“Azərbaycanın gələcəyi
Qərbə inteqrasiyadan
çox asılıdır”
Professor İlham Rəhimovun
müsahibəsi
əvvəli ötən sayda
“Paşinyan dərk edir ki, Qarabağ
məsələsində bir addım geri qoysa, 1 il sonra onu
iqtidardan endirərlər”
- Paşinyan vətəndaşlara
xeyli sosial vədlər verib. Sizin də dediyiniz
kimi, Ermənistan iqtisadi cəhətdən Rusiyadan
asılıdır. Ölkənin
inkişaf üçün heç bir ciddi resursu yoxdur. Qarabağ münaqişəsinə görə
bütün regional projelərdən kənarda qalıb. Sizcə, yeni iqtidar sosial vədlərini hansı
resurslarla həyata keçirə bilər? Azərbaycan torpaqlarını işğal etdiyinə
görə düşdüyü blokadadan çıxmaq
üçün Ermənistanın yeni rəhbərliyi
Qarabağ məsələsi ilə bağlı nisbətən
yumşaq mövqe tuta bilərmi? Azərbaycan rəsmilərinin
çıxışlarında da işğalçı siyasət
dəyişdirilsə, əlaqələrin bərpasına
işarə edən mesajlar var...
-
Qarabağın işğalı bitməyənə, Azərbaycanın
ərazi bütövlüyü bərpa olunmayana qədər Ermənistanın
regional layihələrdə iştirakı müzakirə
mövzusu ola bilməz.
Qarabağ ermənilərini öz vətəndaşımız
sayırıqsa, o zaman onlara gələcəkdə himayə təklif
edilməlidir.
Məncə, bu, nizamlamanın ən optimal
yoludur. Əgər biz bu siyasəti davam
etdirmək istəyiriksə, Qarabağ ermənilərinə
bunu çatdırmalıyıq.
25 ildir eşidirik ki, ATƏT-in Minsk Qrupu çərçivəsində
danışıqlar prosesi gedir. Lakin müzakirələrin
predmeti ilə bağlı dəqiq məlumat verilmir. Qarabağ ətrafındakı 5 rayon və ya 5+2
formatı? Ümumiyyətlə, “Azərbaycanın
işğal olunmuş əraziləri” deyəndə nə nəzərdə
tutulur? Faktlar göstərir ki, beynəlxalq birlik bu fikri
5 rayona şamil edir – Dağlıq Qarabağ ərazisi,
Laçın, Şuşa müzakirə predmeti kimi
tanınmır. “5+2, ardınca da status”
formatını Azərbaycan üçün tələ
sayıram. Bu ideyanı qətiyyən qəbul
etmirəm, çünki perspektivin Azərbaycan
üçün necə faciəvi olacağını bilirəm.
Bizim üçün müzakirə predmeti Azərbaycan ərazilərinin
işğaldan tam azad edilməsi ola bilər.
Başqa təklifin müzakirəsi
çözümə gətirib çıxarmayacaq. Əgər Ermənistan konstruktiv mövqe göstərib
bu formatda müzakirələrə hazır olsa, üzərinə
hansısa öhdəlikləri götürüb yerinə
yetirsə, biz Qarabağ ermənilərinə beynəlxalq
hüquqda mümkün ən yüksək statusu təklif edə
bilərik.
Yeni rəhbərliyin sosial problemlərin
çözümü üçün resurs əldə etməsi
məsələsinə gəlincə, bunu işğaldan
imtina etmədən də bacara bilərlər. Sözsüz,
biz Ermənistanla savaş durumundayıq, o ölkənin
blokadada daha çox qalması bizim üçün əlverişlidir,
ancaq reallıqları nəzərə almasaq, bu məsələdə
bir addım da irəli gedə bilmərik. Ermənistanın
indiki iqtidarı ölkədə demokratik islahatlar aparsa, bir
çox qaynaqdan ciddi dəstək alacaqlar. Onların dünyada güclü diaspor təşkilatları
var. Sərkisyan dönəmində də onlar Ermənistana dəstək
verirdilər, ancaq iqtidarın siyasətindən razı deyildilər.
Sadəcə, milli təəssübkeş kimi
öz xalqlarına dəstək verirdilər. Sərkisyan rejimini qəbul etmədikləri
üçün bu dəstək böyük də deyildi.
Hətta Rusiyadakı erməni diasporu da Sərkisyanı
bəyənmirdi, onu antidemokratik sayırdı. İndi zəngin ermənilər açıq
bildirirlər ki, Paşinyan vəd etdiyi demokratik islahatları
keçirsə, onlar ölkəyə ciddi yatırımlar
qoyacaqlar. Yəni demokratiya güclənsə,
Ermənistanın qısa zamanda güclü
sıçrayış etmək şansı var.
- Bəzi siyasətçilər belə
hesab edirlər ki, indiki durumda Azərbaycan Rusiya ilə
anlaşıb Qarabağ məsələsinin
çözümü ilə bağlı hərəkətə
keçməlidir...
- Biz Rusiyadan nə istədiyimizi müəyyən etməliyik. Nə istəyirik? Rusiya Ermənistana silah satmasın? Axı, onlar hərbi ittifaqdadırlar. Bir şeyi unutmayaq ki, belə böyük siyasi məsələlərdə Rusiya ilə anlaşmaq asan deyil. Kreml bu məsələləri alver predmetinə çevirmir. İndi Qarabağ cəbhəsində savaş ehtimalının gücləndiyi haqda xəbərlər yayılır. Paşinyanın iqtidara gələndən sonra Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi fikirlər, atdığı addımlar göstərir ki, o, Sərkisyandan daha kəskin mövqe tutmaq fikrindədir. Onun Qarabağa gəlməyi, oğlunu guya ön cəbhəyə göndərməyi bunları deməyə əsas verir. Paşinyan dərk edir ki, Qarabağ məsələsində bir addım geri qoysa, 1 il sonra onu iqtidardan endirərlər. Ümumiyyətlə, mən münaqişənin dinc yolla nizamlanacağını ehtimal etmirəm.
- Sərkisyanın
iqtidardan getmə səbəbləri sırasında ötən
ilin aprelində cəbhədəki məğlubiyyət də
göstərilir. Siz bu versiyanı nə qədər əsaslı
sayırsınız?
- Sərkisyan iqtidardan ona görə getdi ki, ermənilər eyni komandanı görməkdən bezmişdilər. Sərkisyan yenidən baş nazir kürsüsünə əyləşməklə böyük səhvə yol verdi. Xalq korrupsiyadan, işsizlikdən, ümidsizlikdən bezmişdi və dəyişiklik arzulayırdı. Ona görə də meydanlara çıxdı və bunu bacardı. O dəyişikliklərin nəticəsi necə olacaq, ölkə irəli gedəcək, yoxsa, problemlər olduğu kimi qalacaq, bu artıq o dönəmdə müzakirə edilmirdi. Xalqı maraqlandıran sadəcə 20 il ölkəyə rəhbərlik edənlərin hakimiyyətdən uzaqlaşdırılması idi. Gözləri yorulmuşdu. Bir nazir öz vəzifəsini çox yüksək səviyyədə icra etsə belə, illər sonra əhali ondan yorulur. Normal psixologiyası olan insan hər zaman yeniliklər arzusunda olur, buna cəhdlər edir. Yeknəsəklik istənilən sahədə insanı yorur. Dünyanın istənilən ölkəsində vətəndaşların öz hökumətlərindən islahat gözləntisi var. Özü də islahat prosesi hakimiyyətlərin uzunömürlülüyünə bağlı olan məsələ deyil. Elə nazirlər olur, 30 il kürsüdə olmalarına baxmayaraq heç bir yeniliklə yadda qalmırlar, elə rəhbərlər də olur, qısa dönəm bir sahəyə başçılıq edirlər, amma elə güclü islahatlar aparır ki, tarixə düşürlər. Rusiyada bu gün də Stolıpin islahatlarından danışırlar. Çünki vəzifəyə keçər-keçməz islahatlara başlamışdı. Öz xalqı üçün çalışan bütün hökumətlər bunu dərk edir.
- Professor, Ermənistandakı durum fonunda Rusiya-Azərbaycan münasibətləri necə inkişaf edəcək? Sizin yaxın gələcəklə bağlı proqnozlarınız necədir?
- Xüsusi dəyişikliklər gözləmirəm. Ermənistanın Rusiya ilə qarşılıqlı asılılığı haqda dedik. Bu faktor ciddi dəyişikliklərə imkan vermir. Ona görə, Bakı ilə də münasibətlər eyni səviyyədə qalacaq. Düşünürəm ki, Ermənistan Kremli xüsusi qıcıqlandırmadan Qərbə meyllənəcək. Yəni Moskva ilə isti münasibətləri qoruyaraq Avropaya inteqrasiya yolu tutacaq. Ermənilər dərk edir ki, inkişaf Qərbdədir. Bu, təkcə ermənilərə aid məsələ deyil. İnkişaf istəyən toplumlar Qərbə üz tutmalıdırlar. Azərbaycanın da gələcəyi, inkişafı bu yoldadır. Azərbaycan Xalq Cümhuriyyətini quran əcdadlarımız da, Türkiyə dövlətini quran Mustafa Kamal Paşa da hədəf kimi Qərbə inteqrasiyanı göstərib. Bu gün Rusiya Qərblə münasibətlərin inkişafında maraqlıdır. Rusiya bizim qonşumuzdur, böyük gücdür, biz qonşumuzla normal münasibətlər saxlamalıyıq, ancaq bu o demək deyil ki, Azərbaycan Kremlin ətəyini buraxmamalıdır. Rusiya özü Qərblə yaxınlaşmaq istəyir, bizə necə deyə bilər ki, Qərbdən uzaq durun? İndiki gənclik heç bir halda geriyə baxmaq, köhnəlmiş ənənələrlə yaşamaq istəmir. Bir məsələni xalq bilməlidir ki, Rusiya heç zaman heç bir ölkəyə demir, gəl məndən yapış. Bu gün iki ölkə arasında yetərincə sivil münasibətlər var – rəhbərlərin münasibətləri yaxşıdır, xalqların əlaqələri yüksək səviyyədədir. Mən indiyə qədər Rusiyanın hər hansı məsələ ilə bağlı Azərbaycana xüsusi diktə etdiyinin şahidi olmamışam. Məsələn, biz istədik Qəbələ RLS ləğv olundu. Münasibətlər pozuldumu? Xeyr. Ona görə deyirəm ki, Azərbaycanda bəzən süni bir Rusiya xofu yaradılır. Bu ziyanlı tendensiyadır. Əmin olun, Rusiya elitası Azərbaycanda şişirdib az qala tabu kimi topluma təqdim olunan məsələləri heç eyninə almır. Gələcəyə baxmaq lazımdır. Gələcək də Qərbə inteqrasiyadan çox asılıdır. Biz bunu daha tez başa düşsək, cəmiyyət daha sürətlə inkişaf edəcək və biz gələcək nəsillərə daha az problem qoymuş olacağıq.
- Rusiyada Azərbaycan
diasporu ilə bağlı məsələ nə yerdədir? Siz bu prosesi yaxından izləyirdiniz. Sentyabrda yeni təşkilat
yaranacağı haqda fikirlərin əsası varmı?
- Qeydiyyatın hansı ayda olacağını demək çətindir, ancaq orada təşkilatlanma var. Hələlik problemlər də qalır. Çözümü Rusiya kimi Azərbaycandan da asılıdır. Bu məsələlər dəfələrlə müzakirə edilib. Yanlış addımları kimlər atıb, bunlar bilinir. Mən də bu prosesin içərisində idim. Bütün məqamlara aydınlıq gətirilib, qırmızı cizgilər müəyyən edilib. Qısaca deyə bilərəm ki, bu məsələ həll olunma ərəfəsindədir. Bu gün Rusiyada bir neçə Azərbaycan diasporu fəaliyyət göstərir. AzərRos qalır, bölgələrdə illərdir çalışan qurumlarımız var. Onların çoxu əsasən milli mədəniyyətin təbliği üçün yaradılıb. İndi müəyyən edilməlidir ki, bu yeni yaranan qurum hansı formatda fəaliyyət göstərəcək, fəaliyyətdə olan qurumlar onun tərkibindəmi olacaq, ya əməkdaşlıq ediləcək. Məsələn, ermənilərin vahid təşkilatı var. Regionlardakı bütün qurumlar həmin vahid qurumun tərkibindədirlər. Bizdə proses dağınıqdır. İndiyə qədər çalışan təşkilatlarda illərdir əmək verən insanlar var. Onlar yeni təşkilatla hansı formada işbirliyinə hazırdır, bu məsələlərin hamısını bəri başdan müəyyən etmək gərəkdir.
-
Professor siz yaxınlarda maraqlı bir təşəbbüsdə
bulundunuz, Rusiya Türkiyə iş adamlarının Antalya
forumunu təşkil elədiniz. İki ölkənin siyasi
münasibətləri rəhbərlər səviyyəsində
çox yüksək olsa da, perspektiv çoxları
üçün o qədər də aydın deyil. Söhbət Türkiyənin NATO
üzvü, Rusiyanın isə əks alyansda olmasından
gedir. Dövlət başçıları ölkələr
arasında ticarət dövriyyəsinin 100 milyarda
çatdırılması ilə bağlı hədəf
qoyub. Ancaq bu gün Rusiyada Türkiyə məhsullarına
qadağalar qalmaqdadır. Bu qadağalar qalxacaqmı, yoxsa, bu
iki ölkənin Qərbə güc göstərisidir?
- Bəli, Türkiyə NATO üzvüdür. Özü də sıradan üzv deyil – Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir. Buna baxmayaraq, çəkinmədən Rusiyadan silah alır, yeni müqavilələr bağlayır. Enerji məsələsində də işbirliyi güclənir. Buna Qərb bir o qədər də qıcıq göstərmir. Ancaq söhbət silahdan gedəndə, durum dəyişir. Bu məsələdə Türkiyəni haqlı sayıram. Qərb hər zaman Türkiyəni öz siyasətinə tabe ikinci dərəcəli dövlət kimi görmək istəyir. Türkiyə güclü dövlətdir və bununla barışa bilməz. Ona görə də müstəqil siyasət yeridir. Aydındır ki, Rusiya ilə yaxınlaşma da Qərblə soyuq münasibətlər fonunda yaranıb. Bu gün hər iki ölkə daha çox bu kontekstdə bir aradadırlar. Bundan başqa, Suriyada Türkiyə-Rusiya-İran üçlüyü Qərbin planlarını əngəllədilər. Bu birlik, iki ölkəni həm siyasi, həm də iqtisadi baxımdan yaxınlaşdırdı. Məncə, bu çox yaxşıdır. Xüsusən Azərbaycan üçün. Bu o deməkdir ki, Azərbaycan üçün hər hansı problemli məqam yaransa, bizim qardaşlarımız Rusiyaya öz sözlərini açıq deyə bilər. Ən çox da Qarabağ məsələsində. Ona görə də biz bu yaxınlaşmada maraqlı olmalıyıq. İki ölkənin iqtisadi hədəflərinə gəlincə, bu bir neçə amildən asılıdır. Ölkələri kimlər idarə edəcək, beynəlxalq arenada qüvvələr nisbəti necə dəyişəcək... Bunlar iqtisadiyyata birbaşa təsir edən məqamlardır.
- Suriya məsələsinə
toxundunuz. Bu gün dünyanın daha bir qaynar nöqtəsi
Qüdsdür. Trampın ABŞ səfirliyini Qüdsə
köçürməsi haqqında qərarı bölgədəki
prosesləri çıxmaza salıb. Sizcə, bu, ABŞ-a nə
üçün lazım idi?
- Tarix boyu Qüdsdə hər 100 ildən bir “əl dəyişib”. İndi Qüdsün tarixi ilə bağlı bir əsər oxuyuram. Mistik bir şəkildə hər 100 ildən bir aşağı yuxarı eyni şərait yetişir və Qüds müsəlmanlardan xristian dünyasının idarəsinə keçir. Əsrlərdir bu belə davam edir. Bu şəhər Yer üzündə yeganə şəhərdir ki, İslam da, Xristianlıq da, İudaizm də onu özünün müqəddəs şəhəri sayır. Tramp iqtidara gələndən sonra Qüdslə bağlı radikal qərarlar verdi. Görünür, o, bununla tarixdə qalmaq istəyir. Tramp sərkərdə kimi hərəkət edib ora qoşun çəkəsi deyil, ona görə də kavboy kimi hərəkət edir. Səfirliyi Qüdsə köçürməklə Tramp bütün dünyaya mesaj vermək istəyir ki, xristianlar yenə Qüdsə gəldi. Trampın bu tarixə düşmək iddiası çox ciddi problemlər yaradır. Dinlə bağlı gərginliklər çox uzunmüddətli olur və ağır nəticələrə gətirir. ABŞ prezidentinin bu qərarı radikal müsəlman qruplaşmalarını yenidən hərəkətə keçirə bilər, yenidən Qərb ciddi terrorla üzləşə bilər. Hər halda bu siyasət yaxşı heç nə vəd eləmir.
- İlham müəllim,
Qərbin iqtisadi sanksiyaları konkret sizin biznesinizə necə
təsir edib?
- Mənim biznesim Rusiyadadır. Rusiyanın da belə bir özəlliyi var – ona
basqılar artdıqca, güclənir. Bu
yaxınlarda Sankt-Peterburqda iqtisadi forum keçirildi. Mən də dəvətliydim. Çoxları
gözləyirdi ki, Qərbin basqıları fonunda çox bədbin
bir toplantı olacaq. Tam əksi baş verdi...
Öncəkilərdən daha güclü forum keçirildi.
Bir neçə prezident, o sıradan Fransa prezidenti Makron,
Çin hökumət rəhbəri gəldi, dünyanın ən
nüfuzlu iqtisadi institutlarına rəhbərlik edən şəxslər
qatıldılar. Qərb getdikcə anlayır ki, Rusiya ilə
sanksiya dili ilə danışmaq effekt vermir. Qabaqlar Rusiyanı
ümumiyyətlə eşitmək istəmirdilər. İndi
açıq dialoq meylləri var. Ümumiyyətlə, “Rusiya
dağılır, dağılacaq” proqnozları çox
qeyri-ciddidir. Çeçenistan savaşının
qızğın dönəmində də deyirdilər ki,
Rusiya dağılır. Mən o zaman da bildirmişdim ki, bu
ölkə bir regional savaşla dağıla bilməz. Ruslar
acından ölər, öz ərazilərində dəyişiklərə
icazə verməz. Putin belə bir
dalğada iqtidara gəlib. Onun bir hədəfi
vardı – Rusiyanı dağılmağa qoymamaq, dövləti
möhkəmləndirmək. O, bunu başardı. Bəlkə də başqa lider gəlsəydi, proses
uzun çəkərdi, problemli olardı, amma Vladimir Putin iradə
nümayiş etdirdi, Rusiyanın bütün
potensialını işə saldı. Ona
görə də Qərbin sanksiyalarının Rusiyanı
dağıdacağı haqqında proqnozlar heç zaman
özünü doğrulda bilməz. Sözsüz,
sanksiyalar biznesə təsir edir. Mənim hər
iki ortağım – Qod Nisanovla, Zarah İliyevin adı Qərbin
bəlli siyahısındadır. Azərbaycan
vətəndaşı olduğum üçün adım həmin
siyahıya salınmayıb. Ancaq sürprizlər ola bilər...
- Bir neçə ay öncə
Moskvada iki yeni obyektinizin açılacağını
demişdiniz. Açıldımı?
- Bəli.
Şəhər üçün önəmli
bir obyekt açdıq. Moskva meri
açılışa qatıldı. Bu,
Food Sity-nin kiçik variantıdır. Olimpiya
Mərkəzini də açmağa
hazırlaşırıq. Sentyabr ayında
Moskva meriyasına seçkilər keçiriləcək.
Obyekt seçkidən sonra işə düşəcək.
- Elmi fəaliyyətinizlə
bağlı hansı yeniliklər var?
- Sonuncu əsərim “Ölümsüz ölüm hökmü” bir neçə gün sonra İngiltərədə ingilis dilində çap olunacaq. Türkiyədə və Almaniyada tərcümə prosesi yekunlaşmaq üzrədir. Əsər Azəbaycan dilində də çapdadır. Yaxın zamanlarda prezentasiyalar nəzərdə tutulub.
Aygün
Muradxanlı
Yeni Müsavat.- 2018.- 1 iyun.- S.5-6.