İlin “qırxlı çağı” - Boz ay başladı...

 

İlk çərşənbə isə fevralın 27-də olacaq

 

Fevralın 20-dən etibarən kiçik çillə başa çatır və "ilin qırxlı çağı" adlandırılan Boz ay başlayır. Boz ay martın 21-dək davam edəcək. Kiçik çillə ilə Novruz arasındakı boz ay qışdan yaza keçid dövrü olduğu üçün xalq arasında boz aya "bayram ayı" da deyirlər. Bu ayı Novruz çərşənbələrinin müjdəçisi də adlandırırlar.

Çünki çərşənbələr məhz bu aya təsadüf edir. Boz ay xalq arasında həm də "alaçalpov", "çilləbeçə", "ağlar-gülər", "cəmlələr" adları ilə də tanınır. Ayın adının bu cür adlanması onun bəzən eyni gündə buludlu, yağışlı, küləkli, həm də günəşli olması ilə əlaqədardır. Bir sözlə, Boz ayın elə günləri olur ki, dörd fəsil fasilələrlə, bəzən isə bir gündə özünü göstərir. Havanın Boz ayda bir neçə dəfə dəyişməsi ilə bağlı xalq arasında dolaşanbu günümüzə gəlib çıxan çox maraqlı bir rəvayəti var. Belə ki, qədim dövrlərdə insanlar ili hesablamaq üçün onu 12 aya bölüblər. Bu vaxt hər aya 32 gün, təkcə boz aya 14 gün düşür. Boz ay "inciməsin" deyə, hər ay ömründən bir gün bu aya verir. Lakin Boz ay yenə narazı qalır. Bundan sonra ayların bəzisi ömründən bir güngötürüb ona verir. Buna görə də ayların bəzisi 30, bəzisi isə 31 gündən ibarətdir. Mifə görə Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi də məhz hər aydan pay aldığına görədir. Bu ayın xalq arasında bilinən digər bir adı "ağlar-gülər"dir. Bu adın verilməsi yenə də  havaların dəyişkən olması ilə bağlıdır.

Ümumiyyətlə, Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb. Məsələn, fevral xalq təqviminə görə, kiçik çillə və Boz ayın ilk iki çərşənbəsindən ibarətdir. Bu dövrdə Naxçıvan bölgəsində bayram və mərasimlər qeyd edilərdi. Bunlardan birincisi, "Çoban bayramı" və ya "Sayagəzmə" adlanırdı ki, bu mərasim fevral ayının əvvəllərinə təsadüf edirdi. Mənbələrin verdiyi məlumata görə, bayramı keçirməkdə əsas məqsəd Yer ruhlarını razı salıb, döl bərəkətini artırmaq və heyvanları sağlam vəziyyətdə yaza çıxartmaq idi. Fevral ayında keçirilən mərasimlərdən biri də "Çilləkəsdi" mərasimi idi. Bu mərasim zamanı qardan heyvan fiqurları düzəldər, bu fiqurların ətrafında əyləncə, şənlik təşkil edərdilər.

Qeyd edək ki, boz ayın girməsi ilə artıq ilk çərşənbə olan Su çərşənbəsinə hazırlıqlar da başlayır. Bu il Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi fevralın 27-nə, sonuncu torpaq çərşənbəsi isə martın 20-nə təsadüf edir. Çərşənbələr boyu elə hava da su, od, yeltorpaq çərşənbələrinə uyğun dəyişəcək. Belə ki, ürfan fəlsəfəsi Allahın insanı su, od, torpaqhava kimi dörd ünsürdən yaratdığı, batininə isə ruhu yerləşdirdiyi qənaətindədir. Məhz boz ayda torpağı əkib-becərməyə hazırlayan yaz dumanları başlayır. Qışda qış dumanları torpağın üzərinə enir. Ona görə də xalq içində "qış dumanı qar gətirər, yaz dumanı - bar" kimi bir deyim formalaşıb. İlk çərşənbəyə hazırlıq mərhələsi olaraq ilk növbədə, həyət-baca təmizlənir, evlər səliqə-sahmana salınır. Həmin gün yaxın qohumlar yaslı olan qohumların evlərinə gedib, ağbirçəklərdən icazə alıb onların evlərini təmizləyər, əyinlərindəki yas paltarlarını çıxarıb, bayram libası geyindirərlər. Bu cür evlərdə bütün əşyaların yeri dəyişdirilməlidir ki, evdə ağırlıq qalmasın.

Elmi ədəbiyyatda çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni bu adların sonradan qoyulması barədə zaman-zaman mübahisəli fikirlər də olur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib...

Qədim zamanlarda xalq yazın gəlişinin ilk əlamətini leyləyin qayıtması ilə bilərdilər. Leyləklər əsasən kiçik çillənin sonu, çilləbeçənin əvvəllərində qayıdırlar. Bundan sonra havalar bir neçə günlüyə soyuyur, soyuq küləklər əsir. Buna "leylək boranı" deyirlər. Xalq arasında deyirlər ki, gərək leyləyin yumurtasının üstünə qar yağa. Ümumən, leyləklər erkən qayıtdıqda öz köhnə yuvalarına dönürlər. Onlar Novruzu yuvalarında keçirirlər. Bir atalar sözü var ki, bu atalar sözündə leyləyin yuvasına döndüyü zaman çox açıq bir şəkildə təsvir edilir: "Cəmrə havaya, leylək yuvaya". Deməli, leyləklər yuvalarına cəmrələrin olduğu dövrdə, yəni köhnə ildə dönürlər.

 

Günel Manaflı

 

Yeni Müsavat. - 2018.- 20 fevral.- S.15.