənan”ı da oxuyan, “Leyli”ni də oxuyan da mənim tələbəmdir. Təbii ki, bu, müəllim üçün qürurverici işdir ki, ətrafında yetişdirdiyin tələbələr oxuyur.

- Başqa həmkarlarınızdan fərqli olaraq gənc yaşlarınızdan fəxri adlar almağa başlamısız, bildiyim qədər Xalq artisti adına 45 yaşınızda layiq görülmüsüz. Maraqlıdır, bəzi sənətkarlarımız şikayətlənir ki, nə qədər istedadlı olmaqlarına, dövlət tədbirlərində kifayət qədər iştirak etməklərinə baxmayaraq fəxri ada layiq görülmürlər. Fəxri ad almaq üçün sadaladıqlarımızdan başqa nə çatmır?

- Bu, həmişə ağrılı problem olub, gündəmdə, mətbuatda da xeyli müzakirə olunub. Fəxri ad almaq yaşla əlaqədar ola da, olmaya da bilər. Əsas sənətkarın göstərdiyi fəaliyyətdən gedir söhbət. Fəxri adı niyə verirlər, əlbəttə ki, çəkilən zəhmətə, mədəniyyətdə göstərilən xidmətə görə. Bilirsiz ki, opera janrı musiqimizin ən ağır janrıdır. Və 32 ildir ki, tələbə vaxtımdan Opera və Balet Teatrının solistiyəm. Demək olar ki, aparıcı rolların hamısında mən oxuyuram. 136 dəfə “Məcnun”u oxumuşam, təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində, Parisdə, Qətərdə, İstanbulda, Ankarada, Tacikstanda. Bu, elə-belə say deyil. Təsəvvür edin ki, 3 saatlıq tamaşada mikrofonsuz obraz yaradırsan, oxuyursan və hər tamaşadan sonra 3 gün fiziki cəhətdən yorulur, özünə gələ bilmirsən. Ona görə də bu məsələ yaşla deyil. Ola bilsin ki, sənin 70 yaşın var, amma özün üçün oxumusan, toya getmisən.

- Bəs siz toylara gedirsizmi?

- Mən özümü toy müğənnisi hesab etmirəm. Təbii ki, pis baxmıram bu işə. Çox az hallarda yarım saatlıq proqramla gedirəm, hansı ki, orda bizim sənətimizə, mədəniyyətimizə hörmət var.

- Əsasən hansı bölgə toylarında muğama tələbat var?

- Bölgə söhbəti yoxdur. Şükürlər olsun ki, muğam müsabiqələrindən sonra bu gün bütün bölgələrdə muğama tələbat var. Əvvəllər müasir toylarda heç vaxt muğam ifası, xanəndə görə bilməzdiz, bəzən yaraşdırmırdılar özlərinə və sairə. Amma bu gün demək olar ki, müasir Bakı toylarının 99 faizində yarım saatlıq bir muğam, xanəndə ifası var. Bu da çox gözəl bir haldır və təbliğatın nəticəsində belə oldu. Əslində muğam bizim öz musiqimizdir, onu kənardan gətirməmişik ki, dədə-babamızın musiqisidir. Sadəcə bir ara buna diqqət yox idi. Amma Heydər Əliyev Fondunun, dövlətin təbliğatı nəticəsində sanki xalqımız yenidən öz musiqisinə sahibləndi.

- Bəs Opera və Balet teatrında vəziyyət necədir? Tamaşaçılar operaya baxmağa gəlirmi? Bəzən bildirirlər ki, bu cür tamaşalara daha çox elit təbəqənin nümayəndələri gedir.

- Bir dövr, təxminən 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində maraq yox idi. Həmin dövr ümumiyyətlə çətin bir dönəm idi, müstəqil dövlətimiz yeni yaranırdı, maddi çətinliklər var idi. Ona gör də münasibət də yaxşı deyildi. Amma şükürlər olsun ki, 20 ildir ki, opera teatrında tamaşaçı problemi yoxdur. Ona görə ki, teatra çoxlu sayda gənc nəsil gəldi, maraq artdı, yeni səslər oldu. Və hər bir yeni səs özünə yeni tamaşaçı gətirdi. Hətta bəzən olur ki, “Leyli və Məcnun” tamaşası zamanı dostlarım zəng edib deyir ki, “bilet tapa bilmirik”. Bu, məni çox sevindirir. Tamaşaya gələnlərin də çoxu gənclər və xaricilər, səfirliklərin nümayəndələridir. Onlar bizim mədəniyyətimizə maraq, diqqət göstərirlər.

“Mən səsimi çıxartmayım, o birisi çıxartmasın, bəs kim etsin?”

- Bu yaxınlarda çoxsaylı sənətkarlarımız teatrı tərk etdi. Bunu sizin dediyini o gənclərin gəlişi ilə əsaslandırmaq olarmı? Hətta tərk edənlər arasında sizin “Leyli”niz Nəzakət Teymuraova da var idi.

- Xeyr. Çünki hər dövrdə leylilər, məcnunlar olub. Onların arasında orta yaşlı da, gənc ifaçılar da olub. Ona görə ki, bu zəncir qırılmamalıdır. Təsəvvür edin ki, gənc nəsil gəlmir, təkcə biz oxuyuruq. Bəs sonra? Bunun arxası olmalıdır... Nəzakət xanım 20 il fəaliyyət göstərdi. Və tamaşalarımın çoxunda Nəzakət xanımla birgə ifa etmişəm. O, öz adını qızıl hərflərlə “Leyli” obrazına yazdırmış gözəl ifaçılığa, mədəniyyətə malik sənətkardır. Onun pedaqoji fəaliyyətində sıxlıq olduğuna görə sənətkardır da, dedi ki, “20 il işləmişəm, bəsdir”. Təbii ki, hər kəs də buna hörmətlə yanaşdı.

- Bəs hazırda yeni “Leyli”niz kimdir?

- Mənim səhnədə 10 “Leyli”m olub. Ötən il bir türk sənətçi oldu. Hazırda 5-6 “Leyli”miz var. Onlar arasında Gülyanaq və Gülyaz Məmmədovalar, Gülüstan Əliyeva, öz tələbəm Arzu Əliyeva var. Son iki tamaşanı Arzu Əliyeva ilə oxumuşam... Son dövrlər mən tamaşa az oxuyuram. Daha çox çalışıram ki, gənclər oxusunlar. Hər kəsin bir dövrü var. Amma həm tamaşaçı, həm də rəhbərlik istəyir ki, ifa edim, çünki tələbat var. Lakin yavaş-yavaş diqqəti gənclərə yönəldirəm, onlara dəstək oluram, yəni ənənə belə olmalıdır. Akif müəllimə də təklif edirəm, onlar da gənclərin arasından leylilər, məcnunlar seçirlər. Məqsədimiz də odur ki, savadlı, təhsilli, yaxşı ifaçılar olan yeni nəsil gəlsin.

- Akif Məlikovdan söz düşmüşkən, bu yaxınlarda od püskürmüşdü ki, “60 yaşında "Məcnun" olmur" deyə.

- (gülür)

- Hazırda teatrda 60 yaşlı “Məcnun” varmı?

- (gülümsəyərək) Yox.

- Soso Pavliaşvili Bakıya gəlişinə etiraz edən sənətkarlardan biri də siz idiz. Sənətkarların bu cür məsələlərdə öz mövqelərini bildirməsi ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanır. Amma ermənipərəst müğənnin gəlişinə etirazlar səslənib, yazılar dərc olunsa da yenə də gəldi, konsertini keçirdi, qazancını alıb getdi. Bu sizə necə təsir etdi?

- Mən hesab edirəm ki, o sənətçi Azərbaycana gəlirsə mənim dövlətimə, ölkəmə, torpağıma hörmət etməlidir. Çünki biz bütün dövlətlərə, ölkələrə hörmətlə yanaşırıq, yalnız mənfur qonşularımızdan başqa. Çünki onlar buna layiq deyil. Axı bizim torpaqlarımız işğal olunub və biz haqlıyıq. Mənim torpağıma gedib konsert verirsən, buna görə bizdən icazə almalısan, əgər icazə yoxdursa getməməlisən. Buna baxmayaraq gəldisə də, hər halda bizim etirazımız lazım idi. Biri də var ki, heç kim səsini çıxartmasın. Niyə səsimizi çıxartmamalıyıq? Mən də bu torpaqda doğulmuşam, onun nümayəndəsiyəm, qarabağlıyam. Mən səsimi çıxartmayım, o birisi çıxartmasın, bəs kim etsin? Mən hesab edirəm ki, biz düz etdik.

- Amma bəzi sənətkarlar bildirdilər ki, biz siyasətə qoşulmuruq və sairə.

- Yox, axı bu, siyasət deyil. Bu başqa bir şeydir. Biz siyasətçi olub nə demişik ki? Ən böyük siyasətimiz elə bizim sənətimizdir. Hər  kəs öz sahəsində iş görməlidir. Mənim torpağım işğal olunub. Mən siyasətə qarışmayım, torpağım işğal olunsun? Elə birinci biz sənətkarlar səsimizi ucaldırıq. Mən muğam qrupumun adını “Qarabağ” qoymuşam. Bu, təkcə Azərbaycan üçün deyil, daha çox xarici ölkələr üçündür. Xaricdə konsert verəndə yazılır ki, “Azərbaycandan "Qarabağ" qrupu gəlir". Bu, musiqiçi siyasətidir və bütün konsertlərimizin sonunda “Qarabağ Şikəstəsi” oxuyuruq. Mən də öz işimdə bunu təbliğ edirəm ki, “ay dünya, bu torpaq mənim torpağımdır”. “Vətəni sevirəm” deməklə vətən sevgisi olmur ki, bunu əməldə etmək lazımdır.

- Uzun illərdir ki, “Leyli və Məcnun”u ifa edirsiz. Necə düşünürsüz, hazırda həyatda da leyli və məcnunlar varmı?

- Əlbəttə var. Tarix boyu həyat məhəbbətin üzərində bərqərar olub. Məhəbbət bir qədər geniş məfhumdur. O məhəbbət Leyli və Məcnunun dövründə də olub, bu gün də var, sabah da olacaq. Bircə faktı deyim, 90-cı illər hadisəsində İlhamla Fərizənin müsibəti bəs nə idi? Ona başqa nə ad vermək olar? Hərdən yaxınlarımıza deyirik ki, “sənin uğrunda canımdan keçərəm”, “qurban olum sənə” və sairə. Amma hansısa an gələndə “bunu edə bilərəm?” deyə düşünürük. Çünki can şirin şeydir. Amma elə dəyərlər var ki, insan düşünmür. Vətən, valideyn, övlad... Fərizə canına niyə qəsd etdi, yaşaya bilərdi də. Bir dəfə bir tanınmışla bu barədə danışırdıq. Dedi ki, “bunun nəyi yaxşıdır, canına qəsd etdi, bədbəxt oldu”. Baxdım gördüm ki, nə qədər dayaz fikirli adamdır. Ona sual verdim ki, “Bəs niyə Mübariz İbrahimov vətən uğrunda canını qurban verdi? Getməyəydi də, məgər onun canı şirin deyildi?” Millətin bu qəhrəmanları olmasa millət kimi formalaşmaz. Baxın, Mübariz İbrahimovdan sonra aprel döyüşlərində nə qədər gənclərimiz qəhrəman oldu.

- Bəs dediyiniz böyük məhəbbətlə sevdiyiniz xanım olub?

- Ailə qurduğum xanımla bir kənddə böyüyüb, bir məktəbdə oxumuşuq. O vaxt nə telefon, nə də mobil telefon var idi. Üstəlik Qarabağ bölgəsi idi, oranın öz adət-ənənələri var idi, görüşmək, danışmaq yox idi. Sadəcə aramızda bir münasibət yaranıb. Universitetdə oxuyana qədər “sevirəm” sözünü dilimizə də gətirməmişik. Amma nəticə o olub ki, bu gün artıq 30 ildir ki, ailəliyik, 4 övladımız var. Təbii ki, o “Məcnun” kimi səhraya düşməmişəm (gülümsəyir), amma həmişə demişəm ki, tanrının yaratdığı nə varsa hamısının məcnunuyam.

- Görkəminiz yaşınıza uyğun gəlmir, yəni nisbətdə gəncsiz. Bunu nəyə borclusuz?

- Vallah, xüsusi nə pəhrizim var, nə idmanla məşğulam. Sadəcə hərəkətdə çox oluram, işim çox olur. Bir də ki, bir şey var, insanın içərisində paxıllıq varsa bu onun üzünə də yansıyır. Həmişə deyirəm ki, paxıl insanlar xəstə insanlardır və özlərini incidirlər, başqa heç kimi yox. Şükür ki, məndə o hiss yoxdur. Mən niyə müəllim işləyə bilirəm, ona görə ki, başqalarının uğuruna sevinə bilirəm. Eyni zamanda rahat adamam, şükür etməyi xoşlayıram, hətta çətin günlərimdə belə. Bizim gənclik dövrümüzdə tanınmaq, seçilmək qat-qat çox çətin idi. Daşlı-kəsəkli yollarda yıxılmaq, sürünmək. İndi deyirlər ki, siz fəxri adları tez almısız. Bilirsiz mən o yollarda nə əziyyətlər çəkmişəm? 5-6 il teatrda “Zeyd”dən başqa oxumağa qoymayıblar.

- Sonda xanəndəmizin arzularını eşitmək istərdik

- Çox sevinirəm ki, bu gün ölkəmizdə stabillik, əmin-amanlıq var. Görürsüz də dünyada nələr baş verir. 90-cı illərdə camaat küçələrdə avtomatla gəzirdi. Bu gün isə ölkəmizdə hər kəs rahatdır, rahat yatır, övladlarından narahat deyil. Bunları Allah bizə çox görməsin. Və ən böyük arzumdur Qarabağ azad olunsun.

- Bu məsələnin həlli ilə bağlı pozitiv düşünürsüzmü?

- Bəli. Heç mən onunla barışa bilmərəm, başqa yolu da yoxdur. Mən o torpaqda doğulmuşam. Qarabağsız Azərbaycanın gələcəyini görə bilmirəm.

Sonda xalq artisti Mənsum İbrahimov bizim üçün canlı ifalar da etdi. Xüsusən də bir çox sənətkarların ifa edə bilmədiyi üçün uzaq qaçdığı “Raftam ke raftam” mahnısını xanənədinin ürəkləri riqqətə gətirən ifasında dinləmək bizim üçün başqa aləm oldu. Müsahibənin video variantını müsavat.com saytımızdan izləyə bilərsiz.

 

Xalidə GƏRAY

Məğrur SALMANOV

 

Yeni Müsavat.- 2017.- 28 yanvar.- S.10.