25 il Ağdamsız

 

6 min şəhid versək də xilas edə bilmədiyimiz, birinci Qarabağ müharibəsinin episentri olan rayonumuz...

 

Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 25 il ötdü.

İşğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonunun 77,4 faizi ermənilərin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan artıq ziyan dəyib. Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib.

Ağdam rayonu 1930-cu ildə təşkil edilib. Rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində-Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kur-Araz ovalığının qərbində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. Rayonun ərazisindən Qarqar və Xacın çayları axır. Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub.

Ermənistan Azərbaycanın yeni bir ərazisini-Dağlıq Qarabağı işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunub. Hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin uzərinə düşüb.

1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hucum etdi. Xüsusən, Ağdama olan hucumların ardı-arası kəsilmirdi. 1993-cu ilin may ayının 11-dən etibarən qızışan bu hucum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa catdı. Bundan sonra 1994-cu il mayın 12-dək davam edən hərbi təcavuz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldu.

İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib.

İşğal edilmiş Ağdam şəhəri və 87 kənd oxşarı olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə yeksan olundu.

İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələnib. Hazırda Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.

Dünən-iyulun 23-də bir qrup ağdamlı və ağdamsevərlər Şəhidlər Xiyabanını ziyarət edib, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxuyublar. Ağdamın işğaldan azad ediləcəyinə inamlarını ifadə ediblər...

Ağdam rayonundan millət vəkili Bəxtiyar Sadıqov “Yeni Müsavat”a Ağdamın işğalının Azərbaycan üçün böyük itki olduğunu bildirdi. Onun sözlərinə görə, 1993-cü ilin iyununda Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı vermişdi. Nəticədə rayonun 77 faizi işğal olundu: “Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər. Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Şəhidlərdən 16-sı milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində rayonun tamamilə işğalının qarşısı alındı. Dağıdılmış kommunikasiyalar bərpa edildi, həyat üçün zəruri şərait yaradıldı. İdarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpa edildi, iqtisadiyyat dirçəldi, digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərtərəfli əlaqəsi sahmana salındı. Ərazisinin üçdə ikisi itirilsə də Ağdam rayon kimi yaşadı, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirdilər.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev Ağdama göstərilən qayğının hüdudlarını xeyli genişləndirdi. Dövlətimizin başçısının bu rayona hər gəlişi quruculuq işlərinə yeni miqyas və dinamizm gətirdi.

Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Bu qəsəbənin, eləcə də Ağdamın digər kəndlərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülüb. Bu gün məcburi köçkün həyatı yaşayan ağdamlıların ən böyük arzusu tezliklə doğma yurda qayıtmaqdır. Hər bir ağdamlı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən ölkəmizin üç rəngli bayrağı yaxın zamanlarda işğal olunmuş Azərbaycan torpaqlarında dalğalanacaq, işğal altındakı torpaqlarımız azad ediləcək".

Ağdamın Sarıcalı kəndində doğulub boya-başa çatan xalq artisti, professor Arif Babayev isə moderator.az-a açıqlamasında torpaq itkisinin hamımızın ürəyində bir yara olduğunu bildirib: “Torpaq itkisi hamımızın ürəyində böyük bir dərddir. Ümidimiz var ki, torpaqlarımız işğaldan azad edilər. Mənim də Qarabağda doğulmuş bir adam kimi, o yerlər heç vaxt yadımdan çıxmır. Ya müharibə yoluyla, ya da danışıqlarla torpaqlarımızı, inşallah, azad edərik. Qarabağ mənim ürəyimdir. O torpaqlar dünyada tayı-bərabəri olmayan bir yerdir. Dünyanın bir çox ölkələrində olmuşam, amma bu torpaq, su, yer kimi bir yer görməmişəm”.

A.Babayev Qarabağa getmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etmək istədiyini deyib: “Atamın da, anamın da məzarı Ağdamdadır. Neçə ildir ki, məzarlarını ziyarət edə bilmirəm. İstəyirəm ki, Qarabağa getmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edim. O yerləri görüb yaxınlarımın məzarını ziyarət edərdim. Atam-anam yuxuma girir”.

Ağdam Birinci Könüllü Ərazi Özünümüdafiə batalyonunun döyüşçüsü olmuş Respublika Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri, birinci qrup Qarabağ qazisi Firudin Məmmədov isə Ağdamın işğalına və hələ də işğalda qalmasına görə çox sarsıntı keçirdiyini bildirib: “Ağdamın işğalından 25 il ötür. Bu bir əsrin dörddə bir hissəsidir. Bu qədər vaxt ərzində torpaqlarımızın qaytarılmaması özü hər şeyi deyir. İşğal olunmuş rayonlar arasında ən çox Ağdam şəhid verib. Həm canımız, həm də torpağımız gedib. Hər dəfə işğal günündə Ağdamın qarşısında xəcalət çəkirəm. Ağdamı niyə qaytara bilmirik?-sualının açmasını hələ də bilmirəm. Bu gün ordumuz çox böyük gücə malikdir. Bunu ölkə başçısı da, müdafiə naziri də təsdiq edir. Amma çox təəssüflər olsun ki, hələ də biz nəyi gözləyirik, bilmirəm. Ermənilərdən zəif olsaydıq, torpaqlarımızın işğalı bu qədər bizə təsir etməzdi.  Ağdamı işğaldan azad etmək üçün hələ də xəyallarımızda partizan  dəstələri yaradırıq. Döyüşçü yoldaşlarla söhbətlər edib, təəssüflənirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Torpaqların müdafiəsi zamanı Rusiyada evini satıb gəlib ordunun yaranmasına xərcləyən şəhidlərimiz var. Hamısının ruhu bizim Ağdama qayıtmağımızı gözləyir”.

Ağdamın Əlimədətli kəndindən olan xalq artisti Nəzakət Teymurova isə doğulduğu kənddəki son günlərini xatırlayıb: “Ermənilər ara vermədən ”Qrad"la hər yeri dağıtsa da, biz kəndimizdən çıxmırdıq. Qardaşlarım döyüşdə idi, anam, bacılarım və bacım uşaqları ilə evimizdə qalırdıq. Həmin dəhşətli günü yəqin ki ömrümün sonuna qədər unuda bilməyəcəm. Səhər tezdən qrad səsinə oyandıq. Hava işıqlanmamışdı, amma atılan mərmilərin alovundan hər yer işıq idi. Pəncərəmizin şüşələri qırılıb töküldü, evimiz dağıldı, uşaqların çığırtısı anamın naləsinə qarışdı. Ayaqyalın evdən çıxıb küçəyə töküldük. Yolda gördük ki, ölən kim, başı, ayağı kəsilib can verən kim. Qonşumuzda bir ailə vardı, ata-bala öldü, qızı havalandı. Bizi maşına doldurub, kənddən Ağdama apardılar. Qaldığımız ev hərbi hissəyə yaxın idi. Meyitləri "KamAZ"a doldurub, gətirirdilər ki, düşmən əlinə keçməsin. O dəhşətli günləri xatırlayanda ölüb-dirilirəm. Sinəmdə Ağdam yarası, Ağdam həsrəti var. Bacımın qəbri də oradadır. Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm".

 

Etibar SEYİDAĞA

 

Yeni Müsavat.- 2018.- 24 iyul.- S.4.