Xocalı  soyqırımının 26-cı anımı-Ana harayı” abidəsi önündə izdiham yaşandı

Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə ölkə əhalisi Xətai rayonunda yerləşən “Ana harayı” abidəsini ziyarət edib.

İlk olaraq abidəni prezident İlham Əliyev ziyarət edib, abidənin önünə əklil qoydu.  Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri düzdülər.

Daha sonra isə dövlət və hökumət nümayəndələri Xocalı qurbanlarının əziz ruhu qarşısında baş əydilər. Ölkəmizdəki səfirliklərinin nümayəndələri, ictimai sektor təmsilçiləri, müxalifət partiyalarının nümayəndələri də abidəni ziyarət edənlərin arasında idi.

“Yeni Müsavat”ın əməkdaşı olaraq ərazidə olduğumuz zaman müşahidə etdik ki, ötən illərdən fərqli olaraq bu il xüsusi polis postları qurulub və izdihamın hərəkəti tənzimlənir. Ötən illərdə olduğu kimi metronun “Xətai” stansiyasından çıxıb, birbaşa abidə önünə getmək mümkün deyildi. Ziyarətçilər ayrılmış xüsusi yolla hərəkət edib, abidə önünə gəlirdilər.

Tələbələr, müəllimlər, sağ qalan Xocalı sakinləri əllərində üçrəngli Azərbaycan bayrağı və tər qərənfillərlə abidənin önünə hərəkət edirdilər. Xocalı sakinləri “Ana harayı”nın dörd bir tərəfinə həkk edilmiş lövhələrdəki adları görüb özlərini saxlaya bilməyib hönkürürdülər. Həmin günün dəhşətlərini göz yaşları içərisində bir-birilərinə xatırladırdılar. Söhbətimiz zamanı bildirdilər ki, ölkənin müxtəlif rayonlarında yaşamalarına baxmayaraq hər il 26 fevral tarixində abidə önünə gəlib, yaxınlarının xatirəsini yad edirlər. Orada olduğumuz zaman hadisənin canlı şahidi, fotoqraf Əlövsət Qasımlı ilə də söhbət etdik. Məlumat üçün qeyd edək ki, Əlövsət Qasımlı soyqırım hadisəsindən sonra Xocalıda olub, şəkillər çəkib, meyitlərin oradan çıxarılmasında iştirak edib.

Bu dəfə də “Ana harayı” abidəsinin önünə erməni vəhşiliyini əks etdirən fotolarla gəlmişdi.  Ə. Qasımov bildirdi ki, hadisədən sonra Xocalıya gedən zaman dəhşətə gəlib: “Camaatı diri-diri ağaca bağlayıb yandırmışdılar. Orada bir meyit gördüm, üzünün dərisini soymuşdular. Onun fotosunu da çəkmişəm, hazırda əlimdədir. Qeyd edim ki, Ağdamda, Əsgəranda şəhid olanların hamısını Uzundərədə dəfn edirdik. Hansının yiyəsi çıxırdısa, həmin meyitləri qohumlarına təhvil verirdik. Ancaq əksəriyyətinin yiyəsi çıxmadı. Köməyə gələn əsgərləri vururdular, onlar da şəhid olub ərazidə qalırdı. Həmin zaman orada fotoqraf kimi də fəaliyyət göstərirdim. 950-yə yaxın şəhid fotosu çəkmişəm. Hamilə qadınların qarnını yarıb, uşağını çıxarmışdılar, fotolarımda həmin dəhşətli görüntülər də əks olunub. Biz ərazidən meyitləri çıxaran zaman dəhşətə gəlirdik. Ermənilər tamamilə vəhşilik edib, insanlarımızı amansızcasına qətlə yetirmişdilər. Hətta meyitlərdən belə əl çəkməyib, onların da qulağını, burnunu kəsmişdilər. Ratsiyadan hələ fevralın 14-də eşitmişdik ki, ermənilər hücuma hazırlaşırlar. Artıq 25-dən 26-na keçən gecə ağır artilleriyadan rayonu atəşə tutdular. Xocalıda qalıb, çıxa bilməyib ölənlər də çox oldu.

 

Onların sayı heç kimə bəlli deyil. Bu gün qeyd olunan rəqəmlər üzdə olanlardır. Bəs bizim Uzundərədə basdırdıqlarımız? Hadisə baş verdikdən 1 ay sonra da ərazidən meyitlər çıxırdı. Elə ki, qar əridi, bəzi meyitləri sonradan tapdıq. Bu insanların çoxunu iri çaplı silahlardan atılan atəşlə vurmuşdular. Eləsi vardı qolu, ayağı, bəzilərinin başı yox idi. Hamısının fotolarını çəkmişəm və bu gün də ”Şamaxinka" deyilən yerdə olan muzeyimdə saxlayıram. Xocalıya qədər Qərbi Azərbaycandan gələn insanlarımızı borulara doldurub yandırırdılar. Çox dəhşətli hal idi. Biz meyit çıxarmaq üçün əraziyə daxil olduğumuzda daha bir dəhşətli halın şahidi olmuşduq. Belə ki, yandırılan meyitlərin içərisində bir qız uşağı tapdıq. Onun üz-gözü yanmışdı. Sonradan öyrəndik ki, ermənilər ərazidə gəzdikləri zaman bu qız uşağını görüblər. Onun ağzına benzini töküb, od vurublar. İnsanlarımız çox dəhşətli anlar yaşayıblar".  Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Azərbaycan diaspor təşkilatları, millət vəkilləri, jurnalistlər xarici dövlətlərdə də çoxsaylı aksiyalar, tədbirlər keçiriblər. Ölkənin müxtəlif dövlət və özəl qurumları tərəfindən də tədbirlər keçirilib. Musavat.com xəbər verir ki, Qərbi Kaspi Universitetinin nəzdində fəaliyyət göstərən Tətbiqi Politologiya Mərkəzinin tələbələri də faciə ilə bağlı həqiqətləri xarici vətəndaşlara çatdırmaq üçün layihələr hazırlayıblar.  Layihələr barəsində daha detallı məlumat əldə etmək üçün biz də Qərbi Kaspi Universitetində olub, tələbələrin işləri ilə tanış olduq.

Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, mərkəzin Xocalı soyqırımı ilə bağlı bir neçə təşəbbüsü var: “Bir təşəbbüsümüz ”Xocalı soyqırımı sosial şəbəkələrdə"dir.  Bu layihə çərçivəsində tələbələrimiz müxtəlif dillərdə, xaricdəki tələbələrə Xocalı soyqırımı haqqında məlumat verirlər. Layihə artıq bir həftədir ki, davam edir. İkinci təşəbbüsümüzü də 26 fevralda keçirdi. Belə ki, şəhərin mərkəzində xarici turistlərə müxtəlif dillərdə bukletlər paylandı. Bu bukletlərdə Xocalı soyqırımı haqqında informasiyalar olacaq. Azərbaycana hər il gələn turistlərin sayı artır. Onlar gəlib, şəhəri gəzib, mətbəximizlə tanış olurlar. Ancaq istəyirik ki, bu faciə ilə bağlı da bilgiyə sahib olsunlar. Bəlkə bizim verdiyimiz bukletlərdən məlumat toplasalar, döndükdən sonra öz yaxınlarına, qohumlarına bu günlə bağlı məlumat verəcəklər. Əsas məqsədimiz budur". Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Əli Rais.

Yeni Müsavat.-2018.- 27 fevral.-S.3.